MÜSTƏQİLLİYİN MÖHKƏM TƏMƏLLƏRİ

 

 

Dövlət müstəqilliyinin əldə olunması, gedilən yol keçid dövrüonun qarşıya çıxardığı problemlər, habelə tarixi zərurətin meydana çıxardığı lider fenomeni politologiya elminin əsaslı araşdırma predmetlərindəndir. Hər bir ölkə vətəndaşı şahiddir ki, bir vaxtlar Azərbaycan keçid dövrünün ən ciddi problemləri ilə üz-üzə qalmışdı. Onda zamanın tələbinə uyğun çevik islahatlara, müstəqil iqtisadiyyatın formalaşmasına ciddi ehtiyac vardı. Hər şeydən əvvəl cəmiyyəti sosial uçurumdan xilas etmək üçün yollar müəyyən olunmalı idi. Heç şübhəsiz ki, keçid dövrünün ağır şərtlərindən, sosializm psixologiyasından xilas olmaq, sürətli iqtisadi inkişaf yoluna çıxmaq, dünya inteqrasiya sisteminə keçidi təmin etmək üçün güclü liderə ehtiyac vardı. Mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini qazanan Azərbaycan yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən iqtisadi islahatlar, uzaqgörən xarici siyasət nəticəsində sürətli inkişaf yoluna qədəm qoydu.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli Lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda və həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da vacib saymışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da Ulu Öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir reallıqdır ki, Ulu Öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dinimilli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi  baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da deyilənləri təsdiqləmişdir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir.  

Ulu Öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına daim xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında Fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə olmuşdur.

Ulu Öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Ulu Öndər həmin tarixi bəyanatında haqlı olaraq demişdir: "Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bizindi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

Bu gün iri layihələrin reallaşmasında neft-qaz sənayesinin payı daha çoxdur. Halbuki 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox dərəcəsində idi. Cəmi on il sonra həmin ehtiyatların həcmi 21 milyard dollara çatmışdı. İndi həmin rəqəm daha da artıb. Hər bir müqavilə çərçivəsində büdcəmizə daxil olan gəlirin məbləği müstəqilliyin ilk illəri ilə müqayisədə fantastik rəqəm kimi görünsə də, bu, bir reallıqdır, həqiqətdir. Mütəxəssislər belə bir hesablama aparıblar ki, təkcə "Əsrin Müqaviləsi" çərçivəsində Azərbaycanın neft ehtiyatları ən azı 200 ilə çatacaq. Yeni kəşfiyyat hesabına bu həcm daha da artırıla bilər. Azərbaycanın kifayət qədər böyük neftqaz ehtiyatlarına malik olması ölkəmizin beynəlxalq nüfuzunu da artırıb. Özüneftqaz satışından əldə olunan gəlir təkcə bu gün üçün nəzərdə tutulmayıb. Ulu Öndər fəxrlə deyirdi ki, bu sərvət ölkəmizin gələcək inkişafına da etibarlı təminat yaradır. Azərbaycanda neftqaz gəlirlərinin idarə olunmasında şəffaflıq başlıca meyara çevrilib. Bu sahədə əldə olunan gəlirin istifadəsinin səmərəlilik dərəcəsi də xeyli artıb. Bütün bunları ölkəmizin inkişafına yönəltmək üçün Heydər Əliyev ardıcıl və məqsədyönlü görürdü. Nəticə ona yönəlmişdi ki, ölkəmizdə makroiqtisadi sabitlik tam qorunur.

Beləcə Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya bazarında mühüm və etibarlı enerji təchizatçısına çevrildi. Bakıda keçirilən XVI Beynəlxalq Neft-Qaz Sərgi və Konfransı ilə bağlı ABŞ-ın dövlət başçısı Barak Obama Prezident İlham Əliyevə göndərdiyi məktubda yazırdı: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neftqaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb enerji dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir".

Azərbaycanın sürətli inkişafında, orta təbəqənin formalaşmasında mühüm rol oynayan amillərdən birisahibkarlar sinfinin yaradılmasıdır. Ulu Öndər idarəertmə sahəsində aparılan kompleks islahatlar sırasında sahibkarlığın inkişafını ön plana çəkirdi. Azərbaycanda bazar iqtisadiyyatına keçid özəl sektorun və sahibkarlığın inkişafına stimul yaradır. Bütün bunlar Azərbaycanın yeni inkişaf modelinin bir qoludur. Ulu Öndər bu modeli hazırlayarkən iqtisadi baxımdan inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsindən daha çox faydalanmağa üstünlük vermişdi. O deyirdi ki, "dövlət hər şeyi edəcəkdir ki, biz yeni inkişaf yolu ilə gedə bilək. Bunun üçün ilk növbədə xarici investorlara hüquqi baza yaradılmalı, onların mənafeyini müdafiə edən qanun mexanizmi işləməlidir. Xarici investorların Azərbaycanda fəal olması üçün münbit şərait vardır".

Bu günə qədər sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin ötən illərdə Ulu Öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz "Güclü dövlət, yüksək rifah" tezisi dayanmışdır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regiondadünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Prezident İlham Əliyevin söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP, TAP kimi layihələrin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyüsuverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diasporlobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb etmişdir.

Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının uğurları barədə dolğun təsəvvür yaradır: Azərbaycan son 3 ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Qəbələ rayonunda yerləşən Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türkislam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.

Azərbaycan son illər bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyən edilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. 2011, 2012, 2013-cü illərin oktyabrında paytaxtımızda keçirilən 1, 2 və 3-cü Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.  

Ölkəmiz bu gün heç kimdən asılı olmayan tam müstəqil siyasət yürüdür, milli maraq və mənafeyini təmin edir.  Akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində bununla bağlı yazır: "Demokratik dəyərlərin universallaşması prosesinin tərs üzü "demokratiyanı müdafiə etmək" bayrağı altında müstəqil ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, dövlətin öz vətəndaşının hüquq və azadlıqlarına riayət etməsinin səviyyəsini qiymətləndirərkən ikili standartlar qəbul etdirmək cəhdləridir. Razılaşın ki, XXI əsrdə demokratiyadan danışarkən ikili standartlar, yəni kiçik ölkələr üçün bir standart, iri dövlətlər üçün başqa standart tətbiq etmək praktikası yolverilməzdir. Əsrlər boyu yaranmış milli ənənələri bir anda məhv etmək mümkün deyil və ümumiyyətlə, xalqın milli xüsusiyyətlərinə məhəl qoymamaq ağılsızlıqdır. Demokratiyanın kənardan zorla qəbul etdirilməsi cəhdləri isə bu gün İraqda və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə gətirib çıxarmışdır. Cəmiyyətin demokratikləşməsi sosial, siyasiiqtisadi prosesdir və hər bir konkret sosium üçün onun özünəməxsus fərqləndirici cəhətləri vardır. Axı demokratiyanın müxtəlif formaları varciddi tədqiqatçıların hamısı bunu qəbul etmişdir".

Bəli, demokratiya iqtisadi inkişaf, azadlıq və konsensusla bağlıdır. Tarix boyu kasıb ölkələrdə demokratiya olmamışdır. Çünki demokratik təsisatların təmin edilməsi üçün ölkənin özü inkişaf etməlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda adambaşına düşən məhsulun həcmi 300-400 dollar arasında idi. Təbii ki, müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını qoysa belə, demokratik ölkə sayıla bilməzdi. Son 10 il ərzində Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi artmış və 8000 dollara yaxınlaşmışdır. Yaxın 10 ildə bu rəqəm 13 min dollara yüksələcəkdir. Milli gəlir artdıqca, adambaşına düşən məhsul istehsalı artdıqca, təbii ki, təhsilə, elmə, səhiyyəyə, informasiya vasitələrinə, informasiya texnologiyalarına ayrılan vəsaitlər də artır və bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

Ümumiyyətlə, iqtisadi texnologiyanın yeniləşməsi, dünyaya inteqrasiyanın sürətlənməsi Azərbaycanın iqtisadi modelində başlıca şərtlərdəndir. Elə Ulu Öndər də öz tövsiyələrində bu prinsiplərə daha çox üstünlük verir, iqtisadi modelin daha da təkmilləşməsini istəyirdi. Fəxrlə deyə bilərik ki, bu ənənə - yeniliyə, tərəqqiyə üstünlük prinsipləri ləyaqətlə qorunur, aydan-aya, ildən-ilə böyük uğurlara imza atır.

 

 Mirkazım Kazımov,

Milli Məclisin deputatı,

YAP Siyasi Şurasının üzvü

Səs.- 2015.- 1 may.- S.5.