HƏYAT VƏ
ŞÜCAƏTİN ÖRNƏK
ŞƏXSİYYƏTİ
Qurban Sultanov -
respublikanın tanınmış inşaatçı-mühəndisi,
Vətən müharibəsi veteranı və dəyərli ömür yolu keçmiş ziyalı
Əsl şəxsiyyətlər vaxtdan da, zamandan da ucada dayanırlar. Belə şəxsiyyətlərdən biri də tanınmış azərbaycanlı, həyat yolunu sadə inşaatçılıq, mühəndislik sənətindən başlayaraq, Azərbaycan Respublikasının naziri vəzifəsinə qədər ucalan, ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan, Böyük Vətən müharibəsi veteranı, müstəsna şəxsiyyət - Qurban Camal oğlu Sultanovdur. Belə ki, onun millət və xalq qarşısında gördüyü işlər bu gün də insanlarda qürur hissi, fəxarət duyğuları oyatmaqdadır. Dəyərli oxucular, qarşınızdakı məqalə də bu dəyərli insan, ziyalı və dövrünün onlarla gəncə həyat məktəbi öyrədən Qurban müəllimdən bəhs edir...
Böyük şərəf yolunun başlanğıcı
Qurban Camal oğlu Sultanov 1919-cu ilin 22 mart tarixində Gəncə şəhərində anadan olub. Gələcək keşməkeşli həyatını müəyyənləşdirəcək elmi təhsilini fəhlə fakültəsində, Zaqafqaziya Yol Mühəndisliyi İnstitutunda, hərbi təhsilini isə Tbilisidəki Artilleriya Məktəbində alıb. Qurban müəllim əmək fəaliyyətinə sadə inşaatçılıqdan başlamış və bu istiqamətdə nazir vəzifəsinə qədər yüksəlmişdir. Lakin haqlı olaraq layiq görüldüyü bu yüksək dövlət vəzifəsinə qədər Qurban Sultanovun gənclik illəri çətin dövrlərə təsadüf etmişdir. Artlq 21 yaşında olarkən, Qurban müəllim faşist Almaniyasının SSRİ-yə etdiyi gözlənilməz hücumu zaman könüllü şəkildə orduya yazılmış, kapitan rütbəsinə qədər yüksəlməyə müvəffəq olmuşdu. Onun döyüş yolu odlu-alovlu müharibənin başladığı 1941-ci ildən 1945-ci ilə - hitlerçilərin məhvinə qədər davam edib. Məhz müharibə yolunu da Gürcüstandan başlayan Qurban Sultanov Naftuliq şəhərində bölgü zamanı Tbilisidəki 4 illik Artilleriya Məktəbinə daxil olub. Belə ki, oradakı təhsil müddəti 4 il olsa da, müharibə şəraitinə görə, bu müddəti kifayət qədər azaldılmışdı. Qurban Sultanovun Bəhram İbrahimovun müəllifi olduğu "Qədim torpağın ləyaqətli övladı" kitabında özü tərəfindən dilə gətirilən fikirləri istər-istəməz həmin zamanları gözlər önündə canlandırır: "Cəmi 25 nəfər idik. Mənim təyinatım Qori şəhərinə idi. Oraya yola düşdüm. Tələbəlik həyatına son qoyuldu. Neçə ildən bəri biz bir-birimizə isnişdiyimiz, dost-yoldaş olduğumuz adamlardan ayrılmaq məcburiyyətində qaldıq. Qoridə məni səmimiyyətlə qarşıladılar və mən axtarış-tədqiqatlar aparan bölmədə rəis kimi işə başladım. Hələ ilk maaşımı almamışdım ki, Böyük Vətən müharibəsi başladı...
41-ci ilin isti iyun günləriydi. Bizi kiçik, səliqəli və abad Naftuliq şəhərciyinə gətirdilər və burada çox saxlamadılar. Bölgü zamanı məni Tbilisidəki 4 illik Artilleriya Məktəbində təhsil almağa göndərdilər. Müharibə ilə əlaqədar bu məktəbdə qısa müddətli kurslar yaradılmışdı. İlk 15 günlükdə birinci kursu bitirdim. Yaxşı oxuduğum və ali təhsilli olduğum üçün bir ay yarımda bütün kursları başa vurub məktəbi əla qiymətlərlə qurtardım. 100 nəfərdən çox idik. Onlardan cəmisi 15 nəfərinə, o cümlədən mənə leytenant, qalanlalrına isə serjant rütbəsi verdilər. Artıq oktyabr ayı girmişdi..."
Həmin xatırələrdə daha sonra qeyd olunur ki, Qurban Sultanovu və onunla birgə hərbi kursları keçən yoldaşlarının hərəsini bir tərəfə göndərdilər və onun özü Zaqafqaziyaya hərbi dairəsinin sərəncamına verildi: "Bu dairə Armavir şəhərində yerləşirdi. Ordu qərargahı məni Stalinin adını daşıyan 242-ci diviziyaya göndərdi. Diviziyada məni batareya komandirinin müavini vəzifəsinə qoydular. Bu məqamda Rostov ciddi mühafizə və müdafiə olunurdu. Batareyaya çatdığım günün sabahısı diviziyamız hücuma başladı. Şaxtalı gecələrədə düşmənlə üz-üzə dayanmalı olduq. Başımızı qaşımağa vaxtımız yox idi. İstər arxa, istərsə də ön cəbhə faşistlərlə üz-üzə dayanmışdı. Yüngül və ya ağır yaralananları, həlak olanları saymaqla qurtaran deyildi. Buna baxmayaraq Vətən uğrunda ölümlə mərdliklə çarpışan əsgər və zabitlərimiz yüksək əhval-ruhiyyədə idilər. Elə buna görə də biz tezliklə Rostov-Donu keçdik. Aydın məsələ idi ki, hitlerçiləri artıq əzmişdik və yolumuz Taqanroqa doğru idi..."
Düşmən gülləsinə sinə gərən qorxmaz komandir
Göründüyü kimi, Qurban Sultanovun biliyi və təcrübəsi onun qısa müddətdə zabit rütbəsi almasına zəmin yaratmışdı və bütün bu kimi hadisələr onun qorxmazlığı və düşmənə nifrəti də önəmli faktor kimi rol oynamağa başlamışdı. O, bir komandir kimi düşmən gülləsinə sinə gərməkdən çəkinmirdi. Məhz belə qəhrəmanlıq və şücaət göstərən Qurban Sultanov döyüşlərdən birində ağır yaralandı. Lakin buna baxmayaraq, o, bir komandir kimi sağaldıqdan sonra yenidən müharibənin odu-alovu üzərinə atılır. Onun xatirələrində qeyd olunur: "...Elə bu vaxt düşmən gülləsi komandirimizi sıradan çıxartdı. Məni batalyon komandiri vəzifəsinə təyin etdilər. Düz üç sutka almanlar tankla fasiləsiz hücuma keçdi. Biz çətinliklə də olsa, fədakarlıqla düşmənin hücumlarının qarşısını aldıq və düşmənin irəliləməsinə imkan vermədik. Oktyabrın 29-da mən yenidən yaralandım...Düz iki ay Armavir şəhərindəki hərbi hospitalda müalicə olundum".
Bəli, Qurban Sultanov odlu-alovlu, ağrılı-acılı müharibənin ona "bəxş" etdiyi ilk "hədiyyəsini" aldı və bu "hədiyyə" hələ son deyildi. Çünki onu qarşıda düşməni məhv edəcək hələ çox çarpışmalar və qəhrəmanlıq salnamələri gözləyirdi. Krasnodardakı hospitalda müalicə aldıqdan sonra o, batareya komandiri olaraq, azərbaycanlılardan ibarət əsgərlərə rəhbərlik etməyə başladı. Krasnodara ezam edilən Qurban müəllim oradakı Kazak süvari ordusunun 2-ci batalyonunda fəaliyyətə başlayan kimi cəbhə xəttinə yollanıb. Artıq 1942-ci ilin martında onun batalyonu Rostovu haqlamışdı. O, Rostovun Leninqradski, Umanski, Kuşevski adlanan ərazilərində qanlı döyüşlərdə iştirak edərək, bir daha sübut etmişdi ki, qəhrəmanlıq onun daşıdığı azərbaycanlı qanına tarixlər boyu hopmuşdu. Əbəs yerə deyildi ki, o, hospitaldan ayrıldıqdan sonra öz həmvətənlərinin və soydaşlarının əhatəsinə düşmüşdü.
Qurban müəllim həmin anlar barədə deyib: "Noyabrın sonunda ordu qərargahının sərəncamı ilə Kizlər şəhərinə göndərildim. Elə həmin vaxtda burada azərbaycanlı döyüşçülərdən ibarət batareya təşkil olunurdu və mən təzəcə yaranmış batareyanın ilk komandiri oldum. İlk gündəcə hiss etdim ki, əsgərlərin bir qismi adi silahlardan istifadə qaydasını kifayət qədər bilmir. İki həftəyədək fasiləsiz, gecə-gündüz məşqlər apardıq. Başa düşmüşdüm ki, batareyadakı soydaşlarımızın hamısı mərdliklə döyüşən, cəngavər və igid adamlardır. Silahlardan, texnika və mexanizmlərdən istifadə qaydaları üzrə keçirdiyimiz məşqlər də öz müsbət nəticələrini göstərmişdi. Buna görə də ordu qərargahına müraciət etdim ki, bizi təcili və birbaşa döyüş meydanına göndərsin. Müraciətimiz qəbul olundu."
Hərbi xidmətini Krasnodarda yerləşən Kazak kavaleri korpusunun 2-ci batalyonunda davam etdirən Qurban Sultanov oradan birbaşa cəbhəyə yollandıqlarını bu barədə olan xatirələrində qeyd edir: "Artıq 1942-ci ilin may ayında Rostovun həndəvərinə idik. Rostov istiqamətində Leninqradski və Umanski adlanan stansiyalarda düşmən bizi böyük məğlybiyyətə uğratdı. Saysız-hesabsız tələfat verdik. Həlak olanlarımız, yaralananlarımız çox idi, itkin düşənlərimiz də var idi və biz korpus komandirinin əmrilə geri çəkilmək məcburiyyətində qaldıq. Kuşevski stansiyasına doğru istiqamət götürdük. Özümüz də atlı idik. Cəmi 240 nəfər idik. Əldə etdiyimiz məlumata görə, qarşımızdakı düşmənin sayı isə 10 min nəfərə yaxın idi. Buna baxmayaraq, korpus komandirinə müraciət edib at üstündə döyüşə girməyə icazə aldım. Qanlı təkbətək vuruş başladı. Biz vuruşda qalib gəldik..."
Beləliklə, odlu-alovlu müharibə yolunu keçən Qurban Sultanov bu yolda qərargah rəisinin, artilleriyanın, diviziya komandirinin köməkçisi vəzifələrinə qədər yüksəldiyini də xüsusilə vurğulamaq olar. Göstərdiyi xidmətlərinə görə, Ali Baş Komandanlıqdan, ordu qərargahından onlarca təşəkkür, fəxri fərmanlar, tərifnamələr almış, bir çox orden və medallarla təltif olunmuşdur. Qurban Sultanov 1945-ci lin 9 may qələbəsini Çexoslovakiyanın (İndiki Çexiyanın) Praqa şəhərində qarşılayıb. O, müharibənin keşməkeşli yolunu 1945-ci ilin 29 oktyabırnda kapitan rütbəsində və 2-ci dərəcəli əlil kimi başa vuraraq, doğma Vətəni Azərbaycana qayıdıb.
Hər şey yenidən başlayır
Qurban Sultanov Azərbaycana geri döndükdən dərhal sonra işə başlamaq üşün dəmiryolunda öz ixtisası üzrə çalışmağa başlayıb. Daha dəqiq desək, o, Azərbaycan Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqı Komitəsində işə başladıqdan sonra, həmin idarənin məsul vəzifələrinin bütün pillələrini aşmağa müyəssər olub. Onun idarəçilik qabiliyyətinin nə qədər yüksək səviyyəli olduğunu görən rəhbərlik Qurban müəllimi önə çəkməklə, ona etimadlarını və etibarlarını izhar ediblər. Qurban müəllim işə başladıqdan cəmi 1 il sonra - 1946-cı ildə artıq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. Orada iki il ərzində idarəçilik təcrübəsini təkmilləşdirdikdən sonra, Qurban Sultanov yenidən istehsalat sahəsinə geri dönüb.
O, 1948-ci ildə Bakıda yaradılan böyük idarədə - "Azərneftelektrikquraşdırma" trestində işləyib. Orada baş mühəndis vəzifəsində çalışan Qurban müəllim, bir neçə aydan sonra Baş Qərb ərazi tikintisinin ən nüfuzlu təşkilatlarında Əsaslı tikinti şöbəsinin rəisi, daha sonra isə Layihə-Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Məhz onun rəhbərliyi altında Bakıda ən iri sənaye müəssisələrinin, yaraşıqlı və o zamanların müasir tələblərinə cavab verən yaşayış binalarının tikilməsi üçün keyfiyyətli layihələr və smeta sənədləri hazırlanırdı.
Bunun ardınca isə Qurban Sultanov "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə fəaliyyətini davam etdirib. Artıq bir neçə ildən sonra, Qurban müəllim Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında Tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Həyatının müharibədən sonrakı illərində - məhz 40-cı, 50-ci illərdə, eləcə də 60-cı illərin əvvəllərində Qurban Sultanovun tikinti və quraşdırma sahələrində müxtəlif yüksək vəzifələrdə işləməsi, Azərbaycanın tikinti korifeyləri, nüfuzlu şəxsləri hesab edilən Əliş Ləmbəranski, Yaqub İzmayılov, Məmmədəli Abbasov, Sadıq Rəhimov və bir çox başqa şəxslərlə yaxınlıq və dostluq etməsinə zəmin yaratmışdır. Qurban müəllimin təcrübəsi isə onun yüksəlməsinə təkan verməkdə davam edirdi. Artıq zaman yetişdi və o, respublikada Tikinti Nazirliyi yarandığı bir vaxtda nazirn müavini vəzifəsinə təyin olundu. Ancaq bu da son deyildi...
Ulu Öndər Heydər Əliyevin diqqətində
Hələ 1965-ci ildə - bir sıra təşkilatların bazasında ixtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi fəaliyyət göstərdiyi bir vaxtda idarə rəhbərliyi vəzifəsinə Moskva ilə razılaşdırılaraq böyük təcrübəyə malik olan Qurban Sultanov seçilmişdi. Qeyd edək ki, həmin vəzifəyə təyin olunmamışdan əvvəl, Kirovabadda (indiki Cəncədə) Kirovabad Alüminium Zavodunun tikintisi planlaşdırılmışdı və Kirovabad Alüminium Tresti yaradılmışdı. Bu trestin əsas vəzifəsi ümumittifaq əhəmiyyətli Kirovabad Alüminium Zavodunun tikintisini tezliklə başa çatdırıb istifadəyə verməkdən ibarət idi.
Nazir müavini olmasına baxmayaraq, mövcud vəziyyəti qiymətləndirən Qurban Sultanov həmin trestə də rəhbərliyi öz üzərinə götürmüşdü. Bu isə çox böyük bir məsuliyyət idi. Həmin məsuliyyəti yaxşı dərk edən Qurban müəllim ortaya qoyulan bütün şərtləri və vəzifələri ən yüksək səviyyədə reallaşdırmağa müvəffəq oldu.
Qurban Sultanov bütün qeyd olunanlarla yanaşı, eyni zamanda digər bir sıra mühüm təşkilatların elmi-texniki tərəqqisinin tələblərinə cavab verən maddi-texniki bazaları möhkəmləndirməyə nail olub. "Azneftkimyaquraşdırma", "Elektrikquraşdırma", "Ventelyasiyaquraşdırma", "Santexquraşdırma", "İstilikquraşdırma" kimi müstəqil trestlər yaradılaraq və onlar uğurlu fəaliyyət göstəriblər. Belə ki, həmin trestlər Azərbaycanın bütün regionlarında, eləcə də iqtisadiyyatın bütün sahələri istiqamətində yüksək nəticələr göstəriblər. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həmin təşkilatların yaradılması sayəsində Bakı Kondisioner Zavodu, "Respublika" (indiki Heydər Əliyev Sarayı), "Gülüstan" Sarayı, Sirk binası, Maşınqayırma zavodlarının yenidən qurulması, Gəncə Alüminium Zavodu, Sumqayıtda "Orqsintez", "Sintezkauçuk", "Boruprokat" kimya zavodları, Mingəçevirdə "Azərkabel" müəssisəsi, Neftçalada Yod Zavodu, Salyanda plastmas məmulatları istehsal edən müəssisə və bir çox mülki-yaşayış binalarının, eləcə də digər xidmət obyektlərinin, yaşayış binalarının tikilərək istifadəyə verilməsi uğurla reallaşdırılmışdır. Həmçinin, 1970-ci illərdə Naxçıvanda 3-dən çox vacib obyektlər istismara verilmiş, yaşayış kompleksləri tikilmiş, o cümlədən, Qızıl Vəngdəki nəhəng su anbarının tikintisi uğurla reallaşdırılmışdır. Eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətində İpək Kombinatı işə başlamış, Bakıda Buzovna qəsəbəsində neftçilər üçün yaraşıqlı yaşayış binaları istifadəyə verilmişdir. Keçmiş Sənaye Nazirliyinin inzibati binasının tikintisi də bu sıradandır.
Qurban Sultanov hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, Onun Respublikaya rəhbərlik etdiyi dövrlədə verdiyi tövsiyə və tapşırıqları ləyaqətlə yerinə yetirmişdir. Yetmişinci illərdə Bakı şəhərində içməli su çəkilişi Azərbaycan Respublikası rəhbərliyinin diqqət mərkəzində idi. Heydər Əliyev bu işə xüsusi önəm verirdi. Ulu Öndər kəmərin açılışında iştirak edərkən, Qurban müəllimin əməyini yüksək dəyərləndirmişdi.
Ümumiyyətlə, Qurban Sultanovun fəaliyyətinin çoxşaxəliliyinin, həmçinin uğur və nailiyyətlərinin əsas mənbəyi söz yox ki, onun Azərbaycan diyarına, Azərbaycan adlı müqəddəs məmləkətə bağlılığı olub. Eyni zamanda, Qurban müəllim öz ixtisasının aşiqi olub. Ona sual verəndə ki, əgər ikinci dəfə gənclik illərinə qayıtsa idi, hansı peşəni seçərdi? O, daim vurğulayardı ki, yalnız mühəndisliyi: "İnşaatçı-mühəndis peşəsinə üstünlük verərdim. Bunlar mənim həyatım olub".
R.KAMALQIZI
Səs.- 2015.- 5 may.- S.14.