Hüquqi dövlətdə elmi biliklərin KİV-lə təbliği

 

 

 

Müasir elmi biliklər sistemi hər bir cəmiyyətin əsas nəzəri bazasını təşkil edir. Ə.Qəşəmoğlu yazır:

1. Dünyanın yalnız duyulan aləmdən ibarət olmadığı, eyni zamanda duyulmayan aləmin də həyatımızda, hər bir varlığın mövcudluğunda mühüm rol oynadığını etiraf etməklə, fəlsəfənin, elmin bütün sahələrinin inkişafını yalnız bu amillərin kompleks olaraq nəzərə alınmaqla qurulması zəruri elan edilməlidir.

2. İndiki fəlsəfi sistemdə insana "bio - sosial" bir varlıq kimi baxışdan "kosmo - bio - psixo - sosial" baxışa keçmək lazımdır; mifik, dini baxışlardakı, qədim yunan fəlsəfəsindəki "kosmo" amil yenidən nəzərdən keçirilməlidir.

3. Mövcudluqda kosmik enerjinin rolu, ümumiyyətlə varlıqlar arasında mövcudluqları üçün enerji mübadiləsi məsələsi fəlsəfənin diqqət mərkəzinə gətirilməlidir.

4. Şərq mədəniyyətinin, Şərq fəlsəfəsinin strategiyalarının daha düzgün olduğu qəbul edilməli, Qərb mədəniyyətinin, fəlsəfəsinin taktikasından istifadə edərək, Şərq mədəniyyətinin, fəlsəfəsinin fundamenti üzərində yeni elmi istiqamət strategiyaları müəyyənləşməlidir. Şərq və Qərb mədəniyyətlərinin, fəlsəfəsinin kortəbii sintezi məsələsi bir kənara qoyulmalıdır; Daha çox məişətə, praqmatikaya meyilli Qərb fəlsəfəsinin, daha çox mənəviyyata, kosmo aləmə meyilli Şərq dünyagörüşünün xüsusiyyətləri dərindən araşdırılmalıdır. Sufilik təlimləri yeni elmi dünyagörüşü əsasında dərindən öyrənilməlidir.

5. Dinelm arasındakı münasibətlər yenidən nəzərdən keçirilməlidir. Dinə yalnız bir fanatizm mənbəyi kimi baxılmamalıdır. Fanatizmin savadsızlıqdan - dini abidələrdəki dərin, kodlaşmış fəlsəfəni anlamamaqdan irəli gəldiyi qəbul edilməlidir. Hər bir dini abidəyə ilk növbədə elmi inkişafın strategiyalarını seçmək üçün əvəzsiz mənbə kimi baxılmaqla, bu abidələrdəki dünya barədə kodlaşmış informasiyalar dərindən təhlil edilməlidir. Elmlə dinin biri - birini tamamlayan ahəngi üçün axtarışlar aparılmalıdır.

6. Sistem nəzəriyyəsinə, riyaziyyat elminə əlahiddə yer verilməli, bu sahələrin inkişafə üçün ən əlverişli şərait yaradılmalıdır. Bu sahələrin inkişafı diqqət mərkəzində olmalıdır.

7. Tərəqqi kateqoriyasının dərindən təhlili fəlsəfə elminin ən mərkəzi istiqaməti olmalı, tərəqqinin mahiyyəti düzgün izah edilməlidir. Fəlsəfənin, bütün başqa elmlərin inkişaf strategiyaları tərəqqi meyarlarına uyğun olaraq müəyyənləşdirilməlidir.

8. Cəmiyyət üçün iqtisadi amillərin daha mühüm olduğu barədə bəzi nəzəriyyələr, düyagörüşləri sistem nəzəriyyəsinin köməyi ilə bir daha araşdırılmalı, ahəngdar inkişaf, tərəqqi üçün bütün iqtisadi, siyasi, demoqrafik, ekolojis. amillərin həmahəng olaraq biri- birini tamamlaması zərurəti araşdırılmalıdır. Hər bir amilin daha zəruriliyinin yalnız müəyyən şəraitlə baş verdiyi, bu şəraitlərlərin fərqləndirilməsi tədqiq olunmalıdır.

9. Müasir fəlsəfədə mədəniyyət amili lazım olduğu səviyyədə dərk olunmamış, elmi araşdırma obyektinə çevrilməmişdir. Stabilləşən cəmiyyətdə mədəniyyət amilinin hansı mühüm rol oynadığının detalları ilə aydınlaşması üçün geniş elmi araşdırmalar aparılmalıdır.

10. Ahənglə bağlı xüsusi elm sahələri, nəzəriyyələr inkişaf etdirilməlidir. Hər bir varlıqda, sistemdə, təşkilatda, institutda, cəmiyyətdə ahəng yaranmasının şərtləri müəyyənləşməlidir.

11. Qlobollaşma problemləri sistem nəzəriyyəsinin tələbləri baxımından araşdırılmalı, qlobollaşmanın ahəng prinsipi ilə davam etməsi üçün elmi tövsiyələr hazırlanmalı, elmi nəzarət mexanizmləri təklif edilməlidir.

12. "İdarəetmə və mahiyyət" münasibətlərinin elmi, fəlsəfi izahı, bu sahədə konkret mexanizmlərin hazırlanması elmi araşdırma obyektinə çevrilməlidir və s.

Qeyd etmək lazımdır ki, Azərbaycan alimlərinin belə bir paradiqma üzrə fəlsəfi nəzəriyyələrin yaradılması üçün olduqca böyük təbii, potensial imkanları vardır. Bu potensialı onların mənsub olduğu coğrafi ərazinin energetikası, mədəniyyət sistemi, sufilik mədəniyyətinin, təliminin əldə etdiyi nəticələr, xalqın folkloru, bədii ədəbiyyatı, qan, gen yaddaşı, ölkənin iqtisadi imkanları, beynəlxalq əlaqələr, ölkənin elmi kadrları və s. yaradır.

S.Xəlilov yazır ki, lakin əsas məqsəd faktlar, hadisələr arxasındakı mahiyyətləri, daha dərin səbəbləri aşkara çıxarmaqdan ibarət olmalıdır. Hadisələrin emosional şərhi tərbiyəvi baxımdan faydalı olsa da, problemin həlli yolunu göstərmir. Məsələn, gənclərin kəndi tərk etməsi probleminə baxaq. Burada kökdən, torpaqdan, ata-baba yurdundan danışmaq, vətəndaşlıq hissini yada salmaq azdır. Nəzərə alınmalıdır ki, şəhərə axın mənəvi-estetik problem olmaqdan daha çox, sosial-iqtisadi və sosial-mənəvi problemdir. Ona görə də, vəziyyətə yalnız mənəvi meyardan çıxış edərək qiymət vermək kifayət deyil. Hadisənin əsl kökü araşdırıldıqda onun daha böyük problemlərlə bağlı olduğu üzə çıxır. Kənddən şəhərə axının qarşısını almaq üçün ata yurduna məhəbbət bir yana dursun, kəndin mədəni inkişaf səviyyəsini formal göstəricilər baxımından yüksəltmək də hələ azdır; bunun üçün, ilk növbədə, səmərəli təsərrüfat sistemi, mədəni-mənəvi iqlim yaradılması lazımdır. Kənd rayonlarında amiranə-rəhbərlik metodunun təmərküzləşməsi şəhərə nisbətən bəzən daha güclü olduğundan insana münasibət sahəsində daha dözülməz vəziyyət yaranır ki, bu vəziyyəti dəyişmədən, adamları kəndə səsləməyin faydası yoxdur. Televiziya da bu tipli problemləri işıqlandırarkən həyəcan təbili çalmaqla yanaşı, müvafiq təhlili aparılması üçün təşəbbüs göstərməlidir. Bu, tamaşaçılarda emosional reaksiya yaratmaqla kifayətlənməyərək analitik təfəkkürün inkişafı üçün də yardım ola bilər.

Televiziya işçiləri yəqin buna "istinad edirlər" ki, yumoristik novellalara geniş yer verilməsini məhz zəhmətkeşlər özləri xahiş edir. Lakin əvvəla, xahiş edənlərin nə dərəcədə zəhmətkeş olmaları şübhəlidir; çünki yuxarıda əsaslandırdığımız kimi, belə verilişlər ideyasız adamlara daha çox xoş gələ bilər. İkincisi, arzuların özünün də istiqamətləndiricisi məhz ideologiya olmalıdır. Əgər televiziya verilişləri düzgün ideoloji istiqamətdə aparsa, arzular da tədricən həmin istiqamətdə tərbiyə olunacaqdır.

S.Xəlilov daha sonra yazır: "Dediklərimizdən belə çıxmamalıdır ki, biz mənəvi tərbiyə işində, milli əxlaqın antipodlarına qarşı kütləvi mübarizə işində incəsənətin, televiziyanın böyük imkanlarından istifadə edilməsinin əleyhinəyik. Əksinə, bu, olduqca vacibdir. Lakin bu, heç də eybəcərliyi təsvir etmək yolu ilə deyil, gözəlliyi tərənnüm etmək yolu ilə mümkündür. Bizim cəmiyyətdə antipodlar satirayumorlarla deyil, yalnız kəskin dramatik səhnələrdə, güclü, müsbət obrazlarla müqayisə və ziddiyyətdə ifşa oluna bilər və yalnız bu zaman ədalətin qələbəsi zərurəti incəsənətdə təsdiq oluna bilər. Televiziya verilişlərində vahid süjeti, kəskin dramatizmi ilə fərqlənən əsərlər (belə əsərlər müasir ədəbiyyatda çox az olduğundan klassikaya da müraciət etmək olar) göstərsələr, tamaşaçılar səhər də, axşam da bəsit, gülünc "obrazlar" əvəzinə böyük xarakterli, möhkəm əqidəli, incə ruhlu adamlarla rastlaşsalar, bu, onlarda ali hisslər, nəcib duyğular, hər cür mənfi hallara qarşı mübarizə əzmi aşılayacaqdır. Televiziya bu məqsədlə dünya klassiklərinin əsərlərinə, xüsusi mənəvi təsir gücünə malik olan milli adət və ənənələrimizin təbliğinə müraciət edə bilər".

L.Turou yazır: "Oxumaq üçün vaxt, xərc və zəhmət tələb olunur. Televiziyaya baxmaq isə hamı üçün rahatdır. Amma yazılı sözdən imtina təfəkkürü bəsitləşdirir".

Demokratik cəmiyyətdə milli klassik musiqinin, saz sənəti və muğamatın yüngül musiqi tərəfindən sıxışdırılmasında, xarici təsirlərin artmasında televiziya verilişlərinin mənfi rolu çox böyükdür. Heç bir biznes marağı buna haqq qazandıra bilməz. Gənc nəslin milli mədəniyyət zəminində tərbiyəsi hər şeydən önəmlidir. Bu baxımdan ictimai televiziyanın tezliklə işə düşməsinə böyük ehtiyac vardır.

Hal-hazırda ictimai həyatımızda baş verən demokratik dəyişikliklər, aşkarlıq şəraitinin meydan açdığı cəsarətli ideyalar, əvvəllər toxunulmaz sayılan sahələrin təhlil obyektinə çevrilməsi mübahisə formasına, canlı diskussiyaya, fikir plüralizminə gətirib çıxarır və ya çıxarmalıdır. Bunsuz televiziya dinamik, ziddiyyətli, sürətlə dəyişən zəmanəmizin nəbzini tuta bilməz.

"Yekdillik" ənənəsi hələ o dərəcədə güclüdür ki, fikir plüralizminə asanlıqla uyğunlaşa bilmirik. Lakin bu, müvəqqəti çətinlikdir. Dərin kök atmış stereotiplərdən yaxa qurtarmaq, fikrin qaysaqlanmış səthini keçərək alt qatlara nüfuz etmək vaxtı artıq çatmışdır və bu istiqamətdə televiziya daha inamlı addımlar atmalıdır. Həm də nümunə üçün uzağa getmək lazım deyil. AzTV ilə yanaşı, özünü maliyyələşdirmək məcburiyyətində olan özəl televiziya kanalları da, yeri gəldikdə, biznes maraqlarından yüksək qalxaraq düşündürən və tərbiyəvi yönlü verilişlər hazırlayırlar. Lakin bunlar hələ azdır. Hələ ki, televiziyanın tərbiyəyə vurduğu ziyan xeyri üstələyir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 4 mart.- S15.