Hüquqi dövlət, KİV və oxucu etibarının qazanması
Hüquqi dövlət quruculuğu prosesində KİV-in əsas funksiyalarından biri də oxucu etibarını qazanmaqdır. Bəxtiyar Sadıqov yazır ki, redaksiyalarda daima "təzələnmə" və "cavanlaşma" prosesi getməlidir. Redaktor "öyrətmə" prosesini düzgün qursa, savadlı və istedadlı "həvəskar" tapsa, ondan 4-5 ilə babat müxbir yetişdirə bilər. Bunun üçün redaksiyalarda "usta-şəyird" münasibətləri yaradılmalıdır. Redaktor təkcə qəzetin ümumi istiqamətini, hər sahəni (şöbəni) haraya yönəltməyi, bütövlükdə yaradıcı mühit formalaşdırmağı bacarmalı deyil! Hər bir müxbirin fərdi keyfiyyətlərini bilmək, onlara mövzu tapmaqda yardımçı olmaq, yazılacaq mövzuda hansı məqamlara toxunmağı, hansı məsələni (yaxud məsələləri) qabartmağı izah etmək, xüsusən nədən başlayıb necə qurtaracağını söyləmək vacibdir. Başqa yol yoxdur! Əslində, "yetisdirmə prosesi"nin əsas ağırlığı şöbə müdirinin üzərinə düşməlidir. Hər müdir öz müxbirini planlı qaydada işlətməli, fakt toplamaqdan tutmuş materialın redaktəsinədək bütün prosesin peşə vərdişinə çevrilməsinə nail olmalıdır. Hətta müxbiri nə vaxt danlamağı və tərifləməyi də düzgün müəyyənləşdirməlidir. Jurnalistika yaradıcılıq prosesidir. Burada insanın psixi durumundan, əhval-ruhiyyəsindən də çox şey asılıdır. Jurnalisti çox sıxıb ruhdan salmaq, bədbinləşməyə qoymaq olmaz! Amma səhvlərini vaxtında göstərib düzgün yola yönəltməmək də sonradan müəyyən fəsadlar törədər.
Redaktorun əsas funksiyasından biri də əməkdaşların fərdi üslubunu qəzetin ümumi üslubuna uyğunlaşdırmaqdır. Bu isə vahid komanda formalaşdırmaq bacarığıdır. Təkcə məqalələr toplusu yox, hər bir qəzet nömrəsi nədənsə başlayıb nədəsə qurtaran süjetli tam olmalıdır (Belə olmasa, qarşıya qoyulan hədəfi dəqiq vurmaq çətindir). Qəzetin bir ildəki bütün nömrələri isə bir kitab təsiri bağışlamalıdır. Mövzular, rubrikalar, daimi guşələr, müştərək səhifələr, hətta tənqidi yazılar belə eyni məqsədə xidmət etməlidir.
Kəsəsi, redaktoru peşəkar olmayan qəzetdə peşəkar müxbirlər yetişə bilməz! Ya "reketlər", ya da "qaragüruhçular" bir yerə toplaşar, müvəqqəti olaraq qəzet adlı nəsə buraxarlar.
Hüquqi dövlət quruculuğunda KİV oxucu etibarını qazanmaq üçün agentlik icranın operativliyinə və səmərəliliyinə də nəzarət edir. Buna görə də agentliyin "qaynar" xəbərin informatordan ona daxil olmasını necə sürətləndirə bilməsi daha vacib məsələdir. Çünki burada birincilik amili xüsusi əhəmiyyət kəsb edir. Aslan Aslanov yazır: "Agentlik çalışmalıdır ki, informasiya ilk növbədə ona çatdırılsın və rəqiblər həmin mənbəyə ondan daha əvvəl yol tapmasınlar, əks halda, təzə xəbər rəqiblərin redaksiyasına sıza bilər. Bu, çox mühüm məqamdır, çünki xəbər efirdə, yaxud internetdə yayılarkən, həmişə bu məlumatı birinci yaymış KİV-ə istinad edilir. Buna görə də xəbərin agentliyə daxil olması ilə onun veb-sayta və ya efirə buraxılması arasındakı vaxtı minimuma endirmək, həm də neytral informatora müraciət etməklə informasiyanı ondan almaq, beləliklə, rəqibləri qabaqlamaq çox vacibdir.
Agentliklər yeni yaranan vaxtlarda onlar qəzet və jurnalları yalnız xronika və əsasən mətn xarakterli, nadir hallarda fotomateriallarla müşayiət olunan rəsmi məlumatlarla təchiz edirdilərsə, müasir dövrdə informasiya xidmətlərinin əhatə dairəsi və formaları xeyli genişlənmiş, müxtəlifləşmişdir. Müasir agentliklər öz abunəçiləri üçün cari hadisələrin xronikası və anonslarla yanaşı, analitik sorğu materialları, xüsusi informasiya da hazırlayır, mətbuat konfransları keçirir, bəyanatlar verir, aksiyalar təşkil edirlər. İri və nüfuzlu agentliklər müxtəlif məzmunlu, dövriliyi və forması müxtəlif olan informasiya, o cümlədən multimedia məhsullarına abunə təklif edirlər. Multimedianın nailiyyətlərindən geniş istifadə olunması son məhsulu auditoriya üçün daha cəlbedici və maraqlı edir". Buna görə də informatordan alınmış, çox vaxt cüzi olan məlumat əsasında daha maraqlı və dolğun material yaradılması ilə yanaşı, həm də həmin materialın multimedia məlumatma çevrilməsi, yəni alınmış informasiya əsasında xronika kadrlarından, bunlar olmadıqda isə arxiv kino materiallarından istifadə edilməklə videosüjet hazırlanması vacibdir. İnfoqrafikanın imkanlarından istifadə edilməsi sayəsində materiallar istehlakçılar üçün daha maraqlı ola bilər. İşin bu hissəsi agentliyin malik olduğu təcrübədən, onun kadrlarının peşəkarlıq səviyyəsindən və texniki imkanlarından asılıdır.
Eyni zamanda, daha bir mühüm amil ondan ibarətdir ki, "yarımfabrikat" şəklində xəbərin multimedia məlumatına çevrilməsi prosesi müstəqil informatorun özünün imkanları və peşəkarlığı sayəsində sürətlənə bilər. A.Aslanovun fikrincə, müasir texnologiyaların tətbiqi informasiya agentliklərinin strukturunda da dəyişikliklərin edilməsi, yeni bölmə xidmətinin yeni növü Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində mövcuddur və onların şəbəkəsi getdikcə genişlənməkdədir. Özəl agentliklərin şəbəkəsinin genişlənməsi və müasir cəmiyyətlərdə informasiyaya artan tələbatın nəticəsidir.
İnformasiya işinin təşkilində yeniliklərdən olan interaktivlik bir sıra tədqiqatlarda onlayn nəşrlərin səciyyəvi mahiyyəti sırasında nəzərdən keçirilir.
İnteraktivliyin kommunikativ mahiyyətinin oxucunun (istifadəçinin) informasiyanın şərh olunması, qaldırılan problemin müzakirəsi prosesində iştirakı kimi formalarda təzahür edən bir neçə cəhəti vardır. Əvvələn, interaktivlik auditoriyadan operativ surətdə rəy almağa imkan verən informasiya fəaliyyətinin reallaşması mexanizmi kimi nəzərdən keçirilə bilər. İkincisi, interaktivlik həm də auditoriyanı informasiya resursuna cəlb etməyin ən səmərəli vasitəsi hesab olunur.
Onlayn nəşrlərin informasiya məhsullarının istehlakçısı (oxucusu, dinləyicisi, tamaşaçısı) ilə istehsalçısı arasında birbaşa əks-əlaqənin qurulması formalarını araşdıran tədqiqatçılar interaktivliyin media sahəsində "öz xəbərinizi yerləşdirin", "redaksiya kollegiyasının üzvü ol", "siz materialın mövzusunu seçirsiniz", "müzakirə", "forum" və s. yeni formalar yaratdığını yazırlar. Əslində isə, bu formalar heç də yeni deyildir. Onlayn nəşrlərdən çox-çox qədim olan mətbu nəşrlərdə oxucu auditoriyası ilə əks-əlaqənin kifayət qədər ənənəvi formaları olub və indi də vardır. "Redaksiyanın poçtundan", "Bizə yazırlar", "Oxucu məktubları", "Oxucu konfransları", "Mütəxəssisin tribunası", "Maraqlı görüşlər klubu", "Səyyar redaksiya" ənənəvi Azərbaycan mətbuatında auditoriyaya hesablanmış əlaqə formalarının heç də tam siyahısı deyildir. Buna görə də onlayn nəşrlərdə "əks-əlaqənin yeni formaları" məsələsini auditoriya ilə ünsiyyətin nə cür adlandırılması kontekstində deyil, fərdin informasiya məkanına daxil olması və sistemdə şəxsiyyətin mövqeyinin aktivləşməsi kimi maraqlı psixoloji prosesin yaranması baxımından araşdırılması faydalı olardı. Qloballaşmanın sürətli gedişində fərdin intellektual qabiliyyətinin üzə çıxarılması və imkanlarının genişləndirilməsi baxımından bu psixoloji prosesin əhəmiyyəti böyükdür. Auditoriya ilə təmasda əks-əlaqənin qurulmasında fərdin baxışlarının nəzərə alınması və onun fikirlərinin şəbəkədə yer alması informasiya işinin təşkilinin yeni mərhələsində geniş ünsiyyətə imkan verən səciyyəvi üstünlüyə malikdir.
Daha bir mühüm məqam ondan ibarətdir ki, "informasiya agentlikləri məlumatların əldə olunması, işlənməsi və yayılmasında mədəni-kütləvi və ideoloji funksiyaları yerinə yetirirlər. Bu mənada informasiya agentlikləri sosial təsisat kimi cəmiyyət daxilində kommunikasiya sistemlərinin optimal fəaliyyətini təmin etmək üçün ümumi əhəmiyyətli məlumatların toplanması, işlənməsi və yayılmasında innovativ, kulturoloji, əlaqələndirici və birləşdirici funksiyaları da həyata keçirir".
Hazırda informasiya
bazarında yerinə və çəkisinə görə
agentlikləri bu cür
təsnif edirlər: transmilli, milli agentliklər, vilayət, şəhər
agentlikləri, nəhayət, nəşriyyatlar və yayım
şirkətləri nəzdində yaradılmış
agentliklər. Qlobal informasiya
məkanında "Assoşieyted Press" və "Yunayted
Press İnternəşnl" (ABŞ),
"Frans-Press" (Fransa),
"Röyter" (Böyük
Britaniya), "Sinxua"
(Çin) və "İTAR-TASS" (Rusiya) agentlikləri daha məşhurdur.
Bu agentliklər dünyada
ən güclü informasiya
mənbələridir və bir çox ölkələrin informasiya
bazarında təmsil olunmuşdur. Məsələn, Avropa informasiya bazarında "Assoşieyted
Press" agentliyinin payı
80 faizə çatır.
Cəmiyyətin media məhsullarına olan tələbatının ödənilməsində
regional və milli agentliklərlə yanaşı,
özəl informasiya agentlikləri də mühüm rol oynayır.
AzərTAc-ın qarşısına qoyduğu
məqsədə çatmaq
üçün bütün
gücü ilə fəaliyyət göstərməsini,
millətinin və dövlətinin mənafeyi
üçün ən
çətin və bəzən qeyri-mümkün
görünən işləri
gerçəkləşdirmək gücünü nəzərə
alsaq, inamla demək olar ki, bu məqsədə
də nail olunacaq və dünyanın ən böyük, ən güclü informasiya sisteminə məhz türkdilli toplumlar sahib olacaq. Ulu Öndər Heydər Əliyevin bir fikri ciddi
maraq doğurur:
"Son illər tez-tez
belə bir fikir səslənir ki, XXI əsr türk əsri olacaqdır. Bu fikrin,
hamımızın ürəyindən
keçən bu istəyin gerçəkliyə
çevrilməsi, türkdilli
dövlətlərin qloballaşan
dünyada özlərinin
layiqli yerini tutması, beynəlxalq aləmdə mövqelərinin
möhkəmlənməsi üçün
ölkələrimiz və
xalqlarımız arasında
əlaqələrin, işbirliyinin
möhkəmlənməsi günümüzün
tələbidir. Biz bir-birimizə gərəyik
və xalqlarımızın,
ölkələrimizin daha
da yaxınlaşması
üçün birlikdə
olmalıyıq".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 25 iyun.- S.15