İnsan hüquq və
azadlıqlarının müdafiəsində Avropa
qurumlarının rolu
Avropa Konvensiyasının digər üstünlüyü isə təsbit olunmuş hüquq və azadlıqların implementasiya mexanizminin yaradılmasından ibarətdir. Belə ki, onun 19-cu maddəsinə uyğun olaraq həmin Konvensiya ilə iştirakçıların üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün iki orqan - insan hüquqları üzrə Avropa komissiyası və Avropa məhkəməsi yaradılmışdır. Hər iki orqana 24 və 25-ci maddələrə əsasən həm onların səlahiyyətlərini tanıyan (qəbul edən) iştirakçı dövlətlərin digər tərəfdar dövlət tərəfindən Konvensiyanın müddəalarını pozması haqqında, həm də ayrı-ayrı şəxslərin, qeyri-hökumət təşkilatlarının iştirakçı dövlətin onların hüquqlarının pozmasına dair şikayətlərinə baxmaq səlahiyyətləri verilir.
Konvensiyanın 26-cı maddəsində göstərilir ki, Avropa Komissiyası şikayət ərizəsini baxmaq üçün yalnız bütün daxili müdafiə vasitələrindən tam istifadə olunduqda qəbul edə bilər. Digər şərt, qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, şikayətlərə yalnız onların səbəbkarı olan dövlətin Komissiyanın müvafiq səlahiyyətlərini tanıdığı halda baxılır. Əgər şikayət anonim, yaxud artıq Komissiyada baxılmış şikayətə analoji və ya başqa beynəlxalq tənzimləmə prosedurasının predmeti olarsa, Konvensiyanın müddəaları ilə bir araya sığmazsa ona baxılmır.
Konvensiyanın dördüncü hissəsində Avropa Məhkəməsinin formalaşdırılması qaydaları, funksiyaları və fəaliyyət mexanizmi müəyyən olunmuşdur. Belə ki, onun say tərkibi Avropa Şurasının üzvlərinin sayına bərabər müəyyən olunur və bir dövlətdən yalnız bir vətəndaş Məhkəməyə üzv daxil ola bilər. Konsultativ Məclis tərəfindən seçilən Avropa Məhkəməsinə işləri təqdim etmək hüququ yalnız Konvensiyanın Yüksək Tərəfləri olan dövlət - iştirakçılara və Avropa Komissiyasına verilmişdir. 52-ci və 54-cü maddələrə görə, Məhkəmənin qərarı qətidir və onun həyata keçirilməsinə nəzarət Nazirlər Komitəsinin üzərinə qoyulmuşdur.
Konvensiya Avropa Şurasının bütün üzvləri-dövlətlərə imzalanma üçün açıq elan edilmişdir. Onu ratifikasiya edən hər bir dövlətə ratifikasiya fərmanı verilir və həmin fərman saxlanmaq üçün Avropa Şurasının baş katibinə verilir. Konvensiya yalnız 10 ratifikasiya fərmanı saxlanmaq üçün təqdim olunandan sonra qüvvəyə minir.
H.Babaoğlu yazır ki, Avropa çərçivəsində yaradılmış və fəaliyyət göstərən İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası bütövlükdə insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Bu özünü bizim fikrimizcə, aşağıdakılarda təcəssüm etdirir:
- bu sistem insan hüquqlarına riayət olunmasının kollektiv təminat sistemini yaratmışdır;
- nəzarət mexanizmi ayrı-ayrı şəxslərə dövlətlə mübahisələrdə pozulmuş hüquqlarının bərpasına və ədalətli həllinə nail olmağa imkan verir;
- bu nəzarət mexanizminin mövcudluğu iştirakçı dövlətlərin vətəndaşlarına pozulmuş hüquqlarının bərpası üçün sona qədər mübarizə aparmaq imkanlarını artırır;
- bu nəzarət mexanizminin fəaliyyəti iştirakçı dövlətlərin milli qanunvericiliyinin Konvensiyanın müəyyən etdiyi standartlara müvafiq olaraq dəyişdirilməsinə səbəb olur və Avropa dövlətlərində insan hüquqları ilə bağlı qanunvericiliyin bir-birinə uyğunlaşdırılmasına kömək edir;
- insan hüquqlarının bu müdafiə sistemi iştirakçı dövlətlərin vəzifəli şəxsləri və hüquq-mühafizə orqanları tərəfindən insan hüquqlarına riayət etməyə daha ciddi yanaşılmasını tələb edir.
Avropa Konvensiyasının təhlili göstərir ki, bütövlükdə onun əsasında yaradılmış nəzarət mexanizmi fərdin bilavasitə Avropa Məhkəməsinə çıxmasına imkan vermirdi. Bu da əsasən Avropa Şurası üzvləri - dövlətlərin insan hüquqlarının müdafiəsini milli səviyyədən daha yüksək səviyyəyə keçirilməsinə hazır olmadıqlarını göstərirdi. Lakin Konvensiyanın qəbul olunduğu vaxtdan keçən müddət ərzində ona Əlavə protokolların qəbul edilməsi yolu ilə onun mətnində müasir şərait nəzərə alınmaqla xeyli dəyişikliklər edilmiş və bu baxımdan 11 saylı Protokol xüsusi əhəmiyyət daşıyır.
Avropa Konvensiyasına 11 saylı Əlavə Protokol Avropa Şurasının üzvləri tərəfindən 11 may 1994-cü il tarixdə Konvensiyaya müvafiq olaraq yaradılmış nəzarət mexanizminin yenidən qurulması zərurəti ilə əlaqədar qəbul olunmuşdur. Protokola əsasən insan hüquqları üzrə Avropa Komissiyası və Avropa Məhkəməsi ləğv edilərək, yeni daimi fəaliyyət göstərən insan hüquqları üzrə Avropa Məhkəməsi ilə əvəz olunmuşlar (Preambula).
Beləliklə, 11 saylı protokola əsasən insan hüquqları üzrə yeganə orqan daimi əsaslarla işləyən Avropa Məhkəməsi olur. 27-ci maddəyə görə Məhkəmə ona daxil olan işlərin baxılması üçün 3 məhkəmədən ibarət komitələr, 7 nəfər məhkəmədən ibarət Palatalar və 17 məhkəmədən ibarət Böyük Palata yaradır. Onların hər birinin funksiyaları Protokolun müvafiq maddələri ilə müəyyən olunmuşdur. Belə ki, 28-ci maddəyə əsasən komitələr şikayətlərin qəbul oluna bilməsi məsələsini həll edir və onların bu qərarı qəti olur, bununla da daxil olan çoxsaylı fərdi şikayətlərin qəbul olub-olmaması məsələsinə daha operativ və səmərəli baxılmasına şərait yaradılır. Təqdim olunan işlərə dair (şikayətlərə) qərarlar isə Palatalarda qəbul olunur (maddə 29). Böyük Palatalarda Konvensiyanın yaxud ona Əlavə protokolların şərhinə dair daha ciddi məsələlər, həmçinin mübahisədə iştirak edən tərəflərin tələbi ilə təqdim olunan işlər müzakirə olunur (maddə 30). Məhkəmənin qərarları iştirakçı-dövlətlərin hamısı üçün məcburidir və onların həyata keçirilməsinə nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi yerinə yetirir.
Avropa Məhkəməsinin səlahiyyətləri Protokolun 32-ci maddəsində müəyyən olunmuşdur: "Məhkəmənin səlahiyyətlərinə Konvensiyanın və ona əlavə Protokolların şərhi və istifadə edilməsinə aid olan məsələlər daxildir..." 11 saylı Protokola əsasən, Konvensiyadan fərqli olaraq Avropa Məhkəməsi insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarında və ona Protokollarda nəzərdə tutulmuş hüquqların iştirakçı Yüksək tərəflərin pozması qurbanı olduqlarını təsdiqləyən hər bir fiziki şəxsdən, qeyri-hökumət təşkilatından, yaxud hər bir fərdi şəxslər qrupundan şikayətlər qəbul edə bilər (maddə 34). Məhkəmənin qərarları iştirakçı - dövlətlərin hamısı üçün məcburidir və onların həyata keçirilməsinə nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi yerinə yetirir (176).
H.Babaoğlunun fikrincə, Avropa qitəsində insan hüquqları məsələləri digər regional təşkilat olan ATƏT-in fəaliyyətində də xeyli yer tutur. Öz işini 3 iyul 1973-cü ildə Helsinkidə başlayan bu təşkilatın ilk addımlarından biri 1 avqust 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına çevrilmişdir) Helsinkidə Yekun aktının imzalanması olmuşdur.
Helsinki Yekun aktının VII fəslində təsbit olunur ki, iştirakçı-dövlətlər fikir, vicdan, din və əqidə azadlığını daxil etməklə irqi, cinsi, dil və din ayrı-seçkiliyi olmadan hamı üçün insan hüquqları və əsas azadlıqlara hörmət edəcəklər. Onlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gələn və onun azad və tam inkişafı üçün əhəmiyyətli olan vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsini həvəsləndirəcək və inkişaf etdirəcəklər. Bu çərçivələrdə iştirakçı-dövlətlər şəxsiyyətin təkbaşına və ya başqaları ilə birlikdə öz şəxsi vicdanının hökmünə görə hərəkət edərək dinə, yaxud inama etinad etmək azadlığını tanıyacaq və ona hörmət edəcək, həmçinin öz ərazilərində olan milli azlıqlara aid şəxslərin qanun qarşısında bərabərlik hüquqlarına hörmət edəcək, onlara öz hüquqlarından faktiki istifadə etməyə tam imkan yaradacaq və beləliklə bu sahədə onların qanuni mənafelərini müdafiə edəcəklər.
Yekun aktında iştirakçı-dövlətlər insan hüquqları və əsas azadlıqların ümumi əhəmiyyətini təsdiq edir və hesab edirlər ki, onlara hörmət həm iştirakçı-dövlətlər, həm də bütün dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığın inkişafını təmin etmək üçün zəruri olan sülh, ədalət və əmin-amanlığın əhəmiyyətli amilidir. Dörd hissəsindən biri insan hüquqlarına həsr olunan Helsinki Yekun aktı bu sahədə, təhsil, mədəniyyət, informasiya, adamlar arasında əlaqələr sahəsində, o cümlədən ailə münasibətləri əsasında əlaqələr, müxtəlif dövlətlərin vətəndaşları arasında nikah, gənclər arasında görüşlər, idman görüşləri və s. də daxil olmaqla dövlətlərin müxtəlif əməkdaşlıq formalarını konkret müəyyən etmiş və Avropa dövlətləri, ABŞ və Kanadanın əməkdaşlığının inkişafının əsaslarını təşkil etmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015 .- 22 iyul.- S. 15.