"İlk Avropa Oyunları gənclərin gözü ilə"

 

"SƏS" qəzetində Yeni Azərbaycan Partiyasının bir qrup gəncləri ilə bu mövzuda dəyirmi masa keçirildi

 

Dünən  "SƏS" qəzeti redaksiyasında "İlk Avropa Oyunları gənclərin gözü ilə" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iştirak edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri, rayon təşkilatının gənclər birliyinin sədrinin müavini Ramil Vəlibəyov, ölkəmizdə mötəbər İlk Avropa Oyunlarının keçirilməsini Azərbaycanın idman həyatında, ümumilikdə beynəlxalq nüfuzunda hansı izləri qoyacağına bir daha nəzər saldılar. Çıxışlarda vurğulandı ki, Azərbaycanın uğurları fonunda Avropa Oyunlarına gənclərin gözü ilə baxış ölkəmizin gələcəyinə baxışdır və bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açmaqla, gənclərin daha səylə çalışmalarına stimul verir.

 

Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov:

 

- İlk Avropa Oyunlarının qitə ölkələri arasında məhz Azərbaycanda keçirilməsi xalqımızın qələbəsidir. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi həm də Azərbaycanın tarixinə yazılan ən şanlı səhifələrdən biri olacaq. Həmçinin, I Avropa Oyunlarının təşkil və ona ev sahibliyi etmək, keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla yanaşı, gənclərimizi daha səylə çalışmağa və fəal olmağa həvəsləndirir. Azərbaycanda gənclərin fiziki hazırlığına xüsusi həssaslıqla yanaşılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarında bu sahəyə, xüsusilə idmana qayğı bu gün bəhrəsini verməkdədir. Belə ki, mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycan bu gün növbəti birincilik təşəbbüsünün müəllifi kimi diqqətləri öz üzərinə çəkməkdədir. Azərbaycanın dünyadaAvropada idman dövləti kimi tanındığını dəfələrlə vurğulayan Prezident İlham Əliyevin dediyi kimi, bizim bu sahədə gözəl təcrübəmiz var. Məhz bu baxımdan əminliklə deyə bilərik ki, Birinci Avropa Oyunları da yüksək səviyyədə təşkil olunacaq. Avropa Oyunlarının təşkilat qrupunda fəal iştirak edən şəxs kimi onu demək istərdim ki, Azərbaycan Avropanı qəbul etməyə tam şəkildə hazırdır. Qısa zaman kəsiyində istər infrastrukturda, istərsə də idmançıların, turistlərin  qarşılanmasında aparılan işlər təqdirəlayiqdir. Bakı şəhərinin bütün rayonlarında, o cümlədən də Nərimanov rayonunda görülən işlərdə hər birimiz mütəşəkilliklə iştirak edib, öz töhfələrimizi vermişik. Rayonumuzda təbliğat xarakterli lövhələr quraşdırılıb ki, bu da əhalidə böyük marağa səbəb olub. I Avropa Oyunlarında ölkəmizi 297 idmançı təmsil edəcək ki, onların da 32-si Nərimanov rayonun idmançılarıdır. Bu, bizim üçün qürurvericidir. Ümüd edirəm ki, bütün idmançılarımız Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa, himnimizin möhtəşəm arenada səslənməsinə nail olacaqlar. Çünki bu oyunlar dünyaAvropa idman tarixinə, həyatına böyük bir töhfə, yeni bir çağırışdır. Eyni zamanda, inanırıq ki, ilk Avropa Oyunları ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcəkdir. Həmçinin, Azərbaycan öz həqiqətlərini dünyada tanıdacaq, qonaqpərvərliyini bir daha nümayiş etdirəcəkdir.

 

Bayraq müqəddəsdir, ona hörmət etmək hər birimizin borcudur

 

YAP Nizami rayon təşkilatı aparatının rəhbəri, rayon təşkilatının gənclər birliyinin sədrinin müavini Ramil Vəlibəyov:

 

- Çox sevindirici tarixi gün ərəfsindəyik - İlk Avropa Oyunlarına saylı günlər qalıb. Kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi də deyildir ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son "London-2012" Yay Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü. Eyni zamanda, Azərbaycanın 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və yalnız xalqımıza məxsus digər keyfiyyətlərimizin Avropadünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır. Bakıda keçiriləcək I Avropa Oyunların start götürməsinə sayılı günlər qalır. Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək və 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu mənada, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurudur.

Eyni zamanda, Dövlət Bayrağımız haqqında da fikrimi bildirmək istərdim.  Çünki bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini və kimliyini ifadə edən xüsusi atributdur. Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin bura olan marağını artırıb. Ona görə də, Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altmda, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. Azərbaycanın üçrəngli bayrağı da ilk dəfə məhz 1918-ci ildə ADR dövründə təsis edilib. 23 ay yaşamasına baxmayaraq üçrəngli bayrağımız 1990-cı ildə yenidən əbədi olaraq Naxçıvanda qaldırılıb. Bu gün isə bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır. Azərbaycan bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə bir çox qürurverici məqamlardan xəbər verir: -  Azərbaycan xalqı bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi; -  Bir daha bayrağının milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu; Bakıda üçrəngli Azərbaycan bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibi azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev söyləyib ki, bizim bayrağımız qürur mənbəyımizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.

 

YAP Sabunçu rayon təşkilatının təlimatçısı Nəbi Hacıyev:

 

- Birinci Avropa Oyunları dünya idman tarixində möhtəşəm səhifə olmaqla yanaşı, həm də hər bir Azərbaycan vətəndaşı, gənci üçünü qürurvericidir. Çünki Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək qüdrətində olduğunu uğurlarının fonunda dünyaya nümayiş etdirir. Bu gün ilk Avropa Oyunlarına hazırlıqlar, eyni zamanda, 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək dörd ölkədən biri olan Azərbaycanın nüfuzunun artmasına böyük stimuldur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: "Bu oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir". Həmçinin, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"in dünyanın bir çox ölkələrində keçirilən təqdimat mərasimlərində də bu fikir xüsusi qeyd edilmişdir ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək. Qələbələrin təməli "Bakı-2015" birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Belə mötəbər idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsi həm dövlətimizin, həm də hər bir vətəndaşımızın qarşısına mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrası üçün bütün cəmiyyətimiz sözün yaxşı mənasında səfərbər edilib. Əvvəla, "Bakı-2015" birinci Avropa Oyunlarının təşkilinə böyük investisiya qoyulub. Azərbaycan gəncləri ilk Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyirlər.  Bu fürsətdən yararlanan 10 minlərlə gənc oyunlar zamanı görəcəkləri işlərlə bağlı xüsusi təlimlərdən keçiblər. İlk Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amilinin dayanır. Bu, bizə göstərilən etimadın nəticəsi idi. Biz bundan sözün yaxşı mənasında səmərəli istifadə etməliyik.

 

YAP Nərimanov rayon təşkilatının gənclər birliyinin üzvü Tamerlan Əsgərov:

 

- Xüsusi olaraq vurğulamaq istərdim ki, İlk Avropa Oyunları biz gənclərin potensialını sərgiləməyə yardımçı olacaq. Bütün universitetlərdə, məktəblərdə oyunların mahiyyəti, ölkəmizə gətirəcəyi dividendləri barədə geniş məlumatlar verilərək, gəncləri mötəbər tədbirdə fəal iştirak etməyə çağrılıblar. Bu mənada biz universitet tələbələri olaraq bu yöndə bir sıra işlər görmüşük. İnanırıq ki, bu yöndə bu günə kimi gördüyümüz bütün işlər öz müsbət bəhrəsini verəcək. Azərbaycan Avropa Oyunları zamanı bütün dünyaya müxtəlif mədəniyyətlərə malik ölkələrin insanlarını yüksək qonaqpərvərliklə qarşıladığını nümayiş etdirəcək. Milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə təbliği məqsədilə gənclər də səfərbər olublar. Dünyanın diqqətini Bakıya yönəldən bu mühüm idman bayramının keçirildiyi günlərdə gənclərimiz ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edərək, Azərbaycanın tanıdılmasında mühüm rol oynayacaqlar. Təkcə, sosial şəbəkə üzərindən yaradılan, "Bakı-2015": Avropa Oyunlarına dəstək dostluq qrupu"nun ətrafında artıq 25 minə yaxın gənc birləşib. Burada əsas məqsədimiz Avropa Oyunlarına gənc olaraq dəstək verməkdir. 

 

YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin üzvü Arzu Xəlilova:

 

- Bu gün biz beynəlxalq miqyaslı möhtəşəm hadisənin astanasındayıq. 12-28 iyun 2015-ci il tarixləri arasında Bakıda Birinci Avropa Oyunları baş tutacaq. 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda tez bir zamanda müvafiq hazırlıqlara başlanıb. Ölkə başçısı Cənab İlham Əliyevin idmana və idmançılara diqqəti və qayğısı danılmazdır və hər şey göz önündədir. Həmçinin, ölkəmizin birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da diqqəti, nəzarəti bütün idmançıların üzərində olub. İdmançılarımız hər zaman uğurla qələbələr qazanaraq ölkəmizin adını uca zirvələrə qaldırırlar. Çünki əmindirlər ki, onlara hər zaman dəstək olan Prezidenti və dövləti var. Xalqın həll edilməmiş münaqişə yükübundan irəli gələn böyük problemlərinin mövcud olduğu bir zamanda vaxt məhdudiyyətinə baxmayaraq, ölkəmiz son dərəcə çətin vəzifəni qəbul edərək bütün çətinliklərə sinə gəlməyə bacardı. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı onu idman üçün cəlbedici ölkəyə çevirib. İdmanın inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Paytaxt şəhərdən əlavə rayon mərkəzlərində də gənc vətəndaşların fiziki tərbiyəsində və ümumilikdə ölkədə idmanın davamlı inkişafında rolu olan müasir müxtəlif təyinatlı idman obyektləri - üzgüçülük hovuzları, qapalı və açıq stadionlar, əyləncə və istirahət mərkəzləri mövcuddur. Son dövrlərdə, 2009 və 2014-cü illərdə keçirilən Bədii Gimnastika üzrə Avropa Çempionatı da daxil olmaqla, Bakıda bir sıra beynəlxalq miqyaslı tədbirlər baş tutub. Qusarda və Qəbələdə yeni istifadəyə verilmiş qış idman obyektləri bütün dünyadan turistləri cəlb etməkdə davam edir. Birinci Avropa Oyunları müasirliklə zəngin mədəni irsi bir araya gətirən Xəzərin incisi - Bakıda keçirilir. Yeni tikilmiş binalar - saray, mehmanxanaidman obyektləri müasir Azərbaycanın şövq və ideyalarını təcəssüm etdirir. Azərbaycan heç bir mədəni və dini ayrı-seçkilik yükü altında qalmamaqla öz zəngin tarixi irsini ehtiramla qoruyaraq cəsarətlə gələcəyə baxır. Ona görə də Avropa Oyunları xoşməramlı dünyagörüşün göstərilməsi kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin 18-19 may 2015-ci ildə Bakıda keçirilən Üçüncü Mədəniyyətlərarası Forumun açılışında etdiyi çıxışından sitat gətirmək yerinə düşərdi: "Bu oyunların təşkil edilməsi böyük çağırış idi, lakin Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlarından biridir. Biz 600-dən çox Avropa idmançısını bir araya gətirəcəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq".

Avropa Oyunları nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər zəhmətli bir vəzifənin öhdəsindən gəlməsi çox sevindirici haldır.

 

R.HÜSEYNOVA

 Səs.- 2015.- 4 iyun.- S.11.