Hüquqi dövlət və demokratik KİV ənənələri

 

 

1918-ci il Azərbaycan Xalq Cumhuriyyəti dövründə ilk dəfə olaraq milli-demokratik xarakter daşıyan dövlət informasiya siyasəti həyata keçirildi.

AXC parlamentində qəbul olunan "Mətbuat Nizamnaməsi" dövlət informasiya siyasətinin  inkişafına ciddi təkan verdi. Bu nizamnamə Azərbaycanda senzuranı ləğv etdi, KİV yaranmasının hüquqi yollarını göstərdi. 1919-cu il oktyabrın 30-da Azərbaycan parlamentində qəbul olunmuş "Mətbuat Nizamnaməsi"nin birinci bəndində deyilirdi ki, hökumət tərəfindən mətbəə üçün müəssisələrin mətbu əsərlər nəşri ilə satılmasına icazə vrilir və hökumət tərəfindən heç bir vəsiqə istənilməyəcəyi bəyan edilirdi.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, demokratik dövlət mətbuat orqanı yaratmaq üçün vacib bir qanunvericilik bazası yaratdı, bununla da Azərbaycanda KİV təsis etmək üçün hüquqi şərait təmin edildi. AXC dövründə bütün təbəqələr, siniflər, partiyalar üçün mətbuat nümunələri çap edilməyə başlandı. Bu dövrdə nəşr edilmiş "Azərbaycan" siyasi, ictimai, ədəbi, iqtisadi orqan, müstəqil qəzet olaraq xalq kütlələrini obyektiv informasiya ilə təmin etməyə başladı. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, ədəbi-bədii məzmunlu, təhsil haqqında yazılar gedir, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyaları təbliğ edilir, rəsmi sənədlər, hökumət qərarları və fərmanları haqqında informasiyalar verilirdi.

AXC dövründə Azərbaycanın informasiya orqanları - "Azərbaycan"la yanaşı "İstiqlal", "Bəsirət", "Açıq söz" və demokratik orqanlar, gənclər üçün "Gənclər yurdu", "Şeypur", mədəniyyəti əks etdirən "Mədəniyyət", "Əfkari-müəllim", məktəb həyatı ilə bağlı  "Məktəb", "Dəbistan" səpgili orqanlar fəaliyyət göstərirdi.

Bu dövrdə Azərbaycan qəzet və jurnalları müstəqillik, iqtisadiyyat, mədəniyyət, incəsənət, təhsil, siyasət məsələlərini geniş işıqlandırırdı. AXC dövrü Azərbaycan demokratik informasiya vasitələri yaradılmağa cəhd edildi. Beləliklə, AXC dövründə ilk dəfə müstəqil və demokratik KİV yarandı.

1920-ci ildən AXC-nin devrilməsi və Azərbaycanın sovetləşməsi ilə mətbuat orqanları sovet dövlət senzurası ilə tənzim olunmağa başladı. "KİV sahəsində dövlət inhisarı haqqında", "İnqilabi mətbuat tribunalı haqqında" dekretlər qəbul olundu. Tezliklə dövlət senzurası partiya senzurası ilə əvəz olundu.

B.Quliyevin fikrincə, kütləvi informasiya vasitələrini rəsmi ideologiyanın öz inhisarı altına alması bolşevik ehkamlarını şüurlara yeritməyin, xalqı öz tarixinə, soykökünə, milli dəyərlərinə özgələşdirməyin mühüm yollarından biri idi. SSRİ-də 30-cu illərdə artıq partiya-sovet ideyalarına qarşı çıxan hər hansı bir ideyanın yayılmasının qarşısını alan çoxsəviyyəli mürəkkəb senzura sistemi yaradıldı. Beləliklə, AXC-nin yaranmasınadək olduğu dövrdə olduğu kimi sovet dövründə də KİV-in fəaliyyəti ciddi senzura ilə tənzim olunurdu. Sovet mətbuatı  partiya və dövlətin maraqlarını ön plana çəkdi.

Cənubi Azərbaycanda fars dilində çıxan mətbuat milli maraqlara xidmət, eləcə də İran hakim dairələrinin ciddi senzurası şəraitində fəaliyyət göstərirdi. Mühacirət mətbuatı mühacirlərin ictimai, siyasi, mədəni həyatları ilə yanaşı, onlar türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarını da təbliğ edirdilər.

Sovet dövründə KİV-lər total nəzarətdə olan rəsmi dövlət, partiya direktivlərini, rəsmi xəbərləri, vahid kommunist ideologiyasını təbliğ edirdilər. XX əsrin 50-ci illərində sovet senzurası "Qlavlit" mətbuatda dövlət və partiya nəzarətini daha da gücləndirdi, hər hansı "yadfikirlilik" sovet ideologiyasına qarşı çevrilmiş "ideya düşmənçiliyi" hesab edilirdi.

B.Quliyev yazır: "XX əsrin 70-80-cı illərində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycan KİV-in fəaliyyətində əsl inqilabi dönüş baş verdi. 1969-cu ildə Heydər Əliyev  respublikaya rəhbər təyin edilməsindən sonra Azərbaycan xalqının sosial-fəlsəfi fikrində, eləcə də cəmiyyət həyatının bütün sahələrində tədricən milli-mənəvi dəyərlərin dirçəlişi başlandı. Ulu Öndərin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı nəticələrindən biri ölkəmizdə azərbaycançılıq məfkurəsinin və milli ruhun bərqərar olması, milli özünüdərkin milli-tarixi yaddaşın, dövlətçilik arzularının və hisslərinin reallaşmasıdır. XX əsrin 70-80-ci illəri Azərbaycanın intibahı dövrü kimi dəyərləndirilir. Xalqın yaddaşındakı milli ideyanın-azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının dirçəlişində Ulu Öndərin hakimiyyəti illərində yaratdığı ictimai mühit, inkişaf və düşüncə tərzi əsaslı zəmin yaratmışdır". Şübhəsiz ki, bu prosesdə KİV-in rolu hədsiz idi. Bu barədə Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "XX əsrin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrünxüsusi yeri vardır. Məhz qəzet və jurnalların şəbəkəsi genişlənmiş, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşmişdir. Mətbuat daha çox partiyalı, sinfi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlətmiş və bu yolda bəzən təqiblərə də məruz qalmışlar".

Ulu Öndər Azərbaycan KİV-in sovet dövründə sovet senzurasının sərt qadağaları şəraitində belə vətənpərvər jurnalistlərin azad fikir söylədiklərini qeyd edir: "Xalq həyatının işıqlandırılmasında ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə də yol verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin formalaşmasına böyük rolu olmuşdur".

70-ci illərdə sovet jurnalistlərinin əksəriyyətinin indiki İKT-yə xas "kompüter", "displey" anlayışlarından xəbərsiz olduğu informasiyanın hazırlanması və ötürülməsinin yüksək texnoloji vasitələri haqqında məlumatlarının olmadığı bir vaxtda Olimpiada-80-nin ərəfəsində sovet dövrünün nəhəng KİV vasitələrindən olan SİTA yeni sistemə keçdiyi zaman Heydər Əliyevin göstərişi ilə Azərbaycanın informasiya agentliyi - Azərinformun kompüterlə təchiz olunması üçün o vaxt 500 min manat qızıl valyuta ayrıldı. Tezliklə Azərbaycanın informasiya orqanı SSRİ-də birincilər sırasında ən yeni olan İKT sisteminə keçdi. Bütün bunlar Ulu Öndər  Heydər Əliyevin yeniliyə həssaslığının olmasına,  mediaya qayğısını göstərirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan KİV-nin inkişafına həmişə öz xüsusi qayğısını əsirgəmir, bu sahədə əlindən gələni edirdi. Heydər Əliyev Azərbaycan milli mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin yubileylərinin qeyd edilməsinə də diqqət verirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun 1976-cı il 10 fevral tarixli iclasında "Əkinçi" qəzetinin 100 illiyinin qeyd edilməsi haqqında qərar qəbul olundu. Tədbirin keçirilməsi respublikanın ədəbi həyatında və mətbuat tarixində mühüm rol oynadı.

XX əsrin sonlarında keçmiş SSRİ-də yenidənqurma siyasətinin aparılması ilə KİV-in fəaliyyəti sahəsində demokratik dəyişikliklər baş verdi. Müstəqillik dövründə Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə KİV-in demokratikləşməsi yolunda uğurlar əldə edildi. Azərbaycanda demokratik, müstəqil KİV-i reallaşdıran Ulu Öndər senzuranı ləğv etdi. Bununla da azad informasiya əldə etmək, demokratik informasiya mühitiazad mətbuatın yaranması üçün əlverişli şərait gerçəkləşdi. Akademik R.Mehdiyevin yazdığı kimi: "Demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan dövləti demokratiyanın daimi atributlarından biri olan azad, müstəqil mətbuatın formalaşması istiqamətində diqqətəlayiq addım atmış və atmaqdadır. Ölkəmizdə söz, fikir, mətbuat azadlığının təmin edilməsi, neçə-neçə qəzet və jurnalın tam sərbəst şəraitdə nəşri həm demokratiyanın hərtərəfli qərar tapması, həm də mətbuat azadlığının maneəsiz həyata keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılmasından xəbər verir".

Ulu Öndər demokratiyanın təşəkkülü şəraitində maddi çətinliklərlə üzləşən bəzi KİV-ə dövlət qayğısı göstərilməsi haqqında sərəncamlar verdi. Bazar iqtisadiyyatına keçid dövründə KİV-in nəşrilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Qobustan" jurnallarının, "Ədəbiyyat" qəzetinin dövlət büdcəsindən maliyyələşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin göstərişi  sayəsində gerçəkləşmişdir.

Mətbuat azadlığı, söz azadlığı Azərbaycan xalqının demokratik həyat tərzinə çevrilmiş, ölkədə mətbuatın çapı həddən artıq asanlaşdırılmış, Azərbaycan Dövlət Teleyiziyası ilə yanaşı, müstəqil televiziya kanallarının yayımına əlverişli şərait yaradılmışdır: "Milli televiziyanın ictimailəşdiriləmsi istiqamətində fəaliyyət gücləndirilmişdir. İndi artıq azərbaycançılıq ruhu qəzet, jurnal, kitab səhifələrindən çıxaraq televiziyaradio efirinin, internet şəbəkəsinin sərhədsiz məkanında bütün dünyaya yayılır".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 12 iyun.- S.15.