Hüquqi dövlətdə siyasi mənafelər
Hüquqi dövlətin siyasət aləmində siyasi mənafe problemi əsas yer tutur. Politoloji ədəbiyyatda göstərilir ki, siyasət dünyasının mərkəzində dövlət durur. O, siyasət ideyasının mərkəzləşdirilmiş təcəssümü "hakimiyyət"lə birlikdə siyasi nəzəriyyənin əsaslı kateqoriyasıdır. Siyasi hadisə və proseslər insanların qarşılıqlı siyasi hərəkətləri gedişində meydana çıxır, konkret siyasi strukturlarda onların yeri və rolu ilə şərtlənir. Bu isə, öz növbəsində, ayrı-ayrı adamların və qrupların siyasətə və hakimiyyətə müxtəlif münasibətlərində üzə çıxır.
"Politologiya" kitabında göstərilir ki, siyasət dünyası dövlət, hüquq, partiya, seçki sferalarını, qərarların qəbul edilməsi mexanizmini, siyasi prosesi, siyasi münasibətləri, siyasi mədəniyyəti və i. a. birləşdirir. Siyasət anlayışına aşağıdakılar daxildir:
- müəyən strukturu və funksional yönümü olan dövlət hakimiyyəti;
- ictimai münasibətlərin xüsusi növü olan siyasi münasibətlər;
- dövlət hakimiyyətini həyata keçirən, yaxud bu və ya başqa şəkildə onun fəaliyyəti ilə əlaqədar olan müəssisələr, xüsusi sosial təsisatlar sistemi;
- kütlələrin həyat fəaliyyətinin, sosial davranışının müəyyən təzahürləri - hakimiyyət uğrunda mübarizə, ona nəzarət və s.
Siyasətin və siyasət dünyasının (siyasi prosesin) tədqiqi bir tərəfdən, müəyyən qrupu bu və ya başqa siyasi prosesə təhrik edən mənafeni təhlil etməyi, digər tərəfdən isə siyasi prosesə konkret forma verən ictimai amilləri nəzərdən keçirməyi tələb edir.
Bu baxımdan siyasətin komponentləri aşağıdakılardır;
- konkret ictimai quruluşun arzuedilən obrazı
(ideal);
- siyasi reallıq;
- siyasi məqsədə və ideala nail olmaq
yolları və vasitələri.
Bu sxemə əsasən söyləmək olar ki, siyasi prosesə
qədəm qoyan hər bir şəxs öz beynində gələcək
ictimai quruluşun müəyyən obrazını yaradır. Başqa
sözlə desək, o, məhz beynində
hazırladığı obraza nail olmaq arzusu (ümidi) ilə
siyasi prosesə qoşulur.
Lakin
siyasi proses hər dəfə (yəni hər bir insanın ona
qoşulması ilə) yenidən başlanmır. Siyasətə qoşulan insan bu zaman obyektiv surətdə
mövcud olan siyasi reallıq ilə qarşılaşır.
Həmin siyasi reallıq tarixən müəyyən
dövr ərzində qərarlaşır və fəaliyyət
göstərir. Siyasi prosesin iştirakçısı həmin
reallıqla hesablaşmalı və ona əsasən öz
beynində yaratdığı obrazı və eyni zamanda ona
nail olmağın yollarını, vasitələrini dəqiqləşdirməli
olur. Bu məqsədlə o, müəyyən
partiyalara və hərəkatlara qoşulur, yaxud fərdi
qaydada fəaliyyət göstərir.
Kollektiv,
yaxud fərdi qaydada fəaliyyət göstərməsindən
asılı olmayaraq, siyasi proses hər bir
iştirakçısı bu zaman müəyyən siyasi
münasibətlərə daxil olur. Siyasi
hökmranlıq həmişə ictimai qrup xarakteri
daşıyır, yəni siyasət bu və ya başqa sosial
qrupa xasdır. Məhz bu qrup daxilində qərarlaşan
münasibətlər, mikrosəviyyədə onun
davranışını müəyyən edir.
Digər ictimai münasibətlərdən fərqli
olaraq, siyasi münasibətlər, iqtisadi münasibətlərlə
birlikdə, müəyyənedici rol oynayır. Bu zaman siyasi
münasibətlərin spesifikliyi onda üzə
çıxır ki, onların təkrar istehsalı və
inkişafı maddi və mənəvi münasibətlərin
fəaliyyət göstərməsinin zəruri şərti
kimi çıxış edir. Onların
fövqəladə dərəcədə mürəkkəbliyi,
dinamizmi və ziddiyyətliliyi, mövcudluq formalarının rəngarəngliyi
bu münasibətlərin tədqiq və təhlil edilməsi
zamanı fikir müxtəlifliyinin olmasını şərtləndirir.
"Politologiya" kitabında qeyd edilir ki, siyasi
davranışın və siyasi münasibətlərin əsasında
mənafe durur.
Ümumi şəkildə mənafe cəmiyyətdə
müxtəlif sosial qrupları əmələ gətirən
ictimai münasibətlər forması, real əlaqədədir.
Bu mənada, o, obyekt-subyekt münasibəti,
obyektiv imkanların subyektiv ifadəsidir. Siyasi
mənafeyə gəldikdə isə, sosial-siyasi münasibətlər
sistemində subyektin vəziyyəti, ictimai sistemin strukturunda onun
yeri son nəticədə siyasi mənafenin obyektiv tərəfini
müəyyən edir. Sosial subyektin konkret
davranışı isə siyasi mənafenin obyektiv təzahür
formasıdır. Bu, onu göstərir ki,
subyekt məhz həmin davranış formasını öz mənafeyinə
uyğun, daha optimal hesab edir. Müvafiq
davranış üsulu isə öz növbəsində o
zaman siyasi mənafeyə çevrilir ki, o, subyekt
üçün mövcud vəziyyətdə ən əlverişli
və optimal olsun.
Subyektin öz vəziyyətini dərk etməsi
stadiyası siyasi mənafenin subyektiv tərəfini əmələ
gətirir.
Qeyd etmək lazımdır ki, bu proses həm adi şüur səviyyəsində,
həm də tarixi planda həyata keçirilir. Siyasi
mənafenin dərk edilməsi fasiləsiz baş verir.
Adi şüur səviyyəsində bu proses siyasi biliklərin,
qiymətlərin, yönümlərin işlənib
hazırlanması formasında baş verir. Onlar
isə öz növbəsində, praktik fəaliyyəti,
sosial fəallığı, vətəndaşlıq
mövqeyini şərtləndirir.
Beləliklə, geniş mənada, siyasi mənafe
böyük ictiman qrupların öz mənafeyini siyasi hakimiyyət
vasitəsilə reallaşdırmaq imkanlarını obyektiv surətdə
dərk etməsidir. Siyasi hakimiyyətin ələ
alınması, möhkəmləndirilməsi, müvafiq təsisatlarda
bərkidilməsi, habelə, onun təkmilləşdirilməsi
siyasi mənafenin birbaşa obyektidir. Siyasi
hakimiyyətin təsirinə məruz qalan digər münasibətlər
isə onun bilavasitə subyektidir. Nisbətən
dar mənada, siyasi mənafe siyasi hakimiyyətdə iştirak
etməyin obyektiv imkanlarının sosial subyekt tərəfindən
dərk edilməsidir. Müxtəlif əlamətlərə
görə, siyasi mənafeləri aşağıdakı kimi
təsnif etmək olar:
- mənafeni təmsil edən orqana görə:
dövlət, partiya, ictimai təşkilatların və birliklərin
mənafeyi;
- siyasi xəttin xarakterinə görə:
ultrasol, sol (solçu), sol mərkəz, mərkəz, sağ
mərkəz, sağ, ultrasağ;
- siyasi rejimin xarakterinə görə: totalitar,
demokratik və s.
Siyasi mənafe zaman etibarilə, adətən sabit xarakter
daşıyır, yəni müvafiq qüvvə hakimiyyət
başında olan dövrdə çoxsaylı sosial birliklərin
bir çoxu məhz həmin hakimiyyət münasibətləri
formasına üstünlük verir, çünki bu,
onların davranışında dəfələrlə təkrar
olunur və reallaşır. Bu proses mənafelərin təsisatlandırılması
adlanır, yəni bu zaman müvafiq birliyin mənafeyi müəyyən
təsisatlarda öz təcəssümüenü tapır. Həmin minvalla bu təsisatlar iqtisadi, sosial və
siyasi hüquqları və dəyərləri bu və ya digər
sosial subyekt üçün təsbit edir.
Beləliklə,
siyasi mənafe beş əsas mərhələdən
keçir:
- cəmiyyətlə praktik ilişgilərdə
subyektin vəziyyəti;
- bu vəziyyətin subyekt tərəfindən dərk
edilmə səviyyəsi;
- davranış və fəaliyyət motivləri;
- obyektiv aləmdə mənafenin təsdiq
olunması prosesindən ibarət hərəkətin
özü;
- mənafenin təsisatlandırılması.
"Politologiya" kitabında göstərildiyi kimi,
siyasi mənafe zaman etibarilə sabit xarakter daşıyır. Lakin bu,
heç də onun dəyişilə bilməsi imkanını
inkar etmir. Belə ki, iqtidarda olan qüvvələrin
öz mənafeyini lazımi səviyyədə
reallaşdıra bilməməsi cəmiyyətdə yeni siyasi
qüvvələrin meydana gəlməsinə səbəb ola bilir. Bunun qarşısının
alınması müvafiq cəmiyyətdə hakim olan siyasi sərvətlərə,
normalar və prinsiplərə dəqiq əməl olunması
yolu ilə mümkündür (müqayisə edək: xarici
siyasət sahəsində çox böyük uğurlar
qazanmış C.Buş daxili siyasəti "unutduğuna"
və buna görə də amerikalıların praqmatizminə
biganə qaldığına görə,
Respublikaçılar Partiyası 1992-ci il noyabr prezident
seçkilərində öz yerini demokratlara "güzəştə
getməli" oldu). Hər bir cəmiyyətdə
mütləq siyasi sərvətlər (dəyərlər)
mövcud olur. Bunlar əsas etibarilə
aşağıdakılardır: insanın muxtariyyəti və
onun ləyaqəti; fərdin və cəmiyyətin rifahı;
sosial təşkilat və qayda.
Mütləq siyasi normlar bloku sosial idealı yaradır. O isə öz növbəsində
əbədi siyasi sərvətləri meydana gətirir. Onlar daxili və xarici siyasət sahəsində qərarların
qəbul edilməsi zamanı siyasi və əxlaqi qiymətləndirmənin
başlıca meyarı kimi çıxış edir. Mütləq sərvətlərin inkar edilməsi
tamamilə dövlətə tabe olan bir cəmiyyət
idealının (totalitarlığın) yaranmasına gətirib
çıxarır. Sosial ideallar
arasındakı ziddiyyət siyasi normalarda öz əksini
tapır. Siyasi norma əbədi və
keçici, mütləq və nisbi, zəruri və təsadüfi
siyasi sərvətlərə nail olmaq qaydasıdır. Siyasi normalar sosial qruplar və fərdlər tərəfindən
hakimiyyət uğrunda mübarizə gedişində və
onun həyata keçirilməsi zamanı istifadə olunur.
Onlar sosial sanksiyalar tətbiq etmək hədəsi
ilə qorunub saxlanılır.
Siyasi
normalar sosial gerçəkliyin üç sferasında
mövcuddurlar:
- iqtidarın və təbəələrin
normativ mülahizələrində;
- siyasi normaların fəaliyyətini şərtləndirən
sosial münasibətlərdə;
- şüurda.
Siyasi normaları siyasi prinsiplərdən fərqləndirmək
lazımdır. Əgər siyasi normalar dövlət tərəfindən
irəli sürülürsə və sanksiyaların köməyi
ilə təmin olunursa, siyasi prinsiplər ümumi strateji məqsədləri
ifadə edir. Siyasi normaların hərəkət
sferası siyasi prinsiplər tərəfindən müəyyən
olunur. Hər bir cəmiyyətdə siyasi
həyatın real hadisələrinə qismən uyğun gələn
və uyğun gəlməyən sərvətlər sistemi
vardır. "Politologiya" kitabında yazılır:
"Siyasi sərvətlərin nəzərdən keçirilməsi
əxlaqın və siyasətin nisbətini
aydınlaşdırmağı tələb edir. Qeyd etmək lazımdır ki, bu, siyasi və fəlsəfi
fikir tarixində ən mübahisəli məsələlərdən
olmuş və müxtəlif fikirlər doğurmuşdur.
Tarixin erkən dövrlərində əxlaq və siyasət
eyni bir fəaliyyət və biliklər sisteminə aid
edildiyindən, onların nisbəti məsələsi çox
da diqqəti cəlb etmirdi. İctimai əmək
bölgüsünün inkişafı və elmin tərəqqisi
gedişində əxlaq və siyasətin bir-birindən
ayrılması o səviyyəyə çatdı ki, hətta
insan fəaliyyətində əxlaqi qiymətləndirmənin
mümkün olduğu və olmadığı sahələrin
olması haqqında təsəvvürlər getdikcə hakim
olmağa başladı. Buna uyğun olaraq,
insanın fərdi davranışı əxlaqi qiymətləndirmə
sferası, iqtisadiyyat və siyasət sferaları isə ondan kənar
elan edildi. Hətta ictimai fikir tarixində əxlaqın
siyasətə tabe etdirilməsi fikrini irəli sürənlər
də tapıldı. "Məqsəd
vasitəyə bəraət qazandırır" prinsipinə əsasən
hərəkət edənlər bəşəriyyətə
qarşı bir çox cinayətlərin baş verməsinə
səbəb olmuşlar. Qeyd olunan hərəkət
obrazı öz klassik əksini Makiavellinin "hökmdar" əsərində
tapmış və tarixdə "makiavellizm" kimi
tanınmışdır. Onun mahiyyəti əxlaqın
siyasətə sözsüz tabe etdirilməsi tələbindən
ibarətdir. İmkan daxilində qarşıya qoyulan məqsədlərə
əxlaq normalarını pozmadan nail olmağı tövsiyə
edən Makiavelli, eyni zamanda, lazım olan halda onlarla
hesablaşmamağı tələb edirdi.
Bununla belə, tarixdə siyasətin özünün əxlaqa
tabe etdirilməsi tələbi ilə çıxanlar da
olmuş, onlar siyasəti əxlaq qaydalarına tam uyğun
şəkildə həyata keçirməyi məqsədəuyğun
hesab etmişlər. Klassik formada bu təlim hind xalqının
böyük oğlu M.Qandinin etikasında öz əksini
tapmışdır.
XX əsrdə baş vermiş qanlı müharibələr
bəşəriyyəti əxlaq normalarına doğru
qayıtmağa, bütövlükdə ictimai münasibətləri
humanistləşdirməyə vadar etdi. İkinci dünya müharibəsi,
Çernobıl qəzası, kütləvi qırğın
silahlarının istehsalı, ətraf mühitin sürətlə
çirklənməsi və s. bütöv xalqların bəşəriyyət
qarşısında məsuliyyəti məsələsini
qarşıya qoydu. Nəticədə sosial və
siyasi etika təşəkkül tapdı. Sübut
olundu ki, əxlaq və siyasət heç də ictimai həyatın
bir-birindən tamamilə təcrid olunmuş sferalar deyildir.
Onlar qəbul olunmuş sərvət
ierarxiyası əsasında həyat hadisələrinə qiymət
verir və beləliklə də, hər biri konkret məzmunla
və konkret şəraitdə çıxış edirlər.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 13 mart.- S13.