Qərbdə özünüifadə azadlığı və insan haqlarının müdafiəsi uğrunda mübarizədə Con Miltonun rolu

 

Cəmiyyət və dövlətdən çəkinməyərak öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı, ümumi fikrə görə, insan haqlarının ən mühümü və vətəndaşın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iştirakının əsasıdır. "Özünüifadə azadlığı" anlayışı tarixən vicdandini fəaliyyət azadlığı, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq və hökumətə şikayət və tələblərlə müraciət etmək hüququnu ehtiva etmişdir.Yadfikirliliyin təqib olunması dünyanın özü qədər qədim tarixə malikdir. Sokrat, Nəsimi, Tomas Mor, Qalileo Qaliley və minlərcə digər intellektual öz fikirlərini azad şəkildə ifadə etməyə cəhd göstərdiklərinə görə hər şeyə qadir olan cəmiyyət, yaxud dövlət tərəfindən cəzalandırılmışlar. 16-cı əsrdən başlayaraq kitab çapının sürətlə inkişafı ilə bağlı 1637-ci ildə İngiltərədə kral hökuməti mətbuatda ilkin senzura qoydu. Elə həmin ildə ingilis yazıçısı Uilyam Prinn müəllifi olduğu kitaba görə ömürlük həbs cəzasına məhkum edildi. Onun günahı bu kitabda "kraliçaya böhtan atmaqdan ibarət idi. Əlavə cəza kimi onun hətta qulaqlarını da kəsdilər.

Özünüifadə azadlığı uğrunda fəal mübarizə İngiltərə inqilabı dövründə (17-ci əsr) başlanmışdır. Bu vaxt mübarizəyə həm dinisiyasi xadimlər, həm də elm və incəsənət nümayəndələri qoşulmuşlar. Bu mübarizədə ingilis şairi Con Milton (1608-1674) da fəal iştirak etmişdir. Con Milton bu gün İngiltərədə Vilyam Şekspirdən sonra ikinci böyük şair hesab olunur. O, bizdə "İtirilmiş cənnət" poeması ilə məşhurdur. Con Miltonun ictimaisiyasi fəaliyyəti haqqında məlumatımız daha azdır. O, bütün dünyada insan haqları uğrunda mübarizəyə qalxmış ən məşhur incəsənət nümayəndəsi kimi tanınır.

Parlamenti böyük inamla müdafiə edən Milton İngiltərə inqilabının, demokratiya və mənəvi yeniləşmə uğrunda hərəkatın intellektual liderlərindən birinə çevrilmişdi. O, çoxsaylı esse və pamfletlərində kralın yaratdığı yepiskop kilsəsinə qarşı çıxır, vicdansöz azadlığını, boşanma hüququnu, təhsildə demokratik islahatları müdafiə edirdi.

Milton öz tərəfdarları ilə birlikdə kral hakimiyyətinin 1637-ci ildə qoyduğu ilkin senzuraya qarşı müvəffəqiyyətlə mübarizə aparırdı. 1640-cı il inqilabı kral senzurasını ləğv edir. Lakin ölkədə hakimiyyət parlamentin ixtiyarına keçdikdən sonra Milton parlamentin qərarları ilə 1641, 1642 və 1643-cü illərdə senzuranın bərpa edilməsindən dəhşətə gəlir. Senzura qaydalarını pozanlar ciddi cəzalara - cəriməyə və hətta həbsə məruz qalırdılar.

1644-cü ildə Milton parlament qarşısında çıxışı ilə öz silahdaşlarını ölkədə yeni repressiya rejimi yaratmaqdan çəkindirməyə çalışdı, onları bununla bağlı təhlükədən xəbərdar etdi. Milton bildirdi ki, senzura cəmiyyətin inkişafına zərər gətirir, daha çox isə o, azad, yaradıcı insanın ləyaqətini təhqir edir, çünki belə insanlar üçün onların yaradıcılığına nəzarət etməkdən də artıq təhqir yoxdur. Milton senzorları "kitab qatilləri" adlandırır, hər bir kitabın qətlə yetirilməsini isə bütöv bir dünyanın məhv edilməsinə bərabər tuturdu. İnsanın hərəkətlərinə bu alçaldıcı nəzarəti rədd edən Milton böyük əminliklə bildirirdi ki, əgər insanlara istənilən problemi azad müzakirə və tədqiq etmək imkanı verilərsə, həqiqət istənilən halda özünə yol tapacaqdır.

Miltonun nitqi onun silahdaşlarına təsir etmədi. İlkin senzura özünüifadə azadlığı tərəfdarlarının təzyiqi ilə yalnız şairin ölümündən 20 il sonra - 1694-cü ildə ləğv olundu. Lakin bundan sonra söz azadlığının təqib edilməsi məhkəmələr vasitəsilə davam etdirildi. On səkkizinci və on doqquzuncu əsr İngiltərəsində kim nə istəsə danışa bilərdi, lakin sonra buna görə məhkəmədə cavab verməli idi. O dövrdə Böyük Britaniyada ÇexovTolstoyun bəzi kitabları "əxlaqi səbəblərə görə qadağan edilmişdi...

Söz azadlığının müdafiəsi haqqında söylədiyi nitqində Milton bildirirdi ki, senzura insanın çoxsahəli mənəvi fəaliyyəti üzərində hətta texniki baxımdan da həyata keçirilə bilməz. Lakin o, burada yanılırdı - mətbuatda ilkin senzuranın şaxələnmiş sistemi tezliklə bütün mədəni dünyaya yayıldı və bir sıra ölkələrdə bu günə qədər qalmaqdadır.

C.Milton yazırdı: "Əslinə qalsa, bu barədə gərək mən özüm danışmayaydım, lakin əminəm ki, əgər burada hamı öz ölkəsini azad görmək naminə sidq ürəkdən birləşmişsə, məni də heç kəs məzəmmət etməz; o zaman mənim fərz olunan nitqim azadlıq töhfəsi olmasa da, hər halda, həqiqətin səsi olar. Biz ölkədə heç vaxt heç bir çətinliyin ola bilməyəcəyi bir azadlıq arzusunda deyilik: bunu heç kəs arzulaya bilməz; lakin narazılıqlar azad surətdə dinlənilib, diqqətlə nəzərdən keçirilib tez bir zamanda həll edilirsə, o zaman ağıllı adamın yalnız arzu edə biləcəyi vətəndaş azadlığının son həddi əldə edilmiş olar. Elə mənim bu cür danışmaq imkanımın olmasından bu nəticəyə gəlirəm ki, biz artıq həmin vəziyyətə xeyli yaxınlaşmışıq...

Lordlaricmalar, siz özünüzə xas olan ehtiyatkarlıqla ağıllı məsləhətə qulaq assanız və bu məsləhətin haradan qulağınıza çatmasından asılı olmayaraq ona əməl etsəniz və sonra özünüzün təyin etdiyiniz qanunu, eləcə də sələflərinizin qoyduqları qanunu eyni həvəslə ləğv etsəniz, onlardan üstün olduğunuzu tam sübuta yetirmiş olarsınız".

Müəllif davam edir: "Mən sizdəki bu qətiyyəti etiraf etməklə (bunu etiraf etməməksə sizin üçün təhqir olardı) sizin özünüzdə gördüyünüz ədalətə olan məhəbbəti və özünüzə qarşı tərəfgir olmağa qoymayan mühakimənizin aliliyini bir daha nümayiş etdirmək imkanını sizə göstərmək cəsarətində bulunuram: bunun üçün sizin kitab çapı üzərində nəzarət haqqında qəbul etdiyiniz qanunu bir daha müzakirə etməyiniz kifayətdir; həmin qanuna görə, "heç bir kitab, broşüra, yaxud vərəqə bu üçün xüsusi təyin edilmiş şəxslər, yaxud heç olmasa bu cür şəxs tərəfindən irəlicədən yoxlanılıb təqdir edilməyənəcən çapa verilə bilməz". Mən bu qanunun hər kəsin öz əlyazmasına sahibolma hüququnu ədalətlə müəyyən edən və yoxsullar haqqında qayğıya aid olan hissəsinə toxunmuram - yalnız heç bir xüsusi şəxsi təhqir etməyən namuslu və zəhmətsevər insanların təqib olunması ehtimalını istisna etmək istəyirəm...

Kitablar cansız əşyalara tamamilə aid edilə bilməz: onlarda həyat gücü varbu güc həmin kitabları yaratmış ruhun özü kimi təzahür və hərəkət edir; bu kitablarda hətta bundan da artığı - sanki qabın içindəymiş kimi xalis mənbə - başlanğıc, onları yaratmış canlı zəkanın cövhəri bulunur. Mən yaxşı bilirəm ki, onlar mifologiyada danışılan əjdahanın dişləri kimi davamlı və bərəkətlidir: bu toxumlardan asanlıqla silahlı adamlar cücərə bilər. Lakin digər tərəfdən, kifayət qədər ehtiyatla hərəkət etməmək üzündən yaxşı kitabı öldürmək yaxşı adamı öldürmək kimi bir şeydir; insanı öldürən kəs Tanrı mislində olan şüurlu canlını öldürmüş olur; yaxşı kitabı məhv edən şəxs isə Tanrının doğruçu, həqiqi mislində olan zəkanın özünü öldürmüş olur...

...Beləliklə, əgər bu dünyada eybin dərki və müşahidəsi həqiqi ləyaqətə yetmək, yolunu azmanın öyrənilməsi isə insanın həqiqətdə möhkəmlənməsi üçün bu qədər zəruridirsə, günahyalan anlayışı ilə tanış olmaq üçün hər cür kitabı oxumaqdan və hər cür mülahizəni dinləməkdən yaxşı və təhlükəsiz nə ola bilər? Hərtərəfli oxunuşun bizə verdiyi əsas üstünlük də elə bundan ibarətdir...

Böyük hörmətə (yeri gəlmişkən, ən az da öz "Dövlətinə görə) layiq olan Platon qanunlar haqqında kitabında (bu qanunlar heç vaxt heç bir cəmiyyətdə qəbul edilməmişdi) öz fantaziyasını xəyali hökmdarların müxtəlif cür fərmanları ilə məşğul edir. Lakin ona başqa cəhətdən pərəstiş edənlər də istərdilər ki, bütün bunlar yaddan çıxarılsın və olsa-olsa, akademiya alimlərinin axşam iclaslarında söylənilsin. Bu qanunlara görə, o, yalnız praktiki etiqadlar (bunların tərtibi üçün hətta onun qısaca dialoqları da artıqlıq edərdi) əsasında tərtib edilən şərtsiz nizamnamələrin yol verdiyi bilikləri məqbul sayır. O hətta istəyir ki, hakimlər və qanunvericilər şairin əsərini oxuyub bəyənməyənəcən onun bu əsəri başqa xüsusi şəxsə oxumaq hüququ olmasın; buradan da açıq-aşkar aydın olur ki, Platon bu cür qanunları yalnız və yalnız öz xəyali respublikası üçün tərtib edir. Belə ki, o heç özünün də əməl etmək istəməyəcəyi qanunlar uydurur...

Əgər biz mətbuatda məlum qayda-qanun yaratmaq istəyiriksə, bütün başqa insan zövqlərini və əyləncələrini də həmin məlum qayda-qanunlara tabe etdirməliyik. Əgər onlar ciddi və təntənəli deyilsə, heç bir musiqili pyes ifadə edilməməli, heç bir mahnı oxunmamalıdır. Beləcə, rəqsləri də nəzarət altında saxlanılmalıdır ki, cavanlar bəyənilməmiş hansısa jesti, hərəkəti və ya hansısa ünsiyyət vasitəsini öyrənə bilməsinlər; Platon gərək mütləq bunların da qayğısına qalaydı. Azı iyirmi senzorun gərgin zəhməti gərəkdir ki, hər bir evdəki bütün lyutnyalar, skripkalargitaralar öyrənilib təhqiq edilsin; əslinə qalsa, o zaman bu alətləri dinc buraxmaq da olmaz: bu alətlərdə çalınması mümkün olanları xəlvətcə dinləmək gərəkdir...

C.Milton daha sonra göstərirdi ki, bəs hər iki cinsdən olan gənclərin söhbətlərini kim izləyəcək? Kim qayda qoyacaqdır ki, nəyi danışmaq olar, nəyi yox? Nəhayət, kef məclislərinin yığışmasını kim qadağan edəcək və buna yol verməyəcək? Bütün bunlar mütləq və labüd şəkildə mövcud olmalıdır və hər bir ağlı başında olan hökumətin əsl müdrikliyi məhz bundadır ki, bunları mümkün qədər azziyanlı və azəxlaqsız etsin.

Bu həyatı tərk edərək heç bir işə yaramayan utopik və xəyalpərvər ideyalar aləminə qapılmaq hələ mövcud vəziyyəti düzəltmək demək deyildir; Tanrının bizə qoyduğu bu şər aləminin içində hərəkət etməyi bacarmaq lazımdır...

Məsələn, bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl və deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir; əks halda, Adəm adicə maşın olardı. Heç biz özümüz də məcburiyyət nəticəsi olan itaəti, yaxud məhəbbəti və ya qurbanları sevmirik. Məhz buna görə Allah onu tamah doğuran şeyin qarşısında qoyaraq ona sərbəstlik vermişdir. Adəmin xidməti - öz nəfsini saxladığına görə mükafat və alqış qazanmaq hüququ məhz bundan ibarət idi...

Bunu başa düşmək daha yaxşı olar ki, hərəkəti təyinlərə tabe olmayan, xeyir və şər mənbələrə eyni dərəcədə təsir göstərən şeyə yol verməməyə can atan qanun mütləq zərərli və zorakı olacaqdır. Əgər mənim seçmək imkanım olsaydı, həmişə şərin yayılmasına qarşı zorakı maneələrin qat-qat olduğunu dərk etməkdənsə xeyir işlərin lap cüzi bir hissəsiylə qarşılaşmağı üstün tutardım. Əlbəttə ki, Allah üçün ən əxlaqsızın öz nəfsini saxlamasındansa bir ləyaqətli adamın uğurlu fəaliyyəti daha vacibdir. Və əgər biz evdə olarkən, gəzərkən, səyahət edərkən, söhbətləşərkən gördüklərimizi və eşitdiklərimizi həmişə əlimizin altında olan və yazılan kitabın gördüyü işi görən bir nəhəng səyyar kitab təsəvvür etsək, aydınlaşar ki, yalnız çap kitabına aid olan qadağa bu qanunu tamamilə əsassız edir. Məgər biz hər gün saray ədəbiyyatının parlamentə və cəmiyyətə qarşı yönəldilmiş və senzuraya baxmayaraq geniş yayımlanan həftəlik məhsullarını görmürükmü?..

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 14 iyul.- S. 15.