Qadınlarımızın əldə
etdikləri uğurlar bizi
çox sevindirir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova
- Hicran xanım, Azərbaycan qadınları 8 Mart Beynəlxalq Qadınlar Gününü hansı əhval-ruhiyyədə qarşılayırlar?
- İcazə verin, əvvəlcə fürsətdən istifadə edərək qarşıdan gələn 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı, analarımızı, bacılarımızı, qızlarımızı təbrik edim. Onlara can sağlığı, uzun ömür, xoşbəxt həyat, ailə səadəti arzulayıram. Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Ölkəmizin iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə də uğur qazanmağı bacarırlar. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.
- Azərbaycanda dövlət qadın siyasətinin bugünkü uğurları haqqında fikirlərinizi bilmək istərdik. Bu siyasət hansı nəticələr verməkdədir?
- İlk öncə qeyd etmək istərdim ki, respublikada dövlət qadın siyasətinin həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Qadınlarımızın əldə etdikləri uğurlar bizi çox sevindirir. Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların əldə etdikləri ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrində əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycan Respublikası 85 rayon üzrə İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatmışdır. Qadın hakimlərinin də sayı yüksələrək 65 olmuşdur. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir. Notariuslardan 40 nəfəri qadındır. Diplomat qadınlarımızın sayı da artaraq 181olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 19%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. Biz inanırıq ki, növbəti parlament seçkilərində qadınlarımız bir qədər də fəal olacaqlar. Eyni zamanda, bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı artmışdır. Və bu aktivliyin artırılması üçün davamlı olaraq qadınlar arasında maarifləndirici iş aparırıq. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Ümumi sahibkarlar arasında qadın sahibkarların xüsusi çəkisi 19%-ə çatmışdır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 31%-ni, bütün elmi işçilərin isə 54%-ni qadınlar təşkil edir.
- Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakını necə qiymətləndirirsiniz?
- Qadınların siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən ilə artır. Belə ki, əgər 2010-cu ildə partiya üzvləri arasında qadınların xüsusi çəkisi 43,5%-idisə, 2014-cü ildə bu göstərici 46%-ə qalxmışdır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri -hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir.
Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Əlbəttə, bu, bizim üçün fəxrdir.
Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Əgər 1990-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-lərin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artdı. Hazırda təkcə 200-ə yaxın qadın təşkilatı fəaliyyət göstərir. Mən, xüsusilə, ailə,qadın və uşaq problemlərinə dair layihələrin həyata keçirilməsində maliyyə dəstəyi vermiş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rolunu qeyd etmək istərdim. Həmçinin, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir.
- Ötən ilin dekabrında ölkəmizdə keçirilən bələdiyyə seçkilərində xeyli sayda qadın namizədlər iştirak etdi. Onların bələdiyyələrdə təmsilçilik səviyyəsini qaneedici saymaq olarmı?
- Biz çox sevinirik ki, bələdiyyə seçkilərində iştirak edən və seçilən qadınlarımızın sayı ildən ilə artır. 2009-cu ildə bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil etmişdir. 2014- cü ildə isə bu göstərici 35%-ə qalxmışdır. Bütün bu göstəricilər qadınlarımızın fəallığının artmasının bariz nümunəsidir.
Qadınlarımızın imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir. Elə dövlətin əsas məqsədi də onların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinə nail olmaqdır. Bunun üçün bir sıra geniş miqyaslı tədbirlər və layihələr həyata keçirilir. Belə layihələrdən biri də, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə Azərbaycan qadın bələdiyyə üzvləri üçün “DAYAQ” Mentorluq Proqramının icrasıdır. DAYAQ Mentorluq layihəsinin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etməkdir. Proqram daxilində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər bələdiyyə üzv qadınları tərəfindən uğurla həyata keçirilmişdir. Qadınların bələdiyyə idarəetməsində rolunun gücləndirilməsi istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasına istiqamət verən praktik tövsiyyələrdən ibarət “Fəal Ol” təlimat kitabçası nəşr edilmişdir. Xüsusilə qeyd etmək istərdim ki,bu proqramın ən vacib məqsədi bir çox sahələrdə tanınmış qadınların, onların professionallığının və təcrübələrinin təbliğ olunmasıdır. Belə qadınların fəaliyyəti digər qadınlara nümunə olur və onlarda ictimai aktivliyə maraq oyadır. Biz çalışırıq ki, qadınların qərar qəbuletmədə və idarəetmədə yalnız kəmiyyətcə deyil, həm də keyfiyyətcə iştirakının artırılması istiqamətində iş aparaq.
- Qadınların cəmiyyətdə hüquq bərabərliyinin təmin edilməsi sahəsində hansı problemlər mövcuddur? Bir sıra bölgələrdə gənc qızların ali təhsil problemləri, erkən nikah məsələsi hələ də mövcuddur. Dövlət Komitəsi bu problemlərin aradan qaldırılması üçün maarifləndirmə işləri aparır. Maarifləndirmə işləri hansı nəticələr verməkdədir?
- Qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa vadar edilməsi hüquqlarının pozulması, fiziki və psixoloji problemlərə məruz qalmaları bizi narahat edən məsələlərdəndir. Qeyd etməliyəm ki, Komitə erkən nikahlarla bağlı həm tədqiqat, həm də maarifləndirmə kampaniyalar aparır. Bu istiqamətə qanunvericilik bazasının təkmilləşdirilməsi və maarifləndirici işlərin aparılması öz müsbət nəticəsini verir. Məsələn, 2011-ci ildə erkən nikahların sayı 5138 olmuşdur. 2012-ci ildə isə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınmışdır. 2012-ci ildə 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır. 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə isə 2855 uşaq olmuşdur. Lakin əfsuslar olsun ki, bəzi rayonlarda, hələ də erkən nikahların sayı azalmır.
2013 və 2014-cü illərdə 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin ümumi say nisbəti bir-birinə yaxındır. Lakin ayrı- ayrı bölgələr üzrə bu nisbət çox fərqlidir. Respulikanın bir sıra bölgələrində 9-cu sinifdə olan qızlarla 11-ci sinifdə olan qızların say nisbəti də fərqlidir. Bəzən əsas gətirilər ki, məktəblərin sayı azdır, uzaq məsafədədir, yerlərdə infrastruktur zəifdir. Əlbəttə, bu bəhanədir. Hal-hazırda, təkcə paytaxtın deyil, regionların sosial-iqtisadi və infrastruktur inkişafı göz önündədir, məkətblərin sayı artmışdır. Digər səbəblərdən biri də erkən nikahdır. Belə ki, rəsmi statistik göstəricilərə görə də məhz həmin bölgələrdə erkən nikahların sayı digər yerlərdən daha çox qeydə alınmışdır. Əlbəttə, Komitə olaraq, biz silsilə tədbirlər, maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçiririk. Lakin bu problemin həlli istiqamətində kompleks yanaşma və sistemli şəkildə iş aparmaq lazımdır. Valideynlərə, təhsil müəssisələrinə nəzarəti daha da gücləndirmək vacibdir. Onların qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender streotiplərinin aradan qaldırılması sahəsində səylərimizi birləşdirməliyik. Xüsusilə, vətəndaşlar öz məsuliyyətini dərk etməlidir. Əgər onların erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunmuş qanunlar, məcəllələr haqqında informasiyaları çox olsa, belə cinayətlərin sayı da daha az olar.
İcra hakimiyyətlərinin müvafiq şöbələri ilə birgə tədbirlərimizi daha planlı şəkildə həyata keçirməliyik. Ümumiyyətlə, yerli QHT-lərin, digər ictimai təşkilatların, o cümlədən, Heydər Əliyev Mərkəzlərinin, YAP Qadınlar Şurasının, Ağsaqqallar və Ağbirçəklər Şuralarının və Gənclər Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətlərində xüsusi iş aparılmalıdır. Bu gün yaranmış sosial vakkumu məhz müxtəlif tədbirlərlə, tanınmış elm, mədəniyyət və ictimai xadimlərlə görüşlər keçirməklə bu boşluğu və insanlarda olan özünə qapanmanı aradan qaldırmaq olar. Kənd və rayon yerlərində yaşayan qadınların özlərini reallaşdırmaları üçün şərait yaradılmalıdır. Bu qadınların imkan və bacarıqlarının nəzərə almaqla, onların işə cəlb olunmasına şərait yaratmaq olar. Bu, həm də həmin rayonda işsizliyin aradan qaldırlmasına müsbət təsir göstərə bilər.
- Hicran xanım, necə hesab edirsiniz, cəmiyyətdə qadınların rolunun daha da artırılması üçün hansı əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var?
- Bilirsiniz, bu gün ölkəmizdə qadınların özlərini reallaşdırmaları və ifadə etmələri üçün bütün imkanlar var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə qadınlarımız onlar üçün yaradılan bu şəraitdən hərtərəfli yararlanırlar. Lakin bunla yanaşı, bir sıra sosial-psixoloji amillər, bilik və təcrübələrinin, özlərinə inam hissinin aşağı olması qadınları ictimai, siyasi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirir. Buna görə də, qadınlarla, eləcə də kişilərlə xüsusi maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Belə layihələrin nəticəsində qadınlarımızın fəallığı daha da artacaq və onlar cəmiyyətimizin inkişafında yaxından, aktiv iştirak edəcəklər.
Səs.- 2015.- 6 mart.- S11.