İnsan haqları və azadlıqları uğrunda Qərbdə ilk kütləvi hərəkat

 

17-ci əsr İngiltərə inqilabı bəşəriyyətin həyatında Yeni Tarix dövrünü açır. Bu, feodal zülmündən qurtulma, kapitalist istehsalının inkişafı, insanların bərabərlik və azadlıqlarını bəyan etmiş liberalizm ideologiyasının çiçəklənməsi və mənəvi yeniləşmə uğrundakı kütləvi hərəkatlar dövrüdür. 17-ci əsr liberallarının, yalnız vətəndaşların ümumi razılığı ilə fəaliyyət göstərməli olan dövlət haqqında və hakimiyyətin insan həyatına müdaxiləsini məhdudlaşdırmaq barədəki ideyaları müxtəlif sənədlərdə - parlament aktlarında, üsyana qalxmış demokratların çağırışlarında, esse və pamfletlərdə hərtərəfli əksini tapmışdır. Yüz il sonra bu ideyalar liberalizm məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, AmerikaFransa inqilablarına ruh və təkan vermişdir...

"Demokratiya" kitabında yazılır ki, 1625-ci ildə İngiltərə taxtına gənc və özündənrazı I Karl qalxdı. Az sonra kralın və onun əyanlarının özbaşınalığı ölkədə və parlamentdə ciddi narazılıqlar doğurdu. Lakin I Karl öz nazirlərini ayağa verməkdənsə parlamenti buraxmağı üstün tutdu. Fəqət, parlamenti buraxmaqla kral vəsaitsiz qalmış oldu: ingilis azadlıq ənənələrinə sadiq qalan əhali özünün parlamentdəki nümayəndələrinin razılığı olmadan vergiləri ödəməkdən boyun qaçırırdı. Kral yenidən parlamenti yığmağa məcbur oldu, lakin deputatlar əvvəlki tək kralın sevimli naziri - dövlət işlərini başlı-başına buraxmış və dövlət vəsaitini dədə malı kimi öz bitib-tükənməyən əyləncələri yolunda səpələyən hersoq Bekingemin məhkəməyə verilməsini təkid etdilər.

Kral təzədən parlamenti buraxdı, lakin xalq yenə parlamentsiz vergi ödəməkdən imtina etdi və 1628-ci ildə parlament yenidən çağırıldı. Deputatlar kraldan Magna Cartada müəyyən edilmişparlamentin razılığı olmadan vergi toplamağı krala qadağan edən parlament hüquqlarını və İngiltərə xalqının azadlıqlarını təsdiq edən "Hüquqlar haqqında müştərək ərizəni" (Petition of Rights) qanuna mindirməyi tələb etdilər. Qəzəblənmiş kral növbəti dəfə parlamenti buraxdı və düz on bir il onu toplamadı. Ölkədə əsl terror başladı - vergi verməkdən boyunqaçırma, hakimiyyətin hər hansı şəkildə tənqidi, dövlət anqlikan kilsəsi ehkamlarından yayınma kral məhkəmələri tərəfindən qəddarcasına cəzalandırılırdı. Zülm və təqiblərdən yaxa qurtarmağa can atan on minlərlə dindar dissident-puritan - əsasən sənayeçi və ticarətçilər Amerikaya mühacirət etməyə məcbur oldular ki, bu da istehsalın kəskin azalmasına və kütləvi işsizliyə gətirib çıxardı. Lakin güclü təzyiq və irticaya baxmayaraq kral yenə də əhalini xəzinəyə kifayət qədər vəsait verməyə məcbur edə bilmədi. Xalqın narazılığı günü-gündən güclənir, repressiyalariqtisadi böhran ölkəni üsyan həddinə gətirib çıxarırdı.

"Demokratiya" kitabında göstərilir ki, 1640-cı ildə şotland protestantlarının qiyamını boğmaqda aciz qalan I Karl yenidən parlamenti topladı - ona pul gərəkdi. Lakin toplaşmış parlament kralın bütün qeyri-qanuni fərmanlarını və vergilərini ləğv etdi, dövlət kilsəsi yepiskoplarını parlamentdən qovdu və kralın sevimli naziri Straffordun dara çəkilməsini tələb etdi. Kral üsyan hədəsi altında bu tələbləri qəbul etməyə məcbur oldu. Fəqət, parlament bununla kifayətlənmədi, indi o, artıq kraldan nazirləri təyin etmək və vəzifəsindən götürmək, habelə kralın bütün hərəkətlərinə nəzarət etmək hüquqlarını, yəni konstitusiyalı monarxiyanın qurulmasını tələb etdi. Kral Londonu tərk etdi, varlı feodal və zadəganlardan ibarət qoşun yığmağa başladı.

Parlament də, öz növbəsində, Yeni Nümunə Ordusu (New Model Army) adlandırdığı qoşunu təşkil etdi. Parlament qoşunu tarixdə şəxsən krala, şəhər-dövlətə deyil, bütövlükdə millətə qulluq etməyə aid içmiş ilk peşəkar ordu sayılır. Parlamentin lideri Oliver Kromvelin başçılıq etdiyi bu ordunun əsgərləri öz yüksək döyüş əzmkarlığı, bəyan edilmiş ideyalara sədaqəti, sarsılmaz nizam-intizamı ilə seçilirdi. Yeni Nümunə Ordusu əsgərlərindən biri öz məktubunda yazırdı:

"Briqadamız (kralı təqib edərək) şimala doğru uzun marşlarla hərəkət edir. Əsgərlər xüsusilə ayaqqabı və corab çatışmazlığından əziyyət çəkirlər, bizim heç birimiz bunları ala bilmirik, çünki əmək haqqı aylarla verilmir. Biz bunları yalnız soyğunçuluqla əldə edə bilərdik, lakin general-leytenantın (Kromvelin) ordusunda heç vaxt belə şeylər olmayıb və heç vaxt da olmayacaqdır; bundansa biz ayaqyalın getməyi üstün tutarıq, çoxlarımız elə bu cür də getməyə məcburdur...".

Bu, ölkənin azad vətəndaşlarının ordusu idibu ordu kralın və onun əshabələrinin hərbi dəstələrini məğlub etdi. 1649-cu ildə 1 Karl parlamentin qərarı ilə edam edildi, İngiltərədə Respublika quruldu...

Yeni Nümunə Ordusunun əsgər və zabitləri arasında levellerlər adını almış radikal demokratlar hərəkatı nümayəndələrinin ideyaları geniş şöhrət qazanmışdı. Levellerlər parlamentin ilkin - konstitusiyalı monarxiya qurulması planını rədd edirdilər, bu, Yeni Tarix dövründə xalq suverenliyi və monarxiyanın tamamilə aradan götürülməsi uğrunda mübarizə aparan ilk hərəkat idi. Levellerlər tarixdə birinci olaraq insan hüquqlarını dövlətin müdaxiləsindən qorumalı olan yazılı Konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu, bizim insan hüquqları haqqındakı bugünkü təsəvvürümüzə uyğun şəkildə, yəni bu hüquqların toxunulmaz və ayrılmaz olması uğrunda mübarizə aparan ilk kütləvi hərəkat idi. Levellerlərin liderləri - Con Lilbern, Riçard Overton, Uilyam Uolvin, Con Uildman hələ inqilabdan əvvəl mübarizəyə başlayaraq öz əsər və çağırışlarında bizim bu gün əziz tutduğumuz şəxsi və siyasi hüquqları: qanun qarşısında bərabərlik; öz ölkəsini parlamentdəki nümayəndələri vasitəsilə idarə etmək hüququ; məhkəmədə öz əleyhinə şəhadətlik etməmək hüququ (insanın dini mənsubiyyətinin aşkar edilməsi üçün işgəncələr verilməsi təcrübədə geniş yayılmışdı); sözdin azadlığı; əmək və ticarət azadlığı, inhisarların ləğvi; İngiltərənin bütün azad doğulmuş kişilərinin seçki hüququ və müstəbid hökumətə qarşı üsyan etmək hüququ uğrunda mübarizə aparırdılar. Levellerlərin liderləri bütün bu tələbləri İngiltərənin yeni Konstitusiyası sayılan "Xalq sazişi"ndə (Agreement of the People) (1647) əks etdirmişdilər. Levellerlərin alaylarda əksəriyyət təşkil edən tərəfdarları - əsgərlər bu sənədə az qala sitayiş edironun mətni yazılmış vərəqələri öz şlyapalarına sancaqlayırdılar.

Levellerlər hərəkatı cəmi dörd il (1645-1649) sürdü və onların tələblərini həddindən artıq radikal hesab edən parlament tərəfindən 1649-cu ildə yatırıldı. Lakin yüz ildən bir qədər çox müddətdən sonra "Xalq sazişi" müddəalarındakı ideyalar ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi və Konstitusiyasında öz əksini tapmış oldu.

Levellerlərin mətnləriylə tanış olarkən bu yazıların dilinin nə qədər müasir olduğuna istər-istəməz heyran qalırsan! Levellerlərin pamflet və çağırışları apaydındır və 350 il bundan əvvəl uzaq İngiltərədə deyil, sanki bu gün, elə buradaca yazılıbmış kimi bizi həyəcan və riqqətə gətirir:

"Ser, mən azad doğulmuş ingilisəm, deməli, alihəzrət lordlara kölə və ya nökər olmağa yaramıram və alihəzrətlərin şəhadətlik tribunasına yaltaqcasına, barmaqların ucunda qaçmaq mənim üçün anadangəlmə hüquqlarıma xəyanət etmək kimi bir şey olardı". (Con Lilbemin 1646-cı ildə qarşısında ifadə verməkdən imtina etdiyinə görə parlament tərəfindən salındığı Nyugeyt həbsxanasının nəzarətçisinə yazdığı məktubdan).

"Əgər bu dörd yüz il ərzində minlərcə insan Maqna Cartanın köməyi ilə əldə edilmiş hüquqlar uğrunda öz qanını, təhlükəsizliyini, həyatını qurban verməsəydi, bu sənəd çoxdan bəri adi bir perqament parçasına çevrilərdi" (Uilyam Uolvill).

"Biz bu dünyaya Allah-Taalanın mübarək əliylə göndərilmişik və hər birimizə doğuluş anından azad olmaq və mülkiyyət hüququ verilmişdir (bu sözlər sanki insan qəlblərinə nəqş edilmişdir ki, heç vaxt pozula bilməsin)... Və hər kəs öz təbiəti etibarilə özü üçün həm Hakim, həm Keşiş, həm də Peyğəmbərdir və heç kəs onun öz şəxsi razılığı olmadan onun üzərində bu hüquqlara yiyələnə bilməz" (Rİçard Overton)...

"Demokrtaiya" əsərində göstərilir ki, levellerlər həm mütləqiyyətlə, levellerlərin təbliğ etdikləri azadlıq və seçki hüquqlarının anarxiyaya gətirib çıxaracağından ehtiyatlanan parlamentin mühafizəkar üzvləriylə mübarizə aparmalı olurdular. Təhsilli adamların aludə olduqları PlatonAristotelin "səyləri nəticəsində demokratiya sözü elə nüfuzdan düşmüşdü ki, levellerlər özləri haqqında demokratiya tərəfdarları kimi deyil, siyasi bərabərliyin tərəfdarları kimi danışırdılar. 1646-cı ildə Yeni Nümunə Ordusunun zərbələri altında kral hakimiyyəti dağıldıqca ölkədə yeni diktatura - parlament diktaturası bərqərar olurdu. İnqilabın təntənəsi naminə öz həyatlarını qurban verən əsgərlər ölkədə yenidən senzuranın tətbiqi, parlamentin vahid anqlikan kilsəsinin əvəzinə ölkədə vahid presviterian kilsəsini bərqərar etmək cəhdləri haqqında xəbərləri hiddətlə qarşıladılar. Ən alçaldıcı isə bu idi ki, parlament qələbə üçün canlarından keçən əsgərləri hökuməti seçmək hüququndan məhrum etmək istəyirdi.

27 oktyabr 1647-ci ildə levellerlərin tərəfdarları və ordu rəhbərliyinin nümayəndələri - parlamentin tərəfdarları (cəmi 20 nəfər) Londonun Patni qəsəbəsində levellerlərin irəli sürdükləri "Xalq sazişini müzakirə etməyə kiçik bir kilsəyə toplaşdılar. Yığıncağın katibi Uilyam Klarkın qələmə aldığı Patnidəki mübahisələr mahiyyətcə ölkənin gələcək siyasi quruluşunun, İngiltərənin yeni Konstitusiyasının müzakirəsi idi. Mübahisələrin gedişində əslən zadəgan olan leveller polkovnik Reynboro ilə general-komissar Ayrton (Kromvelin kürəkəni) arasındakı kəskin və parlaq polemika bizə artıq çoxdan tanış olan, hələ qədim Afinada PeriklPlatonun apardıqları mübahisələrin bir növ davamı - azadlıq və onun hədləri, hamı üçün bərabərlik, yaxud "yalnız buna layiq olanlar üçün bərabərlik haqqındakı qədimdən də qədim mübahisələr idi.

         

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 11 iyul.- S. 15.