“AZƏRBAYCAN
MÜASİR DÜNYADA”
Bu mövzuda Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı
ilə Ulu Öndər Heydər
Əliyevin 92 illiyinə həsr
olunan konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirildi. Konfrans iştirakçıları öncə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil və qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib, məzarı önünə qızılgül dəstələri qoyulubdur.
Əli Əhmədov: “Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, Ona hörmət və ehtiramını bildirəcək”
“Fairmont Baku” otelində Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, komitə sədrlərinin, Milli Məclisin deputatlarının, YAP fəallarının və media nümayəndələrinin iştirakı ilə davam edən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması bir ənənəyə çevrilib: “Bu, hər bir azərbaycanlının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, eləcə də, Azərbaycan dövlətçiliyinə olan dərin məhəbbəti və ehtiramının ifadəsidir. Çünki Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Nə qədər ki, Azərbaycan var, hər bir Azərbaycan vətəndaşı daim Heydər Əliyevin xatirəsini yad edəcək, Ona hörmət və ehtiramını bildirəcək”.
Ə.Əhmədov onu da vurğuladı ki, YAP artıq 12-ci ildir ki, Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirlər keçirir: “Budəfəki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olaraq seçilməsi heç də təsadüfi deyil. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf edən, gələcəyi parlaq olan dövlətə çevrilməsi də məhz Ulu Öndər Heydər Əliyevin ideayaları, Onun adı ilə bağlıdır.”
Ə.Əhmədov qeyd etdi ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Azərbaycan artıq dünya birliyinin layiqli üzvü olduğunu sübut edib. MDB dövlətlərinin içərisində BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmağa layiq olan yeganə dövlət Azərbaycan olub: “Bunun özü Azərbaycanın nüfuz və hörmətindən xəbər verir. Azərbaycanın iqtisadiyyatı ilə yanaşı onun mədəniyyət, elm, idman və digər sahələrdə də inkişafı dünyada geniş rezonans doğurub. I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi də onun dünyada nə qədər nüfuz və hörmət sahibi olmasından xəbər verir”.
“Müasir dövr anlayışı demokratiya anlayışından kənar təsəvvür edilmir” fikrini deyən Ə.Əhmədov onu da bildirdi ki, demokratiya bir növ dövlətin başlıca keyfiyyət müəyyənləiyi statusuna sahib olub: “Bununla əlaqədar olaraq, dövlət müstəqilliyi anlayışında onun demokratik təsisat kimi qərar tutması vacib şərtə çevrilib. Demokratiya dövlətin beynəlxalq münasibətlər sistemində roluna, siyasi nüfuzuna birbaşa təsir göstərməklə onun beynəlxalq hüququn və təşkilatların çətiri altına alınmasına, dolayı yolla, müstəqilliyinin təminatçısına çevrilməsinə bilavasitə təsir göstərir. Azərbaycanın demokratik seçimi, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması ölkəmizin dünya birliyinin layiqli üzvü adını qazanmasına zəmin yaratmışdır. Müasir dünyada demokratiya sadəcə dəyər olaraq qalmır, həm də özündə böyük gücü ehtiva edir və bu güc beynəlxalq münasibətlərdə getdikcə daha fəal və həlledici rol oynamağa başlayır. Azərbaycan dünyanın bir parçasıdır və bu cəhət onun beynəlxalq inteqrasiyasının, dövlət müstəqilliyinin daha etibarlı təməl üzərində qərar tapmasının mühüm şərti kimi əhəmiyyətli vəzifəni yerinə yetirir”.
Ə.Əhmədov çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdəki yüksək inkişaf və bu inkişafın nəticələri ölkədə hər kəsə məlumdur: “Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə dərindən inam həm də ona görə diqqət çəkəndir ki, bu ideyalar Azərbaycanın gələcəyinə, xalqımızın gələcək taleyinə də böyük müsbət təsir göstərmək imkanındadır. Belə bir qənaətin formalaşması yalnız nəzəri düşüncələr və müddəalara söykənmir, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyatda olmadığı illərdə Onun ideyaları əsasında Azərbaycanın böyük inkişaf mərhələsini yaşaması ilə əlaqədardır. Ötən on bir ildə Azərbaycan Onun müəyyənləşdirdiyi ideyaların və siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. İqtisadiyyat yüksək sıçrayışla inkişaf edib. İqtisadi inkişaf zəminində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan dövləti daha güclü, qüdrətli və əzəmətli olub, regional liderə çevrilib, dünya birliyində əsl söz sahibinə çevrilib. Eyni zamanda Azərbaycanın gələcək perspektivləri geniş şəkildə xalqımızın qarşısında açılmaqdadır. Beləliklə də, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarının və Onun müəyyənləşdirdiyi siyasətin yenə də Azərbaycana və xalqımıza xidmət etdiyini görür və bu xidmətin uzun illər davam edəcəyinə inanır”.
Bahar Muradova: “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır”
Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Murvadova bildirdi ki, hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Qeyd olundu ki, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə paralel olaraq bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qaldı. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan yaxın tarixdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinin sanballı təminatçılarından biri kimi özünü təsdiq etdi. 2013-cü ildə Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə BTƏ qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan TAP və TANAP layihələri həm ölkəmizin , həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir.
B.Muradova qeyd etdi ki, Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda digər bir strateji əhəmiyyətli məqama toxunmaq vacibdir: “Bu, ondan ibarətdir ki, bütün bu uğurların altında xalqın partiyasına çevrilmiş, 600 mindən artıq üzvü olan Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin ideoloji sütununu təşkil edən və demokratik dəyərləri və xalqın rifahını əsas hədəf seçmiş Yeni Azərbaycan Partiyasının imzası vardır. Azərbaycanın milli və dövlətçilik maraqları əsasında fəaliyyət göstərən YAP-ın çoxşaxəli beynəlxalq əlaqələri də dövlətimizin xarici siyasətinin səmərəliliyinə fundamental töhfələr verir. Partiyanın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Partiyamız həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir”.
B.Muradova, həmçinin qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycanın milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və sarsılmaz mövqeyini təmin etmişdir”.
Əli Həsənov: “Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi- geostrateji mövqe də məhz Azərbaycana məxsusdur”
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov “Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Avrasiyanın müasir geosiyasi xarakteristikasını və region ölkələrinin inkişaf perspektivlərini qiymətləndirən ekspertlər əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini, yürütdüyü müstəqil daxili və xarici siyasətini, zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını, Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini, daxili ictimai-siyasi sabitliyi təmin etməsi, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını, son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycanı bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən bu amillər həm ölkənin dinamik inkişafını, beynəlxalq aləmdəki yeri və rolunu, həm də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq dəyərini şərtləndirir.
Ə.Həsənov çıxışı zamanı bildirildi ki, Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri də onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur: “Ölkəmiz dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə, Xəzər və Qara dənizlər arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının, Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın, Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin, Şərqlə Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin, NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir. Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi qeyd etdi ki, Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir: “Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi çox çətin idi. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq və milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Nəticədə, dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmış, həm də gələcək inkişafının möhkəm bazasını yaratmışdır”.
Vurğulandı ki, 2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkəyə çevrilimişdir: “Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə öz imkanlarını getdikcə genişləndirir. Azərbaycan Cənubi Qafqazda iqtisadi potensialına görə də xarici aləmin diqqətini çəkir. Hazırda dünyada Azərbaycanın mövcud və perspektiv geoiqtisadi potensialı - iqtisadi inkişaf tempi, maddi və insan resursları, bu sahələrdə yürütdüyü praqmatik siyasət yüksək qiymətləndirilir. Zəngin təbii, xüsusən, enerji və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbit torpağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına və işlək əhaliyə malik olması ölkənin iqtisadi perspektivlərini xüsusi cəlbedici edir”.
Ə.Həsənov onu da vurğuladı ki, qeyd olunan bütün amillər onu deməyə əsas verir ki, müstəqilliyinin iyirmi ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş, bir dövlət olaraq tam formalaşmış, güclü regional amilə çevrilmiş və qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlamışdır.
Kamal Abdullayev:
“Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilər”
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda çıxışında Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlatdı: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.”
Bildirildi ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. K.Abdullayev, həmçinin qeyd etdi ki, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır: “Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ”, “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ” və başqa maddələri göstərmək mümkündür. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu Öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi”.
K.Abdullayev qeyd
etdi ki, Prezident İlham
Əliyevin multikulturalizm siyasətinin
növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
yaradılmasına dair 15 may
2014-cü il tarixində
imzaladığı Fərman oldu. Bu mərkəzin
yaradılmasının əsas məqsədi ölkəmizdə
əsrlər boyu formalaşmış
tolerantlığın, etnik-mədəni, dini
müxtəlifliyin qorunmasını və çiçəklənməsini
təmin etmək, habelə Azərbaycanı dünyada
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud
multikultural modellərini tədqiq və
təşviq etməkdir. Bu gün Azərbaycanda multikulturalizm
sahəsində bir-birini tamamlayan,
sistemli xarakter
daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı
uğurla həyata keçirilir.
Prezident İlham
Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial
müstəvilərə köçürülməsi
işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır.
Bu gün Azərbaycan
multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə
bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm
layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin
bir ölkə çərçivəsində
qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin
və mədəniyyətlərin müxtəliflikləri
rejimində fəaliyyət göstərməsini
reallaşdırır. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin
mühüm aspektlərindən biri olan mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun
genişləndirilməsi”, “Qloballaşma
şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində
birgə yaşama”,
“Azərbaycan - tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər
və sıradan insanlar bu
qəbildən olan tədbirlərin
keçirilməsini, orada mədəniyyətlərarası
dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə
olunmasını və ən əsası, gerçəkləşdirilməsini
böyük rəğbətlə
qarşılayır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi
simasının əsas cizgilərindən birinə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə
bu idi”.
Tədbir bədii hissə ilə davam etdirildi.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2015.- 8 may.- S.7-8.