"Tarix yazdıq! Tarixə yazıldıq!"

 

"Bakı-2015" ilk Avropa Oyunları bütün dünyanın diqqətini bir daha Xəzərin sahilinə yönəltdi

 

Azərbaycanda keçirilən dünya Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən , Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Son on bir il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirinin yüksək səviyyədə keçirilməsi də bunu sübut edir. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünyaAvropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində ölkəmizə qarşı böyük inam yaradıb. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idmanOlimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb.  Azərbaycan Olimpiya hərəkatının fəal üzvüdür.

Bəli, dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Ölkəmizdə, eləcə də Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa  Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır.

Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçirilən ilk Avropa Oyunları böyük uğurlarla yadda qaldı. Bu uğurda Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komandanın rolu da əhəmiyyətli idi. Azərbaycan qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etdi. Açılış və bağlanış mərasimlərinin təntənəli keçirilməsi, 17 gün ərzində Oyunların yüksək səviyyədə təşkili və s. "Bakı-2015"i yaddaqalan etdi. Azərbaycan idmançıları I Avropa Oyunlarında yüksək nailiyyətlər əldə edərək Avropanın Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrini geridə qoydu, 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırıb, ikinci yeri tutmağa nail oldu.

   Bakı öz qədim tarixinin özəlliklərini dəyişdirmədən, xalqın rifahını yüksəldərək və ölkənin böyük iqtisadi qüdrətini əks etdirərək qeyri-adi nəhəng bir meqapolisə çevrilən bir şəhər olduğunu təqdim edə bildi.

Avropa Oyunlarının könüllülərinin rolu da vurğulanmalıdır.  Ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm idman tədbirinin uğurla yekunlaşmasında könüllülərin verdiyi töhfələr də kifayət qədərdir.

"Bakı-2015" ilk Avropa Oyunlarının açılış günündən bir ay sonra iyulun 12-də "Bakı-2015" Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş "Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında parad keçirildi. Gənclər və İdman Nazirliyinin, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil edilən tədbirdə Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı İdman Sarayından başlayan "Bakı-2015" paradı Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb. Bütün bunlar Bakının tarixdə ilk dəfə keçirilmiş Avropa Oyunlarına ev sahibliyi etməsindən doğan qürurdur. Tədbiri möhtəşəm təşkil etməklə Azərbaycan bütün dünyanın diqqətini bir daha Qafqaza, Xəzərin sahilinə yönəltdi. Bakıda müasirliklə qədimlik arasındakı incə xətti gələn qonaqlar, idmançılar görə bildilər. Bakı ən sehrli və möcüzəvi anlarını yaşadı. Bütün nailiyyətlər paytaxtımızın  neçə-neçə belə mötəbər tədbirlərə də ev sahibliyi etmək gücündən xəbər verir.

 

NƏZAKƏT

Səs.-2015.- 16 iyul.- S. 7.