Hüquqi dövlət şəraitində
idarəetməyə xarici və daxili təsir vasitələri
Hüquqi dövlət quruculuğu zamanı sosial sistemlərdə idarəetmə prosesi həm xarici amillərin, həm də daxili amillərin təsiri ilə baş verə bilər. Ə.Qəşəmoğlu qeyd etmişdi ki, hər bir varlığın mövcudluğu, ahəngdar fəaliyyəti missiyasını yerinə yetirməsi üçün o, 1) həm daxil olduğu orqandan enerji almalıdır; 2) həm mühitdən enerji almalıdır; 3) həm öz daxilində enerji hasil etməlidir; 4) həm də həssas dünyanın enerjisini almalıdır. Diqqətlə fikir versək, 4 enerji prinsipi adlandırdığımız bu şərtlərin idarəetmə üçün nə qədər mühüm olduğunu görə bilərik. Əslində, idarə etmək prosesinin özü də hər hansı bir obyektə müəyyən enerji vermək kimidir. İdarəetmə prosesində də, idarə olunan obyekt həm daxil olduğu ierarxik sistemin idarəetməsinə məruz qalır, həm fəaliyyət göstərdiyi mühitin, həm də öz daxilindən, öz strukturu hesabına idarə olunur (Dördüncü tip enerjini - hələlik bir tərəfə qoyaq. Amma ümumiyyətlə o tip enerjini yaddan çıxarmaq olmaz. İdarəetmə zamanı bu tip enerjinin müəyyən təsir xüsusiyyətlərini öyrənmək və istifadə etmək lazımdır. Hər kəsə aydındır ki, bəzən idarəetmə prosesinə idarəedicinin iradəsindən kənar elə qüvvələr təsir edir ki, insan nə baş verdiyini axıra qədər dərk edə bilmir). Hər bir obyekt də elə bu prinsiplərlə idarə olunmalıdır. Belə idərə olunma təbii qanunauyğunluqla, ahəng yolu ilə idarə olunmadır.
Ə.Qəşəmoğlu yazır: "İndi gözümüzün qabağına bir sosial sistem gətirək - məsələn, orta məktəb. Bu orta məktəb həm tabe olduğu təhsil strukturu tərəfindən idarə olunmalıdır, həm yerləşdiyi mühitdəki şəraitə uyğunlaşmalıdır, bu mühitin imkanlarından istifadə etməlidir, həm də məktəbin daxilindəki idarəetmə strukturu tərəfindən idarə olunmalıdır. Bu idarəolunmanın ahəngə gətirilməsi üçün bu üç amil arasında bir qarşılıqlı mütənasiblik vəziyyəti yaranmalıdır. Yadda saxlamaq lazımdır ki, bu idarəetmədə ən əsas məqsəd konkret olaraq idərə obyekti olan sosial sistemin idarə olunmasıdır. Ona görə də əsas diqqət mərkəzində olan məsələ bu sosial sistemin özünün bir sistem kimi get-gedə qarşıya qoyulmuş məqsədə yaxınlaşması məsələsidir. Yuxarı təşkilatın və mühitin müdaxiləsi o şəkildə olmalıdır ki, bu sosial sistemin elementləri, daxili strukturları get-gedə daha da möhkəmlənsin və o öz funksiyasını, missiyasını daha uğurla yerinə yetirsin. Bu, yuxarı təşkilat üçün bir idarəetmə prinsipi olmalıdır. Eyni zamanda mühitlə bu sosiai sistemin münasibətləri araşdırılmalı, mühitdə sosial sistemə mane olan səbəblər varsa, onların ortadan götürülməsi üçün iş aparılmalıdır. Əksinə, çalışılmalıdır ki, mühit bu sosial sistemin daha uğurla fəaliyyət göstərməsi üçün daha münbit şərait yaratsın".
Ən məsul iş isə daxili idarəetmə strukturunun üzərinə düşür. Bu struktur çalışmalıdır ki, idarəetmə prosesində sosial sistemin bütün potensialından istifadə olunsun. Yəni həm bu sosial sistemdə olan maddi-texniki vasitələrdən, həm də bu sistemdəki insan resurslarından səmərəli istifadə olunsun. İdarəetməyə hər bir insanın potensialı cəlb olunsun. Bu prinsip demokratiya prinsipi ilə qarışdırılmamalıdır. Demokratiya prinsipi, "çoxluğun iradəsi" prinsipinə əsaslanır. Ahəng yolu prinsipi isə "ahəng" prinsipini irəli sürür. Onu demək lazımdır ki, daxili idarəetmə strukturu ona nail olmalıdır ki, sosial sistemin daxilində hər kəs öz potensialını, öz qabiliyyətini, imkanlarını, uyğun olaraq, öz daxil olduğu alt sistemlərin fəaliyyətinin daha da fəallaşmasına yönəltsin. Bu sosial sistemdəki hər bir kəsin fəaliyyəti başqalarına yalnız kömək olsun, onları daha da tamamlasın.
Ə.Qəşəmoğlunun fikrincə, hər bir sistemin idarə olunmasında onun kənardan təsirlə idarə olunması ilə öz sistemlilik prinsipləri hesabına daxilində gedən prosesləri fərqləndirmək lazımdır. Ümumiyyətlə, idarəetmədə bu məsələ mühüm məsələdir. Sistem daha çox kənardan təsir edilərək idarə olunursa, bu, bir başqa idarəetmə üsuludur, daha çox daxili imkanları hesabına idarəolunma isə tamamilə başqa idarəetmə üsuludur. İdarəetmədə mühit daha çox rol oynayırsa, bu, tamamilə başqa bir idarədir. Misal üçün, bir var ki, konkret bir hədəfə doğru yol gedən bir dəstəyə hər addımlarını necə atmalı, yolda nələr etməli olduqları barədə təlimatlar kənardan deyilə, bir də var ki, bu insanlar hədəfə doğru getdiyi zaman bütün qərarları özləri qəbul edə. Bir də ola bilər ki, bu insanlar yolun xüsusiyyətlərinin təsiri altda olalar. Təbii ki, konkret variantda bu təsirlərin nisbətləri müxtəlif olur. Bu nisbət idarəetmənin xarakterini müəyyənləşdirən mühüm cəhətlərdəndir. Kənardan təsirlə idarəetmə texniki sistemlər üçün daha əlverişlidir. Hərbidə, dənizdə, kosmosda və s. bu kimi mühitlərdə də kənardan təsirlə idarəedilmə effektli ola bilər. Amma ümumiyyətlə, sosial sistemlərdə sistemin öz sərbəstlik dərəcəsi mühüm əhəmiyyət daşıyır. Mühitin təsiri sistemli idarəetmə olmadığı üçün onu hələlik bir tərəfə qoya bilərik. Sosial sistemlərdə kənardan təsiretmənin güclü olması nə kənardan idarə edən üçün əlverişlidir, nə də sistemin özü, onun alt sistemləri, elementləri üçün. Bu zaman həm kənardan idarə edən gərginlik içərisində olur, həm də ən əsası, idarə olunan sistemin özündə aşınma baş verməyə başlayır. Nəticədə idarəetmə o qədər uğurlu olmur və idarəedilən sistem öz gücünü itirir. Bu kənardan idarə edənin özünün, məhdud imkanlara, məhdud təfəkkürə malik olmasını göstərir. Adətən ömründə ilk dəfə idarəetmə ilə məşğul olmağa başlayan şəxslər belə bir situasiya ilə rastlaşırlar. Hər şeyə müdaxilə edirlər, iş bölgüsünü təşkil edə bilmirlər. Bir çox işləri özləri görməyə məcbur olurlar. Belə bir şəxs təcrübə yığdıqca, intellektə malikdirsə ustalığını artırır və əsasən işləri yönəltməklə məşğul olur. Rəhbərlik etdiyi kollektiv isə öz potensalını üzə çıxarır və sistemin idarə olunmasında uğur artır. Bu məsələyə ciddi diqqət vermək lazımdır. Hər hansı bir təşkilatın rəhbərinin intellekti yüksəksə və idarəetmə təcrübəsi varsa, o, idarə etdiyi təşkilatı daha məzmunlu idarə edərək buradakı insanların potensialını, ümumiyyətlə təşkilatının potensialını üzə çıxararaq daha yüksək nəticələrə qazanır. Amma məhdud insan daima despotik güc metodlarına üstünlük verir.
R.Akoff və F.Emari "Sistemlərin məqsədyönlülüyü haqqında" əsərində yazırlar: "Hər hansı bir sistemin öz funksiyasını yerinə yetirməsi üçün bir vasitədən istifadə edərsə, onun istifadə etdiyi vasitəyə sistemin aləti deyilir". Misal üçün müğənninin öz funksiyasını yerinə yetirmək üçün istifadə etdiyi mikrofon onun alətidir. Çap qurğusu öz funksiyasını həyata keçirmək üçün istifadə etdiyi rəng onun alətidir.
İdarəetmə prosesində idarə edən, idarə edilən obyektlərə müəyyən alətlər, vasitələr - metodlar vasitəsilə təsir edir. Hər hansı bir fərdin, sistemin istifadə etdiyi alətin, vasitənin səviyyəsi onun öz səviyyəsindən aşağı olur. Səviyyəcə aşağı olan sistem özündən yüksək səviyyəli sistemlərdən alət kimi istifadə edə bilməz. Həyatda bəzən savadı az olan, ilk baxışdan, aşağı səviyyəli bir şəxs müəyyən bir məqsəd üçün deyək ki, akademikdən, yaxud nazirdən və s. istifadə edə bilər. Bu, o deməkdir ki, həmin şəxs müəyyən sahədə - misal üçün, ticarət sahəsində həmin akademikdən, nazirdən üstündür, yüksək səviyyəyə malikdir. Bir şəxs o birindən alət kimi istifadə edirsə, artıq alətə çevrilmişin davranışlarında müəyyən sərbəstliklərə məhdudiyyət qoyulacaqdır. Əgər iki şəxs bir-birinə kömək edirsə, o zaman biri o birinin alətinə çevrilmir, çünki biri o birinin hərəkətinə, davranışına, seçim sərbəstliyinə məhdudiyyət qoymur.
Bəzən
sistem öz alt sistemindən, elementindən alət kimi istifadə
edə bilər. Misal üçün, bir təşkilat
öz işçisindən, partiya öz üzvündən alət
kimi istifadə edə bilər. Burada bir məsələyə
diqqət yetirmək lazımdır. Deyək ki, hər
hansı bir müəssisənin öz funksiyasını yerinə
yetirməsində həmin müəssisənin bütün
bölmələri fəal iştirak etməlidir. Bu zaman
müəssisə öz bölmələrindən alət
kimi istifadə edir. Bölmələr öz
qarşılarına qoyulmuş vəzifələri sərbəst,
ahəngəuyğun, qanunauyğun yolla yerinə yetirirlər.
Bununla onlar qarşılıqlı fəaliyyətdə ahəngin
yaranmasına xidmət edirlər. Amma eyni zamanda ola bilər ki,
müəssisənin bölməsindən müəssisə
sui-istifadə edir, yaxud zorla, bölmə işçilərinin
iradələrini sıxışdıraraq istifadə edir. Bu
zaman əksər hallarda ahəng pozula da bilər. Birinci halda
bölmə əməkdaşlıq aləti ikinci halda isə
istismar alətidir.
Bəzən
isə element bütün sistemdən alət kimi istifadə edə
bilər. Məsələn, hər hansı partiya üzvü
öz partiyasından da alət kimi istifadə edə bilər.
Deməli, bu partiyanın səviyyəsi o üzvün siyasi və
praktik səviyyəsindən aşağıdır. Hər
hansı bir sistem başqa bir sistemin aləti olduqda, müxtəlif
proseslər baş verə bilər. Məsələ olduqca həyati
əhəmiyyət daşıdığından, bu məsələ
üzərində geniş dayanmağa ehtiyac vardır.
Yuxarıda danışılanlardan aydındır ki, hər
bir sistemin konkret bir missiyası, qarşısında duran məqsədi,
enerjisi, gücü və s. xüsusiyyətləri vardır.
Əgər sistem öz missiyyası, məqsədi onunkuna zidd
olan başqa bir sistemin alətinə çevrilirsə, ilk əvvəl
münaqişəli vəziyyət yaranır. Sistemlərin
enerjilərinin xarakterindən, gücündən asılı
olaraq bu münaqişə dağıdıcı, uzunmüddətli,
yaxud keçici ola bilər. Alətə çevrilmiş
sistem öz məqsədini itirmiş olur. O, bilavəsitə
alətinə çevrildiyi sistemin məqsədinə xidmət
edir. Bu zaman onun məqsədi artıq "xidmət etmək"
olduğundan sistemlilik xarakteristikalarında da ciddi dəyişikliklər
baş verir. Bu sistemin enerjisi, gücü, digər
xarakteristikaları və s. dəyişir. Eyni zamanda, o, bir
çox hallarda aləti olduğu sistemin doğma bir hissəsinə
- alt sisteminə də çevrilə bilmir. Həmişə
ikinci, üçüncü və s. dərəcəli bir
varlıq rolunu oynayır. Müəyyən hallarda isə
tamamilə dağılır. Alət bəzən sistemin
müəyyən bir elementinə, alt sisteminə qovuşa da
bilər. Bu halda, o bir sistem kimi ortadan çıxmış olur.
Ə.Qəşəmoğlu
göstərir ki, indi sistemlərin daha sərbəst vəziyyətdə
fəaliyyət göstərdiyi zaman baş verən prosesləri
nəzərdən keçirək. Aydındır ki, hər
bir sosial sistem elementlərdən, alt sistemlərdən ibarətdir.
Bəzi hallarda bu birləşmə elementlərin, alt sistemlərin
davranışlarına daha çox sərbəstlik verib
onların imkanlarını bir qədər də
artırır. Başqa bir halda isə əksinə, onların
davranışında sərbəstlik imkanları azalır.
Eyni zamanda, elementlərin (alt sistemlərin) sərbəstliyi,
imkanları artıb-azaldıqca sistemin özünün sərbəstliyinin,
imkanlarının artıb-azalmasını müşahidə
etmək olar. Diqqətlə fikir verildikdə, bu məsələ
sistemin elementlərdən, yaxud elementlərin sistemdən vasitə,
alət kimi istifadə etməsindən asılıdır.
Tutaq ki, iki gənc biri-biri ilə ailə qurub. Bu halda onlarin hər
biri element, ailə isə sistemdir. Əgər həmin gənclər
qurduqları ailədən bir vasitə kimi istifadə etsələr,
öz sərbəstlikləri daha da artacaq, amma ailə xeyli zəifləyəcək.
Yox əgər, onların əsas məqsədi ailənin
güclənməsinə yönələcəksə, öz
davranışlarında sərbəstlik azalacaqdır. Bunu
futbol komandasının misalında daha aydın görmək
olar. Əgər bütün oyunçuların ən əsas
məqsədi komandanın güclü oynamasıdırsa, - bu
halda oyunçular elementlər, komanda isə sistemdir - o zaman
oyunçuların hər birinin öz davranışlarına
məqsədyönlü şəkildə bir məhdudiyyət
qoymalarına ehtiyac vardır. Bunu ölkə misalında davam
etdirsək, ölkənin, dövlətin daha da güclü
olması üçün hər bir vətəndaşdan, təşkilatdan
ötəri "dövlətin mənafeyi onun öz mənafeyindən
üstün olmalıdır" fikrini elmi olaraq əsaslandıra
bilərik.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 30 iyun.- S.15.