Azərbaycanda insan hüquq və azadlığının
müdafiəsi
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə qədəm qoydu. Vahid partiyalı, vahid ideologiyalı, cəmiyyətin bütün sahələrinə nəzarət edən totalitar rejimin hökmranlığına son qoyuldu.
Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövrünü yaşayır. Siyasi sahədə müsbət dəyişikliklərə aşağıdakıları aid edə bilərik: siyasi partiyaların və ictimai-siyasi təşkilatların yaranması; siyasi plüralizm; demokratik hüquq və azadlıqların təsdiqi; dövlət idarəçiliyi sisteminin struktur dəyişmələri (məsələn, prezident institutunun qəbulu, əvvəllər mövcud olan xalq deputatları sovetlərinin icra komitələri əvəzinə icra hakimiyyətlərinin yaradılması, Konstitusiya Məhkəməsinin təşkili, yerli özünüidarə sistemi kimi fəaliyyət göstərən bələdiyyələrin yaranması, nazirliklərin sayının azalması və onların fəaliyyətlərinin təkmilləşməsi). İqtisadi sahədə aşağıdakıları qeyd etmək olar: iqtisadiyyatın idarə olunmasında komanda - inzibati sistemin aradan qaldırılması; 1996-cı ildə başlayan və hələ də davam edən özəlləşdirmə (onun nəticəsində on minlərlə müxtəlif ölçülü müəssisələrin özəlləşdirilməsi həyata keçirildi), hansı ki, mülkiyyətin müxtəlif formaları üçün bərabər şəraitin və həmçinin, mənzil fondunun və torpaq sahələrinin faktiki özəlləşdirilməsi, mal qıtlığının ləğvi və xidmət sferasının genişləndirilməsi ilə müşayiət olundu.
Mənəvi sahədə vətənpərvər, müasir, yeni şəxsiyyətin formalaşması, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyəti etikasının yaranması və inkişaf etməsi və s. Müasir Azərbaycan cəmiyyətində formalaşan plüralist tipli şüur, əxlaqi dəyərlər və davranışın inkişafına mane olan stereotipləri, mənəvi-əxlaqi yönümlərdəki və davranışlarda qeyri-dözümlüyü, qarşıdurma və kompleksləri aradan qaldırır, şəxsiyyətin azadlıq dərəcəsini artırır, onun reallaşmasına imkan yaradır.
Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi ictimai rəyin təkmilləşdirilməsi fonunda davam edir. Respublikada Qərb yönümlü və milli-mənəvi, əxlaqi-etik dəyərlər fərdiyyəçilik və kollektiv sağlam həmrəylik şəraitində formalaşa bilər. Açıq cəmiyyətə doğru inkişafda vətəndaşların siyasi-mənəvi mədəniyyəti, qayda-qanuna riayət vərdişi və son nəticədə onun həyat keyfiyyəti hüquqi dövlətdən və vətəndaş cəmiyyəti qarşısında bir sıra sosial-mədəni problemlərin həllini tələb edir.
Demokratiyanın qələbəsi üçün, əlbəttə, demokratik ənənələr, dialoq, kompromis, tərəfdaşlıq mədəniyyəti, hakimiyyətin cəmiyyətdə azlıqların hüquq və maraqlarına hörmət atmosferi yaratmaq qabiliyyəti və cəhdi nə qısa müddət ərzində, nə də avtoritar metodlarla yaranmır. Hakim dairələrin ölkəni Qərbi Avropa liberal-konservativ demokratiyasının modelinə çevrilməsi cəhdi ilə əlaqədar postsovet ölkələrində demokratiyanın taleyinin təhlükədə olması təlqin edilir. Qərb ölkələrində demokratiyanın liberal-konservativ demokratiyası modelinə çevrilməsi anlayışı ictimai şüura daxil edilib və siyasi konfliktlər yaratmır.
Bəzi tədqiqatçıların fikrincə, Qərb ənənələrini kor-koranə əxz etməkdən çəkinmək lazımdır, bütün Qərb təcrübəsini mütləq tənqidin süzgəcindən keçirmək lazımdır, öz mədəniyyətimiz haqqında düşünmək lazımdır, daxili bazarı inkişaf etdirmək lazımdır. Qeyd edək ki, Azərbaycanda da spesifik Azərbaycan demokratiyası haqqında düşünənlər az deyildir. Bəs görəsən, Azərbaycanda demokratiyanın hansı forması mümkündür? Söhbət sosial-iqtisadi, siyasi və mədəni amillərlə şərtlənmiş xalq hakimiyyətinin sosial-tarixi spesifikliyindən gedir. Bu, qabaqcıl ölkələrin və Azərbaycanın özünün nailiyyətlərini özündə sintez edən müasir demokratiyanın real imkanları haqqında məsələdir.
Azərbaycanda hüquqi dövlət quruculuğunun təxmini üç mərhələsini fərqləndirmək olar:
- Birinci, dövlət müstəqilliyini əldə etdikdən sonra yeni konstitusiyanın qəbuluna qədərki dövrü əhatə edir və hakimiyyət çevrilişləri, sosialist dövlət mexanizminin və hüquq sisteminin kosmetik dəyişikliklərlə yeni şəraitə uyğunlaşdırılması cəhdləri ilə səciyyələnir. Bu dövrdə, həmçinin, bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil olmağa başlayır. Lakin bu yeni institutların əksəriyyəti təcrübədə tətbiq edilmədi; yalnız siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının və azad mətbuatın hüquqi əsasları yaradıldı və onlar fəaliyyətə başladılar.
- İkinci, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrü əhatə edir. Bu dövr dövlət mexanizminin liberal-demokratik dəyərlərə uyğun yenidən təşkili əsaslarının formalaşması ilə səciyyələnir. Bir sıra yeni dəyərlərin və institutların, o cümlədən, hakimiyyət bölgüsü prinsipinin və parlamentarizmin tətbiqinə başlanır, konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırılır. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşulur, milli qanunvericilik təkmilləşdirilir, yerli özünüidarənin hüquqi əsasları yaradılır, ilk bələdiyyə seçkiləri keçirilir.
- Üçüncü, Azərbaycanın Avropa Şurasına daxil olması ilə başlanıb və hazırda davam edir. Bu mərhələ Azərbaycanın dövlət-hüquq sisteminin, qanunvericilik və inzibati təcrübəsinin tədricən Avropa standartlarına uyğunlaşdırılması ilə səciyyələnir. Bu dövrdə insan hüquqları və azadlıqlarının təmini, azad və ədalətli seçkilərin keçirilməsi demokratik dəyərlər kimi ön plana çəkilir, ombudsman, ictimai televiziya kimi yeni institutlar fəaliyyətə başlayır, qanunvericilik sistemində ciddi dəyişikliklər edilir.
Akademik R.Mehdiyev "1991-ci ili transformasiyanın üçüncü mərhələsi kimi səciyyələndirərək, 1992-1993-cü illərdə dövlətçiliyin səmərəli inkişafı və cəmiyyətin modernləşməsi imkanının tamamilə aradan qalxdığını" qeyd edir. Müəllif çox düzgün olaraq 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə səciyyələnən transformasiyanın dördüncü mərhələsində əsl demokratik dəyişikliklər mərhələsinin və hüquqi dövlətin formalaşmasının başlanğıc mərhələsinin başlandığını göstərir: "Yeni demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti ünsürlərinin, yeni iqtisadi sistemə, yeni xarici siyasətə istiqamətlənmiş dünyəvi-hüquqi dövlətin prioritetlərinin təşəkkülünün, yeni demokratik təşkilatların qurulması, yeni siyasi birliklərin yaradılması, siyasi plüralizmin inkişafı və milli ideologiyanın əsas ünsürlərinin formalaşması prosesinin ağlasığmaz dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan dövlətçiliyinin milli identifikasiyasının başlıca ehkamları məhz həmin dövrdə formalaşmışdır".
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra hüquqi dövlətin formalaşması prosesi yenidən vüsət aldı. Dövlətin müstəqilliyi, demokratiyanın inkişafı, siyasi plüralizm, siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyətə, insan azadlığına, insan haqlarının qorunmasına önəm verildi. Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas təməl prinsipləri müəyyən edildi. Bu, "tarixi varisliyin qorunması; demokratiyanın inkişafı; siyasi plüralizm; qanunçuluq; iqtisadiyyatda sərbəstlik (mülkiyyətin müxtəlif formalarına əsaslanan bazar iqtisadiyyatının inkişafı); azadlıq; insan hüquq və azadlıqlarının qorunması və s. idi".
Z.Əsgərov birinci dövrü siyasi romantizm dövrü adlandırır və bu dövrdə dövlət quruculuğu sahəsində heç bir iş görülmədiyini diqqətə çatdıraraq, yazır ki, zərurətin yarandığına baxmayaraq, islahatlar keçirilmədi, həyati reallıqdan uzaq, həyata keçməsi mümkün olmayan siyasi məqsədlər və ideyalar zorla xalqa təlqin edildi. Z.Əsgərov AXC hakimiyyətinin qısa ömürlü olmasının səbəblərini isə belə açıqlayır: "Birincisi, yeni ictimai-siyasi quruluş köklü siyasi-iqtisadi və inzibati islahatların aparılmasını tələb edirdi. İkincisi, dövlət hakimiyyət orqanlarında qərar tutan AXC kadrlarının inzibati-idarəçilik təcrübələrinin olmaması dövlətin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsi işini çətinləşdirirdi. Üçüncü, xalqın etibarını qazanan və onun iradəsini milli maraqlar və məqsədlər ətrafında səfərbər etməyə qadir olan ümummilli liderin olmaması".
Tədqiqatçı R.Quliyevin fikrincə, demokratiya və kollektivçilik idarəçiliyə əsaslanan, ardıcıl siyasəti sayəsində müstəqillik dövründə Azərbaycan dövlətsizləşmə dövründən hüquqi dövlət quruculuğu prosesinə qədəm qoydu.
- Hüquqi dövlət, müstəqillik, dövlət suverenliyi və milli suverenliklə vəhdətdə həyata keçməyə başladı.
- İlk milli müstəqil Konstitusiyanı qəbul etdi və ölkədə qanunçuluq gerçəkləşdi.
- İctimai-siyasi, sosial-iqtisadi, mədəni məhkəmə hüquq-mühafizə orqanlarının fəaliyyəti, cinayət-prosessual, vergi, gömrük, mülki məcəllə, əmək, ailə məcəllələri qəbul edildi ki, bu qanunlar və normativ-hüquqi aktlar icra edərək, onlara əməl edildi, onların icrasına nəzarət həyata keçirildi.
- Hüquqi dövlətin siyasi-iqtisadi və mənəvi əsasları gerçəkləşdi: qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri (məhkəmə, prokuror nəzarəti, arbitraj) həyata keçdi.
- Siyasi sabitlik yarandı, çoxpartiyalılıq, plüralizm, azadlıq, milli ideologiya formalaşdı və inkişaf etdi.
Beləliklə, Azərbaycan Respublikası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələyə qədəm qoymuşdur.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2015.- 1 avqust.- S. 15.