Hüquqi dövlətdə milli istiqlal ideyasının təbliğində KİV-in rolu

 

Müstəqillik ərəfəsində müxtəlif yönümlü  - sovet mətbu orqanları, köhnəliklə yenilik arasında tərəddüd edən və demokratik tipli KİV meydana gəldi.

Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunması ərəfəsində fəaliyyət göstərən mətbu orqanların mənzərəsi rəngarəng, ziddiyyətli olmaqla yanaşı, həm də ciddi maraq doğururdu. Həmin dövr mətbuatını istiqamətinə, problemə yanaşma tərzinə, mövzusuna görə təxminən aşağıdakı kimi təsnif etmək olar:

- köhnə üsula meyil göstərən, sovetpartiya buxovundan əl çəkmək istəməyən partiya, sovet mətbu orqanları;

- əvvəlki üsulu ilə yeni tələblər arasında tərəddüd edən sahə qəzet və jurnalları;

- söz, mətbuat azadlığına, insan haqlarına, demokratik dəyərlərə, senzurasız nəşrə meyil, maraq göstərən, Azərbaycanın istiqlalı, azadlığı uğrunda mübarizə aparan mətbuat orqanları".

1989-cu ilin avqustunda "Kommunist" qəzetinin iqtisadi əlavəsi kimi yaranan "Səhər" qəzetinin fərqli informasiya siyasəti aparırdı. Ciddi hərbi senzura şəraitində belə 1990-cı il yanvarın 20-də faciəylə üzləşən Azərbaycan həqiqətlərini cəmiyyətə və bütün dünyaya çatdırdı.

Müstəqillik ərəfəsində "Vətən" cəmiyyətinin orqanı olan "Odlar Yurdu" aşağıdakı informasiyaların yayılmasına üstünlük verirdi:

* Azərbaycan dövlətçilik tarixi ənənələrinin, milli tariximizin şanlı səhifəsini təşkil edən AXC, onun ideyaları, siyasi fəaliyyəti liderləri, ilk respublikanın süqutu və əhəmiyyəti haqqında informasiyalar;

* Milli-azadlıq hərəkatına qarşı çevrilmiş 20 Yanvar faciəsi haqqında həqiqətlərin dünyaya yayılması;

* Milli şüurun dirçəldilməsi, xalq hərəkatı, milli-mənəvi dəyərlərimiz haqqında informasiyalar.  

Müstəqillik dövründə "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Yeni Azərbaycan", "Səs", "İki sahil" qəzetləri aşağıdakı informasiya siyasətini aparmağa başladılar:

* Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi-mədəni uğurları haqqında obyektiv informasiyaları ölkəyə və dünyaya yaymaq;

* Rəsmi sənədlərin, qərar, fərman və sərəncamların dərci və şərhi;

* Azərbaycan dövlətinin mənafeyinə uyğun dövlətçilik milli-istiqlal ənənələrini ideyalarının, azərbaycançılıq ideologiyasının, elm və mədəniyyətinin milli-mənəvi dəyərlərin təbliği;

* Azərbaycanın milli maraqları nəzərə alınmaqla dünyaya iqtisadi-mədəni inteqrasiya problemləri haqqında informasiyaların yayılması.

Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli dövlətçilik kursu uğurla davaminkişaf etdirilir, kütləvi informasiya vasitələri haqqında qanunvericilik bazası daha da möhkəmləndirilir və təkmilləşdirilir. İlham Əliyev "Azərabycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndiriləmsi tədbirləri haqqında", "İctimai televiziyanın yaradılması haqqında", "Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamlar imzaladı, jurnalistləri müxtəlif adlarla və təltiflərlə mükafatlandırdı. Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti Cənab İlham Əliyev yeni mərhələdə fikir, söz, mətbuat azadlığını inkişaf etdirdi, İctimai Televiziya kanalının açılmasına, KİV-in müstəqilliyinə, demokratik informasiya mühitinin formalaşmasında, bir sözlə, dövlət informasiya siyasətinin, informasiya kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələyə keçidi təmin etdi. Ölkədə informasiya cəmiyyəti özünün ən yüksək inkişaf zirvəsinə çatmış, qabaqcıl informasiya resursları formalaşdırılmış, informasiya axınının yayılması, istifadəsi sistemləri, informasiya-telekommunikasiya infrastrukturu dünya standartları səviyyəsinə qaldırılmış, informasiyanın azad dövriyyəsi, axtarılması, əldə edilməsi təmin edilmiş, informasiya siyasəti sahəsində konstitusiya hüquqları uğurla həyata keçirilmişdir.

A.Bayramoğlu yazır ki, əgər XIX əsr və XX əsrin ilk illərində milli mətbuatımız oxucu (və abunəçi), senzura problemi və təzyiqi ilə üzbəüz idisə, müstəqillik ərəfəsində bütün bu qayğılar əsasən arxada qalmışdı. Bu dövrdə milli mətbuatın özünü tənzimləməsi, jurnalistlərin fəaliyyət birliyinin təşkili, onların hüquqlarının qorunması istiqamətində jurnalist təşkilatları da (RUH, "Yeni nəsil" Jurnalistlər Birliyis.) yaranmağa başlamışdı.

Mətbuat dövrün, cəmiyyətdəki mövcud sosial-mədəni mənzərənin göstəricisi olaraq müxtəlif istiqamətlərə və tiplərə - iqtidar, iqtidaryönümlü, partiya, müxalifət, demokratik, müstəqil, sahə, "san", "bazar" və s. ayrılmışdır; "Xalq qəzeti", "Respublika", "Azərbaycan", "Bakinskiy raboçiy" iqtidar, "Yeni Azərbaycan" iqtidaryönümlüpartiya, "Səs", "İki sahil", "Naxçıvan" və s. iqtidaryönümlü, "Yeni Müsavat", "Millət", "Milli həmrəylik", "İstiqlal" partiya, "Müxalifət", "Azadlıq" müxalifətyönümlü, "Aydınlıq", "Şərq", "Ayna" - "Zerkalo", "Exo", "525-ci qəzet" demokratik və müstəqil mətbuat tipinə aiddirsə, "Azərbaycan müəllimi", "Azərbaycan məktəbi", "Azərbaycan ordusu", "Sərhədçi", "Hərbi bilik", "Azərbaycan", "Ulduz", "Təhsil ocağı", "Göyərçin" və s. qəzet və jurnalları sahə mətbuat orqanlarına, "Bakinskiy bulvar", "Oxu məni", "Kokteyl" və s. "sarı mətbuat" və "bazar jurnalistikası" tipinə daxildir. Bu qütbləşmə və tipoloji rəngarənglik bir tərəfdən cəmiyyətdə baş verən sosial-siyasi meyil və maraqların, baxışların, mədəni və mənəvi mövqelərin müxtəlifliyindən irəli gəlirdisə, digər tərəfdən mənəvi- psixoloji aşınmaların, düşmən qüvvələrin mövcudluğunun göstəricisi kimi üzə çıxırdı.

Müəllif qeyd edir ki, ölkədə demokratik şəraitin yaranması və müstəqillik uğrunda mübarizənin getdikcə güclənməsi hakim dairələrin milli-ictimai düşüncə üzərində nəzarətini zəiflətməyə başladı. Yuxarıda göstərdiyimiz kimi, həm bu, həm də Qarabağ ətrafında ermənilərin separatçılıq tədbirləri ilə bağlı gördüyü işlərin hərbi və siyasi gərginliklə, qarşıdurma və qanlı hadisələrlə, qaçqınlıq və döyüşlərlə müşayiət olunması "meydan hərəkatı", o cümlədən milli mətbuatların mərkəzdənqaçma meyilləri, illərdən bəri həsrətində olduqları müstəqillik, sözfikir azadlığı arzularının reallaşdırılması cəhdləri ilə müşayiət edilirdi. Xalqın fikir, əxlaq və amallarının ifadə vasitələrindən olan milli mətbuat öz ictimai, vətəndaş fəallığı ilə kütlələri milli hiss və duyğuların coşğunluğu səviyyəsinə gətirə bilmişdi. Daha doğrusu, dövrün mətbuat ritmi, onun publisistik ovqatı xalqın ideal və amalları, duyğu və düşüncəsi ilə həmahəng "səslənirdi". Bu qarşılıqlı vəhdət milli istiqlal ideyalarının getdikcə daha coşqun bir güclə qabarmasını təmin edirdi.

Fikir, düşüncə və onun ifadə sərbəstliyi, totalitar xofun əriyib getməkdə olması müstəqil mətbuat orqanlarının yaradılması ilə də müşayiət olunurdu. Doğrudur, bu sahədə ilk addımlar yenə hələ hansısa nazirliyin, partiyakomsomol təşkilatının, ictimai təşkilatın adı altında həyata keçirilirdi. Ancaq bütün bunlar tamamilə formal xarakter daşıyırdı. Məsələn, "Respublika" qəzeti Respublika Nazirlər Sovetinin, "Gənclik" - "Molodost" jurnalı Respublika Komsomolu Mərkəzi Komitəsinin, "Aydınlıq", "Azərbaycan", "Vətən səsi" qəzetləri Qarabağa Xalq Yardımı Komitəsinin, Qaçqınkomun və s. "rəsmi orqanı" kimi meydana çıxsa da, öz fəaliyyətini tamamilə xalq mənafeyini, milli dərdlərin üzə çıxarılıb işıqlandırılması ilə imperiya siyasətinin zərərli və dağıdıcı mahiyyətinin ifşası ruhunda qurmuşdu. Ona görə bu mətbuat orqanlarının səhifələrində imperiya "etiketləri" deyil, xalq mənafeyi, milli istiqlal amalının "tərbiyəsi", ətə-qana doldurulması məqsədinə xidmət edən materiallar geniş yer alırdı. Hakim dairələr mətbuatın bu sərbəstliyinə birbaşa müdaxilə edə bilməyib, özünə bəzi sadiq nökərlərin əli ilə mane olmağa çalışsa da, əksər hallarda ciddi müqavimətlə qarşılaşıb uğursuzluğa düçar olurdu...

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 11 iyun.- S.15.