Hüquqi dövlətdə dövlətçilik
ideyasının təbliğində KİV-in
rolu
KİV dövlətçilik ideyaların və dövlətçilik şüurunun milli dövlət quruculuğu ilə bağlılığını xalqa çatdırmaqla vətənə, millətə, dövlətə məhəbbət hissinin milli-mənəvi sərvət olan tarixə söykəndiyini və gələcəkdə dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi milləti müşayiət edəcəyini diqqətə çatdırmalıdır. KİV "milli", "dövlət", "dövlətçilik", "ictimai, dövlət və milli mənafe və maraq" anlayışlarının mahiyyətini açıb göstərməlidir. "Dövlətçilik ənənələri olan ölkələrdə, məsələn Avropa ölkələrində, ABŞ-da və "milli" anlayışı çox vaxt məhz ikinci mənada işlənir və "ümumxalq", "ümumdövlət" anlayışlarını əvəz edir. Maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatında orijinalda "dövlət" mənasını verən "nation" sözü Azərbaycan dilinə millət kimi tərcümə olunmuşdur. Şübhəsiz ki, "millət" anlamı "dövlət" anlamına adekvat işlənir.
Dövlətçilik ənənələri Şərqdə, o cümlədən Azərbaycanda qədim dövrlərdə yaranmış, müəyyən fasilələrlə bu gün də davam etməkdədir. "Dövlətçilik ənənələrinin yaşaması əsasən kəsilməz tarixlə, indi də yaşamaqda olan dövlətlərin təcrübəsi ilə bağlıdır".
Azərbaycan dövlətçiliyinin çiçəkləndiyi dövrdə Avropada feodal pərakəndəliyi hökm sürürdü. Avropada yeni dövrdə təşəkkül tapan dövlətçilik indi özünün ən yüksək inkişaf zirvəsinə çatıb. Uzun müddət Azərbaycanda dövlətçilik ənənələrinin kəsilməsi dövlətçilik şüurunun gücdən düşməsinə gətirib çıxarmışdır.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, KİV dövlətçilik ənənələri, dövlətçilik təfəkkürü və milli özünüdərkin və etnik milli hissin qarşılıqlı münasibətlərini aydınlaşdırmalıdır. Qədim dövlətçilik ənənəsinə malik İranda dövlətçilik təfəkkürü güclüdür. Bu ölkədə "iranlı" milli kimliyi və dövlətçilik şüuru milli və etnik-milli özünüdərki üstələyir. Azərbaycanda isə XIX əsrdə baş vermiş parçalanma, işğal olunma prosesləri dövlətçilik şüuruna və təfəkkürünə ciddi zərbə vurmuşdur. Azərbaycanlılar Rusiya imperiyası və İran tərkibində öz etnik-milli hisslərini qoruyub saxlasalar da, dövlətçilik duyğularından məhrum olmuşlar. "Rusiyanın tərkibində olarkən etnik-milli hiss hər halda xeyli dərəcədə qorunub saxlansa da, dövlətçilik duyğusu və təfəkkürü tədricən zəifləmişdir. XX əsrin əvvəllərində burjua ictimai-siyasi münasibətlərinin yaranması il əlaqədar milli özündərk istiqamətində böyük addımlar atılsa da, milli dövlətimizin fəaliyyət dövrü çox qısa olduğundan dövlətçilik şüuru formalaşmağa macal tapmamışdır. Əsrin axırında yenidən müstəqillik əldə etdikdən sonra ilkin olaraq yenə də etnik-milli şüurun inkişafı müşahidə olunur".
F.ü.f.d. B.Quliyevin fikrincə, dövlətçilik ənənələrinin vətəndaşlıq və dövlətçilik duyğularının zəiflədiyi bir şəraitdə, dövlətçilik şüurunun bərpasının ləng bərpa olunduğu dövrdə milli-etnik və millətçilik hissləri sürətlə inkişaf etdi. KİV-dən məlum olduğu kimi, müstəqilliyin ilk illərində bu proses Azərbaycanda yaşayan etnik qruplarla gərginliyə gətirib çıxardı. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə dövlətçilik və milli-etnik şüurunun balanslaşdırılması sayəsində uğurlu addımlar atıldı. Bu prosesdə elmdən daha çox KİV mühüm rol oynadı: "Azərbaycançılıq ideyasının güclənməsi, dilimizin adının özünə qaytarılması, hətta Türkiyə ilə münasibətdə riskə gedərək etnik-milli yönümlü türkçülük şüarbazlığının məhdudlaşdırılması, təbliğatda, kütləvi informasiya vasitələrində ağırlıq mərkəzinin etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsi – bütün bunlar olduqca mükəmməl konseptual sistemin ardıcıl surətdə həyata keçirilməsinə dəlalət edir. 1995-ci ildə Konstitusiyada dilimizin adı ilə bağlı mübahisələrdə heç kim bu məsələlərin elmi-fəlsəfi təhlilini verə bilmədi. Məsələni Heydər Əliyevin qətiyyətli mövqeyi həll etdi".
KİV öz səhifələrində dövlətçilik şüurunun vətən amalı, vətənçilik, vətənpərvərlik, azərbaycançılıqla bağlılığına dair yazılar verir. "Vətən" anlamına "vətən amalı", "vətənə xidmət", "vətənpərvərlik", "vətənə məhəbbət" anlayışları daxildir. "Hər bir xalqın yaşadığı torpaq onun ruhu, beşiyidir, çünki vətən hissi, millətin mənəvi-əxlaqi dəyərləri məhz bu etnik məkanda formalaşır".
Vətən anlamı sadəcə təbii landşaft, torpaq deyil, nəsillərin tarixən formalaşmış milli-etnik, dövlətçilik, sosial-iqtisadi və milli-mədəni dəyərlərini, tarixi və müasir mental xüsusiyyətlərini ifadə edir. KİV-də öz əksini tapmış Heydər Əliyevin çıxış və nitqlərinin təhlili göstərir ki, "insanların öz doğma etnik beşiyinə ülvi məhəbbəti, öz doğma diyarına bağlılığı, xalqın ənənələrinə və adətlərinə dərin ehtiram, dönməz sosial fenomen kimi hazırda müstəqil Azərbaycan vətəndaşlarının yeni mental xüsusiyyətlərinə çevrilməkdədir".
Vətən burada yaşayan bütün xalqların, vətəndaşların dövlətçilik milli-etnik məkanıdır. Ulu Öndər dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynayan KİV xüsusən siyasi mətbuatı yüksək dəyərləndirirdi.
F.ü.f.d. B.Quliyev göstərir ki, ölkə mediası tərəfındən dövlətçilik sahəsində həyata keçirilə biləcək vəzifələr aşağıdakı kimi qruplaşdırılmışdır:
"* vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
* fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
* insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi-siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
* ictimai və dövlət maraqlarının müdafiəsi;
* Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
* azərbaycançılıq ideyasının təbliği;
* gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi".
Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-nin layihələrində dövlətçilik şüuru və azərbaycançılığın vəhdətdə aşılanması əsas yer tutur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyası bərqərar olmuş və indi isə bu ideologiya dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası ilə vəhdətdə olduğunu göstərdi.
Ulu Öndər Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik quruculuğu, şüuru və ənənələri ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin üzərinə bir tərəfdən milli ideologiyanın məhz ümumbəşəri dəyərlər sistemi zəminində formalaşdırılması, digər tərəfdən də, hüquq dövlət quruculuğu prosesində milli ideologiyanın dövlətçilik şüuru və ənənələrilə vəhdətdə həyata keçirilməsini qarşıya məqsəd qoymuş, milli dövlətçilik ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. KİV-də öz əksini tapmış dövlətçilik konsepsiyası aşağıdakılardan ibarətdir:
"Birincisi dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".
Burada dövlətçilik, vətənpərvərlik, milli-dövlət maraqlarının vəhdəti mühüm yer tutur. Bəzi KİV sosial məsuliyyətin hüdudlarını keçir, hətta milli-dövlət maraqlarına xəyanət edir, nəinki peşə etikası normalarını, hətta dövlət-hüquq normalarını pozur, anti-Azərbaycan təbliğatı belə aparır. Buna görə də ölkə başçısı Cənab İlham Əliyev KİV-i dövlətçilik mövqeyində durmağa, milli mənafeyi ifadə etməyə, vətənin və xalqın mənafeyini müdafiə etməyə çağırır: "İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə son qoyulmalıdır. Burada mən, sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin".
Sosial məsuliyyətini dərk etmədən daxili, peşə etikası normalarını pozmağı mənəvi məsuliyyət hesab edən ölkə başçısı xarici düşmənlərə xidmət edən, milli-dövlət maraqlarına zərbə vurmağı düşmənçilik kimi dəyərləndirir və bunun yolverilməz olduğunu qətiyyətlə vurğulayır.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 17 iyun.-
S.15.