Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alim

 

Akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb

 

 Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illik yubileyi tamam olur.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli-memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır. Azərbaycan memarlıq sənətinin inkişafına töhfələrini verən sənətkarın 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlib. O, gənclik illərindən memarlığa həvəs göstərmiş və bu məhəbbətə ömrü boyu sadiq qalmışdır. O, 200-dən çox layihə yaratmış və bunların, demək olar ki, hamısı həyata keçirilmişdir.

1929-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirmişdir. 1930-1959 illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuşdur. 1960-1990 illərdə "Azərdövlətlayihə"də məsləhətçi (konsultant) işləmişdir. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika - texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946 ilədək S.Dadaşovla birgə yaratmışdır. 1948-1988-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982-ci ildə Bakı şəhərinin fəxri vətəndaşı olub. Qısa bir zamanda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvadas. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, Nizami adına Ədəbiyyat Muzeyinin, "Nizami" Kino Mərkəzi (1937-1939), Azərbaycan Politexnik İnstitutu (1931-1933), Bakı Soveti işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası,) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yanında 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər, Azadlıq meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (SSRİ Nazirlər Sovetinin mükafatı), şərq hissəsində isə "Abşeron" mehmanxanaları tikilmişdir. Hüseynovun 60-80-ci illər yaradıcılıq fəaliyyətində Bakıda Azadlıq meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.

1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir. Sovet Azərbaycanı memarlığının yaddaqalan nailiyyətləri və xüsusən onun paytaxtı Bakının nailiyyətləri Londonda keçirilən sərgidə nümayiş etdirilmişdir. Bu sərgi "Bakının memarlığı" adı altında, 1985-ci ilin yazında Britaniya memarları Kral institutunun qalereyasında "İngiltərə - SSRİ" Dostluq Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. "İncəsənət və dizayn" jurnalında (mart, 1985) qeyd olunurdu ki, Bakı memarlığı memarlıq formalarının valehedici mədəniyyətini açdı ki, onun varlığını Qərbdə heç güman da etmirdilər.

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində böyük memar-ictimaiyyətçi akademik M.Hüseynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M.Hüseynovu B.Britaniyaİrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər. Elə buradaca onun yeni Azərbaycan Memarlığı Məktəbini yaratdığı da qeyd edildi.

1946-cı ildən sonrakı memarlıq işlərinə M.F. Axundov adına Azərbaycan Dövlət Kütləvi Kitabxanası, Azərbaycan SSR EA Şəhərciyi Kompleksi, Bakı Metropoliteni "Nərimanov", "Nizami" və "Elmlər Akademiyası" stansiyaları - "Moskva" mehmanxanası (1978) daxildir.

Dünya şöhrətli memar, alim, pedaqoq, akademik Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişaf tapmasında böyük xidmətləri olub. 1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilmişdir. 1992-ci ildə M.Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.

Dünya şöhrətli görkəmli memar M.Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmişdir. M.Hüseynov I Fəxri Xiyabanda dəfn edilmişdir.

 

ZÜMRÜD

 Səs.- 2015.- 3 iyun.- S.12.