Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda sosial jurnalistika amili

 

 

 

Obyektivlik və qərəzsizlik KİV və jurnalistin vətəndaş cəmiyyətində imicininüfuzunu daha da artırmış olur. Jurnalist peşəkarlığı onun məsuliyyətilə əlaqəlidir. Rusiya tədqiqatçısı S.M.Vinoqradov jurnalistin peşəkarlığı  haqqında yazır: "KİV sahəsində peşəkarlıq, peşə mədəniyyəti - jurnalistin yaradıcılıq, fərdi qabiliyyəti, ənənəvi normaları qıra bilmək və yenilərini yaratmaq keyfiyyətidir".

Qeyd edildiyi kimi, öz yaradıcılığında, peşəkarlığında, mənəvi - əxlaqi keyfiyyətlərində, bütün fəaliyyətində jurnalist mütləq məsuliyyətli olmalıdır. Tədqiqatçı S.Rəhimova da bu fikri təsdiqləyir: "Mətbuat sözünün obyektivliyi, mötəbərliyi, jurnalist səriştəliliyi və məsuliyyəti bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Onlar hər bir jurnalist üçün davranış normasına çevrilməlidir. Dövrümüzün bu ağrılı-acılı vaxtında mətbuat irəliləyişimizə mane olan hər şeyi cəsarətlə tənqid etməli, nöqsanların aradan qaldırılmasının təşkilatçısı olmalı, hadisələrin ətrafında aşkarlıq yaratmalı, ictimai rəyi formalaşdıran mühüm vasitəyə çevrilməlidir".

Şübhəsiz ki, tənqid məsuliyyət hissinin dərk olunmasından ayrı ola bilməz. Jurnalistin məsuliyyətsiz tənqidi həm özünün, həm də təmsil etdiyi KİV-in nüfuzunu aşağı salmaqla yanaşı, onların hüquqi məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Tənqid insanlarda məsuliyyət hissini möhkəmləndirməyə, nöqsanların qarşısını vaxtında almağa kömək etməlidir. Tənqid kəskin olduğu qədər də məsuliyyətli olmalıdır, çünki o, buya digər məqalədə şəxsi təsəvvürlərin və iddiaların inikası deyildir, həm də ictimai işdir".

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, KİV-də sosial məsuliyyət konsepsiyası əxlaqi, mülki, inzibati, cinayət məsuliyyətlərinin vəhdətindən ibarətdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə kütləvi informasiya vasitələrinin redaksiyası, məsul redaktoru və jurnalistlər, müəlliflər aşağıdakı hallarda mülki məsuliyyət daşıyırlar və bu, Mülki Məcəllənin 23-cü maddəsi ilə tənzimlənir:

* Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

* Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

* Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

* Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

* Mülki Məcəllənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:

"* açıqlanması qanunla qadağan edilən məlumatları açmaq;

* mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməmək;

* qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymaq;

* istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərmək.

İnzibati məsuliyyətə gəldikdə, fiziki, vəzifəli və hüquqi şəxslərə maliyyə cəriməsi edilir".

Cinayət məsuliyyəti yaradan digər hal, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma halıdır. Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən bu halda maliyyə cəriməsi və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İfadə azadlığının məhdudlaşdırılmasının əsas səbəblərindən biri olan milli, irqi, sosialya dini nifrət və düşmənçiliyin salınmasına, habelə, milli ləyaqətin alçaldılmasma, habelə milli, irqiya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə də Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən cinayət məsuliyyəti yaranır.

Eyni əməllər, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə bu məsuliyyətin miqdarı artır və üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

KİV və jurnalistlər gizli informasiyaları - dövlət, kommersiya, istintaq, peşə, şəxsi həyat sirlərini, xidməti istifadə üçün və fərdi məlumatları yaydıqlarına görə məsuliyyət daşıyırlar.

Dövlət sirri "Dövlət sirri haqqında Qanunlar", kommersiya sirri "Kommersiya fəaliyyəti haqqında Qanunla", istintaq sirri müvafiq olaraq əlaqəli qanunlarla, peşə sirləri bu fəaliyyətləri əhatə edən sahə qanunları ilə tənzimlənir. Xidməti istifadə üçün nəzərdə tutulan informasiyalar, fərdi məlumatlar isə "İnformasiya əldə etmək haqqında Qanunda" göstərilibdir.

Dövlət sirri geniş anlayışdır. Qanunun 1-ci maddəsində göstərilir ki, dövlət sirri dövlətin hərbi, xarici, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun 30-cu maddəsində göstərilir ki, "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

"Dövlət sirri haqqında" Qanunun 30-cu maddəsinin 3-cü bəndində (Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması) isə göstərilir ki, bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və rəy verilir. Həmin maddənin 4-cü bəndinə əsasən, vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların bu qanunla bağlı qanuni maraqlarının və hüquqlarının qorunması, mübahisələrə baxılması məhkəmə qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmənin iclasında çıxış edən Pakistanın Preston Universitetinin rektoru, doktor Əbdül Basit demişdir ki, sosial medianın meydana gəlməsi sosial məsuliyyət modelində də yeni mərhələni təşkil edir. Jurnalistikanı vətəndaş və sosial jurnalistikaya bölən müəllif sosial jurnalistikaya dair humanist aspektlərin aşağıdakı istiqamətlərini müəyyənləşdirmişdir:

Sosial jurnalistika:

* Vətəndaşların səlahiyyətlərini artırır. Hazırda vətəndaşların məlumatın əldə edilməsi, redaktəsi və yayılmasına güclü təsiri vardır.

* Jurnalistləri məlumatın əldə edilməsi və redaktəsi işində daha ağıllı və şəffaf olmağa vadar edir;

* Yüksək vəzifə sahiblərini daha məsuliyyətli olmağa məcbur edir. Bu, sosial mediada gedən ictimaiyyətin müzakirəsi hesabına baş verir.

* Demokratik dəyərləri daha da təkmilləşdirir. Çünki sosial jurnalistika açıq və şəffaf prinsiplər üzərində qurulub və vətəndaşların əksər hissəsi bu məlumatlara asan çıxış əldə edirlər".

Göründüyü kimi, sosial medianın yaranması ilə təkcə KİV, jurnalistlərin məsuliyyəti deyil, vəzifəli şəxslərin məsuliyyəti də artır. Sosial medianın siyasi, dini və zərərli manipulyasiyalarından insanları qorumaq üçün hökumətin üzərinə də məsuliyyət düşür.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 4 iyun.- S.15.