Mətbuatın 140 illiyi ilə bağlı Masallıda konfrans keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Masallıda mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolumüasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini  Vüqar Əliyev, Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahi" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ­Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.

Mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Masallı rayon "Halay" folklor ansamblı və yeniyetmələrdən ibarət rəqs qrupunun ifasında musiqi nömrələrinə tamaşa ediblər.

Tədbirin bədii hissəsi başa çatdıqdan sonra konfrans öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində davam edən tədbiri Prezident Administrasiyası ictimai- siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev açıb. Sonra sözü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verib. İcra başçısı qonaqları salamlayaraq milli mətbuatın 140 illik yubileyi ilə əlaqədar onları təbrik edib. Yubiley tədbirinin Masallı rayonunda keçirilməsinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna minnətdarlığını ifadə edən R.Hüseynov mətbuata dövlət qayğısından da söz açıb.

 Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən R.Hüseynov müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuata qayğı modeli bu gündavam etdirilir. Buna bariz nümunə kimi jurnalistlərə tikilərək təmənnasız paylanılan evləri misal çəkmək olar. Mətbuatın yubiley törəninin regionlarda təşkili isə region mətbuatının inkişafına töhvə verməklə yanaşı, region mətbuatının mərkəz mətbuatına inteqrasiyasını təmin edir. Milli mətbuatın yubiley münasibətilə Azərbaycan mətbuatında çalışan jurnalistləri təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram”.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev milli mətbuatın keçdiyi şərəfli tarixi yoldan söz açıb: "Azərbaycan milli mətbuatının yubiley tədbirlərinin qeyd olunması ənənəsi ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Mətbuatın 125 illik yubileyinin qeyd edilməsi barədə ulu öndərin sərəncamı ilə əsası qoyulan bu bu gündavam etdirilir. Bu gün biz milli mətbuatın 140 illik yubiley tədbirinə yığışmışıq. Azərbaycan mətbuatının intibah dövrü müstəqillik dövrünə təsadüf edir. Həmin illərdə mətbuat ciddi problemlərlə üzləşmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra senzuranın və 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, dünya standartlarına uyğun KİV haqqında qanunun qəbulu, 2001-ci ildə bu qanunun təkminləşdirilməsi, Azərbaycan Mətbuat Şurasının yaradılması, redaksiyaların maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər sonda Azərbaycanda güclü-peşəkar medianın formalaşmasına gətirib çıxartdı. Bu prosesin davamı olaraq görülən işlər mətbuata dövlət qayğısının təzahürüdür. Mətbuata dəstək üçün 2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu günədək 20 milyon manatdan çox mətbuata yardım göstərilib. Bu addımların atılmasının əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin haqq səsini dünyaya çatdıran bir medianın yaradılması idi. Bunun bariz nümunəsini biz bu il Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı gördük. Azərbaycan mediası kifayət qədər təmkinli, məqsədyönlü, dövlətinin, millətinin maraqlarını qoruyaraq öz mövqeyini ortaya qoydu. Mediamız ölkəmizə qarşı aparılan "qara piar" kampaniyasını öz obyektiv, təkzibedilməz faktları ilə darmadağın etdi".

 V.Əliyev bildirib ki, bu kampaniyaya Azərbaycan mediası çox layiqli cavab verdi: "Bu kampaniyanı aparanlar Azərbaycanda insan haqlarının, azad sözün boğulduğunu iddia edirdilər. Amma onlar Azərbaycanda media deyəndə özlərinin idarə etdiyi iki-üç mətbuat orqanını, informasiya saytını, Azərbaycanda jurnalist deyəndə onların əli altında olan bir neçə jurnalisti nəzərdə tuturdular. Onlar QHT deyəndə özlərinin maliyələşdirdiyi bir neçə QHT-ni nəzərdə tuturdular. Onlar hesablamırdılar ki, Azərbaycanda 5 mindən artıq media uçota götürülüb, 100-lərlə qəzet, jurnal, 50-dən artıq KİV 300-dən artıq sayt, onlarla yayım firması, jurnalist təşkilatı fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda söz azadlığı, iki-üç nəfərin Azərbaycanda insanları təhqir etmək idi. Onlar öz dövlətinə, millətinə qarşı fəaliyyət göstərmək azadlığını söz azadlığının təməl prinsipi kimi götürürlər. Öz dövlətinin maraqlarını satmağı, ermənilərlə birliyini onlar Azərbaycanda vətəndaş cəmiyyətinin azadlığı kimi təlqin edirlər. Halbuki, heç bir müstəqil siyasət yürüdən hakimiyyət bunları qəbul edə bilməz Hakimiyyətin də funksiyası ondan ibarətdir ki, Azərbaycan xalqının real maraqlarını müdafiə edərək qorusun!”.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək mətbuatın tarixindən danışıb: "Milli mətbuatımız "Əkinçi" ilə başlayan zaman digər dillərdə qəzetlər var idi. Həsən bəy Zərdabinin başladığı bu , ana dilində mətbuatın təsis edilməsi üçün həm zaman qeyri-münasib, həm də maddi vəsait çətinliyi var idi. İnsanların maariflənməsi, savadlanması üçün bir neçə yoldan biri kimi mətbuatın yaradılmasını da qarşıya məqsəd qoya o dövrün ziyalıları Həsən bəyin timsalında çox böyük riskə gedərək "Əkinçi" qəzetini çap etdirdilər. Maddi vəsait çətinliyi ilə yanaşı, çar Rusiyasının Bakıdakı canişinliyi yaratdığı əngəllər, qadağalar da qəzetin yaranmasında ən mühüm çətinliklər sırasında idi. Buna baxmayaraq Azərbaycan ziyalıları, mütəfəkkirləri aydınları qəzetin yaranması üçün bütün imkanlarından istifadə edirdilər".

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib.

Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 12 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor ötən dövrdə ölkə mətbuatının 130 və 135 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistin fəxri adlara layiq görüldüyünü, qəzetlərin "Azərbaycan” nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini qeyd edib.

 Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.

Tədbir regionda fəaliyyət göstərən qəzetlərin baş redaktorlarının və rayonların icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin çıxışları ilə davam edib.

Konfransda həmçinin regional mətbuatın qarşılaşdığı problemlər, nailiyyətlər və perspektivlər müzakirə edilib.

 

Səs.-2015.- 14 iyul.- S. 10.