“Milan Expo 2015” Ümümdünya sərgisində
Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub
Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva mərasimdə iştirak ediblər
İyulun 9-da “Milan Expo 2015” Ümümdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva
“Milan Expo 2015” sərgisinin ərazisinə gəldilər. “Milan Expo 2015”də
Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda
qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti
işləri 18 ay ərzində davam edib. Azərbaycan
milli pavilyonu üzrə təşkilati işlər Heydər
Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən
aparılıb. Ümumi sahəsi 1800
kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin
builki devizinə uyğun olaraq Azərbaycanın tarixi və mədəni
irsini, zəngin ekoloji potensialını, flora və
faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm
edir. Bu layihənin hazırlanması
üçün 300-dək yerli və xarici mütəxəssisin
cəlb olunduğu işçi qrup yaradılmışdı.
Milli pavilyonumuzda iştirakçı ölkələr
arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə
birbaşa əlaqə yaradılıb. Belə ki,
milli pavilyonun girişində güzgü formasında, insan
ölçüsündə dalğavarı oturacaqla
tamamlanmış monitor quraşdırılıb. Belə
bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin
qarşısında da var. Bu monitorların hər ikisi vəhdət
təşkil edərək bir-biri ilə əlaqədə
olur. Pavilyonla tanış olan şəxslər
monitorun qarşısında durmaqla Bakıda monitor
quraşdırılan məkanı görür, buradakı
insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt
Bakının sakinləri, şəhərimizin qonaqları da
Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb
arasında körpü rolunu oynayan Azərbaycanın
paytaxtı Bakı ilə sərginin minlərlə
iştirakçısının əlaqəsinə şərait
yaradır. Azərbaycan pavilyonunda əvvəlcə
Bakı ilə videoəlaqə yaradıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı
Məhəbbət Mehdiyeva Prezident İlham Əliyevi
salamladı.
Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində
müxtəlif təqdimatların keçirilməsi nəzərdə
tutulur. “Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan
pavilyonunun sökülərək yenidən Bakıda
qurulması və ziyarətçilərin istifadəsinə
verilməsi nəzərdə tutulur. Prezident
İlham Əliyevə və xanımı Mehriban Əliyevaya
Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat
verildi. Pavilyonda qurulmuş üç
biosfer ətraf mühitini və qədim mədəniyyətini
daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı
təcəssüm etdirir. Pavilyonun
dalğavari taxta divarları Azərbaycana xas olan küləyin,
həmişə burada dövr edən mədəni və
yaradıcı axının rəmzidir. “Milan
Expo 2015” üçün yaradılmış “Azərbaycan.
Biomüxtəliflik xəzinəsi” pavilyonu
Şimal və Cənub, Şərq və Qərb arasında
körpü rolunu oynayan bu diyarın bənzərsiz təbii və
mədəni xəzinəsini əks etdirir. “Mədəniyyətlərin kəsişməsi”
biosferi ziyarətçiləri ölkənin ən
mühüm tarixi və mədəni məkanlarına səyahətə
aparır. İkinci biosfer - “Biomüxtəliflik”
ölkənin təbii biomüxtəlifliyinə və mədəni
irsinə həsr olunub.
Bu biosferin mərkəzdəki konstruksiya Azərbaycanın
zənginlik rəmzi olan nar ağacını təcəssüm
etdirir. Növbəti biosfer “İnnovasiya və ənənə”
adlanır. Burada kökləri səmaya
istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan
xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə
yönələn innovativ ölkə olduğunu göstərir.
Pavilyonun birinci mərtəbəsi “Səslər
simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti,
coğrafiyası barədə məlumatlar təqdim olunur.
İkinci mərtəbədə - “Rənglər
simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik
məlumatları çatdırılır. “Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə
milli mətbəx və orqanik qida məhsulları barədə
məlumat və nümunələr təqdim edilir. Bu mərtəbədə,
həmçinin “Bakını kəşf et” və “Azərbaycan
simaları” bölmələrində fotolar, xəritələr,
müxtəlif sahələri təmsil edən azərbaycanlıların
portretləri vasitəsilə ölkəmiz və
insanlarımızla interaktiv tanış olmaq
mümkündür. Eyni zamanda, Azərbaycanda 9
iqlim qurşağının mövcud olması, ölkəmizin
beynəlxalq qurumlar tərəfindən dünyanın 25
biomüxtəliflik məkanından biri kimi göstərilməsi
də milli pavilyonumuzda əksini tapıb. Bundan
əlavə, pavilyondakı monitorlarda Azərbaycanın musiqi və
kinematoqrafiya inciləri, adət və ənənələrinə,
incəsənətinə dair müxtəlif materiallar
nümayiş etdirilir. Pavilyonun
dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət
göstərir. Burada milli mətbəx və
müxtəlif konsert proqramları təqdim olunur. Milli pavilyonun həyətində yaradılan IDEA -
Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin
Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai
Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif
ekoloji layihələr təqdim olunur və əyləncəli
proqramlar təşkil edilir.
Azərbaycanda biomüxtəlifliyin qorunması və
ekoloji problemlərin həlli, milli təbii sərvətlərin
bərpasının təmin edilməsi və mühafizəsi,
yerli və beynəlxalq ekoloji layihələrin həyata
keçirilməsi istiqamətlərində
görülmüş işlər də pavilyonumuzun daxili tərtibatında
əks olunub.
Qeyd olunan istiqamətlər üzrə
qısametrajlı videoçarxların çəkilməsi
üçün bu günədək müxtəlif ssenarilər
hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı,
ekoloji resurslar, təbii landşaft, sosial inkişaf, ixrac və
infrastruktur, mədəniyyət, incəsənət, ətraf
mühitin qorunması və geni modifikasiya olunmuş (GMO) məhsulların
yayılmasının qarşısının alınması
istiqamətlərində aparılan işləri əhatə
edir. Bu videomateriallar sərgi davam etdiyi müddətdə
milli pavilyonumuzda təqdim olunacaq və ziyarətçilərin
ölkəmizlə vizual tanışlığını təmin
edəcək. “Milan Expo 2015”ə
hazırlıq ərəfəsində Azərbaycanın
müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin,
nadir landşaftların, təbii ehtiyatların və fərqli
bölgələrdə yerləşən tarixi abidələrin
foto və video çəkilişləri aparılıb.
Bu məqsədlə 2014-cü ilin aprelindən
bu ilin fevralınadək Bakı, Gəncə,
Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir,
Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən,
Şirvan, Abşeron və digər şəhər və
rayonlara dəfələrlə səfərlər təşkil
edilib. Sonra xatirə şəkli çəkdirildi.
“Milan Expo 2015” Təşkilat Komitəsinin rəyinə
görə, Azərbaycan hazırlıq və quraşdırma
prosesində ilkin mərhələdə iştirakçı
dövlətlər qarşısında qoyulan tələbləri,
pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları
ən tez yerinə yetirən ölkələr
sırasındadır. Eyni zamanda, xarici mətbuat və
İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun
tikinti və dizayn işlərinin
yekunlaşdırılmasına görə Azərbaycanın
lider olduğunu bildiriblər. Müxtəlif
ölkələrin rəsmi nümayəndə heyətləri
və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına
görə digərlərindən çox fərqləndiyini,
seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər.
Ölkəmizin bu uğurları səbəbindən
Ermənistan “Milan Expo 2015”də iştirakdan imtina edib. Daha sonra Prezident İlham Əliyev “Milan Expo 2015” beynəlxalq
sərgisində dövlət bayraqlarının
qaldırılması mərasimində iştirak etdi. İtaliyanın və Azərbaycanın dövlət
himnləri səsləndirildi və dövlət bayraqları
qaldırıldı. “Milan Expo 2015” sərgisinin
baş direktoru Bruno Antonio Pasquino çıxış etdi.
Sonra Prezident İlham Əliyev mərasimdə
çıxış edib.
Prezident
İlham Əliyev qeyd edib ki, Azərbaycan dinamik sürətlə
inkişaf edən, dünyaya açıq olan ölkədir,
Şərq ilə Qərb arasında yerləşir:
“Əziz dostlar. Mən sizin hamınızı ürəkdən
salamlayıram. Bu gün “Milan Expo”da Azərbaycan
milli günüdür. Bu gün bizimlə
bərabər olduğunuza görə sizə minnətdaram.
Fürsətdən istifadə edərək
İtaliya hökumətini “Milan Expo”nu yüksək səviyyədə
təşkil etdiyinə görə ürəkdən təbrik
edirəm. Qeyd etməliyəm ki, Azərbaycan
bu sərgidə 2000-ci ildən iştirak edir. Ancaq bu il ilk dəfədir ki, biz sərgidə milli
pavilyonumuzla təmsil olunuruq. Bir qədər bundan əvvəl
pavilyonla tanış oldum. Burada deyildiyi
kimi, pavilyon həm memarlıq, daxili dizayn, tərtibat
baxımından zövq oxşayır, yüksək səviyyədədir
və ölkəmizlə tanış olmaq
üçün çox gözəl imkanlar yaradır. Pavilyonda Azərbaycanın
zəngin tarixi, mədəniyyəti, incəsənəti,
musiqisi, xalçaçılıq sənəti, ölkəmizə
dair kitablar nümayiş etdirilir və bunlar qonaqlarda Azərbaycan
haqqında dolğun təsəvvür yaradır. Azərbaycan qədim
diyardır. Çox zəngin mədəniyyətə,
tarixə, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi bizim cəmi 24
yaşımız var. Ona görə ölkəmizi dünyada,
Avropada tanıtmaq üçün müxtəlif tədbirlər
keçirilir. Onların içərisində
“Milan 2015” əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim pavilyonumuzda bugünkü Azərbaycan
reallıqları da əksini tapıb. Azərbaycan
dinamik sürətlə inkişaf edən, dünyaya
açıq olan ölkədir, Şərq ilə Qərb
arasında yerləşir. Həm
coğrafi, həm siyasi, həm mədəni baxımdan Şərq
ilə Qərb arasındakı bir körpüdür. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin,
millətlərin nümayəndələri bir ailə kimi,
sülh, əmin-amanlıq şəraitində
yaşamışlar. Bu gün
multikulturalizm Azərbaycanda dövlət siyasətidir və
eyni zamanda, həyat tərzidir. “Milan Expo”nun
mövzularından biri də məhz multikulturalizmdir. Eyni zamanda, digər
mövzular da böyük əhəmiyyət
daşıyır. Onların içərisində
ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin
əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə
çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə
etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan
o ölkələrdəndir ki, artıq aclıq tamamilə
aradan qaldırılıb. FAO-nun
hesabatına görə, dünyada 29 ölkədən biri də
Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən
çox aşağı düşmüşdür. Bu böyük bəla Azərbaycanda aradan
qaldırılıb.
Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl biz 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir.”
Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış oldular. İtaliyanın milli pavilyonun əsas konsepsiyası cəmiyyətin rifahının yüksəldilməsi, torpağın münbitliyinin artırılması üçün insanların istedadından səmərəli istifadəni, ətraf mühitin mühafizəsini ehtiva edir. Burada ziyarətçilər ölkənin zəngin mədəni irsi ilə tanışlıq və incəsənətinə daha yaxından bələd olmaq imkanı əldə edirlər. Pavilyonda, həmçinin İtaliyanın gözəlliyinin əsas ruhu olan füsunkar təbiət və möhtəşəm memarlıq abidələri ziyarətçilərin marağına səbəb olur. “Milan Expo 2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək. “Expo” ümümdünya sərgisi, həmçinin izləyici sayına, miqyasına görə məşhurdur. Bu il Milanda təşkil olunan sərgi hələ fəaliyyətə başlayana qədər - mayın 1-dək 11 milyondan çox bilet satılıb. Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib. Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazdı. Xatırladaq ki, ümumdünya “EXPO” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur. İtaliya Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Milandan paytaxt Romaya gəlib.
Səs.-2015.- 10 iyul.- S. 4-5.