Hüquqi dövlətdə jurnalistik peşə etikası
XX əsrin ortalarında ABŞ-da medianın azadlığı və məsuliyyəti barədə polemikalar, diskussiyalar gedirdi. Bu polemikalardan çıxan nəticə bundan ibarət idi ki, "azadlıq özünəməxsus əxlaq yaradır. Əgər bu qanun deyilsə, onda vəzifədir". Bu fikrin tərəfdarları oxucuların və dinləyicilərin hüquqlarını KİV nümayəndələrinin hüquqlarından mühüm hesab edirdilər. Bəziləri belə düşünürlər ki, media azaddır - məsuliyyətli olmaq üçün azaddır.
B.Quliyevin qeyd etdiyi kimi, sosial məsuliyyət anlayışını dəqiqləşdirmək üçün 1940-cı ildə Çikaqo Universitetinin professoru Robert M.Nitchiscin sədrliyi ilə məşhur komissiya yaratdılar. Bu komissiya kütləvi kommunikasiya azadlığı və sosial məsuliyyət mövzusunda silsilə yazılar dərc etdi. Komisiyanın işi media tərəfindən birmənalı qarşılanmadı. Mətbuat Azadlığı Komissiyası istehlakçıların azadlıqlarına təsir edən şəraitin kökündən dəyişdirilməsi haqqında bəyanatla çıxış etdi, informasiyaların müxtəlifliyinin məhdud olduğuna işarə edərək cəmiyyətin təkcə xəbərlərin keyfiyyətindən, doğruluğundan və yayılmasından asılı olmadığını, "ictimai fikrin siyasətdə, daxili və beynəlxalq məsələlərdə əsas amil olduğu bir şəraitdə narahatlıq doğurduğunu göstərirdi: "Aydındır ki, sosial məsuliyyətin başqa şəkil aldığı yeni dövr gəlmişdir. "Mətbuat istifadəçiləri tənzimlənməyən təşəbbüslərin ümidinə buraxıla bilərmi" sualı çox mühüm bir məsələyə çevrilmişdi".
Komissiyanın bəyanatında KİV-in azadlığının, oxucuların və cəmiyyətin "qeyri-iradi qorunmasının yetərli olmadığı" diqqətə çatdırıldı. Mətbuatın mütləq azadlığı tərəfdarları belə suallarla üz-üzə qalmalı oldular. Medianın cəmiyyət qarşısında əxlaqi məsuliyyəti varmı? Medianın hansı məsuliyyəti olmalıdır? Bu məsuliyyətlər kimin üçündür? Bu məsultyyətləri kim müəyyənləşdirir? Onları kim və necə gücləndirməlidir?
Buradan sosial məsuliyyətin mahiyyəti, strukturu, obyekti və subyekti üzə çıxır. Sosial məsuliyyətə dair baxışları tənqid edənlər də vardı. ABŞ-lı professor J.Herbert Altstull "sosial məsuliyyət" anlayışını "istənilən məna verən" "qeyri-müəyən ifadə" kimi səciyyələndirir. Digər ABŞ-lı professor Con Merrill fərdi məsuliyyətlə yanaşı sosial məsuliyyət problemini də tənqid edərək onu Amerika KİV-nin müstəqilliyilə əlaqələndirir: "Amerikalı jurnalistlərin çoxu özlərini müstəqil hesab edirlər... onlar azadlıqdan və şəxsi məsuliyyətdən sosial etikaya və alturizmə doğru qaçırlar. Amerikalı jurnalistlər Qərb dünyasının əksər jurnalistləri kimi hələ də azadlıq prinsiplərini oxuya-oxuya "sosial məsuliyyət bayrağı altında" addımlayırlar".
C.Merriellin fikrincə, media Mətbuat Azadlığı Komissiyasının təkliflərini sanki qəbul etmiş, sosial və əxlaqi məsuliyyətə malik olduğunu təsdiq etmişdir. Bütün KİV aşağıdakı prinsiplərə əməl etməlidi: obyektiklik, balaslılıq qərəzsizlik, məlumatın tamlığı, həqiqilik, informasiyanın mötəbərliyinin bir çox mənbələr vasitəsilə dəqiqləşdirilməsi, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması, milli və dövlət maraqlarının ön planda tutulması, peşəkarlıq və məsuliyyət.
Göründüyü kimi, KİV-in bütün fəaliyyətində sosial məsuliyyət aparıcı yer tutur. Sosial məsuliyyət konsepsiyası bir sıra beynəlxalq təşkilatların - Beynəlxalq Jurnalistlər Federasiyasının (BJA), Avropa Şurasının (AS) bəyannamələrində öz əksini tapmışdır. BJF 1954-cü il aprelin 25-dən 28-dək Bordoda keçirilən II Ümumdünya Konqresində "Jurnalist davranışlarının prinsipləri haqqında Bəyannamə" qəbul etdi. Bəyannaməyə BJF-nin Helsinkidə 1986-cı il iyunun 2-dən 6-dək keçirilən XVIII Ümumdünya Konqresində müəyyən düzəlişlər edilmişdir. Bəyannamədə jürnalistlərin peşəkar davranışının standartında sosial məsuliyyət əsas yer tutur:
Jurnalist həqiqətə və cəmiyyətin həqiqəti bilmək hüququna hörmət etməli;
İnformasiyanı qərəzsiz toplamağa, qərəzsiz şərh və tənqid hüquqlarını qorumağa borcludur;
Mənbəyi məlum informasiya yaymalı, onu saxtalaşdırmamalıdır;
İnformasiya alarkən yalnız vicdanlı metodlardan istifadə etməlidir;
Ziyankar informasiya verməməli, belə informasiyaların təkzib olunmasına çalışmalıdır;
Peşə sirrini, dövlət sirrini qorumalı, gizli informasiya yaymamalıdır;
Diskriminasiya çağırışlarına yol verməməli, bunun məsuliyyətini dərk etməlidir;
Yalançı və əsassız
informasiyalar verməməlidir;
Jurnalist bu qaydalara vicdanla
əməl etməli,
beynəlxalq və ölkələrinin qanunvericilikləri
çərçivəsində hərəkət etməlidir.
Burada sosial məsuliyyətin bütün
aspektləri, xüsusilə,
inzibati, hüquqi və əxlaqi məsuliyyət problemləri
əhatə olunmuşdur.
Avropa Şurasının mövcud olduğu dövrdə KİV-lə bağlı 20-dən artıq bəyannamə və tövsiyə qəbul etmişdir ki, burada jurnalistin hüquq və vəzifələri, mətbuat azadlığı və sosial məsuliyyət məsələlərinə ciddi diqqət yetirilmişdir. Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) 1982-ci il 29 aprel tarixli 70-ci iclasında "Söz və informasiya azadlığına dair" ilk bəyanatını qəbul etmiş, 2004-cü il fevralın 12-də "Kütləvi informasiya vasitələrində siyasi müzakirələrin azadlığı haqqında Bəyannamə" qəbul etmişdir. Sənəddə jurnalistlərin vəzifəli şəxsləri tənqid edərkən yol verdikləri böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunması tövsiyə olunur. Bu zaman insan hüquq və azadlığını müdafiə edən Avropa Konvensiyasına əsaslanır, 2000-ci il iyunun 15-16-da Krakovda nazirlərin kütləvi informasiya vasitələrinin siyasi məsəllərinə həsr edilmiş 6-cı Avropa konfransında qəbul edilmiş "Gələcəyin kütləvi informasiya vasitələrinin siyasəti haqqında Bəyannamə"yə istinad edilir, vəzifəli şəxslərin status və vəzifələrini tənzimləyən ölkələrin AŞ üzvlərinin milli qanunvericiliklərini pozmaqla, cəmiyyətin ictimai əhəmiyyətli informasiya əldə etmək hüququnu, ictimai-siyasi hadisələr üzərində ictimai nəzarəti, eləcə də, demokratik cəmiyyətdə zəruri olan siyasi orqanların və dövlət hakimiyyətlərinin hesabatçı və şəffaf olmasını təmin etmək üçün, xüsusilə, azad və müstəqil kütləvi informasiya vasitələrində özünüifadə və informasiya azadlığının böyük əhəmiyyəti təsdiq edilir və göstərilir: "Kütləvi informasiya vasitələri əməkdaşları yadda saxlamalıdırlar ki, özünüifadə azadlığının həyata keçirilməsi zamanı məsuliyyət daşıyır və bu azlığın, qanun çərçivəsində, hüququn həyata keçirilməsi və Konvensiya ilə qorunan başqa əsas hüquqlara, azadlıqlara və maraqlara hörmət arasında balansı saxlamaq üçün məhdudlaşdırılmasının mümkünlüyü yada salınmalıdır".
AŞNK siyasi xadimlər və vəzifəli şəxslər haqqında informasiya verərkən aşağıdakı prinsiplərə riayət olunmasını tövsiyə edir:
kütləvi informasiya vasitələrində özünüifadə və informasiya azadlığı;
dövlət və ictimai institutların tənqidi azadlığı;
açıq müzakirə və siyasi xadimlər üzərində nəzarət;
vəzifəli şəxslər üzərində ictimai nəzarət;
satira azadlığı;
siyasi xadimlərin və vəzifəli şəzslərin nüfuzu və şəxsi həyatı;
Kütləvi informasiya vasitələri tərəfindən hüquq pozuntularına qarşı hüquq-müdafiə tədbirləri siyasi xadimlər və vəzifəli şəxslər, yalnız digər şəxslərin hüquqlarının kütləvi informasiya vasitələri tərəfindən pozulması hallarında istifadə etdikləri müdafiə vasitələrinə malik olmalıdırlar. Diffamasiya və təhqirlərə görə ödəniş və cərimələrin həcmi hər hansı bir şəzsin pozulmuş hüquqlarının və nüfuzuna vurulmuş ziyanın həcmi ilə mütənasib olmalı, kütləvi informasiya vasitələri tərəfindən təqdim olunmuş və maraqlı şəxslər tərəfindən qəbul olunmuş bütün səmərəli və tam uyğun könüllü müdafiə vasitələri nəzərə alınmalıdır. Hüquq pozuntusunun və şəxslərin nüfuzuna dəymiş ziyanın dərəcəsi bunu tələb etmirsə, xüsusilə, məsələn, dözümsüzlüyün ifadəsi kimi məlumatlarla başqa əsas hüquqlar ciddi surətdə pozulmayıbsa, kütləvi informasiya vasitələri tərəfindən diffamasiya və ya təhqirə görə azadlıqdan məhrum etmək olmaz.
Avropa Şurası sosial məsuliyyət konsepsiyasında hüquqi məsuliyyətdən çox əxlaqi-mənəvi məsuliyyətə üstünlük verir. Sosial məsuliyyət konsepsiyası qonşu Rusiyada da xüsusi kodekslə müəyyənləşdirilmişdir. 1994-cü ildə Rusiya Jurnalistlər Konqresi Jurnalist Etikası Kodeksini qəbul etmişdir ki, burada azadlıq və məsuliyyət məsələləri də əsas yer tutur. Kodeksdə bir çox kompleks amillərlə şərtlənən və jurnalistin şəxsi seçim səviyyəsində sosial məsuliyyətinin legitimləşdirilməsi məsələsindən də bəhs edilir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 2 may.- S15.