"Kənd Təsərrüfatı
İli"ndə meliorasiya və su təsərrüfatı sahəsində
işlər uğurla davam
etdirilir
"Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
HEYDƏR ƏLİYEV
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Respublikada kənd təsərrüfatının hərtərəfli inkişafı üçün əlverişli torpaq-iqlim şəraiti vardır. Ölkənin ümumi ərazisinin təxminən yarısı, yəni 4,53 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Suvarmaya yararlı 3,2 milyon hektar torpaq sahəsinin 1 milyon 435 min hektarı suvarılan sahədir. Bu torpaqların 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz edilmişdir. Respublikada becərilən kənd təsərrüfatı məhsulunun 90 faizə qədəri suvarılan torpaqlardan götürülür. Bu torpaqlardan yüksək və sabit kənd təsərrüfatı məhsulları götürmək üçün mütəmadi olaraq irriqasiya - meliorasiya tədbirlərinin aparılması və onların səmərəliliyinin artırılması tələb olunur. Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axımını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi Ulu Öndərimizin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illərdə Onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarı, 19 hidroqovşaq, 51800 kilometr uzunluğunda suvarma kanalı, 31700 kilometr kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində həyata keçirilsə də, lakin onun genişmiqyaslı, intensiv inkişafına Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanmışdır. O vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz Su Anbarı su-elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil- Muğan Hidroqovşağı, uzunluğu 37 kilometr, saniyədə 80 kubmetr sərfiyyatı olan Baş Mil Kanalı, ümumi uzunluğu 71 kilometr olan Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay Nasos stansiyaları, Naxçıvan Suvarma Sistemi, Qusar rayonunda Caqar-Cibir Magistral Kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay Su Anbarı və digərləri tikilib istismara verildi.
1976-1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən, həcmi 550 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz Su Anbarı, Naxçıvan MR- də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay Su Anbarı, Naxçıvan çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab Su Anbarı, Füzuli rayonunda həcmi 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay Su Anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay Su Anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.
Ulu Öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Belə bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi. Ulu Öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur. Ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq son illərdə sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizm alınmış, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın yüksəlmişdir. Eyni zamanda, 2565 kilometrlik suvarma kanallarının, 1719 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 191,4 kilometrlik sahilbərkitmə işləri, Kür- Araz çaylarında isə 876 kilometr uzunluğunda bəndlərin bərpası və möhkəmləndirilməsi işləri yerinə yetirilmişdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min kilometr suvarma kanallarında, 3-3,5 min kilometr kollektor- drenaj şəbəkələrində 55- 60 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361,4 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır. Suvarma mənbələrindən 8,2 milyard kubmetr su götürülmüş və su istifadəçilərinə 5,8 milyard kubmetr su verilmişdir. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ Kollektoru ilə birləşdirilmişdir.
Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən, ümumi sututumu 268,4 milyon kubmetr olan, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Taxtakörpü Su Anbarının 25 MVt olan SES-lə birlikdə və ümumi uzunluğu 107,9 kilometr olan Taxtakörpü-Ceyranbatan Kanalının tikintisi 2013-cü ildə başa çatdırılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü Su Anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan Kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsinin son vacib mərhələlərindən olan şimal zonasının 6 çayından kanala əlavə su verilməsi məqsədilə cari ildə Qusarçay və Caqacuqçayda sugötürücü qurğuların və nəqledici kanalların tikintisi, Qudyalçayda isə nəqledici kanalın yenidən qurulması işlərinə başlanılmışdır. Eyni zamanda, Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Xızı rayonunda 9609 hektar yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Şabran rayonunda isə layihə-axtarış işləri davam etdirilir.
Ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd Təsərrüfatı İli" elan edilməsi haqqında" 12 yanvar 2015-ci il tarxli Sərəncam imzalanmış, Prezidentin 3 aprel 2015-ci il tarixli Sərancamı ilə "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd Təsərrüfatı İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Cənab Prezident bu ilin "Kənd Təsərrüfatı İli" elan edildiyini, ölkədə ərzaq təhlükəsizliyinin birinci məsələ olduğunu, kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görüldüyünü, islahatların aparıldığını, son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərildiyini bildirmiş, ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, yeni suvarma kanallarının çəkilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı səhmdar cəmiyyəti qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə səhmdar cəmiyyəti tərəfindən lazımi tədbirlər uğurla həyata keçirilir. 2015-ci ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Hazırda respublikanın su anbarlarında 14,6 mlrd.kvm su yığışmışdır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 mlrd.kbm çoxdur. Mingəşevir, Şəmkir, Araz su anbarlarında ötən ildəkindən artıq su toplanmış, Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının əkin sahələrinə xidmət edən Ağstafaçay Su Anbarında ötənilki dövrlə müqayisədə 66,2 mln kbm artıq su yığılmış, ötən il istifadəyə verilmiş Şəmkirçay su anbarında 57,0 mln. kbm su toplanmış, Qazax rayonu ərazisində yerləşən Coqazçay Su Anbarı tam həcmdə doldurulmuşdur. Sudan istifadə planına əsasən, 2015-ci ildə ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 536426 ha sahədə taxıl, 24197 ha sahədə pambıq,1094 ha sahədə tütün, 468414 ha sahədə yem bitkiləri, 77320 ha sahədə bostan-tərəvəz, 97356 ha sahədə çoxillik bitkilər və 158881 ha həyətyanı sahələrin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 1 aprel 2015-ci il tarixdə 518077 hektar sahədə taxıl orta hesabla 1,3 dəfə suvarılmışdır. Suvarma işləri hazırda da davam etdirilir. Suvarma mövsümünə hazırlıqla əlaqədar səhmdar cəmiyyətin yerli istismar idarələri tərəfindən 3315 hidrotexniki qurğu, 572 hidropost, 135 nasos, 137 elektrik və dizel mühərriki, 2750 subartezian nasosları, suvarma və kollektor-drenaj şəbəkələrində 28950 mln.kbm həcmində lildən təmizləmə işləri aparılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyətilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaqlar.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Səs.- 2015.- 4 iyun.-
S.10.