Hüquqi dövlət quruculuğu
mərhələsində kütləvi informasiya
vasitələrinin ictimai şüura
təsiri
Hüquqi dövlət prosesində media sistemində dəyişikliklər, inkişaf və yeniləşmə baş verir. Media sistemi dedikdə informasiya istehsal edən və yayan, onları insanlara, cəmiyyətə, dövlət orqanlarına çatdıran təsisatların məcmusu başa düşülür. Müasirləşmiş siyasi həyatın KİV-ın informasiya məkanında əks olunması ilə mediasiyasi sistem kimi fəaliyyət göstərir. Bu sistem informasiya axınlarını və kanallarını idarə edən ictimai rəyi formalaşdıran siyasi və media təsisatlarının məcmuusundan ibarət sistemdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhrüz Quliyev yazır ki, modernləşmə, demokratikləşmə, hüquqi dövlət mediası ilə yanaşı, özündə iqtisadiyyatın bir sahəsinə çevrilən, xüsusi mülkiyyət təsisatını təcəssüm etdirən KİV də yarandı. Onların iqtisadi fəaliyyəti informasiyanın toplanması, istehsalı və satışına əsaslandı. KİV bazar iqtisadiyyatının qanunlarına tabe oldu. Media özünün iqtisadi gücünün və sosial-mədəni təsirinin artımı sayəsində dövlətin təsirindən nisbi də olsa azad ola bildi. Massmedianın bazar iqtisadiyyatına doğru inkişafı onun fəaliyyətinə siyasi müdaxiləyə son qoymayıb. Modernləşmə prosesi şəraitində mətbuat azadlığının iqtisadi tərəfi onu milli-mənəvi dəyərlərin təbliği ilə yanaşı, əxlaqi deqradasiya ilə qarşılaşdırdı. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz.
B.Quliyevin fikrincə, vətəndaş cəmiyyətinin yeniləşməsi KİV-i də modernləşdirdi. Yeni tipli iqtisadiyyatın müxtəlif modeli massmediada da müəyyən struktur və münasibətlərin yaranmasına səbəb oldu. Demokratik şəraitdə KİV özəl təsisatlar, vətəndaş cəmiyyəti, çoxpartiyalılıq, plüralizm mühitində fəaliyyətə başladı. Siyasi, iqtisadi, mədəni-mənəvi, ideoloji transformasiya şəraitində KİV ideologiyadan azad olmuş əhali arasında informasiya yaydı. İctimai həyatın bütün sahələrində yeni əxlaq, yeni ideologiya, yeni vərdiş, yeni zövqlər formalaşdı. Transformasiya prosesi dəyər yönümündə dəyişikliklərə səbəb oldu. Məlum olduğu kimi, dəyər yönümü insanın əxlaqi şüur və davranışının əsas komponentidir. Dəyər yönümü anlayışında şəxsiyyətin həyat mövqeyinə və dünyaduyumuna təsir edən bütöv ideya-dünyagörüşü, siyasi və mənəvi dəyərlərin kompleksi əks olunur. Dəyər yönümü mənəviyyatın subyektinin bütün davranış formaları motiv və stimullarının tərkibinə daxil olub onların məna və istiqamətini müəyyənləşdirir.
Dəyər yönümü mühüm komponent kimi əxlaqın strukturuna daxildir.
XX əsrin sonlarında 70 il sovet cəmiyyətində hökm sürən dəyər yönümlü "kommunist əxlaqı" süquta uğradı. İctimai həyatda yeni dəyər yönümü milli-mənəvi dəyərlər bərqərar oldu. Dil, din, mənəviyyat, milli əxlaq, mentalitet mədəniyyətin daxil olduğu milli-mənəvi dəyərlərin formalaşmasında KİV-in mühüm rolu oldu. İctimai rəy üzərində avtoritarlığın aradan qaldırılmasında, milli dəyərlər, ənənələr, mentalitetin, sosial-mənəvi, mədəni-psixoloji amillərin yaranmasında media müstəsna rol oynayır. "Cəmiyyətdə həm fərdlərin, həm də qrupun davranışlarında KİV-in təsiri əks olunduğundan, ona insanın özünü ikinci dəfə yaratma və formalaşdırma vasitəsi kimi baxıla bilər. İnsanın konstruktiv, yaxud destruktiv şəkildə üzə çıxması qəbul etdiyi informasiyanın çəkisindən asılıdır".
İnsanda əxlaqi deqradasiyaya məhz KİV-in yaydığı informasiyanın xarakteri və istiqaməti səbəb olur. Modrenləşmə prosesi KİV-də müsbət, mütərəqqi cəhətlərlə yanaşı problemlər də yaradır. Yalan informasiyalar, uydurmalar yayan KİV cəmiyyətdə əxlaqi deqradasiyaya səbəb olur. "Uydurmalar xalqa həqiqi hadisələr kimi, qəhrəmanlar düşmən, düşmənlər qəhrəman kimi təqdim edilir. Getdikcə cəmiyyətdə mənəvi deqradasiya güclənir. Yalanla idarə edilən cəmiyyətlərdə mənəviyyatsızlaşma, riyakarlıq, ikiüzlülük, yaltaqlıq adi həyat normasına çevrilir, vətəndaşlarda zorakılığa, cinayətkarlığa meyil yaranır.
Yalan və saxta informasiyalarla vətəndaşlarını idarə etmək totalitar cəmiyyət üçün xarakterikdir. Totalitar cəmiyyətdə informasiya üzərində hakimiyyətin inhisarı hökm sürür, KİV üzərində total nəzarət mövcuddur, fikir müxtəlifliyinə dözümsüzlük, ideya əleyhdarlarına düşmən münasibət bəslənir. Totalitarizm şəraitində ictimai rəy rəsmi siyasi qiymətləndirmə ilə əvəz olunur, siyasi sistem hədsiz ideologiyalaşır, ictimai həyatın totalitar siyasiləşməsi güclənir.
Transformasiya, demokratikləşmə, modernləşmə KİV-də öz əksini taparaq ictimai həyatı obyektiv, milli-mənəvi, liberal-demokratik dəyərlərlə təmin etdi. Hələ totalitarizmin tüğyan etdiyi dövrdə 1974-cü ildə yazdığı "Yalansız yaşamaq" əsərində Aleksandr Soljenitsın yalana qarşı mübarizənin və yalana nökərçilikdən xilas olmağın yollarını göstərmişdir. Müasirlərə və gələcək nəslə layiq adam olmaq üçün o:
* daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın;
* yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə... nə özündən desin, nə kağızdan oxusun;
* özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə "yuxarılardan" şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin;
* informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın".
Müəllif doğru olaraq ictimai həyatın bütün sahələrində yalana, xüsusən qeyri-obyektiv, saxta KİV-ə qarşı "Qandisayağı vətəndaş itaətsizliyi" göstərməyi təklif edir.
Görkəmli Qərb filosofu Kose Orteqa-i-Qasset "Kütlələrin üsyanı" əsərində Avropanın öz mənəvi qüdrətini, öz tarixi enerjisini itirdiyinə işarə edərək yazır ki, problem ordadır ki, Avropa əxlaqsız qalıb... "İndi Avropada "yeni eposdan" olan bir insan tapılmaz ki, hər hansı bir ehkamı qəbul etsin. Kim "yeni əxlaqdan" danışırsa, o, sadəcə olaraq, hər hansı əxlaqsızlığa yol verir...
Buna görə də müasir insanı əxlaqi kodeksi olmadığına görə təqsirləndirmək sadəlövhlükdür... Mənəviyyatsızlıq olduqca ucuzlaşıb və hər kəs onunla lovğalanır".
Müəllifi Avropanı bürümüş "yeni əxlaq" adı altında əxlaqi deqradasiya və deformasiya çox narahat edir. Tənəzzül edən və yeni yaranan iki əxlaq kodeksi, iki sivilizasiya arasında mübarizə kimi təsvir olunan hazırkı böhranlı dövrü ideallaşdırmamağı tövsiyə edən ispan mütəfəkkirinin fikrincə, "insan kütləsi sadəcə olaraq, əxlaq olmadan ötüşür, çünki hər cür əxlaq öz əsasına görə nəyəsə tabe olmaq hissinə, borc və xidmət şüuruna malikdir... lakin əxlaqdan azad olmaq o qədər də asan məsələ deyildir. "Qeyri-əxlaqi" mənasını verən söz, əslində mövcud deyildir. Kim ki, normaları inkar edir, o, əxlaqın özünü də rədd etmiş, onun əksinə getmiş olur, bu, artıq qeyri-əxlaqi deyil, anti-əxlaqidir, əxlaqın əksinədir, mənəviyyatsızlıq deyil, mənəviyyata qarşıdır. Bu həqiqi, müsbət əxlaqın yerini tutan mənfi, inkaredici əxlaqdır".
Müəllif Avropa mədəniyyəti və əxlaqının mənəvi böhranının səbəbini üzdən "parlaq", lakin kökü olmayan mədəniyyəti onun kor-koranə qəbul etməsində görür.
Qərbdə azad, müstəqil mətbuat əxlaqi deqradasiya, ictimai bəlalar, zorakılıq, parnoqrafiya mövzularını geniş işıqlandırır. Hələ XX əsrin ikinci yarısında ABŞ-da ölkəni sosial bəlalardan xilas olmaq üçün dövlət səviyyəsində ciddi müzakirələr keçirildi. 1968-ci ildə ABŞ prezidenti Lindon Conson Amerikada özbaşınalığın səbəbləri və qarşısının alınması məsələsinə dair Milli Komissiya yaratdı. 1969-cu ildə ABŞ-da media məsələləri üzrə komissiyanın "Zorakılıq və media" mövzusundakı məruzəsində Amerika mediası zorakılığı təbliğ etdiyi üçün ciddi tənqid olundu. Bəzi tədqiqatçılar mediada toxunulan zorakılığın yüksək mərhələlərini araşdırmağa çalışdılar. Belə qənaətə gəlindi ki, media insanlarda aqressiv davranışın təşəkkülünə səbəb ola bilər, zorakılığa meyili gücləndirər. Bu tədqiqatçılarda bəzi medianın zəncilər, latın amerikalıları və qadınların ənənəvi stereotiplərinin necə təsvir etdiyi də aşkar edildi.
1967-ci ildə ABŞ Konqresi Əxlaqsızlıq və Parnoqrafiyaya dair Komissiya təşkil etdi və öz məlumatlarını 1970-ci il sentyabrın 30-da təsdiq etdi. Məlumatlar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi vətəndaşlar və siyasətçilər ona qarşı çıxdılar. Komissiyanın nəticələri ciddi tənqid olundu və onun təklifləri nəzərə alınmadı. Komissiya üzvləri yekdil fikir qəbul edə bilmədilər və aşağıdakı nəticələrə gəldilər:
1. Qanunvericiliyi olmayan bəzi bölgələrdə parnoqrafik materialları yayan əsas media kağız kitablardan, jurnallardan və filmlərdən ibarətdir. Bununla yanaşı, yeni kasetli videomaqnitofonların istehsalı sayəsində parnoqrafik materialların evlərdə istifadəsi daha əlverişli hesab olunur.
2. Qanunvericiliyi olan bölgələrdə parnoqrafik materialların satışını qadağan edən bütün yerli və dövlət qanunları, eləcə də federal qanunlar böyüklərin razılığı əsasında ləğv edilməlidir.
Komissiyanın üzvləri parnoqrafiyanın amerikalıların həyat tərzinə çevrildiyini, hətta bəzən onun müsbət qarşılandığını da "əsaslandırmağa" çalışdılar:
* Parnoqrafik materialların cəmiyyətə zidd münasibətlərə və qeyri-normal davranışa səbəb olması haqqında empirik dəlil yoxdur;
* Getdikcə daha çox insanlar (əsasən orta yaşlı, orta əmək haqqına malik və ali təhsilli kişilər) parnoqrafiyadan əyləncə və informasiya məqsədilə istifadə edirlər. Bu materiallar sağlam cinsi əlaqələrdə müsbət təsirə malik amil kimi qəbul edilir;
* İctimai fikrə dair tədqiqatlar sübut edir ki, yaşlı amerikalıların əksəriyyəti parnoqrafiyadan istifadə olunma üzərində qanuni məhdudiyyət qoyulmasını istəmirlər və parnoqrafik materialın yayılmasına nəzarəti həyata keçirməyə qanuni cəhdlər uğursuzluğa düçar olur;
* Əxlaqsızlığa dair qanunlar ABŞ Konstitusiyasının təsdiq etdiyi söz azadlığı qanununa ziddir.
KİV ictimai şüura təsir edərək insanların mənəviyyatında əxlaqsızlıq və aqressiv davranış yaranmasına səbəb olur. Parnoqrafik materail insanda cinsi oyanmaya həvəs yaradan vasitədir. "Son tədqiqatlar göstərir ki, kişi və qadınların reaksiyası getdikcə bir-birinə çox oxşayır və parnoqrafiyanı seyr etmə nəticəsində yaranmış oyanma mərhələləri onların başqalarının cazibədarlığını və əksinə dərk etməsinə təsir edir".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 9 iyun.-
S.23.