Hüquqi dövlət, modernləşmə və
modern KİV
"Mükəmməlləşmə", "yeniləşmə", "müasirləşmə"
mənasında işlənən
"modernləşmə" bəşər tarixinin həyatına XX əsrdə
daxil olmuşdur. Elmdə
"modernləşmə" müasir dövrdə industral cəmiyyətdən
informasiya cəmiyyətinə
keçidi ifadə edir. Rusiya tədqiqatçısı Y.Meleşkina
modernləşmə nəzəriyyəsinin
öz inkişafında
üç mərhələdən
keçdiyini göstərir:
XX əsrin 1) 50-60-cı illəri;
2) 60-70-ci illəri; 3) 80-90-cı illəri. Modernləşmə prosesləri müxtəlif
terminlərlə ifadə
olunur. Rusiyada bəzi tədqiqatçılar
"konservativ modernləşmə",
Qərb tədqiqatçılarından
Y.Xabermas isə "moderniti" termini işlədir.
Fəlsəfə üzrə fəlsəfə
doktoru Bəhruz Quliyev göstərir ki, "moderniti" mədəniyyəti vaxtilə
ətraf mühitdə
fasiləsiz dəyişikliklər,
istehsal vasitələrinin
təkmilləşdirilməsi, maddi istehsal yolu ilə rasionalizmə,
fərdiyyəçiliyə, elmi biliyə və rifaha bağlılıq kimi meydana gəlmişdir. Modrenləşməyə
pan-Avropa ideyası kimi baxanlar var. Qərb, əslində dünyanı iki yerə bölür: müasir, moderniti cəmiyyətlər və
ənənəvi, qeyri-Qərb
cəmiyyətləri. Modernləşmə Qərbdə ənənəvi
cəmiyyətlərin "moderniti" cəmiyyətlərə
çevrilməsi deməkdir.
Modernləşmə siyasəti Azərbaycanda
Qərbi kor-koranə təqlid olunması deyil, tarixi, ənənəvi və milli xüsusiyyəti, özünəməxsusluğun nəzərə alınması
əsasında həyata
keçirilir. Azərbaycandakı modernləşməni ənənəviliyə
bağlı olan "konservativ modernləşməyə"
aid etmək olar.
Bundan başqa elmdə "modernləşmə mədəniyyəti",
"texniki modernləşmə",
"sosiomədəni modernləşmə"
və s. ifadələri
də işlənir. Rus tədqiqatçısı O.V.Baskakova
"Rusiyanın siyasi
modernləşməsi şəraitində
kütləvi informasiya
vasitələrinin transformasiyası"
əsərində düzgün
olaraq göstərir ki, "modernləşmə
prosesi kütləvi informasiya vasitələri təsisatı olmadan qeyri-mümkündür". O, "kütləvi informasiya vasitələri institutu"
dedikdə "insan əlaqələrinin, ünsiyyətinin,
ictimai inteqrasiyanın
genişlənməsinə səbəb olan, davranış nümunələrinin
gerçəkləşməsi və yayılması mühitində fəaliyyət
göstərən rabitənin
bütün forma və
vasitələrini" nəzərdə
tutur.
B.Quliyevin fikrincə, cəmiyyətin
siyasi-hüquqi təsisatlarında,
sosial-iqtisadi, mədəni-mənəvi
həyatında, insanların
həyat tərzlərində,
fərdi dəyərlərində
baş verən dəyişikliklərə KİV öz təsirini göstərir. Eyni zamanda, bu
modern dəyişikliklər öz əksini KİV-də tapır. Bu mənada ənənəvi
medianın yerini tutan yeni informasiya-kommunikasiya
texnologiyaları ictimai
şüura yeni vasitə və üsullarla təsir edir.
Rus tədqiqatçısı
S.A.Pankratovun sosiumun informasiallaşması şəraitində
təklif etdiyi "modernləşmə mədəniyyəti"
ifadəsi maraq doğurur. O, informasiya cəmiyyətinin yaranması
şəraitində "modernləşmə
mədəniyyətini" belə səciyyələndirir:
- İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ilə sosial və texniki tərəqqi ideyalarının hökmranlığı;
- Əsas ictimai və şəxsiyyətlərarası
münasibətlərin kompüterləşməsi
(informasiya kommunikasiyalarının
inkişafı);
- Həyat tərzində də, sosial-iqtisadi və siyasi-hüquqi təsisatlarda da daimi innovasiyalara hazır olmaq və cəhd etmək;
- İnternet texnologiyasının
tətbiqi hesabına şəxsi azadlıq və fərdiyyətiliyin
genişlənməsi;
- İnternet mühitinə insan cəhdlərinin və özüntəşkilinin
reallaşması obyekti
kimi baxmaq;
- İdealların virtuallaşması
və ideallaşmanın
virtuallığı.
Göründüyü kimi, innovasion internet kommunikasiyanın tətbiqi
cəmiyyətin modernləşməsində
mühüm rol oynadığı kimi yeni informasiya texnologiyalarının modernləşməsi
sosiumun informasiya cəmiyyətinə keçməsində
həlledici amilə çevrilmişdir.
Azərbaycan tədqiqatçısı, fəlsəfə üzrə
elmlər doktoru,
professor İlham Məmmədzadə
modernləşmə və
yeni informasiya mədəniyyətinin qarşılıqlı
münasibətlərinə toxunaraq yazır: "Modernləşmə kursunun
məğzi ondadır
ki, bu halda
zamanın çağırışlarına
cavabları keçmişdə
deyil, təsiri gələcəyə hesablanmış
hal-hazırkı dövrün
əsas təmayüllərinin
dərk edilməsində
axtarmaq lazımdır".
Müəllif "dövrün əsas təmayülləri" dedikdə
burada yeni informasiya texnologiyalarının
tətbiqi və inkişafına, informasiya
mədəniyyətinə xüsusi
önəm verir. O, düzgün
olaraq qeyd edir ki, Azərbaycanın
modernləşməsi "təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin" keyfiyyətli tətbiqindən
asılı deyildir. İ.Məmmədzadə sosiomədəni modernləşmə üçün
"keyfiyyətcə yeni
qarşılıqlı münasibətlərin,
kreativ innovasion şüurun köməyi
ilə millətin sivil yeniləşməsini
şərtləndirə bilən
instiututların yaradılmasını"
təklif edir. Şübhəsiz ki, bu institutlardan biri kütləvi informasiya vasitəsi və informasiya mədəniyyətidir.
"İnformasiya mədəniyyəti biliklə
yüklənən mədəniyyətdir.
Başqa
sözlə, istənilən
biliyi tapıb istifadə edə bilən mədəniyyətdir".
Modernləşmə informasiya-kommunikasiya texnologiyalarının
tətbiqindən və
inkişafından asılı
olan prosesdir. Müasir dövr
- XXI əsr informasiya cəmiyyətinin yaranması,
bu cəmiyyətdə
kompüter informasiya texnologiyasının, informatika,
telekommunikasiya, rəqəmsal
texnologiyanın inkişafı
əsridir. Kütləvi informasiya vasitələri sənayesində, qlobal və beynəlxalq kommunikasiyada əsl inqilabi çevriliş baş vermişdir. İndi vizual kommunikasiyalar, peyk texnologiyası, mikrodalğalar, hava lazerləri, videomətn texnologiyası sahəsindəki
uğurlar KİV-in modernləşməsini
şərtləndirən amillərdir.
Lakin yeni texnologiyaların inkişafı özlərilə
problemlər də yaradır. "Bir tərəfdən bəzi texnologiyalar onun haqqında geniş informasiya olmadan istehsalın kifayət qədər sürətli olmayacağı
nəzəriyyəsi əsasında
meydana gəlir. Bəzən ideya və ya
məhsul elə tez dəbə düşür ki, o, əvvəllər nəzərdə
tutulmayan, qarşıya
çıxmayan problemlər
gətirir".
Qərbdə belə problemlər kimi "texnologiya ilə bağlı qanunvericilik və etik problemlər" göstərilir. Xüsusilə bu cür qanuni
problemlərə "sənaye
standartları, sahibkarlıq,
müəlliflik hüququ,
məxfilik və təhlükəsizlik məsələləri"
aid edilir. Buraya sosial və fərdi məsələlər, iş strukturlarındakı
dəyişiklik və
bərabər imkanlar da əlavə edilir.
Siyasi, iqtisadi və mədəni modernləşmə vəhdətdə olan prosesdir. "Siyasətdə modernləşmə sosiomədəni şəraitlə sıx qarşılıqlı əlaqədədir. Buna görə siyasi modernləşmə ilə yanaşı, eyni zamanda, mədəni modernləşmə problemlərini də həll etmək lazımdır. Söhbət, hər şeydən əvvəl ideya-dəyər yönümü və davranış alqoritmlərindən gedir". Müəllif doğru olaraq iqtisadi və siyasi modernləşmənin mədəni-mənəvi dəyərlərin modernləşməsinə nüfuz etdiyini, bütün bunların isə öz növbəsində ictimai inkişafa səbəb olduğunu göstərir. Akademikin fikrincə, həmin ideyalar "demokratik layihələrin reallaşması prosesinə - hüquqi dövlət və demokratik cəmiyyətin təsisatların yaranmasına təsir edir". Şübhəsiz ki, bu təsisatların içərisində "dördüncü hakimiyyətin" - KİV-in xüsusi yeri var. Modernləşmənin əsasını təşkil edən innovasion sistemin kreativ ("yaradıcı") şüurun yaradılmasında yeni informasiya-kommunikasiya texnologiyaları əsas rol oynayır. Modernləşmə, kreativlik və innovasion proseslərin qarşılıqlı əlaqəsindən bəhs edən Hans Yoans "kreativliyi - sosial fəaliyyətin müxtəlif versiyaların ümumiləşdirilməsini" məqsədəuyğun hesab edir". "Kreativ inqilabın" əsas səbəbi innovasion proseslərin vəhdəti və bir-birini gücləndirməsidir.
Azərbaycan tədqiqatçısı fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova yeni informasiya texnologiyalarının bəşəriyyət üçün müsbət rol oynadığını, qarşılıqlı anlaşma, qarşılıqlı əməkdaşlıqda həlledici amil olduğunu, müxtəlif mədəniyyətləri yaxınlaşdırdığını qeyd etməklə yanaşı, onun ictimai şüurun manipulyasiyanı asanlaşdırdığını da diqqətə çatdırır: "KİV tərəfindən ictimai şüurun manipulyasiyası, informasiyanın "zombiləşdirmə" imkanları, reklamın süggestiv (təlqinedici) təsiri qeyd edilən problemlərin cüzi bir qismini təşkil edir". Müəllif KİV-in modernləşməsində müsbət cəhət kimi düzgün olaraq "sosial sərhədlərin, "zaman və məkan amilinin öz əhəmiyyətini itirdiyini, vahid sosial kommunikasiya strukturlarının formalaşması prosesini" qeyd etməklə yanaşı, mənfi cəhət kimi kommunikasiya imkanlarının artmasının özgələşmə proseslərinin sürətlənməsinə də səbəb olduğunu diqqətə çatdırır.
Tədqiqatçıların əksəriyyəti informasiya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində informasiya və biliyin vəhdəti, informasiya cəmiyyətində onların üstünlük təşkil etdiyi qənaətinə gəlmişlər. İnformasiya cəmiyyətində modernləşmə bütün sahələri əhatə edir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 14 may.- S.15.