15 İYUN
QURTULUŞ TARİXİ - XAOSDAN SABİTLİYƏ VƏ
İNKİŞAFA DOĞRU
Tarixdə elə günlər, elə hadisələr var ki, böyük bir xalqın, bir ölkənin taleyini müəyyənləşdirir, yeni bir dövrün, həlledici mərhələnin başlanğıcı, istinad nöqtəsi olur. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox dəyərlidir. Milli Qurtuluş Günü sadəcə təqvimdə göstərilən bayram deyil. O, həmçinin böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir tarixdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa- dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
Tale elə gətirib ki, müstəqilliyimizin ilk illəri - 1992-1993-cü illər müasir tariximizə hərc-mərclik, özbaşınalıq, avantürizm dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Belə bir vaxtda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Ulu Öndərin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Elə o vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri Naxçıvanda bütün əmlaklarını qoyaraq muxtar respublikanın ərazisini tərk etdilər. Qonşu Türkiyə və İranla münasibətlər normallaşdırıldı. Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı. İranla sərhəddə keçid və ticarət məntəqələri yaradıldı. Məhz o vaxtlar Heydər Əliyev Naxçıvandan Ali Sovetə deputat seçilmişdi. Bu dahi və uzaqgörən şəxsiyyət Milli Məclisdə dəfələrlə çıxış edərək SSRİ-nin tezliklə dağılacağını bəyan etsə də, səbatsız iqtidar bu fikirlərə məhəl qoymurdu. O, Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini Ali Sovetin tribunasından dəfələrlə tənqid edirdi. Beləliklə, zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübuta yetirdi. Azərbaycan tezliklə öz dövlət müstəqilliyinə qovuşdu. Təəssüflər olsun ki, nə Mütəllibov hakimiyyəti, nə AXC-Müsavat cütlüyü üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmədilər. Bəziləri ölkənin müstəqillik əldə etməsini özlərinin nailiyyəti kimi qələmə verməyə çalışır, bəziləri isə fikirləşirdilər ki, müstəqil olaq, ya yox?!
Heydər Əliyev 15 iyun tarixi barədə danışakrən vurğulayıb ki, bu hadisə zərurətdən doğan bir faktor idi. Belə ki, 28 May Respublika Günü münasibətilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".
Müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial - iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli Fərmanında bu barədə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə bu barədə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi-siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Belə bir şəraitdə xalqın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdilər. Müdrik və uzaqgörən xalqımız möhtərəm Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu Lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Ancaq bu ərəfələrdə AXC-Müsavat iqtidarının günahı üzündən Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir gündə - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir vaxtda möhtərəm Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Tezliklə Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar.
1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək tarixi nitqini söylədi: "...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da, onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək".
Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. "Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 17-də 15 iyunun Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış edəndə deputatlar təklifimi dərhal müdafiə etdilər. 10 gün sonra - iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi"- Ulu Öqdər Qurtuluş Gününün elan edilməsi ilə bağlı çıxışında bildirmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda əsasını qoyduğu milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakilə azad və demokratik seçkilər keçirildi.
Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi Cənab İlham Əliyevin əlindədir. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq.
Söz yox ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bir çox mötəbər beynəlxalq təşikilatlarda söz sahibinə çevrilib. Paytaxt Bakı dünyanın mərkəzi kimi bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əbəs yerə deyil ki, Azərbaycan xarici ölkələrdə bir qüdrətli dövlət, güclü ölkə kimi qiymətləndirilir. Bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır.
Artıq Bakı Avropa qitəsində ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək üzrədir. Ümumiyyətlə, Avropa dövlətlərinin birinci oyununa ev sahibliyinin özü böyük bir qələbədir və eyni zamanda, 49 ölkədən 6 minə yaxın idmançını dəvət etmək, onların belə yarışını təşkil etmək, əlbəttə, bir nüfuzdur və bunu yüksək səviyyədə keçirmək bir daha Azərbaycanın istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən, istərsə də idman sahəsində necə böyük nailiyyətlər əldə etməsini dünyaya göstərməkdir. Oyunlarla bağlı idmançılardan başqa, ölkəmizə yüz minlərlə turistin, eyni zamanda, on minlərlə könüllünün gəlməsi belə anlama gəlir ki, sanki Azərbaycan bir açıq qapı günü elan edir. Azərbaycan bəyan edir ki, buyurun, bu bizik və biz bu işlərə qadirik, bu oyunları keçirmək iqtidarındayıq. Bu baxımdan, əlbəttə, birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük nailiyyətdir, qələbədir.
Əlbəttə ki, burada ölkəmizin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyəti özünəməxsus yerlərdən birini tutmaqdadır. Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, tikilərək istifadəyə verilməsi, Atletlər Kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır.
Son olaraq onu da vurğulamaq yerinə düşərdi ki, bu il xalqımız üçün iki bayram bir möhtəşəmlikdə birləşib. 15 İyun Milli Qurtuluş Gününü qeyd edəcək xalqımız, onun ardınca, I Avropa Oyunlarının açılışını böyük iftixar hissi ilə yaşayacaq. Bu münasibətlə bütün Azərbaycan xalqını qarşımızdan gələn bayramlarımız münasibəti ilə ürəkdən təbrik edirəm, BAYRAMLARINIZ MÜBARƏK, BÖYÜK VƏ QÜDRƏTLİ AZƏRBAYCAN XALQI!
ZƏRİFƏ
QULİYEVA,
YAP
Qaıdınlar Şurası İdarə Heyətinin üzvü
Səs.- 2015.- 9 iyun.-
S.14.