Hüquqi dövlət, KİV və diffamasiya

 

 

    

     Müasir hüquqi dövlətdə ən ciddi məqamlardan biri sosial mediadan xəbər qaynağı kimi istifadə edilməsi probleminə diqqət verir. K.Öztürk etibarlılıq problemidir. Türkiyəli K.Öztürk sosial mediada xəbərlərin etibarlılığı probleminə toxunaraq demişdir: "Bəli, hər kəs hər gördüyünü yaza bilər, ancaq özünün başa düşdüyü səviyyədə, bəzən səthi və ya səhv məlumatlara əsaslanaraq xəbər verə bilər. Ümumi nəzarətin olmadığı sosial mediada hər kəsin saxta kimliklərlə yanlış məlumatları... yayması çox asandır. Digər problem, sosial mediada yazılan yazıların... məzmununda insanların ciddi məsuliyyət hiss etməmələridir. Məsuliyyət hissi olmadan yazılan və ötürülən məlumatların doğruluğu üzərində dəqiqlik göstərilmir. Bir təhqirə, böhtana məruz qaldığımız zaman buna görə kiminlə hesablaşmalı olduğumuz məlum deyildir".

     Göründüyü kimi, informasiyaların etibarlılığı, doğruluğu, dəqiqliyi sosial məsuliyyətlə vəhdətdə ənənəvi KİV-in imicinin əsasını təşkil edir.

     Bakıda keçirilən "Keçid cəmiyyətlərində demokratiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi tarix elmlər doktoru, professor Əli Həsənov KİV və jurnalistlərin sosial məsuliyyət məsələsinə toxunaraq demişdir: "Hazırda beynəlxalq təşkilatlarla Azərbaycan hakimiyyəti arasında, - tək bizimlə yox, bütün postsovet məkanına, o cümlədən, Avropa Şurasına daxil olan dövlətlərin arasında, - prinsipial bir məsələ müzakirə olunur. Bu da ondan ibarətdir ki, digər peşə sahibləri ilə bərabər, jurnalistlər də qanun qarşısında məsuliyyət daşısın, ya daşımasınlar... Jurnalistin fəaliyyət subyekti cəmiyyətdir, insanlardır. Jurnalist insanların şərəf və ləyaqətini təhqir edirsə, heç bir məsuliyyət dərk etmədən, jurnalistin əxlaq kodeksinə əməl etmədən, yoxlanılmamış informasiya əsasında istənilən vətəndaşı cinayətkar adlandırırsa, onun şəxsi həyatına müdaxilə edib, ailəsinin dağılmasına səbəb olursa, cəmiyyətdə düşmənçilik yaradırsa, ayrı-ayrı millətlər, dini təriqətlər arasında düşmənçilik yayırsa və bu düşmənçilik neçə-neçə insanın həyatı bahasına başa gəlirsə, həmin jurnalist məsuliyyət daşımalıdır, ya daşımamalıdır?".

     Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, sosial məsuliyyət məsələsi beynəlxalq aləmdə müzakirə obyektinə çevrilmişdir. Sosial məsuliyyətini dərk etməyən, peşə-davranış kodeksini pozan KİV və onun nümayəndələri təkcə əxlaqi-mənəvi deyil, həm də hüquqi məsuliyyət daşımalıdır.

     "Diffamasiya haqqında Azərbaycan Respublikası Qanununa dair Memorandum"un "Qanun layihəsinin tətbiq dairəsi" hissəsində "Məsuliyyətdən müdafiə" bölməsi sosial məsuliyyət probleminə həsr olunub. Qanun layihəsi ölkədə diffarmasiyanı dekriminallaşdırmaq – cinayət əməli saymamaqmülki diffamasiyaya dair aydın və mütərəqqi normalar müəyyən etmək məqsədini daşıyır. Qanun layihəsi diffarmasiyaya dair cinayət normalarını ləğv edir. Qanun layihəsində sosial məsuliyyətlə bağlı göstərilir ki, 14.1-ci maddədə bir sıra hallar müəyyən edilir ki, bu zaman redaksiya əməkdaşları və jurnalistlər kütləvi informasiya vasitələrində yayılan fikirlərə görə məsuliyyətə cəlb oluna bilməzlər. Buraya dövlət orqanları, siyasi partiyalar və QHT-lər tərəfindən bildirilən, habelə digər kütləvi informasiya vasitələrində və internetdə bildirilən və təkzib edilməyən fikirlərin, eləcə də digər fərdlər tərəfindən bildirilən fikirlərin kütləvi informasiya vasitələrində sözbəsöz təkrar olunduğu hallar daxildir.

     Bu cür müdafiə nüfuzun müdafiəsi ilə ifadə azadlığının tarazlaşdırılması sisteminin mühüm bir hissəsidir. Eyni zamanda, bu cür müdafiə təkliflərində bir sıra çatışmazlıqlar vardır. "Birincisi, bu müdafiə kütləvi informasiya vasitələrilə məhdudlaşır. Halbuki bu müdafiə fikrin ifadə olunmasının bütün formalarına şamil olunmalıdır. Məsələn, əgər QHT digər nəşrdə hökumətin məsrəflərini tənqid edən fikirləri təkrar nəşr edirsə, təkrar nəşr edilən fikirlərin də müdafiə hüququ təmin olunmalıdır.

     İkincisi, müdafiənin hüdudları həddindən artıq genişdir. Məsələn, əgər açıq-aydın yalandiffamasiya xarakterli məlumat internetdə nəşr olunmuşdursa, digərlərinin həmin məlumatı sadəcə olaraq onun artıq internetdə nəşr olunması səbəbindən məsuliyyət riskinə məruz qalmadan təkrar nəşr etmələrinə icazə verilməməlidir. Məsələn, diffamasiya xarakterli məlumatları internetdə anonim nəşr edən və sonra bu məlumatların kütləvi informasiya vasitələrində nəşr olunmasına haqq qazandırmaq üçün həmin nəşrdən istifadə edən fərdlər bundan sui-istifadə edə bilərlər. Analoji olaraq, QHT-lərin və fərdlərin bildirdiyi fikirlərin doğru olduğunuya onları təkrar nəşr edənin qərəzsiz şəkildə hərəkət etdiyini düşünmək üçün müəyyən dərəcədə əsaslı səbəb yoxdursa, onların təkrar nəşri müdafiə edilməməlidir.

     Üçüncüsü, ictimaiyyətdə narahatlıq (və ya maraq) doğuran məsələlərə dair fikirlərin bildirilməsi o halda müdafiə olunur ki, bütün hallar nəzərə alınmaqla, həmin fikirlərin dərc olunmasının əsaslı olduğunu sübut etmək mümkün olsun. Bu, kütləvi informasiya vasitələri üçün xüsusilə əhəmiyyətlidir. Hətta ən peşəkar jurnalistlər də bilmədən səhvlərə yol verirlər və hər bir yanlış məlumat verməsinə görə onları cəzalandırmaq ictimaiyyətin vaxtlı-vaxtında informasiya əldə etməsinə xələl gətirə bilər. Kütləvi informasiya vasitələrinə gəldikdə, onlar qəbul edilmiş peşə standartlarına uyğun hərəkət edirlərsə, adətən medianın hərəkətləri əsaslılıq meyarına uyğun sayılmalıdır".

     Diffamasiya haqqında qanun dünyada birmənalı qarşılanmır. Bəziləri bunu azadlıqla məsuliyyətin tarazlığının pozulması və birinciyə üstünlük verilməsi kimi qəbul edirlər. "Reket jurnalistikası" sosial məsuliyyətdən uzaq orqanlar hesab olunur. Dövlət başçısı Cənab İlham Əliyev diffamasiya haqqında qanunun qəbul edilməsini demokratiyanın inkişafı kimi dəyərləndirir: "Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər".

     Beləliklə, sosial məsuliyyət KİV-nin əsas ünsürüdür. Medianın cəmiyyətə müsbət və mənfi təsiri onun sosial məsuliyyətinin səviyyəsindən asılıdır. KİV-in sosial məsuliyyəti nöqteyi-nəzərdən informasiyanın insanlara və cəmiyyətə təsirini aşağıdakı kimi təsnif etmək olar: 1) disfunksional (mənfi), funksional (müsbət), 3) neytral.

     Disfunksional (mənfi) informasiya dedikdə ictimai həyatda və insan həyatındakı mənfi hadisələr, faktlar, meyillər haqqında informasiya başa düşülür. Funksional, müsbət informasiyainsan və cəmiyyət həyatındakı müsbət hadisələr, faktlar və meyillər haqqındakı məlumatlardır. İnformasiyalar pozitiv faydalı, pozitiv ziyanlı, mənfi ziyanlı, mənfi faydalı informasiyalara bölünür. Neytral informasiya müsbət və mənfi hadisələr və meyillər haqqında məlumatları özündə əks etdirir.

     KİV-in sosial məsuliyyəti onun cəmiyyətin tələblərinə və sosial hadisələrin həllinə könüllü reaksiyasının səviyyəsini göstərir. Sosial məsuliyyətli KİV ölkənin və cəmiyyətin inkişafına ciddi təsir göstərən bir amildir.

     B.Quliyev göstərir ki, müasir informasiya cəmiyyətində azadlıq və məsuliyyət, sosial məsuliyyət problemi daha kəskin və aktual xarakter kəsb edir. Belə bir şəraitdə KİV-in azadlığı ölkənin strateji inkişaf məqsədinə və modernləşməyə tabe olan dövlətin bir çox təsir metodları və formalaşmaqda olan informasiya mədəniyyəti ilə tənzimlənən mass-medianın özünün cəmiyyət qarşısında məsuliyyətilə məhdudlaşdırılır. Bununla yanaşı, dövlətin informasiyaya himayədarlığı hər şeydən əvvəl KİV özünütənzimləmə motivasiyası və stimullaşdırıcı metodlarının köməyilə həyata keçirilir.

     Müasir cəmiyyətə tətbiq  edilən KİV-in sosial məsuliyyətinin tam, dəqiq konsepti medianın yaradıcı dairələrində və kütləvi şüurda hələ də tam reallaşmamışdır. Bu isə dövlət informasiya siyasətinin səmərəliliyinə, KİV işçilərinin peşəkarlığına, cəmiyyətin uğurlu inkişafına mane olur.

     Azərbaycan sosiumunda sosial təbəqələr və dövlət strukturları tərəfindən sosial məsuliyyətə olan tələblər artır. Çünki məhz KİV-in sosial məsuliyyəti cəmiyyətin inkişafına və möhkəmlənməsinə, modernləşmə kontekstində vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasına yardım edir. KİV-in bazar iqtisadiyyatına transformasiyası şəraitində onun sosial məsuliyyəti, ictimai şüura müsbət təsiri KİV-in vətəndaş cəmiyyəti təsisatları ilə birgə fəaliyyəti, onların qarşılıqlı təsiri zamanı səmərəli reallaşa bilər. Cəmiyyət yalnız medianın sosial məsuliyyətinin artdığı bir şəraitdə inkişafa doğru sürətlə gedə bilər. Müasir informasiya cəmiyyətində azadlıq və sosial məsuliyyət vəhdət təşkil edir.

    

  Vahid ÖMƏROV,

  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 3 iyun.- S.15.