Vətəndaş hüquq
və azadlıqlarının müdafiəsi nəzəriyyəsinin
inkişafında Robert Dahlın rolu
Hər bir insan hüquqları nəzəriyyəsi və ya təcrübəsi məsələsi daha ümumi, bir qayda olaraq dərin siyasi məzmunlu məsələlərin necə həll olunmasından bilavasitə, yaxud dolayı olaraq asılıdır. Məsələn, insanın vəzifəli şəxslərin, dövlət orqanları və ictimai təşkilatların qanunsuz hərəkətləri ilə əlaqədar məhkəməyə şikayət etmək kimi şəxsi hüququnun reallaşdırılması xarakteri bilavasitə nə dərəcədə hüquqi təcrübədə, bütövlükdə ölkənin siyasi həyatında məhkəmə hakimiyyətinin icraedici hakimiyyətdən müstəqil olması prinsipinin yerinə yetirilməsindən, cəmiyyətdə məhkəmənin nüfuzu və rolundan asılıdır. Daha çox dərəcədə bunu insanın əmək hüququna aid etmək olar, çünki bu sosial-iqtisadi hüquq dövlətin və cəmiyyətin onun reallaşmasına görə sosial-siyasi məsuliyyət daşıması barədə prinsip həyata keçirilməklə reallaşa bilməz.
H.Babaoğlu göstərir ki, insan hüquqları problemi minilliklərdən keçərək tarixən müxtəlif əsrlərdə dəyişmədən siyasi-hüquqi problem kimi qalmaqla, hakimiyyətdə olan sinif və qrupların sosial mövqelərindən, sosial inkişafın tarixi mərhələsindən asılı olaraq dini, etnik, fəlsəfi xarakter almışdır. İnsan hüquqları - mürəkkəb və çoxtərəfli hadisədir. Onların formalaşması hüquq normalarının mənşəyi ilə bağlıdır, çünki məhz bu normalarda insan hüquqları formalaşmışdır.
Məlum olduğu kimi, ibtidai cəmiyyətdə davranış qaydaları sinkretik, yəni bütün tərəflər üçün eyni xarakter daşıyırdı. Elmi ədəbiyyatda bu normalar "mononormalar" adı almışlar, çünki onları din, əxlaq, adi hüquq normaları kimi differensiasiya etmək mümkün deyil. Xarakterinə görə davamlı vərdişləri ifadə edən bu qaydalar özündə qəbilə üçün "xeyirli" və "zərərli" barədə kor-koranə formalaşmış təsəvvürləri cəmləşdirərək, son nəticədə ictimai əməyin formalaşması ilə bağlı olmuşlar.
Tədqiqatçıların fikrincə, mononormalar xeyir və şər haqqında təsəvvürləri özündə əks etdirməklə qarşılıqlı köməyi və müdafiəni nəzərdə tuturdular. Bütövlükdə isə onlar primitiv şüuru təbiətin sərt qüvvələri ilə qarşı-qarşıya duran insanın olduqca çətin yaşayış şəraiti, düşmən qəbilələrdən müdafiə olmaq zərurəti ilə şərtlənən sərt qaydalar idi.
Qərb tədqiqatçısı Robert Dahl yazır ki, "dövlət" termini ən müxtəlif mənalarda işləndiyi üçün izn verin qısaca izah edim ki, özüm bu anlayışa hansı mənanı verirəm. "Dövlət" dedikdə, mən birliyin elə bir xüsusi növünü nəzərdə tuturam ki, o, bütün digər birliklərdən, ilk növbədə ümumi razılığın əldə edilmə metodları ilə fərqlənir, burada ümumi razılıq məcburiyyət tədbirinin köməyi ilə bu razılığın yurisdiksiyasında olan insanlar tərəfindən müəyyən edilmiş norma və qaydaların əsasında əldə oluna bilər. Biz "hökumət" dedikdə, yurisdiksiyası altında olduğumuz dövlət hakimiyyəti sistemini nəzərdə tuturuq. Tarixən formalaşmış praktikaya uyğun olaraq (nadir istisnalarla) dövlətin yurisdiksiyası altına müəyyən ərazidə (bəzi hallarda qeyri-müəyyən və ya mübahisəli ərazidə) yaşayan insanlar düşür. Beləliklə, biz dövləti ərazi qurumu kimi də müəyyən edə bilərik. Bəzi dövlətlərdə və bəzi yerlərdə dövlətin ərazisi şəhər ölçüsündən böyük olmasa da, son bir neçə əsrdə dövlətlər adətən öz yurisdiksiyalarını bütün ölkəyə şamil edirlər.
Ola bilsin ki, "dövlət" sözünün mənasını müəyyən etmək cəhdimizə kimlərsə sofistik mülahizə kimi baxa bilər. Zarafat deyil, politoloq və qanunvericilər dövlət haqqında o qədər çox yazıblar ki, bütün bu yazı-pozuya sərf olunan kağızı hasil etmək üçün kiçik bir meşəni qırmaq lazım gələrdi. Bununla belə, ümid edirəm ki, söylədiklərim qarşıya qoyduğumuz məqsədlərə xidmət edə biləcəkdir.
Fəqət, sualımıza qayıdaq: yuxarıdakı meyarlar dövlətin idarə olunmasında tətbiq edilə bilərmi? Bəli, şübhəsiz! Belə ki, ilk öncə demokratik ideyaların mərkəzində uzun dövr ərzində məhz dövlət dayanırdı. Assosiasiyaların digər növləri, xüsusən bəzi dini təşkilatlar demokratik ideyaların və onların yayılma prakfikasının ən yeni tarixində müəyyən rol oynasalar da, antik dünyada demokratiyanın yaranışından üzübəri onun üçün səciyyəvi olan siyasi institutlar ilk növbədə dövlət idarəetməsinin demokratikləşdirilməsi vasitəsi kimi inkişaf etmişdir.
R.Dahl yazır: "Fəqət, yenə də deyirəm: digər bütün assosiasiyalarla yanaşı, heç bir dövlətdə elə bir idarəetmə forması olmayıb ki, yuxarıda göstərilmiş demokratik prosesi müəyyən edən meyarlara tam cavab versin. Olmayıb və yoxdur. Bununla belə göstərmək ümidindəyəm ki, bu meyarlar xeyli faydalı standartlardır. Belə ki, onların köməyilə hökumətlərin demokratik nailiyyət və imkanlarını müəyyən etmək mümkündür.
Konkret demokratik standartların ən yaxşı izahını və təfsirini vermək, onları özünəməxsus cəhətləri olan konkret assosiasiyada tətbiq etmək, demokratik təsisatları və üsulları yaratmaq, bütün bunlar əlbəttə ki, asan məsələ deyildir. Bunun üçün, necə deyərlər, "ağına-bozuna baxmadan" siyasi gerçəkliklər cəngəlliyinə baş vurmalıyıq ki, öz seçimimizi edə bilək, praktiki cəhətdən tətbiq edilməsi mümkün olan sonsuz sayda nəzəri mülahizələri sistemləşdirək. Müəyyən meyarları (bizim təsadüfdə bu cür dörddən az olmayan meyar var) nəzərə almaq cəhdi ilə əlaqədar bizi gözləyən maneələr arasında belə bir çətinlik də var: özümüz də görəcəyik ki, bütün meyarlar bəzən bir-biri ilə ziddiyyətə girir və bu zaman biz münaqişədə olan dəyərlər arasında kompromis axtarmalı olacağıq. Bu barədə demokratik konstitusiyalara həsr edilmiş 10-cu fəsildə daha ətraflı söhbət açacağıq".
Nəhayət, bəlkə də ən başlıca sual: baş çıxışçının söylədikləri etiraz doğurmadığı üçün yekdilliklə qəbul edildi. Nə üçün? Axı nə üçün biz demokratiyanın faydalılığına dərhal inanmalıyıq, xüsusilə də o zaman ki, söhbət dövlət kimi çox önəmli birliyin idarə olunmasından gedir? Əgər demokratiyanın lazımlılığı siyasi bərabərliyin zəruriliyini nəzərdə tutursa, onda biz nə üçün ilk baxışda nəsə ağla batmayan siyasi bərabərliyə inanmalıyıq? Əgər biz siyasi bərabərliyə inanmırıqsa, onda demokratiyanı necə dəstəkləyə bilərik? Yox, əgər biz hər halda mövcud dövlətin bütün vətəndaşlarının siyasi bərabərliyinə inanırıqsa, onda bu, bizdən nəsə beşinci meyarı - hər bir vətəndaşa verilən hüquqların bütövlüyü meyarını qəbul etməyi tələb etmirmi? İndi isə bu mürəkkəb sualların cavabını tapmağa çalışaq.
Müəllif yazır ki, "demokratiya" terminini ən ümumi mənada işlədirəm və bu zaman, ideal deyil, real hökumətləri nəzərdə tuturam, o hökumətləri ki, əvvəlki fəsildə sadaladığımız meyarların tələblərinə tam olmasa da, əhəmiyyətli dərəcədə cavab verir. Bəzən mən habelə "xalq hökuməti" ifadəsini işlədirəm. Bu geniş anlayış özündə yalnız, XX əsrdə yaranmış demokratik sistemləri deyil, həm də o sistemləri əks etdirir ki, onlar bir sıra əlamətlərə görə demokratik adlana bilər, lakin orada əhalinin böyük bir hissəsi seçki hüququndan və ya ölkənin siyasi həyatında hər hansı bir formada iştirak etmək hüququndan məhrum edilmişdir.
R.Dahl göstərir ki, demokratiya qəddar və əxlaqsız tiranların hökmranlığına yol vermir. Avtoritar idarəetmədən necə qaçmaq problemi siyasətdə ən başlıca məsələlərdən biri kimi qalmaqdadır. Ən yeni tarix də daxil olmaqla, bəşəriyyətin bütün tarixi ərzində elə hökmdarlar, yaxud elə dövlət başçıları olub ki, onlar allahlıq iddiası, qeyri-normal ehtiyatkarlıq, hərislik, qərəzkarlıq hissinə qapılıb, ideoloji, milliyyətçi, dini fanatizmin təsirinə düşüb, yaxud özünün guya fitri hökmranlıq və hüququna inanıb, yaxud hansısa xəstəhal şıltaqlıq, qeyri-iradi ehtiras, "ovqatın" təsiri altında dövlətin bütün nəhəng gücünü işə salırdılar ki, məcburiyyət və zorakılıq vasitəsilə öz şəxsi məqsədlərinə yetsinlər. Tiraniya qurbanlarının miqyası yalnız epidemiya, kütləvi aclıq və müharibə qurbanlarının sayı ilə müqayisə oluna bilər.
XX yüzillikdən bir
neçə misal. Sovet İttifaqında
İosif Stalinin hakimiyyəti dövründə
siyasi motivlərə görə milyonlarla insan həbsxanalara salınmışdı, bunların
bir hissəsi yalnız bir səbəbə - Stalinin gözünə hər yerdə sui-qəsd göründüyünə görə
həbs edilmiş və ya güllələnmişdi.
Təxminən 20 milyon
insan həbs düşərgələrində həlak olmuş, siyasi ittihamlar üzrə edam edilmiş, 30-cu illərdə
Stalinin zorla kolxoz sistemini qəbul etdirdiyi dövrdə tüğyan
edən aclıqdan qırılmışdı. Ölüm
düşərgələrində daha 20 milyon adam sağ
qala bilmişdi, lakin onlar cəhənnəm
əzablarından keçməli
olmuşdular.
Başqa bir misal nasist
Almaniyasında Adolf Hitlerin
diktaturasına aiddir. Onun başladığı İkinci
Dünya müharibəsində
həlak olmuş on milyonlarla insan qurbanından əlavə,
o, həbs düşərgələrində
6 milyon yəhudinin məhvinə, habelə öz rejiminin saysız-hesabsız düşmənlərinin,
polyakların, qaraçıların,
homoseksualistlərin, tamamilə
kökünü kəsmək
niyyətində olduğu
digər sosial və etnik qrupların
qırğınına görə
məsuliyyət daşıyır.
Kambocada Pol Potun despot hakimiyyəti dövründə
(1975-1979) "qırmızı khmerlər" ölkə
əhalisinin dörddə
birini məhv etmişdilər - bu, öz xalqına qarşı əsl soyqırımı idi. Pol Pot cəmiyyətin
savadlı təbəqəsindən
o qədər qorxurdu ki, onların nümayəndələrinin, demək
olar ki, kökünü kəsmişdi;
gözdə çeşməyin
olması və ya əldə qabarın olmaması ölüm hökmünə
bərabər idi.
Müəllif sonda qeyd edir
ki, xalq hakimiyyəti də ciddi qüsurlardan azad deyildi. Digər
başqa hökumətlər
kimi "xalq hökumətləri" də
öz dövlətlərinin
hüdudlarından kənarda
yaşayan vətəndaşları,
ölkə daxilində
xüsusi statusu olan əcnəbilər, müstəmləkələrin sakinləri və s. barəsində ədalətsiz
və qəddarlıqla
hərəkət edirdilər.
Bu mənada "xalq hökumətləri",
bəzi hallarda hətta daha humanist hərəkət edən qeyri-demokratik dövlətlərdən
heç də geri qalmırdı. Bir sıra hallarda (məsələn, Hindistanda
olduğu kimi) müstəmləkə hakimiyyəti
özü də bilmədən və ya şüurlu surətdə demokratik əqidə və təsisatların yaradılmasına
və tətbiqinə
kömək edirdi.
Bununla belə, biz demokratik ölkələrdə imkansızlar
və cəmiyyətin
qəbul eləmədiyi
insanlar barədə yol verilən ədalətsizliklərə göz
yuma bilmərik, çünki bununla demokratik rejimlər əxlaqın təməl
prinsipi ilə ziddiyyətə girmiş olurlar, elə bir prinsiplə ki, sonrakı fəsildə görəcəyimiz
kimi demokratik dövlətin bütün
vətəndaşları arasında
siyasi bərabərliyin
bərqərar olmasına
kömək edir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-2015.- 10 iyul.- S. 15.