Milli Qurtuluş
Günü - millətin özünə
inamının bərqərar olduğu gün
Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasının başlıca səbəbi darda olan Vətəni və xalqı qarşısındakı vətəndaşlıq və vicdan borcu idi
Azərbaycan xalqı və dövləti üçün 15 İyun- Milli Qurtuluş Günü çox əziz və müqəddəs tarixdir. Əslində Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib ayrılma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illərin ortalarına qədər olan müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və Onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan Liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Ancaq o dövrdəki qaragüruhçu hakimiyyət Ulu Öndərin qarşısını kəsir, Onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatçılıqla qarşılanırdı və hakimiyyətdəkilər Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar. Lakin çox qısa bir zaman içərisində Azərbaycanda hakimiyyətsizlik, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət kəskinləşməyə doğru gedirdi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini ortaya qoydu. Hətta hakimiyyətin zəifliyindən istifadə edən separatçı qüvvələr həm ölkənin cənubunda, həm də şimalında baş qaldırmışdılar. Cəbhə hakimiyyətinin üst qanadında təmsil olunanlar özləri də dərk edirdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısındadır. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini vurğulayırdılar.
Artıq Ulu Öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin Sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu bir həqiqətdir ki, 15 iyun olmasaydı, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Həmin dövr çətin və keşməkeşli idi. Məhz Ulu Öndər kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini nəinki qoruyub-saxlaya bildi, hətta müxtəlif dövrlərdə ölkəmizə qənim kəsilmiş düşmənlərimizin, onların bitib-tükənməyən məkr və hiylələrinin, ən müasir silahlarının qarşısında duruş gətirdi. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik əldə edərkən onun qonşu MDB ölkələri ilə ictimai-siyasi, iqtisadi-sosial və hərbi vəziyyəti eyni deyildi. Məhz Ümummilli Liderin şəxsiyyətinin böyüklüyü hesabına sonrakı illərdə bu balans Azərbaycan dövlətinin xeyrinə, həm də sürətlə və böyük fərqlə dəyişdi. Cənubi Qafqaz ölkələrində hələ də dövlətçilik kursu dəqiqləşdirilmədiyi, məqsədlər aydınlaşdırılmadığı indiki vaxtda Azərbaycan bu gün regionun ən qabaqcıl dövləti olması ilə öyünə bilir. Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasının başlıca səbəbi Onun vətəndaşlıq, xalqı və dövləti qarşısındakı vicdan borcu idi, Onun xalqının düşdüyü ağır vəziyyətdən narahat olması idi.
Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub- saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni zamanda sonrakı illərdə bu dövləti yüksəltdi, onu möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib-hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1995-ci ildə bəşəri və demokratik dəyərləri özündə əks etdirən Konstitusiyanın qəbulu, çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsinə başlanılması, ölkə tarixində ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin fəaliyyəti və digər demokratik tədbirlər Azərbaycanı sivil dövlətlər sırasına çıxardı.
Bir daha qeyd etmək gərəkdir ki, Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycanın XXI əsrə hüquqi-demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Bu böyük dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Tam əminliklə demək olar ki, illər ötsə də hadisələr bir-birini əvəz etsə də, aydın olur ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının alternativi yoxdur.
Bütün bunlar isə, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan cəsur ürəkli vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Həmin vaxtdan indiyə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu illərdə Ulu Öndərin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Dahi insan həmin nəhəng işləri davam etdirmək üçün güclü siyasi və iqtisadi təməllər də yaratmışdı.
Təbii ki, müasir Azərbacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda, Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycan bu gün Ulu Öndərin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mükəmməl şəkildə idarə olunur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin həmin siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Ölkəmizin birinci Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etməsi, Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Bu, ilk növbədə Heydər Əliyev dühasının xalqımıza, dövlətimizə bəxş etdiyi müstəqillik şərbətinin dadıdır. Eyni zamanda, bu mötəbər beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizin qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. ÇÜNKİ AZƏRBAYCAN XALQI BU TƏNTƏNƏYƏ VƏ ZƏFƏRƏ LAYİQ OLAN XALQDIR.
NURLANA
ƏLİYEVA,
professor, YAP Qadınlar
Şurasının sədri
Səs.- 2015.- 13 iyun.- S.11.