İlham Əliyev: “İtaliya
Azərbaycan üçün mühüm tərəfdaş ölkədir”
Azərbaycan Prezidenti İlham Əliyev
İtaliya Prezidenti Sergio Mattarella ilə görüşüb
iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə dünyada gedən proseslərdə önəmli rolunu qeyd etdi. Prezident Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğuladı. Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirdi.
İtaliya Prezidenti ölkələrimiz arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq dedi ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirdi. Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik etdi.
Prezident İlham
Əliyev İtaliyanın Azərbaycan üçün
mühüm tərəfdaş ölkə
olduğunu vurğuladı və ötən
il İtaliyaya səfəri
zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin
əhəmiyyətini xüsusi qeyd etdi. Dövlətimizin
başçısı ikitərəfli münasibətlərimizin
siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi.
İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı
kimi önəmini qeyd
edən dövlətimizin başçısı siyasi, iqtisadi, mədəni,
o cümlədən enerji,
tikinti, sənaye, nəqliyyat sahələrində
əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə
toxunan Prezident İlham Əliyev dedi ki, bu layihə ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi, eyni zamanda,
Azərbaycan ilə İtaliya arasında
sıx əməkdaşlığın daha
da genişləndirilməsi işinə öz töhfəsini verir.
Bildirdi ki, “Cənub” qaz dəhlizi ölkələrimiz
arasındakı uğurlu əməkdaşlığın
bariz nümunəsidir. Prezident İlham
Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində
İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğuladı. Söhbət
zamanı iqtisadi, siyasi,
mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli
münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
çərçivəsində möhkəmləndirilməsi
baxımından önəmi vurğulandı və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Səs.-2015.- 10 iyul.- S. 2.