18 iyun ölkəmizdə İnsan Hüquqları Günüdür

 

İnsan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır   

Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Belə ki, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, eyni zamanda bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaradıb. İnsan hüquqları amili Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin əsası olub, bu da bilavasitə Onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələnib. 1993-cü ildə Ümummilli Liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyuldu. Azərbaycanın adı Şərqdə ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Bu, hələ ölkəmizin Avrora Şurasına üzv olmadığı vaxtlarda belə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin insan hüquqlarının qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.

Demokratikləşməni hüquqi dövlət quruculuğunun əsas meyarı kimi qəbul edən ölkəmizin insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verməsini 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya da təsdiq edir. Bu Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirdi.

Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu Fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində isə qanunvericilikinstitusional islahatlar həyata keçirildi. Həmçinin qeyd olunan Dövlət Proqramı əsasında, eləcə də ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) institutu təsis edildi.

Müasir dövrümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən insan hüquqları istiqamətində ciddi işlər görülür. Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki,  BƏT-in 70-ə yaxın Konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm partnyorlarından hesab edilir. Azərbaycana insan hüquqlarının təminatında çox mühüm addım atıb. Ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Fərmanı ilə hər il iyunun 18-i ölkəmizdə "İnsan hüquqları günü" kimi qeyd edilir. Bu isə dövlətin özünün beynəlxalq, o cümlədən mülki cəmiyyət qarşısında öhdəliklərinə bir daha qayıtması və daim xüsusi yanaşması deməkdir.

Bildiyimiz kimi, 18 mart 2009-cu il tarixdə keçirilmiş referendum insan hüquqlarının təminatında yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, ilk növbədə, insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının daha real və səmərəli təmininə şərait yaratmışdır. Bu gün də müxtəlif istiqamətlərdə insan hüquqlarının real təminatı sahəsində dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul edilirya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaqdır.

Hazırda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mindən çox qeyri-hökumət təşkilatı mövcuddur. Bu gün elə bir qrup yoxdur ki, onun müdafiəsi ilə məşğul olan QHT olmasın. Azərbaycandakı böyük təşkilatların Avropanın qeyri-hökumət təşkilatları assosiasiyası ilə əlaqələri mövcuddur.

    Müasir dövrdə Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Prezident İlham Əliyevin bir əsas fikri bizim üçün çox önəmlidir ki, fəaliyyətimizin əsasında insan amili dururbütün fəaliyyətimizin məqsədi də Azərbaycan vətəndaşı üçün, onun bu gerçəklikdə rahat, əmin-aman yaşaması üçündür.

Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər bir şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan dövlətdir. Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu çoxlu sayda qəbul edilən qərar və sərəncamlardan daha aydın görmək mümkündür.

   

NƏZAKƏT

Səs.- 2015.- 18 iyun.- S.10.