Azərbaycanda sosial
dövlət quruculuğu uğurla
həyata keçirilir
Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü İlham Məmmədov
- İlham müəllim, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır.
Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırılır. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?
- Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.
Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.
Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa, bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
- İlham müəllim, iyun ayının 12-də Azərbaycanda ilk Avropa Oyunlarına start veriləcək. Sizcə, bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycana hansı dividentlər gətirəcək?
- Azərbaycan 24 ilə yaxındır ki, müstəqil dövlətdir və dinamik inkişaf edir. Bu, zaman baxımından çox qısa bir tarix olsa da, həmin zaman kəsiyində tarixdə görünməmiş bir inkişaf yolunu keçmək çox az dövlətlərə məxsus olan bir nailiyyətdir. Əlbəttə, bu, müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndərimiz Heydər Əliyevin titanik zəhmətinin təcəssümüdür.
Bildiyiniz kimi, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla ilk Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Bu, çox böyük bir nailiyyətdir. Çünki regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə bir əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək.
Məlumdur ki, ölkəmizdə 10 il ərzində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri keçirilib. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə Dünya çempionatlarının Bakı şəhərində ən yüksək səviyyələrdə təşkil olunması Beynəlxalq Olimpiya ailəsində ölkəmizə tam inam yaratmışdır. Bununla yanaşı, reallaşdırılan nəhəng infrastruktur layihələri paytaxt Bakını dünyanın ən gözəl şəhərləri sırasına daxil etmişdir. Eyni zamanda, ölkəmizdə nəhəng və müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycan artıq Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır.
Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək.
Beləliklə, ilk Avropa Oyunları Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açır. “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından hər birimiz qürur duyuruq. Bu hadisə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək.
Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür.
Məlum olduğu kimi, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Belə ki, Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı. Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı və təbii ki, ilk Avropa Oyunlarının məşəlinin bütün bölgələrdə alovlanması qürurvericidir. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və qələbə məşəlimiz həmin torpaqlarda da alovlandırılacaq.
- Bəzi dairələr ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli kampaniya aparırlar. Buna münasibətiniz necədir?
- Ölkəmizə qarşı belə kampaniyaların aparılması birinci dəfə deyil. Dostlarımız uğurlarımıza sevindiyi kimi düşmənlərimiz də, nailiyyətlərimizə qıcıqlanırlar. Bu prosesin önündə erməni lobbisi gedir. Məqsəd isə Azərbaycanın dünyada artan nüfuzuna, uğurlarına zərbə vurmaqdır. Amma belə cəhdlər heç bir nəticə verməyəcək.
Ölkəmiz müstəqil siyasət apararaq öz inkişaf yolu ilə gedir. Bu yolda kimsə maneələr yaratmağa çalışsa da, məqsədlərinə nail ola bilməyib. Bu dəfə də belə olacaq. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və hansısa saxta informasiyalar onda yanlış rəy formalaşdıra bilməz. Ona görə də, belə qərəzli kampaniyalar ictimai rəyə təsir etmir. Çünki bütün bunların haradan qaynaqlandığını xalqımız yaxşı bilir.
Bir sözlə, ölkəmiz ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Və bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq.
Səs.- 2015.- 2 iyun.-
S.12.