Sosial media vətəndaş cəmiyyəti və hüquqi dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması vasitəsi kimi

 

Qərb tədqiqatçısı Tim O'Relli sosial medianın səmərəliliyin müxtəlif təsir  formalarını göstərir. O, buraya "rəsmi şəxslər və onların seçiciləri arasındakı yazışmadan tutmuş, fərdlərə gündəlik qaydada vacib siyasi müzakirələrdə iştirak etmək imkanının verilməsini" daxil edir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, sosial media cəmiyyətdə və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə kifayətlənmir. O, insan hüquqlarının pozulmasına diktator rejimlərin amansızlığına qarşı çıxan və bu barədə dünyada obyektiv informasiya yayan bir vasitədir. Sosial mediada hər hansı yerli informasiya milli və beynəlxalq informasiyaya çevrilir: "Ən uzaq regionda belə hansısa hadisə baş verəndə hökumət təsirli  nəzarət mexanizmini işə salmamış xəbərlər çox sürətlə yayılır. Sosial media insanların öz hökumətlərinin fəaliyyətlərində şəffaf olmağa məcbur edən, avtoritar rejimlərdə demokratiyanın yayılması, demokratik rejimlərdə isə onun qorunması üçün təsirli vasitədir. Sosial medianın fikir azadlığının tam təmin etməsinin təhlükəli tərəfi ondan terrorçulardan tutmuş cinayətkarlara qədər zərərli insanların öz məqsədləri üçün istifadə etmələridir".

Sosial mediadan ifrat millətçilərin informasiya müharibəsində istifadəsi təhlükəli məqamlardan xəbər verir. Buna görə mütəxəssislər "sosial medianı birbaşa hökumətin nəzarətindən kənarda saxlamağın vacibliyini" tövsiyə edirlər. Qeyd olunur ki, "informasiya açıq və qərəzsiz şəkildə yayılmalı, insanlara qərar qəbul etməkdə kömək etməli, faktları öz xeyirləri üçün təhrif etmək istəyənləri isə ifşa etməlidir. Parlamentlər sosial media istifadəçilərini cəzalandıran qanunlar hazırlayarkən diqqətli olmalıdırlar. Nəzarət vasitələri etik qaydalardan kənara çıxmamalıdırlar. Eyni zamanda, sosial mediadan zorakılıq da daxil olmaqla qeyri-qanuni məqsədlər üçün istifadə edənlər müvafiq qanun verdiyi qaydada cəzalandırılmalıdırlar".

Buradan göründüyü kimi, B.Quliyev yazır: "1) sosial media: a) kütləvi informasiya azadlığını həyata keçirməli; b) həqiqi, obyektiv informasiya ilə insanlara gələcək fəaliyyətlərində yardım etməli; v) informasiyadan sui-istifadə edənləri tənqid etməli; 2) hökumət və dövlət orqanları isə: a) KİV-in, sosial medianın fəaliyyətini ədalətli qanunlarla tənzim etməli; b) jurnalistlərin etik qaydalara riayət etmələrini təmin etməli; q) sosial mediadan qeyri-qanuni istifadə edənləri məsuliyyətə cəlb etməlidir".

KİV-in dövlət və cəmiyyət sistemindəki yerini qiymətləndirən Ulu Öndər  Heydər Əliyev mətbuat işçilərinə 1999-cu il 21 iyul tarixli məktubunda yazırdı: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar olmasında, sivil vətəndaş cəmiyətinin formalaşmasında, islahatların həyata keçməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir".

Ulu Öndər ictimai həyat sisteminin bütün sahələrində ictimai-siyasi, iqtisadi və mənəvi-mədəni sahələrdə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun gerçəkləşməsi prosesində KİV-in rolunu yüksək dəyərləndirirdi.

Ulu Öndərin toxunduğu ikinci mühüm məsələ ondan ibarətdir ki, O, müstəqil KİV-ni dövləti və müxalifəti təmsil etməsindən asılı olmayaraq obyektivliyə, milli-dövlət maraqlarını ifadə etməyə çağırırdı: "Bu işdə, yəni demokratiyanın inkişaf etdirilməsində, söz azadlığı, mətbuat azadlığını Azərbaycanda həqiqətən təmin etmək üçün mətbuat orqanlarının çox böyük imkanları var... Mətbuat, ya müstəqil mətbuat olsun, yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir. Məsələn, bütün mətbuatın, təkcə müstəqil mətbuatın yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının da məhz bu yolla getməsini istəyirəm... Dövlət mətbuatı yalnız iqtidarı təbliğ etmək, iqtidarın qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməlidir. O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkara çıxarmalıdır, tənqid etməlidir".

Ulu Öndər bütün demokratik KİV-in cəmiyyət və dövlətin mənafeyini ifadə etməsini, onların dövlət orqanlarının fəaliyyətinə müsbət təsir etməsini arzulayırdı. Yalnız belə olduqda dövlət, cəmiyyət, KİV qarşılıqlı əlaqədə, qarşılıqlı təsir şəraitində demokratikcəsinə inkişaf edə bilər.

Azərbaycan Respublikasında KİV haqqında demokratik dövlət siyasəti nəticəsində dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. "Müasir dövrdə ictimai fikrin formalaşması və ifadə olunmasını təşkil edən təsirli vasitə kimi KİV-lərin cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə də onların fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən birini təşkil edəcəkdir".

KİV, cəmiyyət və dövlət əlaqələri müsbət və mənfi xarakter daşıya bilər. Dövlət KİV-ə təsir edərək mərkəzləşməyə yol verirsə, onun sərbəst fəaliyyətini məhdudlaşdırırsa, bu dövlət siyasətinin hansı məqsəd daşımasından asılı olmayaraq KİV-in fəaliyyətini qeyri-demokratik qeyri-müstəqil istiqamətə yönəldə bilər. "Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan insanların informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün istiqamətləndirən, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin media siyasətinin əsas fəlsəfəsini təşkil edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövründə media sahəsində uğurlar qazanıldığını, azad, müstəqil KİV, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun vəhdət təşkil etdiyini diqqətə çatdıraraq Mətbuat Şurasının yeni binasının açılışında iştirakı zamanı çıxışında demişdir: "Azərbaycan dövləti bu sahədə (KİV sahəsində - B.Q.) çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Bütövlükdə mətbuat azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyükuğurlu yol keçmişdir... Yəni Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülüb, dövlət konsepsiyası qəbul edilibdir".

B.Quliyev belə qənaətə gəlir ki, KİV-in dövlət və cəmiyyət sistemində yeri məsələsinin təhlili göstərir ki, bu proses qarşılıqlı təsir və qarşılıqlı əlaqə şəraitində gedir. Bir tərəfdən dövlət demokratik, azad, müstəqil KİV-in yaranması üçün qanunverici baza yaradır, konsepsiyalar hazırlayır, onlara maddi və mənəvi dəstək verir. KİV dövlət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirir, nöqsanları aşkara çıxarır, vətəndaş cəmiyyətinin strukturunda əsas, həlledici, hətta "dördüncü hakimiyyət" statusu qazanan təsisatlardan birinə çevrilir. Azad, demokratik, müstəqil media, güclü hüquqi dövlət və vətəndaş cəmiyyəti, azad, bilikli, müasir, siyasi, mədəni-mənəvi səviyyəsi yüksək olan vətəndaş hər bir ölkəyə dünya miqyasında imic qazandıran amillərdir.

Ölkəmizdə demokratik, azad mətbuatın, sözfikir, məlumat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın, milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının təbliğində, Azərbaycan vətəndaşlarında vətənpərvərlik, tolerantlıq hisslərinin formalaşmasında həlledici rol oynayır, demokratik-milli dəyərlərin və plüralizmin təşəkkülünə təsir göstərir. İqtidar Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşmasını, milli birliyin, dövlətçilik şüurunun və psixologiyasının möhkəmlənməsini siyasi mətbuat vasitəsilə təmin edir.

Azad mətbuat orqanları vasitəsilə obyektivliyə və reallığa əsaslanan həqiqətlər, dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti, plüralist siyasi informasiya cəmiyyətə  xalqa çatdırılır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xaricidaxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətlinə çevrilir.

Dövlət tərəfindən yardım edilən demokratik mətbuat milli şüuru, milli özündərki gücləndirir, xəlqilik, humanizm, sosial ədalət ideyalarını təbliğ edir, sözfikir azadlığı, obyektiv tənqid və özüntənqid mühiti, sağlam ictimai rəy formalaşdırır. Bir sözlə, azad mətbuat xalqın və vətənin mənafeyini, dövlət və milli maraqları müdafiə edir, yeni, mütərəqqi ideyalara, müxtəlif fikirlərin ifadəsinə, iqtidar-müxalifət münasibətlərinin sağlam əsaslar, sağlam rəqabət üzərində qurulmasına geniş yer verir. Ölkə mətbuatı yeni, demokratik, hüquqi, unitar, dünyəvi Azərbaycanın ən azad, açıq, mütərəqqi orqanıdır.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 5 iyun.- S.15.