Hüquqi dövlətdə jurnalistlərin
məsuliyyəti
Hüquqi dövlətdə senzura olmasa da jurnalistlər öz fəaliyyətlərinə görə inzibati cinayət və əxlaqi məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:
• açıqlanması qanunla qadağan edilən məlumatları açmaq;
• mətbu nəşrdə çap olunan materialları qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməmək;
• qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymamaq;
• istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərmək.
İnzibati məsuliyyətin miqdarına gəldikdə, fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaya görə məsuliyyət müəyyən edilmişdir. Belə olan halda, yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsi ağır və ya xüsusilə ağır ciayətdə ittiham etməklə böhtan atma isə ağırlaşdırıcı hal olaraq görülür və iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə görə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə, üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət məsuliyyəti yaradan bir digər hal, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma halıdır. Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən bu halda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hüquq və azadlıqların Konstitusiyada müəyyən edilmiş əsaslarla, məhdudlaşdırılması faktorlarının yanında, qanunlarda müəyyən edilmiş əsasları da vardır. Bu əsaslar əslində mənbəyini Konstitusiyanın və Konstitusiya Qanununun özündə göstərilən mənafelərdən alır. Belə Qanunlardan biri, "Kütləvi informasiya vasitələri" haqqında Azərbaycan Respublikası Qanunudur. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini göstərən KİV haqqında qanunun 10-cu maddəsində deyilir ki:
"... vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar... çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".
Bu Qanunun 60-cı maddəsində kütləvi informasiya azadlığından sui-istifadəyə görə yaranan məsuliyyət öz əksini tapıb. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar:
- açıqlanmasi qanunla qadağan edilən məlumatları açıqladıqda;
- baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların KİV haqqında Qanunun tələblərinə uyğun hallanmasına nəzarət etdikdə;
KİV haqqında Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda, vətəndaşların şəxsi həyatına qəsd etdikdə; pornoqrafik materialları dərc etdikdə və ya verdikdə.
İnformasiya əldə etmək haqqında Qanunda da müəyyən sərhədlər göstərilib. Qanuna əsasən açıq informasiyaların yanında, alınması məhdudlaşdırılan informasiyalar (konfidensial və gizli informasiyalar) var. Bu informasiyaların alınması məhdudlaşdırılır.
• Dövlət sirri
• Kommersiya sirləri
• İstintaq sirri
• Peşə sirləri (həkim, vəkil, notarius sirləri)
• Xidməti istifadə
üçün nəzərdə
tutulan informasiyalar
• Şəxsi həyat
sirləri
• Fərdi məlumatlar
Dövlət sirri Dövlət
sirri haqqında Qanunla, kommersiya sirri kommersiya fəaliyyəti haqqında
Qanunla, İstintaq sirri müvafiq olaraq əlaqəli qanunlarla, peşə sirləri bu fəaliyyətləri əhatə
edən sahə qanunları ilə tənzimlənir. Xidməti istifadə
üçün nəzərdə
tutulan informasiyalar, fərdi məlumatlar isə informasiya əldə etmək haqqında Qanunda göstərilibdir. Qanuna
əsasən fərdi
məlumat dedikdə aşağıdakılar anlaşılır:
• Şəxslərin siyasi baxışları, dini etiqadları və dünyagörüşlərini əks etdirən məlumatlar;
• etnik mənşə
və ya irqi mənsubiyyət haqqında məlumatlar;
• cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar - açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, fəlsəfi ədəbiyyatda məsuliyyətin ictimai şüurun inkişafı ilə, sosial münasibətlərin səviyyəsilə, mövcud sosial təsisatlarla, o cümlədən, KİV ilə şərtləndiyi göstərilir. Sosial məsuliyyət konsepsiyası əxlaqi və hüquqi məsuliyyətin vəhdətindən ibarətdir.
KİV-in və jurnalistlərin sosial məsuliyyətini müəyyən edən ilk peşə etik normaları və jurnalistlərin əxlaq kodeksi "Jurnalistikanın qaydaları" davranış normaları kodeksi 1923-cü ildə Amerika Qəzet Redaktorları Cəmiyyəti tərəfindən qəbul olunub ki, burada mətbuat cəmiyyətə məsuliyyət hissilə münasibət bəsləməyə, səmimiliyə, düzlüyə və doğruluğa çağırış vardı. KİV-in sosial məsuliyyəti anlayışı ilə ilk dəfə 1943-cü ildə mətbuat azadlığı üzrə ABŞ hökumət komissiyasının hesabatında müzakirə olundu. 1956-cı ildə Qərb tədqiqatçıları F.Sibert, U.L.Pramm və T.Piterson "Mətbuatın dörd nəzəriyyəsi" monoqrafiyasını çap etdirdilər. Əsərdə KİV-in fəaliyyət göstərdiyi siyasi və xarici-sosial strukturlarla münasibətlərinin modellərinin tipologiyası göstərildi. Bu modellərdə insanlar, avtoritar, liberal, totalitar və sosial məsuliyət modeli arasında münasibətləri tənzimləyən müxtəlif sosial nəzarət sistemləri əks olunmuşdur.
Əksər tədqiqatçılar totalitar konsepsiyaya tənqidi yanaşırlar. Çünki totalitar konsepsiya KİV-in dövlət, siyasi və hakimiyyət strukturları qarşısında məsuliyyətini daha çox önə çəkir. Liberal konsepsiya nisbətən yeni konsepsiya hesab olunur. Çünki bu nəzəriyyəyə görə xüsusi mülkiyyət və bazar iqtisadiyyatı KİV-də vətəndaşların öz fikirlərini azad ifadə etmək hüququnu, eləcə də, ideya və ideologiyaların rəqabətini təmin edir. XX əsrin 90-cı illərində mətubatın neoliberalizm nəzəriyyəsi aktuallaşdı. Qərbdə sosial məsuliyyət konsepsiyasını inkişaf etdirən əsərlər, ABŞ-da isə "Massmedianın etikası" jurnalı nəşr olundu.
ABŞ tədqiqatçıları Yohm S. Merril və Ralph D.Barney yazırdılar: "Jurnalist etikası əsas qaydalar, qanunlar, normalar, kodekslər, geniş prinsiplər hazırlamalıdır ki, bu prinsiplər jurnalistləri humanizmə qovuşdursun."
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 5 may.- S.15