Hədəfimiz bütün iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaqdır

 

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə

- Azərbaycanda sosial-iqtisadi inkişaf zəminində yeni iş yerlərinin yaradılması və məşğulluq səviyyəsinin yüksəlməsi işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsini daha da aktuallaşdırır. Bu baxımdan, ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn dövlət nəzarəti tədbirlərini necə qiymətləndirmək olar?

- Əməyin mühafizəsi, işçi insanın həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Xüsusən bu gün Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktorunun, hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təmin olunması prinsipinin dayanması işçi insan amilinin, onun həyat və sağlamlığının mühafizəsinin də ön plana çıxmasını şərtləndirir. Yəni ölkədə aparılan siyasət işçinin iş prosesində həyat və sağlamlığının qorunması amilinin onun çalışdığı müəssisənin  iqtisadi mənafeyindən üstün tutulmasını nəzərdə tutur.

Qeyd edim ki, sovet dönəmində əməyin mühafizəsi sahəsində idarəetmə sistemi istehsalatda baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin baş vermə səbəblərinin araşdırılması zamanı daha çox bu hadisələrin törətdiyi ağır nəticələrə görə tədbirlərin həyata keçirilməsinə,  dəymiş zərərin əvəzinin ödənilməsi, kompensasiya xarakterli işlərin yerinə yetirilməsi kimi işlərin görülməsinə yönəlmişdi. Ancaq müasir dünya təcrübəsində mütərəqqi yanaşma kimi iş yerlərinin sağlamlaşdırılması üçün önləyici tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Seulda (2008-ci il), İstanbulda (2011-ci il) və Frankfurtda (2014-cü il) keçirilmiş Əməyin Mühafizəsi üzrə Ümumdünya konqreslərində də iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əməyin mühafizəsi üzrə önləyici tədbirlərin həyata keçirilməsinə önəm verilməsi zərurəti vurğulanıb.

Bu gün Azərbaycanda əməyin mühafizəsinə  yönələn dövlət nəzarətində də prinsipial  yanaşma iş yerlərində maksimal təhlükəsiz texnoloji fəaliyyətin təmin edilməsi, işçilərin peşə əmək qabiliyyətinin qorunması və peşə risklərinin idarə olunması üçün önləyici tədbirlər sisteminin tətbiqini nəzərdə tutur.  Peşə risklərinin idarə olunmasında istehsalat faktorlarının insan orqanizminə vurduğu zərərli təsirin minimuma endirilməsinə nail olmaq məqsədilə bir sıra təşkilatı-hüquqi, texnoloji, sosial, tibbi və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsi tələb olunur.

Cari ildə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü də "Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək" devizi altında keçirilib. Sağlam və təhlükəsiz əməyin təmin olunması peşə riskləri ilə bağlı önləyici tədbirlər sistemindən başlayır və bu sistemin təmin olunmadığı hər hansı müəssisədə əməyin mühafizəsinin təmin olunmasından danışmaq mümkün deyil.

- Əməyin mühafizəsində məsuliyyət yalnız işəgötürənin üzərinə düşür?

- Peşə riskləri işçinin əmək funksiyasını icra etməsi ilə əlaqədar özünü göstərdiyi üçün bu prosesdə iştirak edən tərəflərin də vəzifə və məsuliyyətləri var. İlk növbədə işəgötürənlər və onların məsul şəxsləri iş yerlərində əmək şəraitinin sağlam və təhlükəsizliyinə şəxsən məsuliyyət daşıyırlar.

Digər tərəfdən, işçilərin məsuliyyəti ondan ibarətdir ki, onlar müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tələblərə, fərdi mühafizə vasitələrindən istifadə qaydalarına düzgün əməl etməlidirlər. Həmçinin onlar işlərin təhlükəsiz yerinə yetirilməsi üçün zəruri bilik və bacarıqlara malik olmalı, vaxtaşırı tibbi müayinələrdən keçməli, istehsalatda baş vermiş bədbəxt hadisə və səhhətlərində yaranmış hər hansı problemlə bağlı dərhal məlumat verməlidirlər. Sosial tərəfdaşlardan biri olan həmkarlar təşkilatı isə işçilərin sosial-əmək hüquqlarının və peşə maraqlarının qorunmasında, müəssisədaxili sosial-əmək münasibətlərində insan amilinin aktivləşdirilməsində öz sözlərini deməlidirlər.  Bu məsuliyyət və öhdəliklər bağlanılmış sahə sazişlərində və kollektiv müqavilələrdə öz əksini tapmalıdır.

- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasında vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmaması əməyin mühafizəsi problemini ortalığa çıxaran səbəblərdən biridir. Tərəfimizdən aparılmış müşahidələr göstərib ki, müəssiəsələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasında, eləcə də onların  bu vasitələrdən istifadə etmələrində hələ də nöqsanlar mövcuddur. Bir çox işəgötürənlər bu məsələyə o qədər də ciddi yanaşmırlar.

Halbuki beynəlxalq statistikaya görə, iş qəzalarının 96 faizi işin icrasının texniki səbəbləri ilə deyil, işçilərin iş yerlərində təhlükəli davranışı və mühafizəedici vasitələrdən istifadə etməmələri ilə əlaqədar baş verir. Beynəlxalq Əmək Təşkilatının statistikasına əsasən, istehsalatda baş verən və ölümlə nəticələnən bədbəxt hadisələrin təxminən 4 faizində əsas səbəb kimi işçilərin fərdi mühafizə vasitələrindən ya ümumiyyətlə istifadə etmədiyi, yaxud düzgün istifadə etmədiyi müəyyən olunub. Yaxud Fərdi Mühafizə Vasitələri İstehsalçılarının Beynəlxalq Assosiasiyasının məlumatında bildirlir ki, belə vasitələrin tətbiqi iş qəzalarının və peşə xəstəliklərinin baş vermə hallarının 50 faizədək azalmasına imkan yarada bilir.

Dövlət nəzarəti və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı zamanı biz  iş yerlərində işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunma səviyyəsinin çox aşağı olduğu ilə rastlaşırıq.  Əksər hallarda işəgötürənlər bunu maliyyə problemləri ilə izah edirlər. Lakin işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmaması qanunvericiliyin pozulması deməkdir və bu hal işəgötürən üçün məsuliyyət yaradan hallardan biridir. Digər tərəfdən, müəssisələrdə əməyin təhlükəsizliyinə sərf olunan investisiyanın nəticədə gəlir gətirdiyi təcrübədə təsdiqini tapmış həqiqətdir. Alman mütəxəssislərinin hesablamalarına görə, bu sahədə effektivlik göstəricisi hər sərf olunan vəsait üzrə 1-in 4 və ya 5 qat nisbətindədir.

- Əmək müfəttişləri tərəfindən bütün iş yerlərində əmək şəraitinin daimi müşahidəsi və qiymətləndirilməsi mümkündürmü?

- Bildiyiniz kimi, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bütün müəssisə, idarə və təşkilatlarda əmək  qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir. Lakin dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da əmək müfəttişlərinin xidməti ərazidə fəaliyyət göstərən bütün müəssisələrdə əmək prosesini daimi və hərtərəfli müşahidə etmələri fiziki baxımdan mümkün deyil. Məsələn,  2014-cü ilin yekununa olan məlumata görə, Azərbaycanda işəgötürənlərin sayı 101702-dir və DƏMX tərəfindən onlarda ildə bir dəfə olmaqla planlı yoxlamanın aparılması tezliyi təxminən 10-11 il təşkil edir. Dünyanın ayrı-ayrı ölkələrdə bu tezlik bir neçə onillik ərzində ola bilir.

Lakin hazırda biz bu sahədə qabaqcıl dünya təcrübəsində mövcud olan effektiv və səmərəli üsulları öyrənirik. Misal üçün, Avropa İttifaqının bir sıra ölkələrində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin müstəqil ekspert qiymətləndirilməsi aparılır və peşə risklərinin elan edilməsi həyata keçirilir. Əmək şəraitinin ekspert qiymətləndirməsi zamanı ekspertlər tərəfindən əmək şəraitinin qiymətləndirməsi üçün instrumental ölçünün aparılıb-aparılmamasına və ya konkret laborator tədqiqatın aparılmasına dair müvafiq qərar verilir. Təbii ki, belə olan halda görülən tədbirlər hazırda qanunvericiliyin tələblərinə görə həyata keçirilən və müəssisədə olan bütün iş yerlərinin attestasiyasının aparılması ilə müqayisədə həm operativliyi, həm ondan qat-qat ucuz və əldə edilən nəticələrin kifayət qədər dəqiq olması ilə fərqlənir. Bu da belə yanaşmanın effektiv olduğunu göstərir.

Yeri gəlmişkən,  cari il iyunun 18-də Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə birgə  Bakı şəhərində “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” mövzusunda sosial partnyorların iştirakı ilə keçirilən beynəlxalq seminar zamanı da iş yerlərində əməyin təftişinin operativliyinin artırılması yolları, bu sahədə sosial partnyorluğun  inkişafı müzakirə mövzularından biri oldu. 

- Son vaxtlarda əməyin mühafizəsi sahəsində həm inzibati yönümlü, həm də maarifləndirmə xarakterli tədbirlər xeyli güclənib. Müsbət nəticələr varmı?

- Təbii ki, əməyin mühafizəsi tələblərini yerinə yetirməyən müəssisələrlə bağlı qanunvericiliyə uyğun inzibati xarakterli təsirli tədbirlər görülür. Bununla bərabər biz bu mövzuda ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçiririk. Məsələn, Xidmət tərəfindən ötən ilin sentyabr ayında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında  “Təhlükəsiz iş aylığı” elan edilərək keçirilib. Həmin dövrlərdə konkret Tədbirlər Planı əsasında iri müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə görüşlər keçirilərək, onlara əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə geniş məlumatlar, izahatlar verilib. Həmçinin istehsalat qəzası riski yüksək olan tikinti obyektlərində, eləcə də mişar, dekorativ və üzlük daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək şəraitinin təhlükəsizliyi yerindəcə araşdırılıb və aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Ötən ilin noyabr ayından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kursları təşkil olunub və indiyədək müxtəlif müəssisələrdən əməyin mühafizəsi üzrə 450 nəfərdən çox mütəxəssis bu kurslarda müvafiq bilik və təcrübələrə yiyələniblər.

Qeyd olunan tədbirlərin müsbət nəticəsi kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin və bu hadisələrdə zərərçəkənlərin sayı azalmaqda davam edir. Məsələn, bu ilin may ayında  istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb.   Ümumən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə baş verməyib. Nəzərə alsaq ki, bu müsbət tendensiya ölkədə iş yerlərinin və məşğul əhalinin sayının durmadan artdığı şəraitdə özünü göstərir, o zaman onun önəminin böyük olduğunu görərik.

Lakin bizim hədəfimiz iş yerlərində qəza risklərinin tam aradan qaldırılmasıdır və əminik ki, görülən məqsədyönlü işlər qarşıdakı dövrdə bu istiqamətdə yeni uğurlu nəticələrini verəcək. İşəgötürənlər də bilməlidir ki, heç bir zaman, hətta maliyyə böhranı zamanında əməyin təhlükəsizliyinin təmin olunmasında qənaətə yol vermək işçilərin həyat və sağlamlığını risk altında qoymaqla, müəssisələrin özünü də son nəticədə böyük maliyyə itkilərinə düçar edə bilər. Düşünürəm ki, öz işçilərinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsinə diqqət yetirmək hər bir işəgötürən üçün qanuni öhdəlikdən əvvəl, ilk növbədə mənəvi borcdur. İqtisadiyyatın aparıcı qüvvəsi işçi insandır və işçi insanın həyat və sağlamlığına qarşı diqqət, qayğı nəticə etibarilə iqtisadiyyatın özünə, onun inkişafına dəstək deməkdir.

 

 Səs.- 2015.- 23 iyun.- S.10