1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür
"İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik
olan xalq əyilməzdir, ölməzdir,
böyük gələcəyə
malikdir"
Heydər
Əliyev
Bu gün Azərbaycan Dili - Ana Dili Günüdür. Zaman -zaman qorunub saxlanılan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək xalqa təqdim olunmuşdur. Azərbaycan dili milli sərvətimiz, analardan əxz olunan bir dildir. Mənliyimizi, düşüncəmizi məhz bu dil vasitəsi ilə təqdiq edib, bəşər övladına azərbaycanlı olduğumuzu göstərə bilirik. Dilin ictimai hadisə, ünsiyyət vasitəsi olması insanların bir-birinə yaxınlaşmasına kömək göstərən şərtləndirici meyardır. Ana dili hər bir vətəndaşın mənəvi kamilliyinin, maddi-mənəvi dəyərlərinin təzahürüdür. Bilidiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmiş, lakin buna baxmayaraq, zənginliyini, saflığını qoruyub saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur.
Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses oldu. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində əlifbamızın dəyişməsi, Kiril əlifbasına keçid ana dilimizin zəifləməsinə gətirib çıxardı və saflığına, təmizliyinə mənəvi təsir etdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən isə Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Tədqiqat işlərinin nəticəsi olaraq dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasının, onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir. Müxtəlif lüğətlərin yaranması, ana dilini öyrənən əsərlərin meydana çıxması dilçi alimlərin - ziyalıların gərgin əməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir gündə dilçilik elmində Azərbaycan dilini bu və ya digər sahələrini öyrənən alimlərin adını qeyd etməmək mümkün deyil. F.Köçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi bir estafet olaraq öz yerlərini yetişməkdə olan dilçilərə vermişdirlər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına, leksikologiyasının zənginləşməsinə müsbət təsirini göstərmişdir.
"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI, HƏR BİR AZƏRBAYCANLI ÖZ ANA DİLİNİ, AZƏRBAYCAN DİLİNİ, DÖVLƏT DİLİNİ MÜKƏMMƏL BİLMƏLİDİR"
Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunun şahidi oluruq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Bu gün Azərbaycan dili dövlət səviyyəsində çıxış edir. Belə ki, 15 respublikanı özündə birləşdirən ittifaqın nəzdində dövlət dili səviyyəsində mübarizə aparmaq böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dövlət dili Azərbaycan Konstitusiyasının bir bəndinə daxil edildi. Dili qorumaq, xalqı qorumaqdır. Bir dövləti məhv etmək üçün onun dilinin əlindən alınması məlum bir amildir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ana dili ətrafında apardığı islahatlar öz nəticəsini vermişdir. Ümummilli Lider ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşmadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.
Bu gün dil siyasəti dövlətin diqqətində duran məsələlərdəndir. Ulu Öndərin müdrik siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına töhfələrini verir. Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.
DİLİN SAFLIĞI, SƏLİSTLİYİ UĞRUNDA MÜBARİZƏYƏ QOŞULAN ZƏRDABİ ƏNƏNƏSİ MİLLİ MƏTBUATDA QORUNMALIDIR
Hər bir sahədə
çalışan insan dilin
qayda-qanunlarına əməl etməyə vətədaş olaraq borcludur. Bu gün 140 illik yubileyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatında dil məsələsi
aktual olan
mövzulardandır. Dilin qorunması,
işlənməsi, yad ünsürlərdən
mühafisəsi, danışıq dilində sözlərin tələffüzü
və digər məsələlər vacib
hesab olunur. Dilin təmizliyi uğrunda
mübarizə aparan və milli
dilin inkişafına ömürlərini
həsr edən simaların, şəxsiyyətlərin
qarşısında məsuliyyətliyik. Milli mətbuatda jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyinin
ifadəçisidir. Mətbuatda informasiya
dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən
biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın
və lakonik şəkildə çatdırılması,
yeri gələndə
nitqdə hiss-həyəcan
və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi - bütün
bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.
Azərbaycan mətbuatının Həsən
bəy Zərdabidən,
"Əkinçi"dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi"
ətrafına toplaşanlar,
habelə sonrakı nəsil qələm sahibləri tərəfindən
daha da zənginləşdirilib.
Yetmiş illik sovet dövründə mətbuatımız
kommunist ideologiyasına
xidmət göstərsə
də, yenə inkişafdan qalmayıb, böyük peşəkar
jurnalistlər dəstəsi
yetişib. Müstəqillik
dövründə, mətbuat
və söz azadlığının tam bərqərar
olduğu bir zamanda peşəkarlığın
itməsinə, qəzetlərimizin
səviyyəsinin aşağı
düşməsinə heç
nə səbəb ola bilməz.
Dilin sayflığı, səlistliyi
uğrunda mübarizəyə
qoşulan Zərdabi və onun silahdaşlarının
ənənəsi milli
mətbuatda qorunmalıdır.
Xalqın danışıq dilinə əsaslanaraq ənənəni qorumaq və yeni dövrün
reallıqlarına uyğun
şəkildə daha
da zənginləşdirmək,
mətbuatımızı daha
da inkişaf etdirmək həm mənəvi, həm də vətəndaşlıq
borcumuzdur.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-2015.- 1 avqust.- S. 11.