Birinci Avropa Oyunları dünyanın idman
tarixində yeni bir səhifə acacaq
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Ayaz Orucov
-Ayaz müəllim, dünyanın diqqətini ölkəmizə yönəldən birinci Avropa Oyunlarına saylı günlər qalıb. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi Baş Assambleyasının birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarı hansı məqamlara işıq saldı?
- Bu suala cavab olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına 10 dekabr 2012-ci ildəki təbrikində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: «Bu bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir... Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.» Cənab İlham Əliyev eyni zamanda bu əminliyi ifadə etmişdir ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik.
24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ötən bu dövr ərzində qazandığı uğurlara diqqət yetirmək kifayətdir ki, ölkəmizlə bağlı beynəlxalq səviyyədə atılan uğurlu addımların, qəbul edilən qərarların, söylənilən hər bir xoş fikrin səbəbi açıqlansın. Baş Assambleyanın iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını qazanması təbii ki, böyük uğurdur. Düşünülmüş və məqsədyönlü siyasət daim ölkənin davamlı inkişafına, uğurlarının ardıcıllığına yol açır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Dostlarımızın sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Etibarlı tərəfdaş kimi tanınır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniləri, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyil.
Bu reallıq inkaredilməzdir ki, son on bir ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmır ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi ən müsbət təcrübə kimi öyrənilir. Möhtərəm Prezidetimiz böyük inam və qətiyyətlə bildirir ki, sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur.
«Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək
biz də inkişaf etmiş ölkələrin bütün
meyarlarına cavab verəcəyik» söyləyən cənab
İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli
tədbirlərə ev sahibliyi etməsində bu amillərin
rolunu xüsusi diqqətə çatdırır. Təkcə cari ildə keçirilən
tədbirlərin sayına və əhatə etdiyi
mövzulara diqqət yetirmək
kifayətdir.
Xarici
siyasətin daxili siyasətin məntiqi davamı kimi dəyərləndirildiyini
nəzərə alsaq, dövlətimizin başçısı İlham
Əliyevin çevik və məqsədyönlü
siyasətinin ölkəmizin
daha da güclənməsinə yönəldildiyini daha
aydın şəkildə dərk etmiş olaraq. Azərbaycanın 2011-ci ildə 193
ölkədən 155-nin dəstəyini
qazanaraq, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin
ayrı-ayrı sahələrdə qazandığı
uğurların təqdimatı olmaqla yanaşı, həm də
ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın bugünkü səviyyəsinə
işıq saldı. Təbii ki, 155 ölkənin dəstəyi,
eyni zamanda bu sayda dövlətin
Azərbaycanla əməkdaşlığın
inkişaf etməsində
maraqlı olmasına
işarədir. Ölkə Prezidenti İlham Əliyev daim
vurğulayır ki, dünya dəyişir,
dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə
inkişaf edir. Ancaq təbiətin
ümumi qanunları dəyişmir. Müstəqil
ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır.
Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan
xalqının iradəsinə əsaslanır. Bizim bu illər
ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik.
Müstəqillik sadəcə olaraq
dövlət atributları
deyildir. Müstəqillik o deməkdir
ki, ölkə müstəqil
siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük
güc mərkəzlərinin maraqlarının kəsişdiyi
bir coğrafi məkanda yerləşən ölkələr
üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii
sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaq.
Ölkəmizin bu gün
dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər
sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da
bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik
siyasi müstəqillik üçün əsasdır. Avropa Olimpiya Komitəsinin birinci
Avropa Oyunlarının Bakıda
keçirilməsi ilə bağlı qərarı da
keçilən yola verilən dəyərdən, eyni zamanda
ölkəmizdə idmanın inkişafına göstərilən önəmdən qaynaqlanır. Bu
siyasətin təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi
şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman elə
bir sahədir ki, Azərbaycanın
müstəqilliyinin rəmzlərimizin dünyaya təqdimatında
əhəmiyyətli rol oynayır. İdman tədbirlərində əldə olunan qələbələr
dövlət himnimizin səsləndirilməsi,
bayrağımızın yüksəklərə
qaldırılması ilə nəticələnir. Bu isə Azərbaycanın
bir daha təqdimatı, bir dövlət olaraq
tanıdılması üçün böyük uğurdur.
Cənab İlham Əliyevin
vurğuladığı kimi, Azərbaycan
həm də beynəlxalq
olimpiya hərəkatının fəal üzvlərindəndir.
İdmançılarımızın möhtəbər beynəlxalq yarışlarda qazandığı
uğurların sayı ildən-ilə
artır. Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramlarına uyğun olaraq Azərbaycanın əksər
böləgələrində
müasir standartlara uyğun
Olimpiya Kompleksləri, digər idman qurğuları
yaradılıb. Bu, eyni zamanda
ölkədə idmanın kütləviliyini şərtləndirən
mühüm amillərdən biridir. Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi
kimi, Avropa Olimpiya Komitəsinin
məlum qərarının qəbulunda Azərbaycanın beynəlxalq
nüfuzu, iqtisadi
inkişafı, sabitlik diyarı kimi tanınması
mühüm amil olmaqla yanaşı,
idmançılarımızın qələbəsi də əhəmiyyətli rol oynamışdır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Avropa Olimpiya Oyunları keçirmək
üçün bütün imkanlara malikdir.
-
Hazırlıq işlərinin yüksək səviyyədə
təşkili qələbəyə aparan yolun
başlanğıcı kimi dəyərləndirilir. Birinci
Avropa Oyunlarına hazırlıq sizdə hansı qənaəti yaradır?
- Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyimiz təbrikində
səsləndirdiyi bu fikirləri də yada salaq: “Oyunların
keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni,
bizim hazırlıq üçün cəmi iki il
vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara
hazırlıqla bağlı bütün tədbirləri
görüb onu yüksək səviyyədə keçirəcəyik.
Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil,
dinamik inkişaf edən Azərbaycan böyük uğurlara
nail olubdur.” Nazirlər Kabinetinin 2015-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısı İlham Əliyev I Avropa Oyunlarına hazırlıqla
bağlı görülən işləri geniş şəkildə
diqqətə çatdırmışdır. Bu gün
böyük əminliklə deyə bilərik ki, ölkəmiz birinci Avropa
Oyunlarının keçirilməsinə tam hazırdır.
Məlum olduğu kimi, aprelin
26-sı ilk Avropa
Oyunlarının həyacanının başlanğıc
günü kimi tarixə
düşdü. Həmin tarixdə Azərbaycanın və
dünyanın idman tarixində əlamətdar hadisə kimi
qiymətləndirilən birinci
Avropa Oyunlarının Bakıda
məşəli alovlandırıldı. Prezident
İlham Əliyevin, birinci Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikkinin iştirak etdiyi tədbirdə bir daha qeyd olunmuşdur
ki, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki,
iki il yarım ərzində görülmüş işlər
ən yüksək səviyyədədir. Biz bu gözəl
idman bayramını yüksək səviyyədə
keçirəcəyik. Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikki bildirmişdir: «Bu axşam Avropa idmanı qitəmizin
idman potensialının reallaşması yolunda yekun mərhələyə
daxil olacaq. İlk Avropa Oyunları artıq reallığa
çevrilir. İki ildən bir qədər əvvəl biz
böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul
edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici
elementlərdən biri - ölkənizin milli rəmzi olan alov,
eyni zamanda, Olimpiya Hərəkatının gücünün və
qüdrətinin əsas təcəssümüdür. Məşəlin
alovlandırılmasının və estafetin müasir ənənəsinin
əsasını qoymuş, qədim idman oyunlarını
yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs
sayırdı. Bu axşam biz nadir mərasimimizdə həmin
Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində
Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli
stadiona və “Bakı-2015” Oyunlarının
açılış mərasiminə yola salırıq. Bu,
Avropa idmanı üçün həlledici məqamdır. Həmkarlarım,
eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə
göstərdiyiniz yardıma görə olduqca minnətdardır.
Çünki biz planlarımızın birgə
reallaşmasına doğru yekun addım atırıq. Kamillik,
dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl
estafetində aydın şəkildə əks olunur. Məşəlçilər
qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə
ötürərək idman vasitəsilə sülh, dostluq və
təntənə mesajını hər yerə yayırlar.»
Qeyd edək
ki, birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir bölgəsini
gəzib dolaşaraq, yenidən Bakıya gətirildi. Qeyd edildiyi kimi, sülh, dostluq və
təntənə mesajını
hər yerə yayan bu kimi tədbirlər, eyni zamanda
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin üzvü, YUNESKO və
İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
dünyanın ayrı-ayrı ölkələrində
«Bakı-2015» Birinci Avropa Oyunlarının təqdiamatının
keçirilməsi Azərbaycan
reallıqlarının təbliği, bugünkü
uğurlarımıza baxış və gələcək barədə
aydın təsəvvürün yaradılması baxımından xüsusi əhəmiyyət
kəsb etdi. «Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə acacaq» söyləyən Mehriban
xanım Əliyeva bildirir ki,
Bakı Oyunları bütün gələcək Oyunlar
üçün səviyyə, standart müəyyən edəcək.
Hazırlıq işlərinin
yüksək səviyyədə təşkili, dünyanın bu oyunlara göstərdiyi
maraq hər bir Azərbaycan vətəndaşında
böyük ruh yüksəkliyi yaradır, oyunlarda qələbəmizin
qaçılmaz olduğuna əminliyimizi daha da artırır. Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin
də böyük inamla qeyd
etdikləri kimi, idman
yarışları uğurla keçiriləcək. Qələbələrin təməli məhz
«Bakı 2015» yarışlarında qoyulacaq.
- Ayaz müəllim, Birinci Avropa Oyunları ölkəmizə
nə vəd edir? Oyunlar istər Azərbaycanın beynəlxalq nüfuzunda, istərsə də idman həyatında hansı izləri
qoyacaq?
- Bu
gün istər ölkə, istərsə də dünya mətbuatında
birinci Avropa Oyunlarının əhəmiyyəti geniş
şərh olunmaqdadır. Bu oyunların dünyanın idman
tarixində yeni səhifə açacağı xüsusi qeyd
edilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir:
«Olimpiya oyunları təkcə idman yarışı deyil, həm
də böyük siyasətdir. Olimpiya oyunları böyük
bir idman hadisəsidir və deyə
bilərəm ki, dünya miqyasında çox böyük ictimai
hadisədir.» Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq
nüfuzunu daha da artıracaq,
dünyanın diqqətini ölkəmizə yönəltməklə
həqiqətlərinin təbliğinə öz töhfəsini
verəcək. Oyunlara
qatılacaq 6 min idmançının hər biri, eyni zamanda
oyunları izləyəcək hər bir iştirakçı
Azərbaycan gerçəklikləri ilə yaxından
tanış olaraq ölkələrə
qayıtdıqda onların
ictimaiyyətə çatdırılmasında bir vasitə
rolunu oynayacaqlar. Əbəs yerə deyilmir ki, idman
sağlamlıq olmaqla yanaşı. Eyni zamanda siyasətdir.
Birinci Avropa Oyunları eyni zamanda ölkəmiz
üçün iqtisadi divident
deməkdir. Azərbaycan bu
gün dünyada investisiya cəlbediciliyini qoruyan ölkə
kimi tanınır və nüfuz qazanıb. Son 11 ilə
ölkə iqtisadiyyatına 180
milyard doollara yaxın investisiyanın qoyulması Azərbaycanın bu gününə
və gələcəyinə olan inamdan irəli gəlir. Azərbaycan
bu gün turizmin inkişafı baxımından da
dünyanın diqqətindədir. Təbii ki, bu vəhdət
fonunda birinci Avropa
Oyunlarının ölkəmiz üçün iqtisadi əhəmiyyəti
daha aydın nəzərə çarpır.
Dövlətimizin
başçısı İlham Əliyev bu günlərdə «The Business Year» jurnalına müsahibəsində Avropa
Oyunlarının əhəmiyyətini belə
açıqlamışdır: «Avropa Oyunları müxtəlif
idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil
idman mütəxəssislərinin formalaşması baxımından
mühüm əhəmiyyətə malikdir. Həmçinin
Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat
vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə
ikisinin yaşı 35-dən aşağıdır və bu
böyük təbəqə idmanın təşviq etdiyi
amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının
keçirilməsi üçün yaradılmış
infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə
digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini
də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya
Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda,
ilk dəfə olaraq “Formula-1” yarışları regionumuza gələcəkdir.
2017-ci ildə isə Bakı müsəlman
dünyasını bir araya gətirən İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcək.»
Azərbaycanın müxtəlif mədəniyyətlərin, svilizasiyaların qovşağında yerləşən ölkə olması onun xalqlar, dövlətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrdən də aydın görünür. Daim gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi tədbirlərlə Şərqlə Qərb arasında körpü rolunu günbəgün möhkəmləndirən Azərbaycan ilk Avropa Oyunlarına ev sahibilyi etməklə əməkdaşlıq, dostluq, birlik rəmzi dəyərləndirən bu bayram tədbirini yüksək səviyyədə keçirmək imkanındadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası vardır. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir. «Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır» söyləyən cənab İlham Əliyev bir daha bu əminliyi ifadə edir ki, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz var və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. «Bakı-2015»” idman tarixində yeni maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.
Qeydə olunanların fonunda ümuiləşdirmə aparsaq, böyük fəxr və inam hissi ilə qeyd edə bilərik ki, birinci Avropa Oyunları 24 ilə yaxın müsəqillik tarixinə hər gün davamlı uğurları ilə yeni-yeni səhifələr yazan Azərbaycana böyük nüfuz, divident gətirəcək, idman həyatında möhtəşəm izlər qoyacaq, yeni-yeni dostlar qazandıracaq. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin vurğuladığı kimi, gənc, peşəkar idmançılar bizim fəxrimizdir, onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edir, qazandıqları medallarla ölkəmizin adını daha da yüksəklərə ucaldırlar. Azərbaycan artıq idman dövləti kimi özünü təsdiq edib. Azərbaycan tarixinə yazılan hər bir uğurlu səhifə növbəti uğurlar üçün əsas rolunu oynayır.
Səs.- 2015.- 10 iyun.- S.8-9.