Yeni Azərbaycan Partiyası jurnalistləri mükafatlandırdı

 

Dünən  Yeni Azərbaycan Partiyasının  Mərkəzi Qərargahında Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı  ilk öncə Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini təbrik edib. “Prezident İlham Əliyevin Milli Mətbuatın 140 illik yubiley tədbirlərinin keçirilməsi  ilə bağlı Sərəncamı əsasında paytaxtda və bölgələrimizdə çoxsaylı tədbirlər keçirilir. Bu mətbuatın inkişafına, Azərbaycan jurnalistlərinə göstərilən önəmin, diqqətin nəticəsidir” - deyən Mübariz Qurbanlı qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan mətbuat tarixi özünün şərəfli, qürurverici yolunu keçib: “Azərbaycan mətbuatı ötən illər ərzində milli təfəkkürümüzün təmin edilməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan mətbuatı istər XIX əsrin sonları istərsə də, XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyinin, milli inkişafının, milli dərkinin  təmin edilməsində çoxsaylı əsərlər yaradıb, eyni zamanda ölkəmizlə məhdudlaşmayıb türk dünyasında mühüm izlər qoyub”.

Mübariz Qurbanlı SSRİ dövründə Azərbaycan mətbuatının süni manelər, problemlərlə üzləşdiyini, ancaq  Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafına xüsusi önəm verilmiş və müstəqil mətbuatın inkişafına diqqət ayrılmışdır: “Müstəqilliyimiz bərpa olunduqdan sonra da Ümummilli Lider mətbuatın inkişafına dəstək olmuşdur. Mətbuat-dövlət  əlaqələri inkişaf etdirilib. Dahi Öndər Heydər Əliyev tərəfindən senzuaranın ləğv olunması, qəzetlərin “Azərbaycan” nəşiriyyatına olan borclarının ləğv olunması və digər işlər mətbuata göstərilən diqqət və qayğının nəticəsi olub. Mətbuat işçiləri də Ümummilli Liderin bu qayğısını yüksək qiymətləndirərək Onu “Jurnalistlərin dostu” seçiblər”.

Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin siyasətinin bu gün  ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: “Prezident İlham Əliyev də mətbuatın inkişafına böyük dəstək olur. Mətbuatın inkişafı üçün vəsaitlər ayrılır, dövlət tərəfindən qəzetlərə yardımlar edilir. Eyni zamanda jurnalistlərin sosial-məişət  şəraitlinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə adlar veriləcək, mükafatlar təqdim olunacaq”. M.Qurbanlı çıxışında YAP-ın mətbuatla əlaqələrindən də danışıb. Bildirib ki, YAP ənənəvi olaraq hər il mətbuat günü ilə bağlı jurnalistlərlə görüşlər keçirir, onların əməyini qiymətləndirərək mükafatlar təqdim edir. Daha sonra çıxış edən YAP-ın İcra katibinin müavini, millət vəkili  Siyavuş Novruzov KİV nümayəndələrini Milli Mətbuatın 140 illik yubileyi münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan mətbuatı istənilən dövrdə özünü hərtərəfli şəkildə göstərib: “Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişdi. Azərbaycanın qısa müddətdə  çox böyük, çoxistiqamətli  mətbuat orqanları yarandı. Cəmiyyətin inkişafında və irəli getməsində söz azadlığının təmin olunmasında mətbuat kifayət qədər böyük rol oynayıb. Keçmiş SSRİ respublikaları ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır olub, torpaqlarımız işğala məruz qalıb, separatizm baş qaldırıb. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb. Mətbuat daim bu istiqamətdə fəaliyyət göstərir”.

Prezident İlham Əliyevin mətbuata qayğısından danışan S.Novruzov mətbuatın da adekvat olaraq daim Azərbaycan dövlətçiliyinin, xalqının maraqlarını müdafiə etdiyini bildirdi: “Biz bunu Azərbaycanda keçirilən birnici Avropa Oyunları zamanı bir daha şahidi olduq. Bir neçə media orqanı çıxmaq şərti ilə Azərbaycan mətbuatı birlikdə ümumxalq  maraqları bütün maraqlardan üstün  tutaraq ölkəmizin, xalqımızın əleyhinə aparılan qarayaxmalara qarşı birmənalı şəkildə öz mövqeyini ortaya qoydu. Aparılan tədqiqatlar göstərdi ki, istər virtual məkanda, istər çap materiallarında, istərsə də televiziya kanallarında Azərbaycan mətbuatı əleyhimizə olan bütün mətbuatları üstələdi onlara layiqli cavab verdi. Bu il ölkəmiz üçün əhəmiyyətli ildir. Qarşıdan parlament seçkiləri gəlir. Burada bizim mətbuat orqanları həm seçici, həm iştirakçı, həm təşviqatçı, həm də təbliğatçıdır. Seçkilər müddətində mətbuatın rolu iki dəfədən çox artır. Bu baxımdan hesab edirəm ki, seçkilərdə mətbuatın rolu böyük olacaq”. Çıxışının sonunda bir daha mətbuat nümayəndələrini təbrik edən YAP İcra katibinin müavini Siyavuş Novruzov müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və jurnalistləri təbrik edib. Sonda bir qrup jurnalist Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb. Qeyd edək ki, “Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Məhərrəmova və “Səs” qəzetinin əməkdaşı İlham Əliyev də mükafat alanlar sırasında olub.

 

İ.Əliyev

Səs.-2015.- 17 iyul.- S. 4.