20 İyun - Ümumdünya Qaçqınlar Günüdür

 

İqtisadi gücə malik Azərbaycan qaçqın    məcburi köçkünlərin  problemlərini  müstəqil həll edən bir ölkədir

 

Bu gün Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. BMT-nin açıqlamasına görə, hazırda dünyada 15,4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Yer üzündə olan 15,4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çoxu isə 3 ölkəyə - Pakistan, İranSuriyaya aiddir.

Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Azərbaycanda 1.200.000-dək qaçqın və məcburi köçkün vardır.

Statistik rəqəmlər və faktlar göstərir ki, bu mövzu azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib.

Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur. Azərbaycan Respublikasının iqtisadi-siyasi gücü artdıqca dövlət bir vaxtlar ən ağır problem olan qaçqın və məcburi köçkünlərin qayğıları ilə daha yüksək səviyyədə məşğul olmağa başlamışdır. Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına sıx inteqrasiya, sosial-iqtisadi sahədə həyata keçirilən genişmiqyaslı islahatlar xalqımızın maddi rifah halının yüksəlməsinə gətirib çıxarmışdır. Əldə edilən iqtisadi nailiyyətlər ölkəmizin tarazlı inkişafına şərait yaratmış, sosial problemlərin aradan qaldırılması üçün yeni imkanlar açmışdır. Belə ki, əvvəllər bu məsələdə xarici humanitar təşkilatların rolu daha böyük idisə, müasir dövrümüzdə Azərbaycan artıq qaçqın    məcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilib.

Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli Liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Ulu Öndərin 1998-ci ildə qəbul etdiyi "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.

2003-cü ildən başlayaraq Prezident Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək bu istiqamətdə də işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll olunması istiqamətində həyata keçirilən tədbirlər son illər bu sahədə böyük uğurlara şərait yaratmaqla Azərbaycan hökumətinin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə sosial infrastrukturun, kommunal xidmət sektorunun inkişaf etdirilməsi bunun ən bariz nümunəsidir. Bu sahədə sistemli tədbirlər həyata keçirərək qaçqın və məcburi köçkünlərin enerji, su, işıq, qaz və digər kommunal xidmətlərlə əhatə olunmaları üçün məqsədyönlü işlərin görülməsi də hökumətin qarşıda duran vəzifələrə, həmçinin, taleyinə qaçqınlıq və məcburi köçkünlük yazılmış vətəndaşlarımıza nə qədər həssaslıqla yanaşdığını sərgiləyir. Eyni zamanda, qaçqınların səhiyyə, təhsil xidmətləri ilə təmin edilməsi, onların üzləşdikləri problemlərin həlli üçün ardıcıl tədbirlərin həyata keçirilməsi Prezident Cənab İlham Əliyevin bu kateqoriyaya daxil olan insanlara xüsusi diqqət və qayğısını bir daha nümayiş etdirir. Cənab Prezident qaçqın və məcburi köçkün soydaşlarımızın yaşadıqları ərazilərdəki infrastruktur təminatının ən yüksək səviyyəyə çatdırılması, onların hər cür xidmət növləri ilə təchiz edilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.

Xüsusi vurğulayaq ki, çadır düşərgələrinin ləğvi ideyası Ulu Öndərə məxsus olub. İlk dəfə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi də məhz Onun göstərişi ilə 2003-cü ilin iyun ayında ləğv edilib. Münaqişə başlanandan ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2003-cü il Prezident seçkiləri öncəsi "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq" vədini verən Cənab İlham Əliyev bu vədi hətta 4 ildə yerinə yetirib. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb.

Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçünböyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

2007-ci ildə Sabirabadda, Saatlıda, Biləsuvarda, Ağcabədi rayonu ərazisində, Ağdamda, Dəvəçi rayonunda, Bakının Sabunçu rayonu Ramana qəsəbəsində bütün infrastruktura malik yeni qəsəbələr istifadəyə verilib. Daha sonrakı illərdə Füzuli rayonunda 4 qəsəbədən ibarət Qayıdış, 6 qəsəbədən ibarət Örənqala, Füzuli rayonunda 5 qəsəbə, 2104 evdən ibarət Zobucuq qəsəbəsi və s. məcburi köçkünlərin ixtiyarına verilib.

Bütün bunlarla yanaşı, orta məktəb,  musiqi məktəbi, uşaq bağçası, tibb müəssisəsi, rabitə evi tikilərək onların ixtiyarına verilib. Məcburi köçkünlərə ayrılan vəsaiti artırılıb.

Göründüyü kimi, bu gün ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.

 

ZÜMRÜD

 Səs.- 2015.- 20 iyun.- S.10.