Hüquqi dövlət quruculuğu
dövründə KİV-də milli-mənəvi dəyərlərimizin
təbliği
Azərbaycan xalqı öz milli-mənəvi dəyərləri - dili, dini, milli xarakteri, mənəvi mədəniyyəti, xalq ənənələri, adətləri, sosial-etik normaları - saflığı, qonaqpərvərliyi, ədalətliliyi, mərhəmətliliyi, tolerantlığı ilə dünya xalqları arasında seçilir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, müstəqillik əldə etdikdən sonra demokratiya, hüquqi dövlət, vətəndaş və cəmiyyəti quruculuğu yolu ilə gedən, söz, fikir azadlığı, plüralizmin bərqərar olduğu ölkəmizdə müasir qloballaşma dövründə milli-mənəvi dəyərlərin, mədəni-mənəvi sərvətlərin yenidən dəyərləndirilməsi prosesi gerçəkləşdirilir. Bu yenidən dəyərləndirmədə bir neçə amil əsas rol oynayır:
1. Vərdiş və adətlərin, onların təhlilini, cəmiyyətin və insanların indiki yaşayış və həyat tərzinə nə dərəcədə uyğun olub-olmamasını aşkarlamaq;
2. Adət-ənənələrin saf-çürük edilərək, onların tərəqqi və inkişafa müsbət və mənfi təsir göstərən cəhətlərini müəyyənləşdirmək;
3. Müsbət cəhətlərini daha da dolğunlaşdırmaq, mənfi və köhnəlmiş cəhətləri atmaq;
4. Dinin və dini etiqadın sərbəst buraxılması və vətəndaşların öz seçimlərinə verilməsi ilə əlaqədar olaraq dini fanatizmin və xurafatın yayılmaması üçün islam dininin həyati və humanist dəyərlərini mövhumatdan təmizləmək".
Milli-mənəvi dəyərlərin yenidən qiymətləndirilməsi və yeni liberal demokratik dəyərlərin inkişafı və təbliğində KİV həlledici rol oynayır. "Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar.
KİV ana dilinin normalarını gözləməklə onu inkişaf etdirir, milli-mənəvi dəyərləri ölkə və dünya səviyyəsində təbliğ edir, xalqın milli birliyini və beynəlxalq səviyyədə həmrəyliyini möhkəmləndirir, vətəndaş, xalq, dövlət və cəmiyyətin qarşılıqlı əlaqələrini gücləndirir. İnkişaf etmiş demokratik ölkələrdə olunduğu kimi, Azərbaycanda da KİV-ə mənəvi və dövlət nəzarəti zərurətə çevrilir. Akademik R.Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində KİV-də xüsusən televiziya və radio verilişlərinin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar, vəziyyətdən çıxış və problemlərin həlli yollarını göstərmişdir.
Azərbaycan qanunvericiliyində proqramların keyfiyyətli, təsirli olması, uşaqların ictimai şüuruna mənfi təsir edən verilişlərin qadağan olunması, maarifçilik və mədəniyyət məsələlərinə, milli-mənəvi dəyərlərin qorunmasına üstunluk verilməsi əsas yer tutur. R.Mehdiyev Azərbaycan efir məkanındakı aşağıdakı nöqsan və çatışmazlıqları göstərir:
"* Aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznesin, mentalitetimizə zidd verilişlərin nümayiş etdirilməsi;
* aparıcı probleminin kəskinləşməsi, istedadsız, bayağı, açıq-saçıq danışıqlı, qeyri-peşəkar aparıcıların çoxluğu;
* analitik verilişlərin azlığı;
* milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplərin artması;
* Azərbaycanın aparıcı kanallarının maraqsız, bayağı, mənasız verilişlərinin nəinki ölkə daxilində, həmçinin, peyk-antenna vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlamaları".
Müəllif problemlərdən çıxış yollarını da diqqətə çatdırır;
"ölkədə teleradio fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onun Avropa və dünya standartlarına uyğunlaşdırılması;
* Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətlərini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir".
KİV-in əsas yüksək cəhətlərindən biri milli-mənəvi dəyərlərin qorunması və təbliğidir. KİV Azərbaycanın mənəvi dəyərlərindən olan tolerantlıq modelinin və tolerant şüurunun formalaşmasında əsas rol oynayır. Tolerantlıq təkcə milli-mənəvi dəyər deyil, Qərbin yüksək qiymətləndirdiyi ümumbəşəri dəyərlərdən hesab olunur. Avropa Şurasının "Jurnalist azadlıqları və insan hüquqları" haqqında Bəyamnnaməsinin 7-ci prinsipində "irqə, cinsə, dilə mənsubluq, dini, siyasi və digər inanclara, milli, regional və sosial mənşəyə əsaslanmaqla zorakılığın, nifrətin, dözümsüzlüyün və ya ayrı-seçkiliyin istənilən formasının tətbiq olunmasından imtina", yəni dini və milli tolerantlıq öz əksini tapmışdır. Azərbaycan "din və inanc əsasında ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv olunması haqqında", eləcə də, "Tolerantlıq prinsipləri" bəyannamələrinin tələblərinə sadiq ölkədir.
KİV tolerantlığın - mədəniyyətlərin, dinlərin, svilizasiyaların, xalqların müxtəlifliyinə hörmət və dözümlülük hissinin bərqərar olunmasında güclü amil olmalıdır. Media irqçilik və qeyri-tolerantlıq - intolerantlıqla mübarizədə ən kəsərli silahdır. Hamıya məlumdur ki, dünyada baş verən münaqişələr, milli, dini toqquşmalar məhz intolerantlığın mövcud olduğu regionlarda baş verir. Bunun ən bariz nümunəsi qonşu təcavüzkar Ermənistandır. İntotolerantlığın, terrorun, düşmənçilik və ayrı-seçkiliyin dövlət səviyyəsində gerçəkləşdiyi bu ölkədə yad dinlərə, yad millətlərə yer yoxdur. Milli və dini ayrı-seçkilik, dözümsüzlük və nifrət ruhunda yaşayan Ermənistan ancaq ermənilərdən ibarət monomilli regionlardan biridir.
Azərbaycanın tolerantlıq modeli bütün beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən dinlərarası dialoq və əməkdaşlığa əsaslanır. Azərbaycan tarixən tolerant məkan olsa da, tolerantlığın ölkəmizdə inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri oldu. Ulu Öndər Heydər Əliyev ölkədə tolerantlıq mühitinin yaradılmasını dövlət siyasətinin və KİV-in əsas məqsədi hesab edirdi: "Heç vaxt yol vermərik ki, digər millətdən, digər dini etiqaddan asılı olan adamlar-islam dinindən və Azərbaycan millətindən olmayan adamlar hər hansı sıxışdırmaya məruz qalsınlar".
Azərbaycanda media əxlaqi deqradasiya və deformasiyaya qarşı mübarizədə öndə durmalı, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. "O, kütlələrə saflıq, təmizlik, mədəniyyət, mənəvi və intellektual qida olmalıdır. Mətbuat milləti parçalamamalı, əksinə onu yüksək ümummilli dəyərlər zəminində birləşdirməlidir".
B.Quliyevin fikrincə, KİV insanlara, cəmiyyətə, dövlətə müsbət və mənfi təsir etmək gücünə malikdir. Obyektiv həqiqətə əsaslanan, ictimai-mənəvi əhəmiyyət kəsb edən, milli-mənəvi dəyərləri təbliğ edən KİV inkişafa, tərəqqiyə xidmət edir. Dağıdıcı, pozucu fəaliyyət göstərən, yalan informasiyalar yayan KİV cəmiyyəti əxlaqi deqradasiya və deformasiyaya sürükləyir. Belə KİV üzərində mənəvi və inzibati, cəmiyyət və dövlətin nəzarətini gücləndirmək lazımdır.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 10 iyun.- S.15.