Hüquqi dövlətdə jurnalist terminlərinin dəyişməsi
Müasir demokratikləşmə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövründə jurnalist terminləri sahəsində də dəyişikliklər baş verir.
Esmira Rövşənova yazır ki, hər bir elmi - yaradıcılıq sahəsinə aid terminlərin formalaşması müxtəlif səbəblərlə bağlıdır. Bu səbəblərdən başlıcası ictimai-siyasi mühitlə, texnologiyanın inkişafı ilə əlaqədardır. Dünyada son 20-30 ildə informasiya texnologiyalarının sürətli inkişafı jurnalistika, media sahəsində yeni terminlərin meydana çıxmasına səbəb olmaqdadır. Yeni informasiya texnologiyası jurnalistikada media, mediologiya, internet qəzet, elektron informasiya vasitələri, Online jurnalistika, lid, qəzet dizaynı, internet televiziyası, veb-sayt, vətəndaş jurnalistikası kimi onlarca termini meydana çıxarmışdır. İctimai sistemin dəyişməsi mətbuatın funksiyalarını dəyişdirməkdədir. Qəzet yaranıb müəyyən inkişaf dövrü keçirməklə mətbuat anlayışı meydana gəlmiş, radio və televiziyanın ortaya çıxması kütləvi informasiya vasitələri söz birləşməsini yaratmışdır. Bu söz birləşməsi mətbuatın Lenin prinsiplərini rəhbər tutan sovet jurnalistikası dövründə "kütləvi informasiya və təbliğat vasitəsi" kimi formalaşmış, son zamanlar, yəni postsovet məkanının mətbuatın təbliğat funksiyasından imtina etməsilə Qərb dünyasında çoxdan işlənməkdə olan "kütləvi informasiya vasitələri", yaxud "kütləvi kommunikasiya vasitələri" şəklində qəbul olunmuşdur.
E.Rövşənovanın fikrincə, dünyada jurnalistikanın demokratik dəyərlərinin formalaşmasında rolunu yüksək qiymətləndirən cəmiyyətlərdə KİV-in geniş inkişafı onun terminlərinin daha dəqiq formalaşmasına şərait yaradır. Jurnalistikanın istər nəzəri, istərsə də praktik istiqamətdən müasir inkişafı bir sıra yeni modellər, nəzəri konsepsiyalar doğurmuşdur. Xüsusilə də, "sovet jurnalistikası" anlayışından və onun nəzəri modelindən uzaqlaşmış postsovet məkanında medianın ən azı bizə yeni görünən məqamları ortaya çıxmaqdadır. Bu yeni yanaşma, yeni baxış bucağı kütləvi informasiya vasitələri sistemi ətrafındakı nəzəri fikirlərə də yenidən baxmaq tələbini irəli sürür. Əlbəttə, bütün sahələrdə olduğu kimi, "jurnalistikada da nəzəriyyə və praktika paralel istiqamətdə hərəkət edən iki gəmiyə bənzəyir. Bununla belə, onların hər ikisi müntəzəm olaraq bir-birinin göyərtəsində nə baş verdiyinin fərqinə varmalı və bu baş verənləri öz fəaliyyətində nəzərə almalıdır".
Praktikadan fərqli olaraq, elm sərbəst mülahizələrlə formalaşa bilməz. Nəzəriyyə "çıxış nöqtəsi" kimi daim baş verənləri yeni araşdırmalarda nəzərə almalıdır. "Jurnalistikanın dəqiq və ardıcıl nəzəriyyəsini yalnız bu üsulla yaratmaq mümkündür. Bununla əlaqədar olaraq, jurnalistika sahəsində praktikada özünü göstərən yeni anlayışlara diqqət etmək vacibdir...
Mətbuat sözü nəşrlərin ümumi məcmunun ifadəsi kimi qəzetin və nəşriyyat işinin inkişaf prosesində yaranmışdır. XIX-XX əsrin böyük mətbuat tarixçisi L.Solomon mətbuat-pressa sözünün "tarixi inkişaf prosesində yarandığını" qeyd edir. Beləliklə, mətbuat anlayışı meydana gəlir və bir çox dövlətlərdə, xüsusilə, Rusiyada mətbuat həm də ideoloji vasitəyə çevrilir. Mətbuat Rusiyada yaranın kimi senzura təqibləri ilə üzləşir. Cəmiyyətə ilk növbədə mətbuat azadlığı vəd edən rus bolşevikləri ondan təbliğat vasitəsi kimi istifadə etdilər. Rus sovet jurnalistikasında kütləvi informasiya vasitələri təbliğatçılıq işi gördüyünə görə sovet terminologiyasında "kütləvi informasiya və təbliğat vasitələri" anlayışı meydana çıxmışdı. Jurnalistikanın müəyyən inkişaf səviyyəsi mətbuat sözünün "kütləvi informasiya vasitələri" anlayışına transformasiyasını zəruri etdi. Bu gün Qərb ölkələrində bu anlayış daha geniş və daha dəqiq bir terminə transformasiya etmişdir: "Kütləvi kommunikasiya vasitələri". "Jurnalistika" elmi anlayışı isə məntiqi olaraq "kommunikativistika"ya transformasiya prosesi keçirmişdir.
L.M.Zemlyanova yazır: "Kommunikativistika - kütləvi informasiya vasitələri sisteminin cəmiyyətə təsir faktorlarının humanitar aspektlərini öyrənən bir elm sahəsidir".
Bu transformasiya proseslərindən hiss olunur ki, jurnalistika terminləri informasiya texnologiyasının və ictimai sistemin inkişafı ilə dinamik hərəkətdədir. Belə dinamika yaradıcılıq prosesində də özünü göstərir. Jurnalistikanın ciddi anlayışlarından olan mediologiya termini də bu prosesi yaşamaqdadır. Janr anlayışı ədəbiyyatda olduğu kimi, jurnalistikanın da çox maraq göstərdiyi bir termindir. Rus ədəbi dilinin mətbuat üslubu ilə bağlı ciddi tədqiqatçı kimi tanınan Q.Y.Solqanikin fikrincə, "format" və "janr" anlayışlarını fərqləndirmək çox aktual bir məsələdir: format - geniş işlənmək hüququ qazanmış nisbətən yeni anlayışdır, janr - ənənəvi qəbul edilmiş bir termindir. Bir sıra hallarda onların eyni məzmunda qəbul edilməsi faktı da mövcuddur". Q.V.Lazutina da qeyd edir ki, "janr" bir termin kimi jurnalistlərin leksikasına çoxdan daxil olmuşdur. "Format" anlayışı da heç dünənin sözü deyil. Amma janra nisbətən yeni anlayışdır". Uzun müddətdir ki, jurnalistikada həm nəzəriyyəçilər, həm də praktiklər bu terminləri eyni məzmunda, eyni semantikada qəbul edirlər. Lakin yeni dövr jurnalistikasında janr və format anlayışlarının hansına üstünlük vermək problemi yarandı. "Format" sözü birdən-birə özünün məna diapazonunu genişləndirdi və jurnalistlərin peşə leksikonundakı bəzi terminləri, o cümlədən, "janr" sözünü sıxışdırmağa başladı". Bəziləri belə bir vəziyyəti kompüter texnalogiyasında aparılan proseslərdə "forma", "format", "formatlaşdırma" kimi açar sözlərin işlədilməsi ilə meydana gəlməsini əsaslandırmağa çalışır. Lakin burada müəyyən bir həqiqət olsa da, məsələ tamam başqa yöndədir. İş burasındadır ki, "janr ədəbiyyatşünaslıqda və ədəbi tənqiddə ən mübahisəli məsələlərdən biridir".
Məşhur sənətkarlardan biri janrı "qeyri-sabit, dəyişən sistem" kimi xarakterizə edir. Belə bir fikir də mövcuddur ki, "zaman keçdikcə janrda evolyusiya, differensasiya prosesi özünü göstərir". Deməli, janrın qeyri-sabitliyi, dəyişkənliyi, evolyusiyaya meyili ona müxtəlif cür yanaşmalara əsas verir. Bədii ədəbiyyatda bu gün də janrın xeyli dərəcədə sabitliyi hiss olunur, lakin "jurnalistika yaradıcılığında janrlar arasında sərhədlərin azalması, birinin digərinə qovuşması prosesi baş verməkdədir". Belə bir şəraitdə irəli çıxan "format" sözü janra alternativ kimi qəbul olunmağa başlamışdır. Jurnalistikanın istər nəzəri, istərsə də praktik sahəsində bu məsələ ilə bağlı beynəlxalq səviyyədə mübahisələr, müzakirələr getməkdədir. Jurnalistikanın nəzəri problemlərinə mənəvi olaraq tarixən daha çox diqqət yetirən rus nəzəriyyəçiləri format, yoxsa janr sualına cavab axtarmaq məqsədilə xüsusi elmi seminarlar təşkil etməkdə, bu seminarların müzakirələrini ictimaiyyətə təqdim edən məqalələr ortaya qoymaqdadırlar.
E.Rövşənova göstərir ki, televiziya və radio kimi spesifik sahələrdəki yaradıcılıq faktları bədii ədəbiyyatdan fərqli olaraq, yalnız sözə bağlı olmayıb, həm də studiyaya, studiya auditoriyasına, interaktiv əlaqələrə, səs və görüntü effektlərinə və digər bir sıra məqamlara bağlılığı ilə format anlayışına daha uyğun gəlir. Ona görə də medianın bu sahəsində janr tamamilə aradan çıxmaqda və öz yerini "format"a verməkdədir.
Jurnalistikada işlək leksikonda özünü fəal göstərməyə başlayan "format" bir çox hallarda kommunikasiya elementlərini cəmini ifadə etmək baxımından işlənir. "Bir çox şeydə forma predmetin yerini müəyyən etdiyi kimi, format da informasiyanın ötürülməsi prosesini müəyyən edən amil kimi qiymətləndirilir". Beləliklə, format media anlayışı kimi cəmiyyətə ünvanlanan informasiya - kommunikasiya predmetinin yerini müəyyən edən anlayışdır.
Müasir hüquqi dövlət quruculuğu dövründə jurnalistika elmi anlayışının özünün də "mediologiya" elmi anlayışına transformasiya prosesi baş verməkdədir. Burada açar söz kimi "media" anlayışı əsas yer tutur. Nəzəriyyəçi C.Məmmədlinin fikrincə, kütləvi informasiya, kütləvi kommunikasiya vasitələri anlayışını bir az da genişləndirən və aşan, daha bir çox digər vasitələri nəzərdə tutan "media" sözü "medium" sözündəndir, həm də cəm haldadır, kütləvi ünsiyyət vasitələrinin məcmuunu ifadə edir. Nə qədər mübahisəli olsa da, bu məcmu sistemində "jurnalistika" anlayışı dominantdır. Artıq bir sıra kateqoriyaları formalaşmış nəzəri jurnalistika media tərkibində istiqamətvericilik rolunu genişləndirməkdədir. İnternet, kompüter texnologiyası ənənəvi, klassik mənada qəbul edilən jurnalistikaya "vətəndaş jurnalistikasını" əlavə edir. Bir sözlə, kütləvi ünsiyyət vasitələrinin cəmini bildirən media öz elmi-nəzəri kateqoriyaları ilə bu gün xeyli dərəcədə formalaşmış mediologiya elmi anlayışını gündəmə gətirmişdir.
E.Rövşənova qeyd edir ki, əvvəllər, məsələn, ədəbi-bədii janrların jurnalistikaya, mətbuata transformasiyasını, yaradıcılıq üslubunun, redaktə prosesinin bədii sözdən jurnalistikaya keçməsini və s. digər faktların nəzərə alınması mətbuatın nəzəri məsələlərinin filologiyaya "sığınmasına" əsas verirdi. Əvvəllər mətbuat tarixinin hansı aspektdən tədqiq olunmasına baxmayaraq, hər şey tarix elmi kontekstinə müncər edilirdi. Lakin indi zaman və dəyərlər, baxışlar dəyişir. Jurnalistikanın özünəməxsus elə janrları - reportaj, xəbər, telexəbər, müsahibə, tok-şou, blits-sorğular, hesabat kimi formatları var ki, onlar sırf mediologiya nəzəriyyəsi əsasında formalaşır və informasiya texnologiyasının imkanları hesabına getdikcə ənənəvi filologiyadan tamam uzaqlaşır. Yeni yaranan vətəndaş jurnalistikası bloq, mobloq hər saat, hər an səhifələri dəyişən eletron qəzetlər-bütün bunlar da jurnalistikanı filologiyadan köklü sürətdə ayırır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 8 may.- S.23.