Hüquqi dövlət və vətəndaş cəmiyyətində kütləvi informasiya vasitələri modellərinin bazar iqtisadiyyatına transformasiyası prosesi

 

 

Bazar iqtisadiyyatına transformasiya şəraitində KİV-ə aid bəzi anlayışlardan tutmuş tipologiyaya və modellərə qədər dəyişiklik baş verdi. Sovet dövründə "kütləvi informasiya və təbliğat vasitələri", "mətbuat" anlayışları "kütləvi informasiyakommunikasiya vasitələri" anlayışına transformasiya olundu. Qərbdə isə daha çox "kütləvi kommunikasiya vasitələri" anlayışı işlənir. Sovet dövründəki kommunist ideologiyası çərçivəsində fəaliyyət göstərən yalnız dövlət KİV-lərinin və jurnalistlərin xarakteri bazar iqtisadiyyatı şəraitində dəyişdi. Dövlət, xüsusi, özəl, kommersiya, iqtidar, iqtidaryönümlü, müxalifət, müxalifətyönümlü, müstəqil KİV-lər meydana gəldi. Dövlət KİV-i dövlət tərəfindən maliyyələşən, maddi-texniki bazası dövlətə mənsub olan mətbuat orqanlarıdır. Özəl KİV özünümaliyələşdirmə sisteminə keçməli oldular. Redaksiyalar öz istədikləri adamları jurnalist kimi qəbul etdilər. Mətbuatın sərbəstliyi azadlıq və məsuliyyət problemini aktuallaşdırdı. Bu dövrdə ictimai rəyə təsir edən, formalaşmış informasiya siyasəti olan KİV - milli maraqlara xidmət edən yaradıcı heyətlə yanaşı, özbaşınalığa yer verən, dağıdıcı qüvvəyə çevrilən "KİV" də yarandı. Belə bir şəraitdə sosial məsuliyyət problemi aktual və zəruri amilə çevrildi.

Azərbaycan Konstitusiyasının 80-ci maddəsində hüquqi məsuliyyət haqqında  göstərilir ki, Konstitusiyanın və qanunların pozulması, hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, demokratik cəmiyyətlər bazar iqtisadiyyatının qanunları və normaları ilə yaşayır. Belə cəmiyyətlərdə iqtisadi, siyasi və mənəvi azadlıq hökm sürür. Azadlıq isə hər şeyə icazə verilməsi, özbaşınalıq, qanunsuzluq deyil, əksinə qanunların dərk edilməsidir. Azadlıqla məsuliyyət vəhdət təşkil edir. Ən geniş azadlıq şəraitində belə insanlar öz əməllərinə görə əxlaqi və hüquqi məsuliyyət daşıyırlar. "İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh olduğunu nəzərdə tutur. Azadlıq və məsuliyyət bir bütövün, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq məqsədəuyğun fəaliyyətin həyata keçirilməsi imkanıdır. Məsuliyyət obyektiv şəraitin diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur, məsuliyyət azadlığı istiqamətləndirir".

KİV-lərin modellərinin bazar iqtisadiyyatına transformasiyası şəraitində sosial məsuliyyət konsepsiyası özünü iki həm obyektdə (bütün qurumları və strukturları ilə KİV-də) həm də subyektdə - yaradıcı heyətdə, jurnalistdə göstərir. Hələ sovet dövründə eyni bir informasiya mərkəzindən məlumatlandırıldığından və vahid kommunist ideologiyası çərçivəsində fəaliyyət göstərdiyindən mətbuat və jurnalistlər ciddi sosial məsuliyyət daşıyırdılar. Sovet mətbuat kadrları qarşısında dar çərçivədə tələblər qoyulurdu. Keçmiş Sovet İttifaqının əsas, "mərkəzi" mətbuat orqanı olan "Pravda" qəzetində "Mətbuatımızın kadrları" sərlövhəli məqalədə göstərilir: "Yüksək əxlaqi-mənəvi keyfiyyətləri, işgüzarlığı, dünyagörüşü genişliyini, prinsipiallığı, başlanmış işi publisist məharətilə başa çatdırmaq ustalığı üzvi surətdə əlaqədəndirmək bacarığı - bütün bunlar mətbuatımızın hər bir əməkdaşını fərqləndirməlidir".

B.Quliyev yazır: "Sovet dövründə Azərbaycanda özünəməxsus üslubusosial məsuliyyət modelinə uyğun bəzi mətbuat orqanları ilə yanaşı, "kommunist" mənəviyyatlı, lakin geniş erudisiyalı, məlumatlı, ideayalı və məsuliyyətli jurnalist kadrları da vardı.

Siyasi, iqtisadi, sosial, ideoloji, mənəvi-mədəni transformasiya şəraitində KİV daha da fəallaşdı və onun məsuliyyəti daha da artdı. Siyasi modernləşmə demokratik dövlət, azad vətəndaş cəmiyyəti yeni, məsuliyyətli KİV modellərini də yaratdı. Cəmiyyətdəki institusional dəyişikliklərlə bağlı bir çox amillər meydana gəldi ki, bu zaman  obyektiv amillərə - iqtisadi tələbləri, KİV-in qeyri-səmərəliliyini, siyasi institusional sistemin ictimai dəyərlərə uyğun gəlməsini, subyektiv amillərə - transformasiyada marağı olan qrupları aid edirlər".

Bazar iqtisadiyyatına transformasiya KİV kəmiyyətini artırsa da, keyfiyyəti aşağı düşdü, jurnalist kadrların tərkibi qeyri-peşəkarların hesabına dəyişdi. "Bir tərəfdən fikir plüralizmi, söz azadlığı və siyasi fəallığın artması mətbuata yeni ab-hava gətirdi. Digər tərəfdən, hüquqisiyasi mədəniyyətin, məsuliyyət hissinin inkişaf tempi azadlıq meridianlarının genişlənmə tempi ilə müqayisədə geri qaldığından mətbuat aləmində özbaşınalıq və xaos yarandı".

Mənəvi və hüquqi məsuliyyətsizliyin yaratdığı şərait KİV-də iftira, böhtan, yalan, qərəzli informasiyalara yer verdi. Adi insanlardan tutmuş, dövlət məmurlarının şərəf və ləyaqətinə toxunmaq davamlı xarakter aldı, söz azadlığı hər cür normadan kənara çıxdı. "Söz azadlığının hüquqi və əxlaqi normalar çərçivəsində olduğu, mənəvi məsuliyyət hissi ilə, vətəndaşlıq borcu ilə məhdudlaşdığı hələ də yaddan çıxarılır. Mütləq azadlığın sivilizasiya ilə bir araya sığmadığı unudulur... Ona görə də çağdaş mətbuatın dövlətçilik və vətəndaşlıq mövqeyindən, ümummilli mədəni-mənəvi meyarlar baxımından dəyərləndirilməsinə böyük ehtiyac vardır".

Məsuliyyətli, peşə borcu və peşə əxlaqı vəhdətdə olan KİV cəmiyyətdə ən nüfuzlu orqan hesab edilir. Tənqidlə təhqirə fərq qoyan, sosial ədalətə riayət edən, qanunaqanunçuluğa hörmət edən, cəmiyyət, dövlət və insanlar qarşısında məsuliyyətini dərk edən, qərəzsiz informasiya verən KİV ən obyektiv media hesab olunur. Qərb ölkələrində sosial-mənəvi məsuliyyət konsepsiyası KİV sahəsindəki özüntənzimləmə mexanizmləri - mətbuat qurumları tərəfindən müəyyən edilmiş peşə etikası qaydalarına əsaslanır. Cəmiyyət, dövlət və insanlarla sıx əlaqədə olan KİV aşağıdakı prinsiplərə riayət etməlidir: 1) Həqiqət; 2) Obyektivlik; 3) Vicdanlılıq; 4) Təmizlik və müstəqillik; 5) Şəxsi həyata müdaxilənin yolverilməzliyi; 6) Ümumbəşəri dəyərlərə ehtiram; 7) Zorakılığın, parnoqrafiya və əxlaqsızlığın təbliğinin yolverilməzliyi; 8) Peşə həmrəyliyi; 9) Müəlliflik hüququna hörmət; 10) Təhqirin yolverilməzliyi; 11) Cavab və təkzib vermək hüququ; 12) Professional sirrin qorunması; 13) Günahsızlıq prizumpsiyası; 14) Şəxsi reklamın yolverilməzliyi.

Göründüyü kimi, sosial-mənəvi məsuliyyət konsepsiyası geniş məzmuna malik olub jurnalist əxlaq kodeksini özündə əks etdirir. Jurnalist həqiqəti cəmiyyətə çatdırmalı, informasiyanı qərəzsiz şərh etməli, obyektiv tənqid verməli, vicdanlı metodlardan istifadə etməlidir. Beynəlxalq və milli qanunvericiliyə görə sosial məsuliyyəti konsepsiyasında sirrin qorunması və informasiyanın mənbəyinin açılmaması, rüşvət almamaq əsas yer tutur. "Jurnalist... böhtanı, təhqiri əsaslandırmamış ittihamı; buya digər materialı dərc etmək (dərc etməmək) üçün istənilən formada rüşvət almağı ciddi peşə pozuntusu saymalıdır".

Hələ sovet dövründə "rüşvəti universal cinayət kimi səciyyələndirən Ulu Öndər Heydər Əliyev "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsində demişdir: "Bütün başqa eybəcərliklər onun (rüşvətin - B.Q.) ətrafında dolanır. Rüşvətxor dövlətin mənafeyini satır, öz fəaliyyətini satır...".

Rüşvət alıb öz peşəsinə, peşə borcuna xəyanət edən jurnalist həqiqət əvəzinə yalan, iftira, böhtan yazmalı, öz vicdanını itirməli, obyektivliyi təhrif etməlidir.

Məsuliyyətsizlik girdabına yuvarlanmış mətbuat azad, müstəqil media əvəzinə "xaos mətbuatı" (R.Mehdiyev) olur, milli maraqları, dövlətçiliyi ifadə etmir, pozucu qüvvəyə çevrilir. Tədqiqatçılar buna görə də haqlı olaraq mətbuat azadlığını məsuliyyətsizlik kimi başa düşməyin əleyhinə çıxırlar: "Mətbuat nümayəndələri demokratik Azərbaycan dövlətinin onlara yaratdığı söz-mətbuat azadlığından sui-istifadə etməyə çalışmamalı, həmin azadlıqdan deyilən sözə, yayılan informasiyaya görə də məsuliyyətdən azad olunmaq kimi başa düşməməlidirlər".

Obyektiv, məsuliyyətli mətbuat bazar iqtisadiyyatının təlatümlərinə tab gətirir. Bazar iqtisadiyyatının öz qanunları var: KİV həm özlərini maliyyələşdirməli, həm də mənfəət əldə etməlidir. Buna görə bəzi KİV buna nail olmaq üçün yalançı, qərəzli, hətta böhtan xarakterli informasiyalar vermək məcburiyyətində qalır. Belə mətbuatı S.Xəlilov haqlı olaraq "bazar mətbuatı" adlandırır, belə mətbuatı milli mənafelərə xəyanət edən "satqın mətbuat" hesab edir: "Əsil mətbuat kimlərinsə mənafeyinə yox, milli mənafeyə xidmət etməlidir".

B.Quliyevin fikrincə, sosial məsuliyyət konsepsiyasında jurnalistin özünün şəxsi, mənəvi-psixoloji keyfiyyətləri də əsas yer tutur. Jurnalistin aşağıdakı mənəvi keyfiyyətləri göstərilir:

* Təcrübəlilik, peşəkarlıq, səriştəlilik, geniş erudisiyalılıq;

* Ensiklopedik biliyə malik olmaq, ətraflı məlumatlılıq, ictimai həyatın bütün sahələrinə, yerli və beynəlxalq aləmdə baş verən hadisələrə bələdlilik;

* Natiqlik məharəti, fikirləri aydın və sadə dillə ifadə etmək, ədəbi yaradıcılıq istedadına malik olmaq;

* Müraciət etdiyi mövzuya yaxından bələd olmaq;

* Hadisələri və insanları iti müşahidə edə bilmək qabiliyyəti;

* Danışıq və davranış etikası, özünü apara bilmək qaydalarına əməl etmək bacarığı;

* Müstəqil düşüncə sahibi olmaq və prinsipiallığa malik olmaq;

* Doğruçu, düz, obyektiv, saf mənəviyyatlı olmaq;

* Qanunlara və əxlaq normalarına riayət etmək;

* Mehriban, səmimi münasibətə malik olmaq, nəzakətlilik qabiliyyəti;

* Tapşırıqları operativ, vicdanla, məsuliyyətlə yerinə yetirmək, mühüm informasiya əldə etməyi bacarmaq qabiliyyəti;

* Yüksək, ali jurnalist təhsili almaq;

* Hərtərəfli istedada malik olmaq qabiliyyəti;

* Nitqində yazısında məntiqli, mülahizələri iti, sözləri kəskin olmalı;

* Nikbin, inadkar, özünə inamlı, müsahibi səbrlə dinləməyi bacarmaq qabiliyyəti;

* Hadisələrə, proseslərə, insanlara obyektiv tənqidi yanaşa bilmək qabiliyyəti;

* Müasir düşüncəli sözü yerində işlətməyi bacarmaq qabiliyyəti;

* Abırlı, həyalı, zövqlü olmaq keyfiyyəti;

* Beynəlxalq yerli qanunları, adət-ənənələri, əxlaq davranış normalarını bilmək qabiliyyəti;

* Ətraf aləmi, cəmiyyəti, təbiəti, insanları, ictimai, iqtisadi, siyasi, sosial, mədəni prosesləri duya bilmək bacarığı.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 2 iyun.- S.15.