Azərbaycanla ultimatum
dilində danışmaq olmaz
İlham Əliyev: "Bizim
torpaqlarımızı işğal
edən təkcə Ermənistan deyil"
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyaya ünvanlanan ciddi mesajlar verdi.
Dövlət başçısı çıxışı zamanı Azərbaycanın bu gün həllinə ehtiyacı olduğu ən böyük problem - Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı bir çox vacib məqamlara toxunub. Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil, bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir.
Hər kəs beynəlxalq aləmin ermənilərin havadarı olduqlarını anlayır. Dağlıq Qarabağ münaqişəsinin də məhz bu səbəbdən qaynaqlanaraq həllinin acı bağırsaq kimi uzanmasını, dünyaca məşhur diplomatların, siyasətçilərin məhz erməniləri qoruyaraq problemin həllini qaranlıq dalanlarda "axtardıqarını" artıq çox yaxşı başa düşürlər. Görəsən, hər kəsə, hətta məktəb partası arxasında əyləşən uşağa belə bəlli olan adi, sadə, bəsit həqiqət - Azərbaycan dövlətinin əzəli torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu bu siyasət adamları, dünyanı idarə edən bilim insanları dərk edə bilmirlərmi??? Çox gözəl bilirlər və dərk edirlər. Sadəcə olaraq, anladıqlarını bəyan etmək onlara sərf etmir. Niyə? Çünki bu dərk etmə erməni havadarlarının şəxsi maraqlarına toxunur, saxta siyasətləri ilə üst-üstə düşmür və Azərbaycana qarşı həyata keçirdikləri məkrli planlarının icrasına mane olur".
"Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"
Müşavirədə dövlət başçısı Azərbaycan Ordusunun bügünkü vəziyyəti ilə bağlı çıxışında qeyd edib ki, Milli Ordu üçün ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır".
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ordusu daim inkişaf edir, öz qüdrətini, gücünü artırır. Bundan narahat olan Ermənistan və onların havadarları min-bir hiylələrlə münaqişənin həllini uzatmağa çalışırlar. Çünki iqtisadi gücü olan, regionda lider dövlətə çevrilən, diktə dili ilə danışan güclərə əyilməyən Azərbaycanla xaos, aclıq, səfalət içərisində yaşayan bədnam, işğalçı qonşularımız Ermənistanın müqayisəsində ortaya çıxan mənzərədən çox narahatdırlar. Buna görə də, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə variantından qaçmağa çalışırlar. Çünki indi artıq 90-cı illərin əvvəlləri deyil.
Azərbaycan dövləti və xalqı müharibə istəmir. Dədə-baba torpaqlarımız, yurdumuzda yenidən qan tökülməsinə səbəb olmaq istəmir. Amma torpaqlarımız, əlbəttə ki, əbədi olaraq düşmən işğalında qalmayacaq. Buna nə dövlətimiz, nə də xalqımız izn verməz. Milli Ordu isə torpaqların işğaldan azad olunmasına artıq hazırdır. Bunu həm ermənilər, həm də onlara hər addımda havadarlıq edən day-dayları çox gözəl bilirlər. "Ayının min oyunu bir armudun başında olduğu kimi" ermənilərin oynadıqları bütün oyunlar da məhz bu mövqedən qaynaqlanır. Müharibədən qaçan ermənilər cani-dildən istəməsələr də, sonunda bu reallıqlarla üz-üzə qalmalı olacaqlar.
Prezident İlham Əliyev bu nüanslara toxunaraq bildirib ki, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır: "Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".
Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq
Dövlət başçısı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmadığını bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir. Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir".
Keçirilən müşavirədə ölkə Prezidenti İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirməklə Ermənistanın dünya xəritəsindən silinəcəyini bildirib: "Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da".
RƏFİQƏ
KAMALQIZI
Səs.-2015.- 16 iyul.- S. 2.