Hüquqi dövlət quruculuğu
və Azərbaycanın demokratik KİV imici
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik KİV Qərbə nisbətən Azərbaycanda gec yaransa da bu sahələrdə xeyli uğurlar əldə etmişdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, Azərbaycan KİV milli və dini tolerantlıq nümayiş etdirdiyi halda bu gün bəzi Qərb KİV-i hələ də islam - xristian, Qərb-Şərq qarşıdurmasından bəhs edirlər.
Qərbin KİV-də obyektivlikdən uzaq olaraq islam obrazı təhrif olunmuş şəkildə təqdim edilir. Bu stereotip tarixən hələ xaç yürüşləri dövründən formalaşaraq avropalıların şüuruna hakim olmuşdur. Belə münasibət dünya xalqları arasında, o cümlədən Şərq və Qərb xalqları arasında qarşılıqlı inamsızlıq, qarşılıqlı ittiham, anlaşılmazlıq, qarşıdurma və hətta düşmənçilik yaradır, Qərb və islam arasında nifrət toxumu səpir. Bəzi Qərb KİV islam obrazının Avropa üçün təhlükə mənbəyi olduğunu iddia edirlər.
Almaniya televiziya verilişlərinin birində Yəməndəki vəziyyət oradakı məscid və müsəlmanların ibadətləri haqqında veriliş verərkən aparıcı həmin ölkənin geriliyinin, xalqın üzləşdiyi məhrumiyyətlərin səbəbini islamda görür: "İslam bu millətin tərəqqi və inkişafı yolunda çoxlu çətinliklər yaratmış, onu 200 il geriyə atmışdır. Bu ölkədəki gerilik və çatışmazlıq islami proqramların nəticə və simvoludur. Bu xalqların beynəlxalq inteqrasiya və inqilabi dəyişikliklərdən məhrum olmasının səbəbi islam dininin göstərişləri və onların dini etiqadlarıdır".
Bu, islama, müsəlman xalqlarına iftira, qara yaxmaqdan başqa bir şey deyildir. Belə sözlər avropalıların ictimai şüurunda islamın təhrif olunmuş obrazını yaradır. Təkcə müsəlman ölkələri deyil, xristian ölkələri arasında geridə qalanları var. Eləcə də dinindən asılı olmayaraq ölkələr içərisində, o cümlədən Azərbaycanda sürətli inkişaf getməkdədir.
Qərb KİV-ləri Pakistan yazıçısı S.Rüştinin Məhəmməd Peyğəmbəri təhqir edən "Şeytan ayələri" kitabı ilə bağlı XX əsrin 80-ci illərində İranın mərhum dini lideri ayətulla Xomeyninin ona ölüm hökmü verməsini "insan haqlarının pozulması" kimi dəyərləndirmişdi. Danimarkada Məhəmməd Peyğəmbərin karikaturasının verilməsi, ABŞ-da keşiş tərəfindən Qurani-Kərimin yandırılması Qərbdə islama mənfi münasibət formalaşdırır. Qərbdə belə təsəvvür yaranır ki, islam Şərqi Qərb sivilizasiyası üçün böyük təhlükədir. Siyasi elmlər namizədi ərəb alimi Ənvər əl-Bilal "Anqlo-amerikan politologiyasında və Qərb KİV-lərində islamın stereotip obrazı"əsərində göstərir ki, Qərbin son yüzilliklərdə apardığı müstəmləkəçilik siyasəti nəticəsində əldə etdiyi üstünlük islam haqqında Qərbdə formalaşmış stereotipə yeni çalar verərək belə təsəvvür yaradır ki, bu iki dünya mütləq şəkildə bir-birilə barışmazdır, bir araya sığmazdır. Nəticədə tərəflər arasında münasibətlər nəinki yaxşılaşmır, hətta gərgin, qeyri-stabil xarakter kəsb edir".
Müəllif bu gərginliyin artmasında digər mənbələrlə yanaşı, KİV-in mənfi rolunu da xüsusi qeyd edir və onların "sivilizasiyaların toqquşması"na xidmət etdiklərini vurğulayır. Bu tezisin təhlükəli nəticələr verə biləcəyini bildirən Ənvər əl-Bilal yazır: "İslam haqqında kütləvi şüurdakı bu stereotiplər KİV-in məqsədyönlü fəaliyyətinin nəticəsidir. Beləliklə, stereotiplər ictimai şüurun manipulyasiyasında təhlükəli rol oynaya bilər".
ABŞ-dakı 2001-ci il 11 sentyabr terrorundan sonra Qərb, ABŞ KİV-lərində islama və müsəlman dünyasına münasibət daha kəskin xarakter aldı. Bu ölkələrdə KİV-in ictimai şüura təsiri nəticəsində dünya dinlərindən və mədəniyyətlərindən biri olan islam bəşər sivilizasiyası üçün təlükə mənbəyi hesab olunur. "Bu mövzu KİV-lərin fəaliyyətində xüsusi yer tutur: məhz onlar bu cür stereotiplərin təkrar istehsalı ilə məşğul olur, bu tipli mövzular xəbərlər buraxılışlarının, analitik informasiya proqramları və kinofilmlərin məzmununu təşkil edir. Müasir Qərb, xüsusilə Amerika KİV-i yalnız ABŞ, Qərbdə deyil, oradan kənarda da kütləvi şüurun formalaşmasında böyük rol oynayır" (159, 12).
F.ü.f.d. B.Quliyev göstərir ki, müasir Qərb mədəni şüurunda tolerantlıq, ümumbəşəri, mədəniyyətlərarası və sivlizasiyalararası dialoq mədəniyyəti formalaşdıran, Şərqlə Qərbi bir-birinə qovuşduran, ümumdünya inteqrasiya dəyəri təbliğ edən KİV-də aparıcı rol oynayır.
Qərbin yazılı, elektron, audovizual, telekommunikasiya və KİV islamı zorakılıqda, fanatizmdə, ksenofobiyada günahlandırır, islam ideyaları ilə fundamentalizmi eyniləşdirir, islamla terrorizm arasında paralellər axtarır.
Tarixdə Qərb və Şərqin qarşılıqlı münasibətlərində iki amil müstəqil mədəni irs və məkrli siyasət qarşı-qarşıya durmuşdur. Müstəmləkə müharibəsinin gedişində Qərbdə avrosentrizm psixologiya və mentalitet güc gəlmişdir. Yaxın Şərqin müsəlman ölkələrinin Qərbin xaç yürüşlərinə ciddi müqaviməti indiki islam obrazı stereotiplərinin mənbəyini təşkil edir. Radikal və ekstremist neoislamist hərəkatların yaranması və inkişafı islam haqqında stereotiplərin yenidən canlanmasına səbəb olur.
F.ü.f.d. B.Quliyevin fikrincə, 2001-ci il 11 sentyabr hadisəsi bütün KİV-i hərəkətə gətirdi. İslam və müsəlman Şərqinə nifrəti alovlandırdı, Qərb cəmiyyəti ilə müsəlman immiqrant diasporu arasında gərginliyi gücləndirdi.
Qərb və Azərbaycan KİV-lərinin inkişafının öyrənilməsi sübut edir ki, onlar arasında aşağıdakı oxşar cəhətlər vardır:
* Həm Qərb, həm Azərbaycan KİV-ləri müstəqil, demokratik yol tutmuş, milli və ümumbəşəri dəyərləri təbliğ edirlər;
* Hər iki KİV siyasi təsisat kimi vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda modernləşmə prosesində fəal iştirak edir;
* Hər iki KİV dövlət və cəmiyyətin maraqlarını ifadə edir;
* Həm Qərb, həm də Azərbaycan KİV-i peşəkar, məsuliyyətli, obyektiv, həqiqətə, etik normalara söykənir;
* Hər iki KİV daim modernləşməyə, İKT-nın nailiyyətlərindən istifadə etməyə cəhd edir;
* Hər iki KİV həm yazılı, həm elektron, internet, audivizion telekommunikasiyadan istifadə edərək ətraflı informasiya ilə cəmiyyəti təmin edir;
* Qərbdə bütün KİV-lərə yardım edildiyi halda, Azərbaycanda daha çox müstəqil və dövlət KİV-lərnə yardım edilir;
* Eyni sosial funksiyaları
yerinə yetirir.
Qərb
və Azərbaycan
KİV-lərinin fərqli
cəhətləri aşağıdakılardır:
* Azərbaycan KİV-i Qərb və Şərqin sintezindən
ibarət olub ümumbəşəriliklə yanaşı, daha çox milli-mənəvi
dəyərlərə meyil
edir;
* Qərb KİV-i
yaranma tarixi çox olduğu halda Azərbaycan KİV-i XIX əsrdə yaranmışdır. Qərb KİV-i müstəqil, milli dövlətlərdə,
Azərbaycan KİV-i isə dövlətçiliyin
olmadığı dövrdə
yaranmışdır;
* Qərb KİV-i daha müstəqil demokratik, informasiya əldə etmək, yaymaq funksiyası daha geniş, dövlət və cəmiyyətin fəaliyyətinə
daha ciddi müdaxilə etdiyi halda Azərbaycan KİV-i hələ bu imici əldə
etməkdədir;
* Qərb KİV-nin texniki imkanları daha yüksək olduğu halda Azərbaycan KİV-i bu sahədə bir qədər zəifdir;
* Qərb KİV-lərində
avrosentrizm, irqi, dini, milli dözümsüzlük,
islamofobiyaya, ikili standartlara yol verildiyi halda, Azərbaycan KİV-i daha tolerant, ümumbəşəri
mövqe nümayiş
etdirir;
* Qərb KİV-i qloballaşmaya ümumdünya vahid informasiya məkanı yaradılmasına xidmət edir. Qərb televiziya kanallarına ümumi giriş mümkündür ki, bunlar ümumdünya ictimai rəyi yaradır;
* Amerika (ümumən Qərb - B.Q.) həyat tərzi, kütləvi mədəniyyət dünya standartı kimi təbliğ edilir;
* Roma klubu qlobalistika konsepsiyası təbliğ
edilir;
* "Açıq cəmiyyət"
ideologiyası eksport edilir;
* Liberal siyasi dövlət modeli təbliğ edilir;
* Suverenliyin məhdudlaşdırılması
və "seçki legitimliyi" tətbiq edilir.
* Qərbdə də, Azərbaycanda da KİV-ə
dövlət yardım
edir;
* Qərb KİV-lərində
müxalifət mediası
sağlam rəqabətə
əsaslanır, Azərbaycanın
bəzi müxalifət
mediası isə dağıdıcı, qeyri-konstruktiv
yol tutur.
* Qərb KİV-i senzuradan azad media kimi fəaliyyət göstərdiyi halda, Azərbaycan KİV-i yalnız XX əsrin əvvəllərində az
müddətli, XX əsrin
sonlarında senzuradan kənar fəaliyyət göstərir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 19 iyun.- S.15.