İnsan haqları uğrunda
mübarizənin ilk addımları
Qərbdə insan haqları uğrunda hərəkatın inkişafında "İngilis azadlıqlarının Böyük Toplusu" (1215-ci il) mühüm rol oynamışdır. "Demokratiya: gediləsi uzun bir yol" kitabında göstərir ki, təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda mübarizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fərdin şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almışdır...
Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan Şir ürəkli Riçardın kiçik qardaşı) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi. Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər. Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı.
Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə "ədalətli kralı" gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın.
Həmin sənəd insan haqları, kral hakimiyyətinə qoyulmuş məhdudiyyətlər, hüquqi norma və prosedurların siyahısından ibarət idi; Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 bənddən ibarət olub "Krallığımızın bütün azad insanlarına" sözləri ilə başlanırdı. Magna Cartaya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi...
Cek və Adam Livlilər yazırlar ki, bu sənədi müasir mənada insan haqları bəyannaməsi adlandırmaq olmaz. Magna Carta yalnız konkret situasiyaların həlli üsullarının siyahısıdır, orada öz əksini tapmış hüquqların əksəriyyəti isə yalnız baronlara aiddir. Bundan əlavə, həmin müəlliflər hesab edirlər ki, Magna Cartanın mətni mühafizəkardır, o, yeni idarə üsulunu bəyan edən dildən daha çox, mövcud hüquqları təsdiqləyən bərpa dilində yazılıb...
Bütün bunlara baxmayaraq, həmin sənədin liberalizmin inkişafında əhəmiyyəti çox böyükdür. Magna Carta konstitusiya tipli hakimiyyətin əsasına çevrildi. Sonralar inadlı mübarizə nəticəsində yalnız baronlara aid olan hüquqlar ölkənin bütün vətəndaşlarına aid edildi, sənədin bəzi müddəaları isə ölkənin hüquqi sisteminin əsasına çevrildi. 1295-ci ildə kral I Eduardın hakimiyyəti dövründə fəaliyyətə başlamış ilk İngiltərə parlamentinin üzvləri qərarların qəbulu zamanı daim Magna Cartaya müraciət edirdilər.
Müttəhimlə eyni statusu olan andlıların qərarı olmadan heç kəs məhkum və ya mülkiyyətindən məhrum edilə bilməz - bu müddəa demokratik məhkəmənin əsaslarından birinə çevrildi.
Bu gün demokratik ölkələrdə qəbul edilmiş "vergiləri yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə bilər qaydası öz başlanğıcını Magna Cartanın belə bir müddəasından götürür ki, torpaq sahibkarları olan lordların razılığı olmadan kral yeni vergilər tətbiq edə bilməz.
Magna Cartanın taleyi
asan olmayıb. Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla sazişi pozdu və ölkəni
yenidən vətəndaş
müharibəsi alovu bürüdü. Lakin kral
Conun varisi III Henrix Magna Cartanın qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün
münaqişə edən
tərəfləri sənədi
son redaktədə qəbul
etdilər.
Krallar sonralar da öz hakimiyyətlərini
asanlıqla bölüşdürmək
istəmirdilər, ancaq
Magna Cartada təsbit olunmuş hüquqlar tədricən İngiltərə
vətəndaşının kimliyinin bir hissəsinə çevrilir
və istibdada qarşı mübarizə
səngimədən gedirdi.
Topluda yazılır: "Heç
bir azad insan onunla bərabərhüquqlu
olan insanların qanuni hökmündən və ya ölkə
qanunlarından savayı
heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna... bilməz".
Allahın mərhəməti ilə
İngiltərə kralı,
İrlandiya hökmdarı,
Normandiya və Akvitaniya hersoqu, Anju qrafı Con öz arxiyepiskopları, yepiskopları, abbatları,
qrafları, baronları,
hakimləri, meşəbəyiləri,
şerifləri, idarəçiləri,
nökərləri olan
bütün qulluqçu
və sadiq təbəələrinə müraciət
edir:
Sizi salamlayıram...
...Krallığımızın bütün
azad insanlarına özümüzün və
varislərimizin adından
aşağıda göstərilən
azadlıqları onların
və varislərinin sahibliyinə və mühafizəsinə əbədi
olaraq bəxş edirik:
Krallığın Ümumi Şurasının
razılığı olmadan
krallığımızda heç
bir vergi və mükəlləfiyyət
tətbiq edilə bilməz...
Xırda cinayət törətmiş
azad insan ancaq həmin cinayətin dərəcəsinə
görə, ağır
cinayətə görə
də həmin qaydada, amma öz
statusundan məhrum edilməmək şərti
ilə cəzalandırılacaq.
Beləliklə, kral məhkəməsinin rəhmdilliyi ilə üzləşmiş tacir
öz mallarından, əkinçi isə öz torpaqlarından məhrum ediləcək.
Bu cəzalardan heç biri qonşuluqda yaşayan ləyaqətli adamların and içərək
çıxardıqları qərar olmadan verilə bilməz...
Heç bir azad insan
onunla bərabərhüquqlu
olan insanların qanuni hökmündən və ya ölkə
qanunlarından savayı
heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna, qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiyyətdəki mövqeyindən
məhrum edilə bilməz, eləcə də biz ona qarşı güc işlətməyəcəyik və
başqalarını da
buna məcbur etməyəcəyik.
Hüquq və ya ədaləti
heç kəsə satmayacaq, rədd cavabı verməyəcək
və təxirə salmayacağıq.
Bütün tacirlər sağ-salamat və qorxusuz İngiltərəyə gedib-gələ,
ticarət məqsədilə
qədim və qanuni rüsumlara uyğun, qanunsuz vergilərdən azad şəkildə quru, su yolları ilə ölkədə səyahət edə və ya burada
yaşaya bilərlər.
Fəqət, bu, müharibə dövrünə, bizimlə
vuruşan ölkələrin
tacirlərinə aid deyil. Biz və ya baş
hakimimiz bizimlə vuruşan ölkədəki
tacirlərimizlə necə
rəftar edildiyini müəyyənləşdirənə kimi hər belə
tacir onun şəxsiyyətinə və
mülkiyyətinə ziyan
toxunmadan müharibənin
başlanğıcında tutulub
saxlanılmalıdır. Tacirlərimiz sağ-salamatdırlarsa, onlara da xətər
toxunmamalıdır".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-2015.- 9 iyul.- S. 15.