Hüquqi dövlət, internet şəbəkəsi
və bloqlar
İnternetin tarixilik baxımından qısa zaman kəsiyində inqilabi sıçrayışla inkişafı artıq bu beynəlxalq şəbəkənin öz daxilində yeni korporativ və hətta fərdi saytların yaradılmasını reallığa çevirmişdir. Növbəti innovasion addım artıq bütün internet istifadəçilərinə yaxşı məlum olan bloqlardır. Hamı sayt hazırlamaq üçün lazımi qədər proqram və dizayn biliklərinə malik olmadığı üçün müxtəlif saytlar insanlara öz fərdi saytlarını - bloqlarını açmaq imkanı yaratdılar.
Bloqlar artıq geniş yayılmış və internet şəbəkəsində öz yerini tutmuş bir sferadır. Son illərdə saytlarda bloq bölmələrinin açılması, bloqlar yer alan saytların çoxalması, müsabiqələrin keçirilməsi bu sahəni daha da inkişaf etdirmişdir.
Q.S.Melnik "Yeni informasiya texnologiyası və onların hüquqi təminatı əsərində yazır ki, ingiliscə blog, web log sözündən olub - hadisələr haqqında internet-jurnal, internet-gündəlik, onlayn-gündəlik mənasında işlədilir. Mətn, təsvir və ya multimediadan ibarət və vaxtaşırı əlavələr edilən veb-saytdır. Bloqlar üçün müvəqqəti əhəmiyyət kəsb edən və əks xronoloji qaydada növləşdirilmiş (sonuncu qeyd yuxarıda) qısa qeydlər xarakterikdir. Bloqun ənənəvi gündəlikdən fərqi bloqun hamı üçün açıq olması və müəlliflə sərbəst şəkildə polemikaya girən kənar oxucuları (başqa bloqların yazılarına və ya öz bloqlarına şərh verən) nəzərə alması ilə izah olunur. Bloqu aparan insanları blogger, şəbəkədə olan bütün bloqların məcmusunu isə bloq mühiti adlandırırlar. Bloqa daxil olanlar burada öz rəylərini (şərh və "kommentlərini") yazmaq imkanına malik olurlar. Məhz bu xarakterinə görə bloqlar elektron poçtla, xəbər qrupları ilə, vebform və çatlarla müqayisədə bir sıra üstünlüklərə malikdir.
İnternet şəbəkəsində ilk
bloq-gündəliyi 1994-cü ildə tələbə Castin
Holl (Justin Hall) yaratmışdır. Bir qədər sonra məşhur
proqramçı Deyv Viner (Dave Winer) "Scripting News"
bloqunu yaradır. Bu bloq tez bir zamanda özünə
geniş internet-auditoriya yığmağı bacarır və
məşhurlaşır. Tədqiqatçılar
məhz bu bloqu birinci bloq kimi qəbul edirlər. Hərçənd ki, bu fikirlə
razılaşmayanlar da var. Bəziləri isə Tim Beraers-Linin
1992-ci ildən öz səhifəsində xəbərlər
yayımladığını iddia edir və onu ilk bloq kimi
görürlər.
1997-ci il dekabrın "Robot Wisdom" internet-gündəliyin
yaradıcısı və redaktoru, Amerika bloggeri Com Bargər
(Jom Barger) weblog ifadəsini ilk dəfə istifadə edir. "We blog" termini 1999-cu ildən internet istifadəçiləri
tərəfindən müntəzəm işlədilməyə
başlayıb. Beləliklə,
internet-gündəlik anlayışı blog ifadəsi ilə
qlobal internet şəbəkəsinə daxil olur. Bəzi tədqiqatçılar isə bu ifadənin
müəllifinin Com Bargər yox, bir çoxları
"Peterme" bloqunun yaradıcısının Merholz
olduğunu iddia edirlər.
Elə 1999-cu ilin avqust ayında ilk dəfə olaraq Pyra
Labs pulsuz və rahat istifadə olunan "Blogger"
saytını yaradır. İlin sonunda isə bu saytın istifadəçisi
Rusty Fosterin təşəbbüsü ilə Scoop proqramı
yaradılır. Bu proqram bloq istifadəçiləri
üçün daha da əlverişli şərait
yaradır. Belə ki, əgər əvvəllər
istifadəçilər öz qeydlərini
başqalarının saytlarında yerləşdirirdilər və
bu zaman onların qeydləri adminstrator və ya da moderatorlar tərəfindən
redaktə olunurdusa, indi istifadəçilər rahatlıqla
özləri moderatorluq edir və rəylərini bildirirdilər.
Beləliklə, bu addım bloq sferasının
inkişafında müsbət təkan kimi qiymətləndirilir.
Azərbaycanda da bloq istifadəçilərinin sayı
artmaqdadır.
Ölkəmizdə "Azeriblog.com" bloq sistemi 2007-ci il iyulun 21-də yaradılıb. Azərbaycan
istifadəçiləri müxtəlif saytlarda bloqlar yaradaraq
öz fikirləini bölüşürlər.
Hazırda dünyada elə bloqçular var ki, onların
saytına gündə 10 milyon insan daxil olur. Onların
bloqlara əlavə etdikləri məlumatlar fikir və
mülahizə müxtəlifliyinin, plüralizmin və
informasiya zənginliyinin yaranmasında mühüm rol
oynayır. "New Studa Shows Americians
Blogging Behariour" jurnalında göstərilir ki,
bloqların yaradılmasında əsas amillərdən biri də
istifadəçilərin hər hansı mövzu ilə
bağlı mövqeyini internetlə insanlarla paylaşmaq istəyidir.
Bunun üçün müxtəlif forma və
üsullar olsa da, bunları fərdi bloqlarda yerləşdirmək
daha səmərəlidir. Bu
saysız-hesabsız informasiyalar arasında əlavə
edilmiş informasiyanın itməsinin qarşısını
alır. Blogger öz fərdi bloqunda
yazılarını istədiyi müddətdə və istədiyi
dizaynda yerləşdirə bilir.
Bloqlar
müəllifinə, məzmun istiqamətlərinə, yerləşdirilməsinə,
multimedia görünüşünə, texniki əsaslarına,
kontent xüsusiyyətlərinə və s.
xarakteristikalarına görə müxtəlif növlərə
bölünür.
Müəllif
tərkibinə görə bloqların aşağıdakı
növləri var:
• Fərdi
(şəxsi, müəllif, xüsusi) - bir şəxs (adətən,
sahibi) tərəfindən aparılır.
• Kollektiv
və ya sosial bloq - bloqun sahibi və ya moderatorun müəyyən
etdiyi qaydalar əsasında bir qrup şəxs tərəfindən
aparılır.
•
Korporativ bloq - bir təşkilatın əməkdaşları
tərəfindən aparılır.
Adətən, bloqlar fərdi xarakter daşıyır. Ancaq kollektiv və korporativ
bloqlar içində məzmun istiqamətlərinə görə
həyatın müxtəlif sahələrinə aid
ixtisaslaşmış aşağıdakı növlər
vardır:
• Siyasət
- siyasətə həsr olunmuş bloqlar. Bu bloqu
siyasi liderlər, siyasi partiyaların, siyasi birliklərin liderləri
və politoloqlar tərəfindən aparılır.
Ümumiyyətlə, "məişət" və
"şəxsi həyat" anlayışları ilə
bağlı olan bütün məsələlərə aid
olan bloqlar daxildir.
• Səyahət
- səfərdə olan istifadəçilər bu bloqda özlərinin
səfər təəssüratı ilə
bölüşür, bu və ya digər ölkədə
özünü necə aparmaq barədə məsləhətlər
verir, başqa xalqların adət-ənənələri barədə
söhbət açırlar.
• Təhsil
- bu bloqları əksər hallarda müəyyən təhsil
müəssisələri yaradırlar. İştirakçılar
təlim proseslərini və mövzuları müzakirə
edirlər.
Dəb - bloqda dəb aləmindəki yeniliklər, trendlər,
dəblərin nümayiş etdirilməsi tədbirləri
müzakirə edilir. Burada peşəkarların fikirləri, stilistlərin və
dəbə laqeyd olmayan insanların məsləhətləri
ilə tanış olmaq
mümkündür.
• Musiqi -
bu bloqda müəlliflər özlərinin musiqi zövqlərini
ifadə edir, musiqi aləmindəki yenilikləri müzakirə
edirlər. Musiqi bloqları müəyyən
musiqi istiqamətinə yönəldilə və ya da müxtəlif
musiqi janrlarına və stilinə də həsr oluna bilər.
•
İnformasiya-təhlil - bloqda aktual materialların məzmunu ilə
tanış olur və bu materialları təhlil
edirlər.
• İdman - bloq idman hadisələrinə və bu
mövzu ilə əlaqəli məsələlərə həsr
olunur.
Müxtəlif bloq servisləri bloqları mövzulara
görə müxtəlif cür kataloqlaşdırırlar. Məsələn, Azeriblog
bloqların məzmun bölgüsünü
aşağıdakı kataloqla aparıb: Biznes və
iqtisadiyyat, cəmiyyət, din, elm və maarif, foto, komik, idman,
kino-TV, KİV və xəbərlər, kompyuter və internet,
musiqi, mədəniyyət və incəsənət, oyunlar,
qadın, sevgi, siyasət, səhiyyə və sağlamlıq,
səyahət, texnologiya, təhsil, qida, ədəbiyyat və
s. Lakin bu bölgünü də şərti və subyektiv
saymaq olar. Heç kimin indiyəcən
ağlına gəlməyən bir mövzuya aid yeni bloq
açmaq mümkündür.
Kontentlərin tematik strukturlaşmasında da teqlərdən
(tags - işarə, qeyd) istifadə edilir. Web 2.0
resursları daha da interaktiv edərək istifadəçilərə
özünüifadə azadlığı verir.
C.Məmmədlinin fikrincə, Web 2.0-nin mənfi cəhətləri
olsa da, onun informasiya prosesinə gətirdiyi yeniliklər
artıq bir reallıqdır və getdikcə daha da möhkəmlənir. Mütəxəssislər
Web 2.0-ni qlobal sosiallaşmanın özəyi kimi qiymətləndirirlər
və onun informasiya prosesinə gətirdiyi
aşağıdakı inqilabi yenilikləri göstərirlər:
• Yeni
texnologiya və üsulların (Web 2.0) tətbiqi internet məkanında
yeni mühit yaratmışdır.
• Hər
kəs özünü və saytını istədiyi kimi təqdim
edə və özünəməxsus virtual istifadə məkanı
yarada və bura öz fayl, albom, video və bloqlarını
yerləşdirə bilir.
• İnternet məkanında kollektiv ağıla, kollektiv
mövcudluğa, ünsiyyətə inam yaranmışdır.
•
Özünütəsdiq, paylaşma, faydalılıq internet
istifadəçilərini birləşdirmişdir.
Beləliklə, yuxarıda deyilənlərdən belə
nəticəyə gəlmək olur ki, bloqlar müasir
jurnalistikanın aparıcı bir qoludur və yaxud da ənənəvi
jurnalistikanı artıq sıxışdırmağa
başlayan yeni media növüdür. Belə ki, artıq hər kəs
özünə bloq yaratmaqla həvəskar jurnalist və ya
yeni terminlə ifadə etsək, blogger ola
bilər. "Mobil jurnalistika" əsərində
göstərilir ki, sözsüz ki, əsl jurnalistlərdən
professionallıq baxımından qalsalar da, bloggerlər
artıq internet jurnalistikada öz sözlərini deyə bilirlər.
Çünki xəbərlər bloqlar vasitəsilə
daha operativ və sürətlə çatdırılır.
İlk yazılan məlumatlar isə
axtarış sistemləri tərəfindən daha qabaqda
göstərilir. Bloqlar heç bir senzuraya
məruz qalmadıqlarına görə məlumatlar ictimaiyyətə
bloggerin təqdim etdiyi məzmunda çatdırlır. Blogger və oxucu arasındakı münasibətlər
də ənənəvi jurnalistikada olduğundan fərqlənir.
Bu, nə qəzetçilərin oxucularla, nə
də televiziya əməkdaşlarının
tamaşaçılarla olan əlaqələrinə bənzəmir.
Burada əlaqə daha fərdi və dinamikdir.
Qəzetdə və televiziyada oxucular və ya
tamaşaçılar diqtə edirsə, burada vəziyyət
tamam başqadır. Çünki televiziya
və qəzetdən fərqli olaraq bloq sırf yazara xidmət
edir. Artıq bloggerlər Yeni Mediada öz
yerlərini tutmağa başlayırlar. Bu
da bloqları bəzən sərfəli qazanc hədəfinə
çevirir - KİV və EİV həmin insanlarla müqavilələr
imzalayır, böyük şirkətlər təbliğat
işlərini bu bloqlara təklif edirlər. Bundan əlavə, bütün sayt və bloqlarda
yığılan reytinq bu sayta marketinq və reklam
investorlarını cəlb edir. Online reklam
ucuz olmaqla yanaşı, həm də çox gəlirli sahədir.
Bloq dünyaya açılan yeni pəncərədir. Yeni
medianın bu növü sərhədsiz, hüdudsuz, ideal azad
jurnalistikanı təmsil etməkdədir. Azərbaycan
da dünyaya inteqrasiya edən bir ölkə olaraq, bu növ
jurnalistikanın ölkəmizə ayaq açmaqda olan sürətinə
hazır olmalıdır.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 26
iyun.- S.15