SOSİAL SİYASƏTƏ MÜASİR SİSTEMLİ BAXIŞ

 

 Müstəqil Azərbaycan dövləti tarixin mürəkkəb sınaqlarından uğurla çıxan, bu mübarizədə nəinki öz mövcudluğunu və milli-tarixi mənsubiyyətini itirməyən, əksinə daha da bütövləşən, mətinləşən Azərbaycan xalqının ən böyük sərvəti və tarixi nailiyyətidir. Tarixin müəyyən dönəmlərində xalqımız özünün müstəqilliyinə qovuşsa da, ən müxtəlif səbəblərdən (xarici təcavüzlər, siyasi iflaslar, daxili iğtişaşlar və parçalanmalar və s.) bu dövlətləri sonadək qorumaq mümkün olmamışdır. XX əsrin sonlarında müstəqil Azərbaycan dövlətinin yaranması üçün daha bir tarixi imkan yarandı. 1991-ci il oktyabr ayının 18-də Respublika Ali Sovetinin "Dövlət müstəqilliyi haqqında" Konstitusiya aktını qəbul etməsi ilə Azərbaycan Respublikası bütün dünyaya müstəqil bir dövlət olduğunu bəyan etdi.

Bir tərəfdən bölgədə baş verən mürəkkəb ictimai-siyasi hadisələr, Azərbaycan dövlətinin mövcudluğunu gözü götürməyən qüvvələr, erməni təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, digər tərəfdən o dövrkü iqtidarın ictimai-siyasi həyatın bütün sahələrindəki yarıtmaz fəaliyyəti, hakimiyyətdaxili mübarizələr az bir zamanda ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü təhlükə altına almışdı. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız  dahi, uzaqgörən siyasi lidervə görkəmli dövlət xadimi Heydər Əliyevə sığınaraq müstəqil dövlətinin yaşamasına nail oldu. Heydər Əliyev tarixi, tarixin verdiyi dərsləri, bölgədə cərəyan edən ictimai-siyasi prosesləri gözəl bilirdi, həyat yolunda böyük və zəngin idarəetmə təcrübəsi toplamışdı, ən əsası isə o müstəqilliyin, dövlətçiliyin dəyərini yüksək qiymətləndirirdi. Məhz bu keyfiyyətlər onun uğurunun hərəkətverici qüvvəsi oldu. Bu gün inamla demək mümkündür ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi.

Ulu Öndər güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü. 

   

Sosial müdafiədə varislik

   

Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevin özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, Böyük Öndər tamamilə haqlı imiş. Xalqımız nəinki 2003-cü ildə, həm də 2008-ci və 2013-cü illərdə öz seçimi ilə bir daha Heydər Əliyev kursunun yaşamasına davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və İlham Əliyev dövlət quruculuğunun mahiyyətinə, onlar arasındakı səbəbli əlaqəyə diqqət yetirsək görərik ki, Ümummilli Lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya İlham Əliyev tərəfindən bir o qədər dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı İlham Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, "Əsrin kontraktı" çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsinə, infrastrukturun yeniləşdirilməsinə, yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı.

   

Regionların sosial-iqtisadi inkişafı

   

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir. Bunun da ciddi səbəbləri mövcud olmuşdur. O dövrdə daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda infrastrukturun, o cümlədən nəqliyyat və kommunal infrastrukturun bərbad vəziyyətdə olması, işsizlik və s. Bakı ilə regionlar, hətta respublika əhəmiyyətli digər şəhərlər arasında tamamilə fərqli bir həyat yaratmışdı. Urbanizasiya meyilləri güclənmiş,regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. İlham Əliyevin prezident seçilməsindən sonra ilk qəbul etdiyi qərarlardan biri "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" 11 fevral 2004-cü il tarixli Fərman olmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, qeyd olunan Dövlət Proqramının icrası müddətində 600 mindən artıq iş yeri yaradılmışdır. Daha sonrakı dövrlərdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətlərini əhatə edən iki Dövlət Proqramı - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, adıçəkilən proqramların icrası Cənab Prezidentin xüsusi himayəsində olmuş və hər il proqramın icrasına dair müşavirələr keçirərək onun nəticələrinə qiymət verilmişdir.

Regional inkişafın nəticəsidir ki, 2015-ci ildə regionlardan gəlirlərin 834 milyon manat olması nəzərdə tutulur. Bu isə 2014-cü ilə nisbətən 52,1 milyon manat və ya 6,7 faiz artıq olması deməkdir. Son illər həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri ilə yanaşı artıq bir neçə inzibati ərazi vahidləri də öz xərclərini gəlirləri hesabına təmin etməklə dotasiyadan çıxmışlar. Bu siyahıya Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri, Abşeron və İmişli rayonları daxildir.

   

Sosial siyasətdə ünvanlılıq

  

Sosial ədalətin başlıca prinsipi olaraq ünvanlılıq dedikdə sosial müdafiə tədbirlərinin çətin həyat şəraitində olan, aztəminatlı insanlara yönəldilməsi və bu məqsədlə hüquqi, iqtisadi və təşkilati əsasların yaradılması nəzərdə tutulur. Ünvanlılığın təmin olunması istiqamətində ilk mühüm addım Ulu Öndər tərəfindən atılmışdır. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 2002-ci il yanvarın 1-dən bir sıra kateqoriya şəxslərin çoxsaylı güzəştləri, o cümlədən kommunal və nəqliyyata görə mövcud olan güzəşt və imtiyazları ləğv edildi, bəzi kateqoriya şəxslərin isə bu güzəştləri müavinətlərlə əvəz olundu. Güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiədə ünvanlılığın artırılmasına şərait yaratdı. Məsələn, ictimai nəqliyyatda özəl sektorun xüsusi çəkisinin getdikcə artdığı bir şəraitdə güzəştli şəxslərin həmin xidməti göstərən təşkilatlar hesabına nəqliyyatdan pulsuz istifadə etməsi bütövlükdə bazar münasibətlərinin mahiyyətinə zidd idi. Dövlətlə nəqliyyat xidməti göstərən təşkilatlar arasında münasibətlər vergi, lisenziya və s. ilə tənzimləndiyindən həmin xidmət təşkilatlarının üzərinə əlavə bir yük qoyulması bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyildi. Əlbəttə, həmin dövrdə bu addımlar birmənalı qəbul edilməsə də, zaman göstərdi ki, sosial siyasətin düzgün qurulması və onun dayanıqlı olması üçün başqa yol yoxdur.

Ümummilli Liderin sosial siyasət kursunun davamı kimi hazırda sosial siyasət sahəsində əsas vəzifə ünvanlılığın səmərəliliyini artıran, ən yoxsul və zəif qruplara kömək edən sosial müdafiə sistemini yaratmaqdır. Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericiliyin formalaşdırılması prosesi 2005-2006-cı illəri əhatə edir. 21 oktyabr 2005-ci il tarixdə ünvanlı dövlət sosial yardımının (aztəminatlı ailələrə dövlət tərəfindən pul yardımının) göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyən "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun" qəbul edildi və2006-cı il aprelin 1-dən etibarən əhaliyə ünvanlı dövlət sosial yardımı verilməyə başlandı. Ünvanlı dövlət sosial yardımının təyin olunmasında neqativliklər, subyektiv məqamlar olsa da, heç bir mənfi amil bütövlükdə bu institutun əhəmiyyətinə, insanların ehtiyaclarının ödənilməsindəki roluna kölgə salmır.

Ünvanlı dövlət sosial yardımı daha çox insanın və ailənin maraqlarına toxunduğundan daim onun qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac duyulur. Bu dəyişikliklər ünvanlı dövlət sosial yardımı sahəsində neqativ halların azaldılmasına, şəffaflığın təmin olunmasına, tələb olunan sənədlərin azaldılmasına yönəldilmişdir. "Ünvanlı  dövlət sosial yardımı haqqında qanun"a edilmiş son dəyişiklik nəticəsində ünvanlı sosial yardımın təyin olunma müddəti 1 ildən 2 ilə çatdırılmışdır.

Ünvanlı sosial yardımın əsas hədəfi aztəminatlı ailələrin (orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrin) sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Aztəminatlılıq heç şübhəsiz ünvanlı sosial yardımın təyin olunması üçün başlıca şərtdir. Bu baxımdan aztəminatlılığın müəyyən olunması meyarları, insanların real və sənədlərlə təsdiq olunan vəziyyəti arasındakı təzadların ortaya çıxarılması, özünü aztəminatlı ailə kimi təqdim etmənin qarşısının alınması üsulları ünvanlı dövlət sosial yardım sisteminin qarşısında duran mühüm vəzifələrdəndir. Qanun ailə üzvlərinin əmək qabiliyyətinə malik olmamasını, ailənin əmək qabiliyyətli üzvünün işsiz kimi qeydə alınmasını, ailə başçısının vəfat etməsini və digər halları ailənin aztəminatlılığı üçün obyektiv hallar kimi qəbul edir.

   

    Heydər Əliyev Fondu sosial müdafiə sistemində

   

Ölkəmizdə sosial sahənin inkişafı barəsində danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyildir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın əməyi sayəsində sosial həyatımızın ən müxtəlif sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə ciddi uğurlar əldə olunmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə və proqramlar günümüzün ritmi ilə səsləşən ən həssas məsələlərə həsr olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir.

Azərbaycanın sürətli inkişafında, sosial problemlərin həllində Heydər Əliyev Fondunun özünəməxsus yeri var. Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar Azərbaycanın birinci xanımı, fondun prezidenti Mehriban Əliyevanın "Milli Məclis" jurnalına verdiyi müsahibədə demişdir: "2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq".

Heydər Əliyev Fondunun sosial sahədə həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, təhsilə dəstək verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsidir. Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəbləri"nin inkişafı və "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramları" həyata keçirilir. Qeyd etmək lazımdır ki, fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və yenidən qurulub. Bu layihə çərçivəsində respublikamızın ən ucqar kəndində müasir dövrün tələblərinə cavab verən, yeni avadanlıqlarla təchiz olunmuş məktəblər tikilmişdir.  "Təhsilə dəstək" layihəsi isə təhsil müəssisələrinin yeni dərslik və tədris vəsaitləri ilə təmin edilməsini, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasını, təhsilin keyfiyyət səviyyəsinin artırılmasına xidmət edən digər tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. "Təhsilə dəstək layihəsi" çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən, eləcə də aztəminatlı ailələrdən olan şagirdlərə çanta və məktəb ləvazimatı hədiyyə etməsi fondun həyata keçirdiyi layihələrin həm də humanist mahiyyətini əks etdirir. Heydər Əliyev Fondu təkcə 2014-2015-ci tədris ili ərəfəsində yalnız qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə 10 min çanta və dərs ləvazimatı hədiyyə etmişdir.

Fond tərəfindən həyata keçirilən uşaq evlərinin və internat məktəblərin inkişafı proqramı çərçivəsində respublikada uşaq müəssisələri, o cümlədən fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbləri və uşaq evləri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilir. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından ən örnək nümunələr sırasındadır.

 

Yeni çağırışlar

   

Sosial müdafiə sahəsində bizi qarşıda daha böyük işlər gözləyir. Bu işləri həyata keçirmək ciddi araşdırmalar, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatlar vasitəsilə mümkündür. Bunlardan ən mühümləri kimi aşağdakıları qeyd etmək istərdim.

   

- pensiya təminatı sisteminin islahatının davam etdirilməsi

   

Növbəti illərdə pensiya təminatı sisteminin islahatı davam etdiriləcəkdir. Bu məsələlər  "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4  noyabr tarixli Sərəncamında öz əskini tapmışdır. Pensiya təminatı sistemində aparılan islahatlar sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunmasına, sosial sığortaya əsaslanmayan öhdəliklərdən qorunmasına istiqamətlənməlidir. Pensiya məbləğlərinin hər bir şəxsin ödədiyi sığorta haqqına uyğun müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Bütün bunların nəticəsi olaraq pensiyanın bir hissədə təyin olunması həyata keçiriləcəkdir, bu isə təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaqdır.

Hesab edirik ki, pensiya təminatı sistemində iştiraka marağın artırılmasını təmin etmək məqsədi ilə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi təmin edilməlidir.

Əhalinin etibarlı pensiya təminatına nail olunması üçün könüllü sosial sığorta fondlarının da yaradılması zəruridir. Bütün bu tədbirlər pensiya təminatı sistemində aşağıdakı nəticələrə nail olmağa yönəldilmişdir:

təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcəkdir;

pensiya təminatı sisteminin yığım potensialı güclənəcəkdir;

pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcəkdir;

sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcəkdir;

məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə, əmək haqqının leqallaşdırılmasına maraq artacaqdır;

pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır.

pensiyaların təyin olunmasında insan faktoru azaldılacaqdır və bu işlər bütünlüklə elektronlaşdırılacaqdır.

   

- ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi

     

Ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün kompleks işlər həyata keçirilir. Bunlardan biri də ünvanlı yardım alan ailələrin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında, habelə əhalinin sosial müdafiəsi mərkəzlərində açıqlanmasıdır ki, bu da ünvanlı sosial yardım təyin edənləri əsassız ünvanlı sosial yardım təyinatından çəkindirir, sosial yardıma iddia edənləri isə ictimai qinaqla üz-üzə qoyur. Qarşıda duran əsas vəzifə bu sahədə şəffaflığın daha da gücləndirilməsi və bu sistemə etimadı bərpa etməkdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı" sisteminin təkmilləşdirilməsi haqqında 23 fevral 2015-ci il tarixli Fərman imzalamışdır. Qeyd olunan Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində "Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS)" yaradılacaqdır. Nəticədə vətəndaşların ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradilacaq,sosial yardımların təyinatı prosesi tam elektronlaşdırılacaqdır.

"Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS)" vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrində quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı  elektron formada müraciət etmək imkanı yaradacaqdır. Vətəndaşlar pulsuz olaraq onlara verilən elektron imzalar vasitəsilə kompüterlərdən, mobil telefonlardan,infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər. Bu müraciətlər əsasında bütün arayış və məlumatlar müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq.  Eyni zamanda ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat da elektron qaydada veriləcəkdir.

   

- əlilliyin təyin olunması qaydalarının və meyarlarının təkmilləşdirilməsi

   

Əlilliyin təyin olunması sahəsində neqativ halların qarşısının alınması və şəffaflığın təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi, həmçinin, əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılmışdır. Bu sistem əlillik təyinatı prosesi zamanı aidiyyəti qurumlar arasında müvafiq məlumatların elektron mübadiləsinə, bu prosesin avtomatlaşdırılmasına xidmət edəcəkdir.

 

- səhiyyənin təşkilinin yeni üsullarının tətbiqi

 

Sosial siyasətin ən vacib istiqamətlərindən olan əhalinin sağlamlığının qorunmasının daha da güclü mexanizmlərinin yaradılmasına ehtiyac vardır. Son illərdə tibb sahəsində irimiqyaslı işlər görülsə, əhatəli qanunvericilik bazası yaradılsa da, tibbi sığortanın tam tətbiq olnmaması, bölgələrdə yüksək ixtisaslı tibbi kadrların çatışmazlığı və s. son nəticədə tibbi xidmətin keyfiyyətinə təsir göstərir. Tibbi sığorta sistemi vasitəsilə tibbi yardımın göstərilməsi bir sıra üstünlüklərə malikdir.

İcbari tibbi sığortanın tətbiq olunması və bu sahədə yeni idarəetmə üsullarının yaradılması Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sistemində hazırkı problemlərin aradan qaldırılmasının ən real yollarından biridir. İcbari tibbi sığorta səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaradılmasına imkan verir, səhiyyə resurslarını özündə cəmləşdirməklə xərclərin daha səmərəli istifadəsi ilə nəticələnir və vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi imkanlarını artırır.

Səhiyyəyə ayrılan dövlət xərclərinə və icbari tibbi sığortadan daxil olan vəsaitlərə uyğun olaraq, baza zərfinin müəyyənləşdirilməsi vasitəsilə əsas tibbi xidmətlərin müxtəlif təbəqələr tərəfindən təmin oluna bilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu zərf bütün ilkin və profilaktik xidmətləri, ictimai sağlamlıq tədbirlərini və digər xidmətləri özündə cəmləşdirir. Aparılacaq islahat xəstələrin səciyyəvi xüsusiyyətlərini-demoqrafik, epidemioloji, sosial-iqtisadi və digər müvafiq amilləri nəzərə almaqla, səhiyyə xərclərinin adambaşına bölüşdürülməsi prinsipini tətbiq etməyi nəzərdə tutur.

Qeyd olunanlar bir daha göstərir ki, uğur və nailiyyətlər hədəflərin düzgün müəyyən olunması və səmərəli şəkildə həyata keçirilməsi zamanı əldə olunur. Sosial müdafiə sahəsində "düzgün strategiya - düzgün taktika" vəhdəti insanların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edəcəkdir. 

   

 

Hadi Rəcəbli,

Milli Məclisin komitə sədri,

YAP Siyasi Şurasının üzvü

Səs.- 2015.- 7 may.- S.5.