Gərgin zəhmət və axtarışın uğuru

 

Uzun illərdir qələmi ilə sözünü deyən və elmi araşdırmaları ilə diqqətdə olan Hacı Tofiq Seyidzadənin bu günə qədər 57 kitabı və 70 qəzet və jurnalda elmi-publisist, tarixi məqalələri işıq üzü görüb. Yorulmadan Azərbaycan tarixini, mədəniyyətini araşdırıb üzə çıxaran H.T.Seyidzadənin məqalələri rus, türkxarici dillərdə nəşr edilib. Onun kitabları apardığı araşdırmalar, gərgin əməyi, zəhmət bahasına ərsəyə gəlib. Böyük Vətən müharibəsi iştirakçıları olan  462 sədərəkli barədə 6 kitab, Aşıq Yusif Cəfərov barədə 5 kitab, Sədərək şairləri haqqında 5 kitab yazıb üzə çıxarmaqla bir pedaqoqjurnalist kimi fəaliyyətinə diqqəti cəlb edir. Hər bir nəşrində oxucu ilə görüşə gəlməsinə səbəb isə yeni fikirlərini bölüşmək olub. Əlbəttə ki, yaradıcı insan üçün bu, böyük sevinc, mənəvi və ruhi qidadır.

Hələ ordu sıralarında ikən yaradıcılıq fəaliyyətinə başlayan H.T,Seyidzadə bu günə qədər də yaradıcılıq axtarışındadır. Qeyd edim ki, o, 15 il pedaqoji fəaliyyət göstərmiş və əməyi layiqli qiymətini almışdır. Belə ki, Hacı Tofiq Seyidzadə Naxçıvan Muxtar Respublikasında ilk dəfə baş müəllim və metodist-müəllim adlarına layiq görülmüşdür. Onun tədqiqatçı kimi baxışları ilə "Sədərək dünya coğrafiyaşünaslarının, diplomatlarının və alimlərinin gözü ilə" kitabında daha yaxından tanış oluruq. Sədərəyin etimologiyasını tədqiq edən müəllif sözün mənasına diqqət yetirərək, onun kəsb etdiyi mahiyyəti oxucuya təqdim etməklə, sözün mənşəyinin tarixi məqamlarını üzə çıxarır. H.T.Seyidzadə XV əsrdə belə bu sözün kəsb etdiyi mənanı üzə çıxararaq, həmin illərdə Sədərəyin mənşəyini oxucuya təqdim edir. "Sədərək əhalisinin sayı və əldə etdiyi kənd təsərrüfatı məhsulları", Sədərəkdə Dədə Qorqud toponimləri", "Sədərək on ildə", "Sədərək məktəbinin uğurları" adlı bölmələrdə müəllif məhz qeyd etdiyimiz məkanın tarixini, inkişaf mərhələsinə işıq salmağa çalışmışdır.

Bu günlərdə respublika yazıçı və şairlərinin, dövlət xadimlərinin, dəyərli ziyalıların, yaradıcı insanların məbədgahı hesab olan Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tarixçi, jurnalist və tədqiqatçı H.T.Seyidzadənin 7 kitabının təqdimatı keçirildi. Bu, əlbəttə ki, yaradıcı insan üçün böyük bir uğurdur. Tədbirdə əməkdar müəllim, tanınmış şair ADPU-nun dosenti, şair Oqtay Rza onun "Azərbaycan şair və yazıçılarının 2007-2014-cü illərdə fəaliyyəti" kitabı haqqında belə deyib:"Mən bu kitabı şair və yazıçıların ensiklopediyası kitabı adlandırıram. Bu kitab çox dəyərli məlumatlarla doludur. Dahi klassiklərimizdən tutmuş bugünkü yazarlarımız barədə dolğun məlumatlar yerini tutub. 7 il müddətində AYB-də olan bütün tədbirləri izləmək, onu qələmə alıb, xərcini çəkib kitab edib oxuculara çatdırmağı mən böyük zəhmət hesab edirəm. Bu zəhmət mütləq öz qiymətini almalıdır. Sevindirici odur ki, bütün bölgələrdən dəyərli yazarlar oxuculara tanıdılır. Bundan böyükola bilər? O, andına sadiq, özü bütöv, sözü bütöv jurnalistdir".

Vurğulayım ki, o, Türkiyədə Beynəlxalq Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Fəxri professor"u adına layiq görülüb. Onun bu günədək 25-dən çox media mükafatı var. O, fəxri jurnalist, "Qızıl Qələm" mükafatı laureatı, Avropa Kitab Nəşr Evinin Qızıl medalçısıdır. Onun barəsində yazılan "Ömür yolum" (Ə.Muxtaroğlu, A.Hacıyev və NDU-nun müəllimləri tərəfindən) kitabında H.T. Seyidzadənin geniş ictimai, elmi fəaliyyəti diqqətə çəkilib və yaradıcılıq axtarışlarına nəzər salınıb.

 

ZÜMRÜD

Səs.- 2015.- 4 iyun.- S.14.