Vətəndaş cəmiyyəti hüquqi dövlətdə bütövlük problemi

 

 

Hüquqi dövlətdə sistemlilikbütövlülük anlayışlarını bir çox hallarda eyniləşdirirlər. Amma diqqətlə fikir verildikdə bu anlayışların kifayət qədər fərqli olduğunu görmək çətin deyildir. Sistemlilik şərti, müəyyən elementlərin birləşərək, qarşılıqlı əlaqədə yeni bir xüsusiyyət əmələ gətirərək müəyyən bir təyinatı, missiyanı yerinə yetirməsidirsə, bu şərt bütövlülük üçün kafi deyildir.Bütövlülük üçün sistemlilik şərti zəruridir, lakin kafi şərt deyildir. Hər bütövlüyü ifadə edən bir sistem hökmən vardır. Amma hər sistem hələ bütöv deyil.

Hüquqi dövlətdə bütövlülük, fəlsəfədə haqqında geniş danışılan, amma təəssüf ki, əksər müəlliflər tərəfindən lazımi qədər izah edilə bilməyən bir anlayışdır. Çox təəsüf ki, fəlsəfəyə aid müasir elmi ədəbiyyatda çox vaxt "bütövlük" anlayışı əksər hallarda dolaşıq, anlaşılmaz, yarımçıq şəkildə verilir. Misal üçün, Azərbaycan dilində fəlsəfəyə dair nüfuzlu elmi mənbə sayılan, 1997-ci ildə nəşr edilən, "Fəlsəfə" ensklopedik lüğətində bütövlük anlayışı belə izah olunub: "bütövlük - obyektin daxili vəhdəti, onun ətraf mühitdən diferensasiya edilməsi, həmçinin bu xassələrə malik olan obyektin özü". Rus dilində 33 il bundan əvvəl nəşr olunmuş lüğətdə də "bütövlük" anlayışı elə bu cür izah olunub. Rus dilində son dövrlər nəşr edilən fəlsəfi ensklopedik lüğətdə isə izah belədir: "bütövlük - bitkinlik, totallıq, tamlıq və şeyin məxsusi qanunauyğunluğu". Bu izahların heç biri qənaətbəxş sayıla bilməz. Çünki onlar bütövlük barədə aydıq təsəvvür yaratmaq əvəzinə, əksinə onu anlaşılmaz ediblər. Bu izahlardan aydın deyil ki, "bütövlük" nədir və onun sərhədi haradan keçir?

"Bütövlük" anlayışı ilə bağlı mülahizələrimi diqqtinizə çatdırmaq istəyirəm. Bütöv olan şey özünü konkret, ətraf mühitlə münasibətdə müstəqil, ətrafdan özünə məxsus ayrılmış şəkildə, yalnız özünə məxsus hissələrin maddi, energetik, ruhi birliyi kimi göstərir. Bir var təbiətin yaratdığı şeylər, birvar insanın yaratdığı şeylər. Təbiətin yaratdığı hər hansı bir şeyin "bütov" olması o deməkdir ki, o təbiətin həmin şeyi normal şəraitdə ən mükəmməl yarada biləcəyi vəziyyətdədir. Bu varlığın heç bir çatışmayan komponenti, kiçicik bir hissəciyi belə yoxdurona heç nə əlavə etmək mümkün deyildirbuna ehtiyacı da yoxdur. Həmin şeydən bir kiçik zərrəcik belə götürülsə, yaxud əlavə edilsə, həmin şeyin fəaliyyətində müəyyən bir çatışmazlıq baş verəcəkdir. İnsan yaratdığı varlıqları isə o vaxt "bütov" hesab etmək olar ki, həmin şey hansı ideyaya görə yaranmışsa, həmin ideyada nəzərdə tutulan bütün cəhətləri istisnasız olaraq tamamilə əks etdirir. Diqqətlə fikir versək hər iki tip varlığın bütövlüyünün izahı eynidir. Sadəcə, təbiətin yaratdığı varlıqlarda söhbət "ilahi ideyadan" gedir.

Müasir elmi ədəbiyyatda bəzən "bütövlük" anlayışı ilə "mükəmməllik" anlayışı biri-birilə qarışdırılır. Mükəmməllik hələ bütövlük deyildir. Mükəməllik hələ butövlük deyil. Bu varlıqlarda bütövlük yaradılan bir şeyin ideyası, qarşısına qoyulmuş məqsədlə müəyyənləşir. Yaradılmış bir texnika, konstruksiya qarşısına qoyulmuş məqsədə lazımi şəkildə nail olmaq üçün bütün komponentlərə və xüsusiyyətlərə malikdirsə, həmin obyekt həmin məqsədə nəzərən bütöv obyektdir. Eyni bir obyekt bir məqsədə nəzərən bütövlülük şərtini ödəsə də, nə qədər mükəmməl bir obyekt olsa da, digər məqsədə görə bütöv olmaya bilər. Misal üçün, olduqca müasir modelli bir "Mersedes" avtomobili müəyyən iqlimdə asfalt yol üçün bütov sistemdirsə, elə həmin iqlimdə daş-kəsəkli bir yol üçün bütöv sistem olmaya da bilər. Yəni onun belə yolda getmək üçün lazımi komponentləri və xüsusiyyətləri çatmaya da bilər. Müəyyən bir məqsədə görə hər hansı bütöv bir sistemin müəyyən komponentləri, xüsusiyyətləri itərsə, o, artıq daha aşağı səviyyəli məqsədlərə görə bütövlük şərtini ödəsə də, əvvəlki məqsədə görə bütöv sayıla bilməz. Misal üçün, həmin "Mersedes"in müəyyən hissələri köhnəldikdən, müəyyən xüsusiyyətlərini və keyfiyyətlərini itirdikdən sonra artıq o "uzaq yola çıxmaq", "sürətlə getmək", "qonaq qarşılamaq" məqsədlərinə görə bütöv sistem olmaz. Hər hansı bir sistem hər hansısa xüsusiyyətlərinə görə özundən yüksək məqsədli bütov sistemlərə nəzərən daha yüksək keyfiyyətlərə də malik ola bilər. Misal üçün, gözlərindən şikəst olan bir adam, bir insan bütöv deyil. Lakin həmin adam musiqi alətində istənilən sağlam adamdan daha da gözəl ifa edə bilər. Deməli, onun sağlam bir insanın funksiyalarını yerinə yetirmək üçün yalnız göz komponenti çatışmır. Amma sağlam insanlardan da artıq müəyyən bir xüsusiyyətə malikdir. O, bir musiqiçi kimi bir çox sağlam insanlardan daha bütöv varlıqdır. Istənilən əlil, yaxud müəyyən sağlamlıq komponentini itirmiş bir adam barədə də bunu demək olar. Adi sağlam bir adam, bir insan kimi insana xas olan xüsusiyyətləri orta səviyyədə yerinə yetirmək üçün dahi bir şəxsiyyətdən daha bütöv bir sistem ola bilər. Öz növbəsində, əgər qarşıya qoyulmuş məqsəd "insana məxsus bütün funksiyaları yerinə yetirmək" yox, hansısa qabiliyyət tələb edən bir işin yerinə yetirilməsidirsə, o zaman həmin əlil, yaxud müəyyən sağlamlıq komponentini itirmiş adam bu məqsədə görə daha bütöv sistemdir.

Ə.Qəşəmoğlugöstərir ki, əgər məqsəd kiçilərsə, aşağı səviyyəyə enərsə, o zaman sistemin bütövlüyünə də xələl gələr. Artıq əvvəlki səviyyədə bütövlük lazım olmadığından, həmin bütövlük üçün lazım olan bir neçə komponent lazımsız qaldığından bu varlıqda bir aşınma gedəcəkdir. Əgər obyektin qarşısına qoyulmuş məqsəd daha da yüksək məqsəd olarsa, o zaman həmin obyekt yeni komponentlər, xüsusiyyətlər yaratmağa çalışır. Burada qarşıya qoyulmuş məqsədlə sistemin öz imkanları arasında mühüm bir münasibət var. Ya sistemin potensialı imkan verəcəkdir ki, o, yeni komponentlər yaratsın, ya sistem fikrindən daşınacaq, yaxud da deformasiyaya uğrayacaq. Bu deformasiyanın dərəcələri müxtəlif ola bilər.

Bütöv olmayan şeyin çatışmazlıqları var. Bu çatışmazlığın isə dərəcələri vardır: "azacıq çatışmaz", "bir qədər çatışmaz", "çox çatışmaz" və s. Hər hansı bir varlıq bütöv deyilsə onun davranışında, fəaliyyətində, öz funksiyasının yerinə yetirməyində hökmən bir qüsur olur. Bütöv şey öz ətrafında harmoniyanın, ahəngin yaranmasına səbəb olur və ətrafa müsbət enerji yayır.

Bütövlüyə malik olan hər bir şey eyni zamanda güclü özünü müdafiəyə, özünü saxlamaq qüvvəsinə malikdir. Hər bir şeydəki çatışmazlıq isə ahəngin pozulmasına səbəb olur. Bu çatışmazlıq eyni zamanda mənfı enerji mənbəyidir. Nöqsanlı varlıqda isə onun nöqsanını özünü müdafiə sistemindəki bir boşluq kimi qiymətləndirmək olar. Dənizdəki bütov qayıqda açılan deşik nə qədər təhlükəlidirsə, hər bir varlığın nöqsanı da onun sonrakı taleyi üçün o qədər təhlükəlidir. Məhz buna görə də təsəvvür elmli insanın xöşbəxtliyini onun kamilləşməsində axtarır.

Bütün bu izahlardan sonra inanmaq çətin deyildir ki, hər bir sistemdə bütövlük əlaməti axtarmaq düzgün deyildir. Bir neçə element qarşılıqlı əlaqədə, bütövlük əlamətinə malik olmadan da konkret bir missiyanı yerinə yetirən müəyyən bir xüsusiyyət əmələ gətirə bilər.

Ə.Qəşəmoğlu qeyd edir ki, sistem nəzəriyyəsində, ümumiyyətlə fəlsəfədə olduqca mühüm, amma hələlik çox az aydın olan məsələlərdən biri "sistem əmələ gətirən amillər" məsələsidir. Hələ lap qədim zamanlardan bu günə kimi filosoflar izah edə bilmirlər ki, hər bir maddəni təşkil edən hissələri birləşdirərək bu maddəni yaradan qüvvə hansı qüvvədir. Yəni maddələrin molekullardan, atomlardan ibarət olduğu çoxdan məlumdur. Amma bu günə kimə məlum deyil ki, bu atomu, molekulu müxtəlif şəkildə birləşdirərək, müxtəlif maddələr əmələ gətirən səbəb nədir? Bunu bir başqa sözlə ifadə edək. Hər bir maddəni müəyyən bir sistem xarakterizə edir. Həmin sistemin elementlərini (maddəni təşkil edən hissələri) qarşılıqlı əlaqəyə gətirərək, yeni bir xassə yaranmasına xidmət edən qüvvənin mahiyyəti nədir və o haradan yaranır? Niyə daşların hissələri bir şəkildə, taxtanın, suyun, canlılardakı orqanların hissələri müxtəlif şəkildə təşkil olunmuşdur və onları təşkil edən hissəciklər müxtəlif şəkildə qarşılıqlı əlaqədədirlər? Bəzən eyni bir hissəciklər müxtəlif şəkildə qarşılıqlı əlaqədə birləşdirilir. Misal üçün, qrafıtin və almazın kimyəvi tərkibi eynidir. Amma qrafitdə hissəciklər bir cür, almazda isə başqa cür qarşılıqlı əlaqədədir.

Elmdə hissələrin qarşılıqlı əlaqələrini təmin edərək onların varlıq (sistem) kimi mövcudiyyətlərini təmin edən amillərə "sistem əmələ gətirən amillər" deyilir. Misal üçün, iki hidrogenlə bir oksigenin birləşərək su əmələ gətirməsinə yardım edən şərait sistem əmələ gətirən amillərə aiddir. Dağ çayının qabağına düşərək yeni bir göl əmələ gətirən qaya parçaları gölü xarakterizə edən sistemi əmələ gətirən amillərə aiddir. Hər hansı bir kollektivin yaranmasına xidmət edən struktur, kollektivi xarakterizə edən sistemi əmələ gətirən amillərdəndir. Xalqı müəyyən bir halda təşkilatlandıran hər hansı bir ideya da sistem əmələ gətirən amillərə aid edilir.

Hər hansı bir sistemin mahiyyətini, onun fəaliyyətini dərindən öyrənmək, bu sistemi uğurla idarə etmək üçün həmin sistemi əmələ gətirən amillərin öyrənilməsi olduqca əhəmiyyətlidir. Sistemdən sistem əmələ gətirən amillərdən danışanda, təbiətin yaratdığı varlığı xarakterizə edən sistemlə insanların yaratdığı sistemləri fərqləndirmək lazımdır. İnsanların yaratdıqları varlıqlar (sistemlər) onların ideyaları, fəaliyyəti nəticəsində yaranır və burada əsas sistem əmələ gətirən amil elə insanonun ideyasıdır. Doğrudur, bu cür sistemlərin daxilində gedən proseslər insanın müdaxiləsi olmadan da müəyyən sistemlər yarada bilərlər. İnsanların yaratdığı sistemləri elmi ədəbiyyatda bir qayda olaraq süni sistem adlandırırlar. Məncə, belə sistemləri süni yox, idraki sistemlər adlandırmaq daha düzgün olar. Bu haqda bir qədər sonra.

Ə.Qəşəmoğlunun fikrincə, sistemin yaranmasında həm xarici, həm də daxili amillər çox mühüm rol oynaya bilərlər. Xarici sistem əmələ gətirən amillər sistemin yaranmasına kənardan təsir edən amillərdir. Bu amillər yaranmış sistemin elementlərinə, altsistemlərinə daxil deyillər. Amma həmin elementlərə, alt sistemlərə ciddi təsir edərək qarşılıqlı əlaqəyə girmələrində mühüm rol oynayırlar. Bu sistem yarandıqdan sonra kənar amil ümumiyyətlə yox ola da bilər. Bu amillər sırasına fıziki, kimyəvi, ekologi, bioloji, mədəni, sosial, siyasi və bu kimi digər amilləri göstərmək olar. Misal üçün, coğrafı şəraitin təsirilə müəyyən yaşayış ərazisi yarana bilər. Radioaktiv təsir vasitəsilə canlıda müəyyən mutasiya baş verə və yeni bir sistemlə xarakterizə olunan yeni bir növ yarana bilər. Siyasi şəraitdən asılı olaraq təşkilatlar yarana bilər.

Sosial sistemlərdə sistem əmələ gətirən amillər sırasında tarix və zaman da mühüm rol oynayır. Misal üçün, tarixı keçmişdəki hər hansı bir hadisə indiki zamanda hansısa bir təşkilatın, hərəkatın, müharibənin və bayramın səbəbi ola bilər. Gələcək, gələcəkdə baş verəcək hadisə hesabına da indiki zamanda bu cür hadisələr baş verə bilər.

Daxili sistem əmələ gətirən amillər. Hər bir sistemi təşkil edən elementlərin biri, bir neçəsi, alt sistemi, bütöv sistem özü yeni bir sistem yarada bilər. Təbii sistemlər bir qayda olaraq öz daxili potensialları hesabına artıb çoxalırlar. Amma bu müxtəlif varlıqlarda müxtəlif şəkildə baş verir. Deyək ki, insanda, məməlilər sinfinə mənsub canlılarda bu, bir cür, quşlarda, balıqlarda, bitikilərdə isə müxtəlif şəkildə, tamamilə başqa cür baş verir. Dağ suxurlarında, kristallarda, təbii şəkildə olan hər bir varlıqda artıb çoxalmanın öz məxsusi yolları var. Bir çox varlıqların artıb çoxalması üçün bir "dişi" başlanğıcla "erkək" başlanğıcın cütləşməsinə ehtiyac vardır. Ona görə də bu tərəflərin hər birinə ayrılıqda bir tip sistem kimi, onların cütləşməsinə isə tamamilə başqa tip sistem kimi baxmaq lazımdır.

Hər bir varlığa məxsus sitem həm daxili sistem əmələ gətirmə amillərinə malik ola bilər, həm də özü başqa xarakterli bir sitemin yaranması üçün xarici sistem əmələ gətirmə amili ola bilər. Misal üçün, hər hansı bir dağ, həm daxili sistem əmələ gətirmə amilləri hesabına müəyyən suxurlar, faydalı qazıntılar, müəyyən bitkilər yarada bilər, həm də bir xarici sistem əmələ gətirmə amili kimi öz ətrafında yaşayış məntəqələri, turist bazaları, göllər, müəyyən bir flora, fauna yarada bilər və s.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 19 mart.- S15.