Azərbaycan estradasının bənzərsiz ifaçısı

 

Azərbaycan estrada musiqisinin banilərindən olan Mirzə Babayevin 16 iyul doğum günüdür. 1913-cü ildə dünyaya gələn Mirzə Babayev ilk təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman, görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan respublikasının əməkdar artisti, xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub. Ömrünün 90-cı ilində dünyasını dəyişib. Belə bir tərcümeyi-hala malik müğənninin fəaliyyəti bu illərin dönəmində yaddaqalan hadisələrlə müşayiət olunur.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünyamilli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.

Tamaşaçılarla hər görüşü böyük bir bayram olardı. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. "Mirzə müəllimin mahnıları" ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. Mirzə müəllim aktyor-müğənni idi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaqşirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. "Limanlar", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada" mahnılarını onun ifasında dinlədikcə insan ruhu, qəlbi təmizlənib, nəğməli bir dünya yaşanılır. Doğrusu, bu gün adam Mirzə Babayevin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.

 O yaratdığı obrazı bütöv xarakter kimi təqdim edirdi

 Mirzə Babayev müəllim, həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodikyaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı, bəlkə də, iki o qədərdir.

"Dərviş Parisi partladır" filmində Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları, əsasən, kübar insanlardır. "26-lar", "Sevil", "Yenilməz batalyon" və onlarca digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi. O çox vaxt, hətta yaşlı dövründə də gənclərlə səhnəyə çıxmağı xoşlayır, şux zarafatları ilə zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə bil kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə Babayev işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına çevrilirdi. Hərdən isə obrazlarına şirin, məlahətli mahnıları ilə özgə bir ovqat verirdi. Bizim kinoda Mirzə Babayev qədər mahnı ifa edən ikinci bir müğənni, demək olar ki, yoxdur. "Onu bağışlamaq olarmı?" filmində Tərlanın mahnılarını xatırlayın. "O olmasın, bu olsun" filmində Məşədi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirzə Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil edirdi. "Dəli Kür" filmində Molla Sadığın qurduğu kef məclisi onun qeyri-adi səsi ilə yadda qalıb.

Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri, "Şöhrət" ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı qənirsiz mahnılar, nəğmələr öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar bu xalq üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevirdi.

           

    ZÜMRÜD

   Səs.-2015.- 16 iyul.- S. 12.